Maarif xadimi, pedaqoq Heydər Verdiyevin (1)
xatirələri (2)
Mən yaşda özümdən böyük iki qardaşımla birgə 1901-ci ildən 1906-cı ilədək Bakı şəhərində yerləşən Zeynalabdin Tağıyevin (indiki V.İ.Lenin adına) fabrikində əyirici işləyirdim. Dəqiq xatırlamıram, 1904-cü, yoxsa 1905-ci ildəmi Zeynalabdin Tağıyev fabrikin nəzdində öz vəsaitinə gənc fəhlələr üçün axşam məktəbi açdırmışdı.
Mən bu məktəbə oxumağa getdim. Yadımdadır ki, bir dəfə dərs vaxtı Hacı Zeynalabdin Tağıyev gəlmişdi və bizi inadla oxumağa çağırırdı. O, biz fəhlələrə deyirdi: “Övladlarım, oxuyun! Əgər bir dil bilsəniz, bir nəfərsiniz, iki dil bilsəniz, iki nəfərsiniz. Mən varlıyam, amma savadsızam. Mən təhsil almamışam. İndi təhsilsiz mümkün deyil. Sizin oxumağınız üçün bu məktəbi açdırdım, Sizə yaxşı müəllim təyin etdim. Oxuyun, mənim övladlarım, Sizə uğurlar diləyirəm.”
H.Z.Tağıyevin bu sözləri mənim ürəyimə hopdu. Mən nəyin bahasına olursa olsun oxumaq qərarına gəldim. 1906-cı ildə böyük qardaşımın vəfatından sonra o biri qardaşımla birgə Kirovabad şəhərinə (3) getdim və atamın etirazlarına baxmayaraq, inadla oxumağa başladım. Mən qısa müddət ərzində ali ibtidai məktəbi, onun nəzdindəki ikiillik pedaqoji kursları bitirdim. Daha sonra Tiflis Müəllimlər İnstitutunun üç kursunu, sovet dövründə isə ikinci Moskva universitetini və onun nəzdindəki aspiranturanı bitirdim.
Hal-hazırda mən ali məktəblərdə işləyirəm və maddi cəhətdən tam təmin olunmuşam. Bütün bunlara görə öz nəsihətləri və tövsiyələri ilə məni düzgün yola istiqamətləndirən Hacı Zeynalabdin Tağıyevə borcluyam. Mən həmişə hesab etmişəm və edirəm ki, H.Z.Tağıyev Azərbaycan xalqının böyük maarifpərvərlərindən biridir.
22 iyun 1956-cı il.
ARDƏİA: f. 675, s. 2, s. v. 103, vv. 5-6
Dostları ilə paylaş: |