1. Üzeyir Hacıbəyli (1885-1948) – bəstəkar, musiqişünas-alim, publisist, dramaturq, pedaqoq və ictimai xadim. Müasir Azərbaycan peşəkar musiqisinin və milli operasının banisi. O, bədii yaradıcılığa publisistika ilə başlamış, bir çox mətbu orqanlarda, o cümlədən H.Z.Tağıyevin vəsaiti ilə nəşr olunan “Həyat” qəzetində məqalə, felyeton, hekayə dərc etdirmişdi. Üzeyir bəy 1910-cu ildə böyük mesenatın şərəfinə “General Tağıyev” adlı marş bəstələmişdir. Ü.Hacıbəyli həmçinin Azərbaycanda musiqi təhsilinin, professional bəstəkarlıq məktəbinin əsasını qoymuşdur.
2. Cəlil Məmmədquluzadə (Molla Nəsrəddin) (1869-1932) – yazıçı, dramaturq, jurnalist, ictimai xadim. Ədəbiyyatı və mətbuatı geniş xalq kütlələrinin mənafeyi uğrunda mübarizəyə yönəltmək, onu bütün xalqın, hətta sadə və savadsız adamların malı etmək C.Məmmədquluzadənin əsas yaradıcılıq qayələrindən idi. İlk nömrəsi 1906-cı il aprelin 7-də (20-də) çıxan "Molla Nəsrəddin" jurnalının nəşrinə başlamaqla C.Məmmədquluzadə Azərbaycanda, eləcə də türk-müsəlman dünyasında satirik jurnalistikanın əsasını qoydu.
3. Mirzə Ələkbər Tahirzadə (Sabir) - (1862-1911) – Azərbaycan şairi, milli poeziyada inqilabi satiranın banisi, maarif xadimi. H.Z.Tağıyevin vəsaiti hesabına nəşr olunan “Həyat” qəzetində və “Füyuzat” jurnalında şeirlər çap etdirirdi. Sabir poeziyası Azərbaycan xalqının milli oyanışında və istiqlal ideyalarının yayılmasında mühüm rol oynamışdır.