Qeyd və şərhlər:
1. İndiki M.Hacıqasımov adına doğum evi.
H.Z. TAĞIYEV - MƏRDƏKAN BAĞÇILIQ MƏKTƏBİNİN YARADICISI
Məlum olduğu kimi, bağçılıq ölkəmizin kənd təsərrüfatında ənənəvi sahələrdən biridir. Lakin XIX əsrdə Azərbaycanda əhali sayının artımı ilə əlaqədar kənd təsərrüfatı, o cümlədən, bağçılıq məhsullarına tələbat çoxalmağa başladı. Bununla belə, bağçılıqda məhsuldarlığın artırılması üçün texniki vasitələrin tətbiqi, təsərrüfatın elmi əsaslarla aparılması və bunun nəticəsi kimi, hazırlıqlı mütəxəssislərin olması vacib idi. Bu səbəbdən millət naminə gördüyü xeyirxah işlərlə məşhur olan H.Z.Tağıyev Mərdəkanda bağçılıq məktəbini açdırmaq qərarına gəldi. Tikinti işləri 1894-cü ildə başlamış, məktəbin inşasının başa çatması, habelə açılışı isə 1896-cı ildə olmuşdur. Məktəb binasının tikintisini, onun saxlanılmasını, şagirdlərin geyim və dərs ləvazimatı ilə təchizatını Hacı özü maliyyələşdirirdi. Məktəbin məqsədi bağçılıq, üzümçülük, bostançılıq sahələrində təcrübi biliklərin yayılması idi. Məktəbdə ibtidai biliklər, hesab və bağçılıq sahəsində təcrübi vərdişlər tədris olunurdu.
Aşağıda təqdim olunan xatirələr Mərdəkan bağçılıq məktəbinin yaradılmasında və fəaliyyət göstərməsində “millət atası” H.Z.Tağıyevin rolunu əks etdirməklə yanaşı, XIX əsrin sonu Azərbaycan cəmiyyətinin mənəvi durumuna da işıq salır.1 O dövrdə ölkədə mövhumatın və cəhalətin nə qədər dərin kök saldığını, maarifin yayılmasının necə gərəkli olduğunu və bu istiqamətdə cəmiyyətin qabaqcıl insanlarının səylə çalışdığını Mərdəkan sakinlərinin xatirələrindən aydın görmək olar. Xatirələrə əsasən, bağçılıq məktəbini açdırmaq fikrinə düşdükdə, H.Z.Tağıyev bəzi Mərdəkan sakinlərinin etirazı və müqaviməti ilə qarşılaşdı. Məktəb əleyhdarları əsasən ruslaşdırmadan qorxurdular. Özü də ruslaşdırma dedikdə, təkcə rus təhsil sisteminin təsiri altına düşmək deyil, həm də məktəbdə Quranın, şəriətin öyrənilməsindən imtina da başa düşülürdü. Məktəb şagirdlərinin islam dinindən dönməsindən və etirazçılardan birinin söylədiyi kimi, “başlarına rus şapkası qoymalarından” qorxu da məhz bundan irəli gəlirdi.
Haşiyə çıxaraq demək lazımdır ki, bu, H.Z.Tağıyevin cəmiyyətin mühafizəkar təbəqələrinin təpkisi ilə rastlaşdığı birinci hal deyildi. Məlum olduğu kimi, o, Bakıda dünyəvi qız məktəbini açdırmaq və azərbaycanlıları oraya öz qızlarını göndərməyə inandırmaq üçün az güc sərf etməmişdi. Qız məktəbi ilə olduğu kimi, Mərdəkan məktəbinin açılması məsələsində də H.Z.Tağıyev istədiyinə nail ola bildi.
1909-cu ildə H.Z.Tağıyevin səyi ilə Mərdəkan bağçılıq məktəbinin bazasında rus-tatar (Azərbaycan) məktəbi açıldı. 1920-ci ildə Azərbaycanın sovetləşməsindən sonra bu təhsil müəssisəsinin yerində 123 №-li orta məktəb təşkil olundu. Hacı Zeynalabdin Tağıyevin tikdirdiyi və hal-hazırda onun adını daşıdığı Abşeronun qocaman 123 №-li məktəbi 2011-ci ildə Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə əsaslı təmir və bərpa edilmişdir.
Dostları ilə paylaş: |