Məktəbin məzunu İzzət Məcidovanın (Dadaşovanın) xatirələri
Mən 1908-ci ildən 1913-cü ilədək o vaxtlar “Aleksandrinski rus-müsəlman qız məktəbi” adlanan Hacı Zeynalabdin Tağıyevin məktəbində oxumuşam.
Məktəbə daxil olduğum vaxtı qızların geyim forması Dağıstan, bir ildən sonra isə rus məktəbli forması idi. Məktəbdə yaxşı yemək verirdilər, bizim həkimimiz Nəriman Nərimanov idi. O, hərdən bizimlə gigiyena haqqında söhbətlər aparırdı.
Məktəbdə bizə xidmət edən tibb bacısı var idi. Binanın özündə kitabxana, hamam, yaxşı təchiz olunmuş səhnə, məscid və digər xidmətlər mövcud idi. Mənim daxil olduğum ildə bakılı qızlar çox az idi, əksəriyyət müxtəlif yerlərdən gəlmişdi. Bütün qızlar müsəlmanlar idi. Bu, ilk dünyəvi məktəb idi.
Daxil olduğum ildə (1908-ci il) Bakı cəmiyyətinin məktəbimizə olan münasibətini xatırlayıram. Məni məktəbə göndərdiyinə görə cəmiyyət ailəmizi boykot edirdi. Qızlar ailələrindəki mühitdən və cəmiyyətin münasibətindən asılı olaraq məktəbə həm çadrada, həm də çadrasız gəlirdilər. Kollektiv tədbirlər vaxtı, məsələn, Tağıyev teatrına və ya Tağıyevin evinə ziyarət təşkil ediləndə, hamımızı çadrasız aparırdılar. Buna görə qohumlarından qorxan qızlar kollektiv gəzintilərdə iştirak etmirdilər. İldən-ilə belə qızların sayı azalırdı. Biz məktəbi bitirəndə Tağıyevə hədiyyə olaraq böyük xalça toxuduq.
Məktəbi qurtaranda Hacı bizi müəllimlərimizlə birgə öz evinə dəvət etdi. Bizim üçün şirniyyat süfrəsi açıldı, sonra isə Hacı hamımıza bir qutu şokolad və bir ipək dəsmal bağışladı.
Mən balaca olanda xalq arasında Hacının vəba və aclıq vaxtı (1892-ci il) göstərdiyi səxavətə həsr olunmuş mahnı yayılmışdı. Yaddaşımda mahnının yalnız bir bəndi qalıb:
...Hacı Zeynalabdin
Xas bəndə Xudayə,
Açıb buğda anbarın,
Paylayır füqərayə...
15 iyul 1956-cı il.
ARDƏİA: f. 675, s. 2, s. v. 103, vv. 14-15
Dostları ilə paylaş: |