Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu azərbaycan folkloru antologiyasi (Cəbrayıl, Ağdam, Laçın, Qubadlı, Zəngilan, Ağcabədi və Kəlbəcər rayonlarından toplanmış folklor nümunələri) baki – “Nurlan“ – 2012



Yüklə 2,61 Mb.
səhifə14/28
tarix19.06.2018
ölçüsü2,61 Mb.
#54264
1   ...   10   11   12   13   14   15   16   17   ...   28

7. KASIBIN QİSMƏTİ
Bir gün Musa peyğəmbər Allahın yanına gedirmiş. Görür bir qadın gəldi bının qabağını kəsdi. Dedi:

– Ya Musa, mənim uşağımın vaxtınnan iki ay keçif, üç ay keçif, amma uşax dünyaya gəlmir.

Gedir Allahın yanına. Deyir:

– Ya Allah-tala, belə işmi olar, özünə agahdı, gördün hər şeyi.

Dedi:

– Ya Musa, gördüm hər şeyi. O uşağın urzası azdı deyin dünyaya gəlmək isdəmir. Ona gündəlik iyirmi qəpik yazmışam. O da dünyaya gəlmək isdəmir ki, ay Allah-tala, mən nəynən dolanım.



Gəlir görür uşax oluf anadan. Allah-tala Musuya demişdi ki, get, uşax olajax anadan. Gəlif görür kü, uşax oluf anadan.

Üsdündən beş il, on beş il keçir. Musa peyğəmbər deyir ki, gedim görüm o uşağın axırı nətəri oldu. Gəlif görür kü, uşax on beş yaşındadı, mal otarır, camaatın malını yığır, aparır otarır. Deyir:

– A bala, dolanmağın, yaşayışın, vəziyyətin nətərdi? Nətər dolanırsan?

Deyir:


– Ya Musa, vallah, əlləşirəm, çalışıram, özümü öldürrəm, beş yüz maat alıram ayda, onnan iyirmi qəpih bizim evə xeyri yoxdu. Hardan gəlir, hara gedir, bilmirəm.

Deyir:


– A bala, Allahdan sənin urzan iyirmi qəpikdən artıx dəyil. Sənin urzan elə iyirmi qəpikdi. Get öza başqa bir sənət tap, işdə, iyirmi qəpihdən artıx alma.

Gəlir, nağarım, neyniyim, malı da buraxır. Anası da deyir ki, ay oğul, etmə, eləmə, filan-beşməkan. Deyir:

– Yox, ana, qutardıx. Urzam iyirmi qəpihdi.

Hə, gedif meşədən kol-kosdan gətirirmiş, odun da gətirirmiş. O vaxt bizdə də çox satırdılar. Bazarda şələ-şələ gətirif satırdılar. Gedir hər gündə meşədən bir şələ odun gətirir satır.

Hə, bir gün, deyir, tacirnən padşah dosd imiş. Tacirin arvadı deyir ki, a kişi, get bazardan quru odun al gətir, nə bilim, kababa, samavara. Bu da hərrənə-hərrənə gedir, görür bir yaxşıca uşaxdı. Oturuf, qabağında da bir şələ odun. Deyir:

– A bala, buna nə verim?

Deyir:

– İyirmi qəpih.



Deyir:

– A bala, bunu, məsəlçün, aparıf o güneyin başına, o evə qoya bilərsənmi?

Deyir:

– Hə.


Deyir:

– Ona nə alarsan?

Deyir:

– Heş bir şey.



– Əyə, etmə-eləmə, dəli dəyilsən ki?

Deyir:


– Yox, aparıf qoyaram, amma iyirmi qəpih oduna almışam, qutardıx.

Gedir, evə aparır odunu. Arvad deyir ki, a bala, nə aldın, nə verdin, – tacirin arvadı deyir. Deyir:

– İyirmi qəpih verif, odun gətirmişəm.

Deyir:


– A bala, otur, qoy kişi gəlsin görüm onun pulumu yoxdu, ma­lımı yoxdu? Görüm niyə az verif saa pulu? Niyə bir maat vermiyif?

Kişi gəlir, deyir:

– Ay arvad, ataa goru hakqı, dedim bir maat verim, iki maat verim, əlli qəpik verim. Dedi “yox, yox, elə iyirmi qəpik ver. Elə iyirmidi ki, iyirmidi”.

Deyir:


– A kişi, görürəm bu bir yaxşıca uşaxdı. Nolar, sabah da padşah bizə gələjək. Qoy sabah da qalsın bizə kababa, çaya, çörəyə kömək eləsin.

Tacir dedi:

– A bala, olarmı sabah gedif meşədən odun gətirmiyəsən, sabah da bizdə işdiyəsən, puluu da alasan?

Deyir:


– Hə, niyə olmur, olar.

Padşah gəlir tacirin əvinə. Yeyillər, içillər, deyir:

– Hə, tacir, bu uşax nə yaxşı uşaxdı, kimin uşağıdı?

Day dillənmir ki, nökərdi. Deyir:

– Padşah sağ olsun, qardaşım oğludu, – tacir padşaha belə deyir. Tacirin də vur-tut bircə qızı var idi. Padşah deyir ki, ə, gəlsənə o qızı elə buna verək?

Deyir:


– Padşah sağ olsun, sənin sözuu kim atkaz eliyə bilər. Verirsən, ver, nə deyirəm.

Gədəni çağıtdırır. Deyir:

– A bala, bu əvin qızını alırsanmı?

Deyir:


– Padşah sağ olsun, sənin sözuu kim atkaz eliyə bilər. Sən nətər deyirsən, elə də olsun.

Padşah əmr eliyir, bına qırx gün, qırx gecə toy eliyillər. Bının kəbinini bı oğlana kəsillər. Tacir bunnarı ayırır, ayrıca dolanıllar.

Bir gün Musa peyğəmbər eşidir ki, oğlan əvlənif. Gəlir yanına, deyir:

– A bala.

Deyir:

– Hə.


Deyir:

– İndi nətərdi dolanmağın?

Deyir:

– Ya Musa, indi yüz iyirmi qəpihdi.



Deyir:

– A bala, o yüz yoldaşıı urzasıdı, iyirmi qəpih səninkidi. Gedin birtəhər dolanın.


8. NAXIRÇININ NAĞILI
Bir naxırçı olur. Bı naxırçı çöldə kəndin heyvanını, naxırını otarırmış. Gəlməymiş bı naxırçı, gəlmənin əvi kəndin qırağında olar. Həzrət Əli axşam gəlir, hələ mal gəlməmişmiş. Düşür bı arvadın əvinə qonax. Arvad da kişisiz qonağı qəbul elədiyinə görə, bilmir qonağın Həzrət Əli olduğunu, gedir kişinin qabağına ki, birdən kişinin ajığı tutar. Deyir:

– Əşi, vallah, iki qonax qəbul eləmişəm, hamma o sən deyən qonaxlardan dəyil. Birdən oların yanında maa ajığın tutar, maa söz deyərsən ki, arvad xeylağısan, niyə kişi xeylağını qonax eləmisən?

Nəysə, kişini qabaxlıyır, bını deyir. Kişi gəlir görür ki, abırrı adamlardı, oturuflar.

– Salam.


Allahın salamını, kalamını verir, alır. Alıf verənnən sora ar­vad­nan kişi fikirrəşir ki, nağayrax, neyniyəh bı qonaxları razı yola salax. Nəysə, bir danaları, bir də bir inəkləri varmış bıların. Kişi durur dananı kəsir. Kişinin də arvaddan başqa bircə qızı varmış. Nəysə, bılar dananı kəsif yeyillər. Rəvayətin dediyinə görə, bıların mehriban olduğuna görə, kişinin heş bir şey danışmadığına görə, Həzrət Əli yoldaşına him-cimnən örgədir ki, çox yaxşı aylədi. Na­ğay­rax, neyniyəh? Rəvayətin dediyinə görə, üz tutullar Allahın dər­ga­hına. Qız ölür. Qız ölür, qızın ehsanını, payını verillər, yeyillər. Bı Həzrət Əligil bırdan getməmiş arvad da ölür. Qalır kişi. Kişi inə­yi də kəsif arvada ehsan verir. Arvad da getdi, qız da getdi. Kişi deyir:

– Tay arvad yox, qız yox. Mən bı kəntdə durmuyajam. Ge­dirəm tay ayrı ölkəyə.

Kişi üz tutur, gedir ayrı bir ölkəyə. Gedir varrı bir adama naxırçı olur. Bının malını otarır, qoyununu otarır. Bir gün yamaşda mürgülüyür. Kişi yuxluyur. Yuxluyanda bir kişi gəlir bını durğuzur. Deyir:

– Nədi, niyə belə olmusan?

Gətirir bına iki alma verir. Kişi baxır görür ki, alma o qədər yaxşı almadı ki, özü yemir. Deyir:

– Aparım bını verim ağama. Ağamın yanında üzüm ağ olsun, yaxşı almadı.

Kişi almanı qoyur cibinə, axşam gətirir əvinə. Əvdə oturuf çö­rəh yeyəndə ağasına deyir ki, ağa, bəs belə-belə. Almaları verir ağa­sına. Ağası deyir ki, bı alma üç olmalıdı, birini neynəmisən?

Deyir:


– Əşi, vallah, yamaşda yuxulamışdım, birdən məni durğuz­dular, gördüm bir şəxsidi. Bı almaları verdi maa. Gördüm ki, yaxşı almadı, götdüm gəldim ki, saa verim.

Ağası elə öz dediyini deyir ki, alma üç olmalıdı, neynəmisən, birini də ver. Ya da get həmən yerdə bir də otur. O kişi gətirif birini də verəjəh.

Nəysə, bı kişi malı aparıf otarır. Gəlir orda oturur. Deyir:

– İlahi-pərvərdigara, mən nə nağıla düşdüm. Bəs iki almanı vermişəm, indi ağam üçüncünü isdiyir. Mən nağarım?

Kişini bırda genə yuxu aparır. Kişi bir az yatır. Yuxudan ayılır görür ki, həmən kişidi, bir qab alma gətirif. Deyir:

– Keyfindi, bı almanı götür apar ver o kişiyə, keyfin dəyil, gözuu yum.

Kişi deyir:

– Yox, başaa dönüm, mən bir də o əvə getmirəm. Gözümü yumajam.

Kişi gözünü yumur, açanda görür kü, bir bağlı-baxçalı yerin qırağındadı. Kişi baxır görür kü, vallah, bı bir bağdı, hər tərəfi də bı almadandı. Bağın başında da bir bulax var, bulağın yanında hörühlü bir dana, bir də bir inək var. Bir arvad da orda nə yuyursa, yuyur, bir qız uşağı da yanında. Kişi çox təəccüb qalır. Rəvayətin dediyinə görə, kişi yeriyir bağa sarı. Görür kü, bir bağmançı bağı suvarır. Bağa baxır, baxır, deyir:

– Qardaş, ola bilər bı almadan birini girim yeyim?

Deyir ki, yox, bını verə bilmərəm, icazə yoxdu. Mən bı bağ­dan heş kimə heş nə verə bilmərəm, heç özüm də yeyə bilmərəm. Kişi bir az duruxsunur. Qayıdır gedir bulağa sarı. Gedir görür kü, inək bının inəyidi, dana da bının danasıdı, uşax da bının qızıdı, ar­vad da bının ayləsidi. Kişi bılarnan görüşənnən sora qayıdır bir də bağmançının üsdünə, deyir ki, bəs gəldim bayax maa alma vermə­din. Bax, o inək də mənimdi, arvad da mənimdi, qız da mənimdi, dana da mənimdi. Deyir:

– Əşi, niyə heylə deyirsən? Bı bağ bir naxırçınındı. Onun haçarı onun cibindədi. Mən bı bağın qapısını açıf səni içəri buraxa bilmərəm.

Deyir:

– Nətər naxırçıdı?



Deyir:

– Belə-belə.

Kişi əl atır cibinə, görür ki, cibində haçar. Qapını açır, girir içəri. Deyir:

– Hə, indi girə bilərsən. Bı bağ o naxırçınındı ki, o sənsən.

Deyillər o çarıxlı-patavalı naxırçı gedif cənnətə haa... Bax, o həmən naxırçıdı rəvayətə görə. Demək, özü də, arvadı da, qızı da, danası da, inəyi də gedif cənnətin bağının qırağına.

9. ÖLÜNÜN ŞAHİDLİYİ
Bir gün bir oğlanı öldürüf atıllar peyğəmbərin qapısına. Gəlif oğlanın dədəsi deyir ki, ya oğlumu ver, ya da öldürəni ver, ya da, demək, sən öldürmüsən.

Deyir:


– Yox, mən öldürməmişəm.

İndi canım qurban olan peyğəmbər fikirrəşir, deyir:

– Bını aparıf basdırmıyın, bı kəfşəndə iyirmi səkkiz xalı olan öküz var. Axtarın onu tapın.

Gedillər üş gün bı kəfşəni gəzillər. Bir öküzdə iyirmi yeddi xal olur, o biri öküzdə iyirmi altı xal olur. Dürüst gəzillər. Gəzən­nən so­ra axır ki, iyirmi səkkiz xallı öküzü tapıllar. Gəlif deyillər ki, tapmışıx.

Deyir:

– Gedin gətirin bıra görək yiyəsi kimdi.



Gətirillər, bilillər ki, filankəsindi. Peyğəmbər deyir ki, onu alın, kəsin, yandırın. İndi bının yiyəsi deyir ki, yox, o mənim ata­mın yediyarıdı. Onu mənə atam belə verif ki, atam tacir idi, gedirdi üç aylarnan, yük gətirirdi. Düşürəndə alıcılar gəlif götürürdülər. Bir gün gənə yükü gətirdi tökdü həyətə. Mənə də dedi ki, get alıcını gətir. Mən də gedif alıcını gətirincən gördüm ki, atam başını qoyuf yükün üsdünə yuxuluyuf. Mən atamı qıymadım durğuzam. Anam dedi ki, bala, çağır dursun. Dedim:

– Ana, yox, durğuzmaram. Atam üç aydı yol gedif gəlif. Yatajax, durajax, onnan sora alannar gəlif aparajaxlar malları. Mən atamı niyə yarımçıx durğuzuram?

Atası yatır. Duranda deyir:

– Oğul, gəldilər-getdilər mal alannar?

Deyir:

– Hə ata, belə-belə oldu.



Deyir:

– Filan inəyin atdakı erkək dananı saa verirəm. Yaxşı ki, məni yuxudan durğuzmadın.

İndi o, atamın yediyarıdı. Mən də neçə ildi onu işdətmirəm. Boşduyuram, o çəmənnərdə otduyur, gəlir qapıya. Deyillər:

– Yox.


Peyğəmbər deyif ki, onu gətirin kəsin, yandırın. Onun ətini yan­dırın, sümüyünü yandırın. Onun külüynən ölən oğlanı avın. Tə­miz başdan ayağa avın. O oğlan diriləjəh. Onnan sora özü deyəjəh ki, məni kim öldürüf.

Öküzün yiyəsi deyir ki, onda öküzü soyun, onun dərisiynən maa qızıl verin, onnan sora onun dərisini yandırın. Deyillər:

– Yaxşı, baş üsdə. Təki oğlan dirilsin, öldürəni desin.

Soyullar, öküzü yandırıllar, kişinin də qızılını verillər. Ökü­zün külüynən də oğlanı avıllar. Oğlan durur ayağa, dillənir. Bına deyillər ki, səni kim vırdı, atdı ora. Deyir:

– Əmim oğlu, öz əmim oğlu.
10. ÇOBANIN HƏCC ZİYARƏTİ
Üş nəfər gedillər ziyarətə: biri çoban olur, ikisi savatdı. Bir kəndin ayağında gejə düşür. Bular gejə hərəsi bir evdə gejəliyir. Çoban bir evə düşür, görür ki, iki uşaxdı yatıf, arvad da qazanda nəsə qaynadır, bişirir. Uşaxlar durur:

– Ana, noldu, bişmədi?

– Bala, bu saat bişəjək, bir az gözdüyün.

Xeyli vaxt keçir, çoban soruşur:

– A xala, o nədi ki, mən gələnnən qaynıyır, o, bişmiyif.

Deyir ki, a qardaş, vallah, heş nə yoxdu, daşdı, su töküf qay­na­dıram. Bu uşaxları aldadıram görüm bular yatarmı. Bular da ajdı, yatmıllar. Çoban çox bərk dilxor olur. Deyir ki, buralarda ferma, qoyun olan yer var? Təxminən deyir da, bir belə gedərsən. Çoban durur tərpənir, gedir fermadan bir qoyun oğurruyur, gətirir. Kəsir, tələm-tələsih soyur, verir bu arvada, deyir:

– Bişir.

Bişirir. Deyir, ilan vuran yatar, aj yatmaz. Bu uşaxlar hara yatır, ə. Deyir:

– A bala, durun yeyin.

Duruf yeyillər. Yeyənnən sora yatışıllar. Bu da burda gejə­li­yir. Səhər duruf düşür yola. Belə-belə gedif çatıllar. Bərk isdiymiş, koma-koma oturullar, görüllər çoban olan komanın üsdünə bulud kölgə salır. Qıraxdakılar baxıf deyir: "Səni, bulardan kimsə savab­kar adamdı". O deyir mənimkidi, bu deyir mənimkidi, başdıyıllar sporraşmağa. Bu Məkkənin də sahibi gəlir.

– Nə spordu?

Deyir:


– Belə-belə, o deyir mənimkidi, bu deyir mənimkidi.

Deyir:


– Dağılışın, kimin başının üsdündə dursa, savab onunkudu.

Hərə bir tərəfə dağılır. Görüllər çobanın başının üsdə kölgə salır. Məkkə sahibi deyir ki, bununkudu, özü də bunu yolda qazanıf, bura gələndə qazanıf.

İndi heylə oğurrux da var, belə oğurrux da var.
11. ALLAH GÖRÜR
Üş nəfər gənc Kərbəlaya gedillər ziyarətə. Olardan ziyarəti qəbul eliyən soruşur ki, nə gətirmisən? Biri deyir ki, ağam sağ olsun, yaxşı pul götürmüşdüm. Yol uzunu xəşdiyə-xəşdiyə gəlmi­şəm, yenə də var. O birsinnən soruşur ki, nə gətirmisən?

Deer:


– Ağam sağ olsun, yaxşı var gətirmişəm, mülk gətirmişəm.

O birsinnən soruşur ki, sən nə gətirmisən? Deyir ki, mən iman gətirmişəm. Deyir:

– Səən ziyarətin qəbul olundu. Getmə heç hara.

İkisi də qayıdırır, çıxır gedir. Qayıdıf gedəndə fikirrəşir ki, bir də imtahan eləsin. Əziyyət çəkif gəliflər, boş qayıtmasınnar. Deyif:

– Qayıdın bəri.

Qayıdıllar. Deyir:

– Gedin adama bir çolpa tapın gətirin.

Gedir hərəsi bir çolpa tapıf gətirir. Deyir:

– Aparın bu çolpaları təklikdə kəsin. Elə yerdə kəsin, görən olmasın. Kəsin, gətirin.

Biri yönünü belə tutur, biri belə, gedillər. Аradan iki dəyqə keç­məmiş bir də görür biri kəsif gətirif. Deyir ki, görən olmadı?

Deyir:

– Xeyr, ağa, görən olmadı.



– Gətir qoy ora.

Bir xeylax sora o birsi gəlir. Gənə kəsif gətirif. Deyir:

– Görən olmadı?

Deyir:


– Xeyr ağa, görən olmadı.

Deyir:


– Qoy ora.

Gözdüyür, gözdüyür, biri çox gej gəlir. Aradan keçir bir saat, iki saat, gəlir. Gələndə görür ki, diri çolpa qoltuğunda gəlir. Deyir:

– Bular kəsdi gətdi, sən niyə kəsif gətirmədin?

Deyir ki, ağa, yer tapmadım. Deyir ki, niyə yanı, bular ayna duran kimi kəsdilər, kəsif gətdilər. Sən nətəri bir xəlvəti yer tapma­dın, görən olmasın, kəsif gətirəsən?

Deyir:

– Ağa, hara apardımsa, gördüm Allah görür, kəsə bilmədim.



İndi onu fikirrəşməh lazımdı. Allah görür. Bizim nə danışdı­ğımızı, nə iş tutduğumuzu görür. Mənim təbliğatım budu.
12. PEYĞƏMBƏRİN QÜRRƏLƏNMƏSİ
İbrahimxəlil peyğəmbər Məkkəni tikdirir otuz mərtəbə: biri qızıl, biri gümüş. Tikif qurtarır, əlini vurur belinə, deyir:

– Allah-talaya mən bu qədər yardım eləmişəm, görəm mən bu qədər savabı neyniyəjəm? Qohuma, arvadıma, övladıma, qızıma paylıyannan sora bu savabı hara yığışdırajam?

Allah-talanın buna ajığı tutur ki, mənim varımnan, döylətim-nən mənə ev tikdirmisən, qurralanırsan? Qurralanma. Peyğəmbər yatanda Cəbrayılı yanına çağırıb deyir:

– Ya Cəbrayıl, götür Məkkədən aralı qoy onu.

Peyğəmbər yuxudan duruf görür ki, nə Məkkə var, nə Mə­dinə. Düzü-biyaban səhradı. Bu gedir, gedir, ohqədər ağlıyır, gö­zün­nən qan-yaş gəlir. Axırı dizini yerə qoyuf başdıyır otdamağa, daa əldən gedir. Deyir:

– Ya Cəbrayıl, peyğəmbər əldən gedir, bir qıça çörəhnən bir ti­kə pendir ver, heş bilməsin sənin məleykə olduğu. Denən eşit­mi­şəm Məkkəni tikdirmisən, onun yarı savabını ver məə, çörəyi verim səə.

Cəbrayıl gəlif deyir:

– Deyəsən ajsan?

Deyir:

– Hə.


Deyir:

– Eşitmişəm Məkkəni tikdirmisən. Onun yarı savabını ver maa, çörəyi verim.

Verir. Yatıf ayılır ki, dili ağzında yanır. Da Ərəbistan çölüdür. Allah-tala deyir:

– Peyğəmbər əldən gedir, bir bardax suynan Məkkənin yarı savabını da al.

Məkkənin yarı savabını da alıf. Deyir ki, götür peyğəmbəri yuxulu Məkkənin barısınnan çölə qoy. Götürüf qoyur çölə. Ayılır yuxudan. Göydən səda enir:

– Ya peyğəmbər, mənim varımnan, döylətimnən, qürrəmnən öy tikdirmişdin mənə. Əlini belinə qoydun qürrələndin. Deyəsən, bir qarın yeməyə satdın Məkkəni. Bəlkə, aj qarını doydurardın, bəlkə, bir yetim başı sığallıyardın, bəlkə, əlsiz adama əl tutardın.

Peyğəmbər səyfini başa düşür, deyir:

– Peyğəmbər olmağıma baxma, mən bu işdə səyf eləmişəm.




13. SÜLEYMAN VƏ AHULAR
I mətn

Peyğəmbər getdiyi yerdə baxıf görür ki, kənarda bir beş dənə, altı dənə ceyran otduyur. Görür ki, bunun içinnən bir dənə ceyran təkləndi gəldi bu Süleyman peyğəmbərə baş əydi, təmənna elədi. Dedi ki, sana qurban olum, insan əhlisən, hara gedirsən sən?

Deyir:

– Allahın yanına gedirəm, söhbət eləməyə.



Deyir:

– Get Allah-talaya denən ki, Allahın bizə qəzəbi keçif, bütün sular quruyuf, meşələr quruyuf, hər yer yanıf. Bircə o tala yer qalıf. Bizə denən rəhm eləsin.

Süleyman peyğəmbər gedir Allah-talanın yanına. Qabaxca ceyranın xayişini çatdırır. Allah-tala deyir:

– Get olara deginən ki, sizə mən heş cürə rəhm eliyəmmijəm, qoy qırılsın.

Qayıdır gəlir Süleyman peyğəmbər. Ceyran gəlir bunun qaba­ğına, deyir:

– Noldu?

Deyir:

– Vallah, qabaxca səninkini dedim, sora özümkünü. Dedi, mən onnara heş cür rəhm eliyəmmijəm.



Bu peyğəmbərlərdə yalan, əyri söz olmaz. Qayıdır gedir. De­yir, mən bunu öz yoldaşdarıma demiyəjəm, məyus olmasınnar. Deyir, Allaha pənah.

Bir həftədən sora qayıdır gəlir ki, ceyrannar oynaşır, gömgöy ot, çiçək. Deyir:

Saa fəda olum, sizdə yalan olmaz. Sən dedin ki, olara heş cürə rəhm eləmiyəjəm.

Deyir:


– O dilsiz, ağızsız heyvanı nəhqədər zülmə çəkdimsə, gənə Allahın adını yadınnan çıxartmadı. Ona görə mən olara rəhm elədim.

Bax, helə.



II mətn

Yeddi il yağış yağmıyıf. Canım qurban olan peyğəmbər Al­lah­nan kəlmələşməyə gedirmiş. Keçilərdən biri gəlir bının qabağı­na, deyir:

– Ya peyğəmbər, bizim də ərzimizi Allaha oxu. Axı yağmadı, bitmədi, yeddi ildi korrux çəkirik.

Gedir, min kəlmələşir, min birdə bıların hak-hesabını deyir. Deyəndə deyir:

– Hələ yeddi il də korrux çəkəjəhlər.

Qayıdıf gələndə peyğəmbər heyvannar özdərinnən birin yol­lu­yullar bının qabağına. Özü də yolluyanda bına deyillər ki, yolda saa şad xəbər versə, oynuya-oynuya gəl. Məlil xəbər versə, bikef gəl, heş gəlif bırda deyif bizim ürəyimizi qırma. Gəlir deyir ki, ya peyğəmbər, bizə nə xəbər gətirdin. Deyir ki, Allah dedi ki, hələ yeddi il də innən belə korrux çəkəjəhlər. Bı gəlir. Görüllər, vallah bıdı, oynuya-oynuya gəlir, şad gəlir. Deyillər:

– Hə, tay yağdı, bitdi.

Yağır, bitir, bılar da yeyif-içir.

Bir də peyğəmbər gedəndə gedillər qabağına. Deyillər:

– Bəs səndə də yalan, niyə belə dedin?

Peyğəmbər də gedir deyir:

– Ya Allah-tala, bəs sən həylə dedin, mən də həylə dedim. Niyə məni yalan çıxardırsan?

Deyir ki, o oynuya-oynuya, şad oluf getdiyinə görə biz onun urzasını verdik. Onüçün oların urzasını verdim həylə.
14. SÜLEYMANA QALMAYAN DÜNYA
I mətn

Süleyman peyğəmbər hələ aylə qurmamışdı. Başqa bir ölkəyə bir illik səfərə çıxmışdı. Səfərdə ikən bunun qabağına gözəl bir qız çıxır. Bu qızı görəndə elə o saat vurulur ona. Qəlbində deyir: “Səfərimi başa vurum, qayıdanda bu qızla aylə qurajam”.

Səfərini bir ilə, iki ilə, beş ilə, nəysə, başa vuruf qayıdanda həmən yolu gəlir. Həmən yerdən keçəndə, deyir, bu boylanır, ora-bura baxır, axtarır. Bunun qabağına bir qarı çıxır, qoja qarı. Deyir:

– Oğlum, nəysə elə bil itirmisən, axtarırsan?

Deyir:

– Ay ana, heş-zad, elə-belə baxıram.



Deyir:

– Yox, nəysə sən gəzirsən?

Deyir:

– Hə, mən filan vaxdı burdan keçəndə bir qız gördüm. Vurul­muşam ona. Onnan aylə qurajam. Qərar vermişəm ki, aylə qurum. Onu gəzirəm, görüm bir də görə bilərəmmi.



Deyir:

– Gəzmə, oğlum, o qız mənəm. Mən bu dünyayam, – deyir, – bu dünya. Qocalıram, yenidən cavanlaşıram. Əgər sən mənə vurul­musansa, çıx kəntdən bir kilometr get. Yenərsən bir dərə var, o dərədə mənə uyannarın halına bax.

Bu, deyir, kətdən çıxır, görür ki, bir dərin dərə var. Dərəyə yenəndə görür ki, üş dənə insan, pəhlivan cəsədi var, bir dənə ənbiz, qızıl topası var. Aralıya baxır, görür uzaxda bir dəvə otduyur. Fikirrəşir ki, ilahi, bu nə səhnədi? Qıraxda bir dəvə, burda üş pəhlivan yatır, bir topa qızıl, bir mejməyi də aş var. Fikirrəşir, bu nə səhnədi, bu nə oyundu. Bu belə olufdu.

Bu üş pəhlivan haranısa qarət eliyifdilər, bu dəvəni yüklüyüf­dülər. Dəvənin üsdündə bu pulu, bu qızılı gətirifdilər, bir dərədə töküfdülər. Qərar verifdilər ki, bölsünnər. Bölmək zamanı ikisi bir oluf, biri bir. Fikirrəşillər ki, neynəyək bu yoldaşı öldürəh, bu iki­mizin olsun. Ajmışdılar, deyir. Yoldaşı deyir ki, bunu bölə bilmi­jey­ih. Yeməh tapax yeyəh, sora gənə burdadı da, bölərih. Bu yol­daş­dardan birini ikisi göndərir ki, kəndə get yeməh gətir, yeyəh, onnan sora böləh. Bu gedir kəndə yeməh gətirməyə. Bu ikisi fikir­rəşir ki, o gələndə nağarsınnar ki, onu öldürsünnər, bu qızıl buların ikisi arasında bölünsün. O yeməyə gedən adam fikirrəşir ki, nağarsın, nətər eləsin bu ikisini öldürsün, qızıl buna qalsın. Həyat belədi ey. Fikirrəşəndə həyat başdan-ayağa dərtdi, qəmdi.

Bəli, bu gedir aş bişirtdirir, üş nəfərrik, bir mejməyi. O vaxdı mej­mada qoyallarmış. Hələ bir sini də var. Bir mejməyi aş, üsdü belə çolpalı-filanlı gətirir. Həmən dəvəni minif getmişdi. Dəvənin üsdün­də gətirir. Gələndə yolda qərar verir ki, yeməyə zəhər qatsın. Olar ye­sin­nər ölsünnər, qızıl qalsın buna. Bunnar qərar verir ki, gə­lən ki­mi onu vuruf öldürsünnər, sora yeməyi yeyif qızılı bölsünnər. Belə də olur.

Bu, aş qujağında gəlir. Dəvədən düşür, elə yeməyi alıf yerə qoyanda bunu daşnanmı, hansı alətnənsə vuruf öldürüllər. Deer hə, bunnan qutardıx. Yeməyimizi yeyəh, bölgümüzü böləh. Bu ikisi də aşı yeyir, bular da burda ölür. Dəvə qalır yiyəsiz, həmən dəvə. Yiyəsiz dəvədi, boş səhrada gedif otduyur. Mejməyidə qalıf yemək. Pəhli­vannar ölüf, qızıl da qalıf ortalıxda. Odu ki, deyir, halına bax, dünyaya uyannarın halına bax. Dünyaya uyannarın aqibəti budu ey. Axırı heşdi. Nə var bu dünyada qalan şeydi. Bunu başa düşən­nər, qanannar, hiss eliyənnər mənimsiyiflər, amma azdı da. İsdər-is­də­məz həyat elə şeydi ki, cəlb eliyir ey, qüvvə var ey, cəlbedici qüv­və. Kimsə ehtiyac üzünnən axtarır, bu cinayəti deyirəm ha, kimsə şöhrət üzünnən axtarır. Hər ikisinin aqibəti eynidi.


II mətn

Süleyman peyğəmbər üş yüz il yaşamışdı. Gedirdi bir yerə. Getdi gördü ki, yolda bir gəlin oturuf ki, gözəlliyi dünyanı alladır. Dedi ki, mən saa nə verim ki, qayıdanda səni alım. Dedi:

– Barmağındakı üzüyü ver.

Barmağınnan üzüyü çıxardanda gəlin dedi ki, orda daşın dalın­da boxça var, apar at ora. Apardı atdı, getdi getdiyi yerə. O üzük onun barmağında getsə ora, üş yüz il də yazılajeydi o üzüyün üsdünə. Gəlif yaşıyajeydi.

Qayıdanda gördü ki, bu gəlinin yerində bir qarı oturuf, qarı dün­yanı alıf ağzına, əl-ayax dağ kimi oluf, bir yekə qara qarıdı. Peyğəmbər dedi ki, burdakı zənən nejə oldu? Dedi ki, o adam mənəm. Dedi:

– Onda üzüyümü qaytar.

Dedi:

– Atdığın daşın dalındadı, get götü.



Getdi, baxdı, gördü ki, burda üş minnən artıx üzük var. Dedi:

– Axı mən üzüyümü tapa bilmirəm.

Dedi:

– Tapa da bilməzsən. Sənin kimi Süleymannar çox gəlif gedif.



Süleyman peyğəmbər soruşdu ki, bəs sən niyə belə oldun?

Dedi:


– Gedəndə dünyan işıxlıydı, indi dünyan qarannıxdı. Sən al­lan­dın. Gərəh üzüyü çıxarmıyeydin. Üzüh barmağında olseydi, öm­rün yazılajeydi. İndi sənin dünyan qarannıxdı, ölüm haqq-hesabdı.

Süleyman peyğəmbər dedi:

– Ya Allah-tala, axı mənim uşaxlarım körpədi.

Allah-tala dedi:

– Get dur dəryanın qırağında. Çəliyi vır suya, bir ağ yol açılajax. – Çəliyini vurdu, bir ağ yol açıldı. – Get dəryanın ortasına, orda qabağaa bir qara daş çıxajax. Çəliyınnan vır, o daş sınajax. O daşın içində ağ qurdun ağzına göy yarpax verən Allah sənin uşax­ları qırmıyajax ha.

Əzizim başa qaldı,

Biçinçi başa qaldı.

Bu Süleyman mülküdü,

Bunda kim başa qaldı?

Üş yüz il yaşıyan Süleyman peyğəmbərə qalmıyan dünya kimə qaldı?


Yüklə 2,61 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin