AŞIQ MÖHÜBBƏTLƏ ŞAİR TAPDIĞIN DEYİŞMƏSİ
Tapdıq:
Ovum əldən çıxardımı,
Oxum daşa tuş olmasa.
Tülək tərlan dağdan enməz,
Çovğun, boran, qış olmasa.
Aşıq Möhübbət:
Sona kəklik məskən salmaz,
Hansı dağda daş olmasa.
Ala gözlər nəyə gərək,
Üstdən qələm-qaş olmasa.
Tapdıq:
Yaratdığı şəxsə fələk,
Versin saf qəlb, təmiz ürək.
Cücə-plov nəyə gərək
Sifətimiz xoş olmasa.
Aşıq Möhübbət:
Dost hayına darda gəlləm,
Çağıran olsa, haya gəlləm,
Hər il doğma yurda gəlləm,
Ömrə bıçaq, yas olmasa.
Tapdıq:
Tapdıq etmə giley-güzar,
Ürək dostun səni qınar.
Pis yaxşını kim tanıyar,
Getgəl, düşhadüş olmasa.
Aşıq Möhübbət:
İnsanlıx ki, var dünyada,
Səni yaşadar dünyada.
Möhübbət yanar dünyada,
Dostun günü xoş olmasa.
ŞAİR SƏYYAH MƏHƏMMƏD
Həsənov Məhəmməd İbrahim oğlu, başqa adla Zindani Səyyah Məhəmməd Didərgin 1923-cü ildə Dərələyəz mahalında anadan olmuşdur. Səyyah Məhəmməd İrəvan Müəllimlər İnstitutunu bitirmişdir. II Dünya müharibəsinə iştirak edən şair döyüşlərdə ağır yaralanır və baş leytenant rütbəsi ilə ordudan təxris olunur. Müharibədən qayıtdıqdan sonra Qərbi Azərbaycanın bir sıra kəndlərində müəllim və məktəb direktoru vəzifələrində işləyir.
1947-ci ildə həbs olunur və 16 il Sibirdə sürgün həyatı yaşayır. Sibirdən qayıtdıqdan sonra ailəsi ilə birlikdə Laçın rayonuna köçür və rayonunun Qarabəyli, Qorçu kəntlərində müəllimlik edir.
Sovet hökuməti ilə barışmayan şairin başı daim bəlalar çəkmişdir. 1974-cü ildə Ukraynaya köçən şair 1977-ci il sentyabrın 1-də orada vəfat etmiş və Donetsk vilayətinin Karmatorsk şəhərində dəfn olunmuşdur.
KEÇİ
Səyyah Məhəmmət bir dəfə bir keçi gətirir bazara. Uşaxlar bunu danışdırmağ üçün deyillər ki, ə, bu keçi neçiyədi? Bir qiymət deyir. Deyillər, yox, baha deyirsən. O gəlir danışdırır, bu gəlir danışdırır. Deyir:
Xəbər alsan, bu keçinin əhvalın,
Qırx kilo qanqor48 yeyən keçidi.
Namərdin min tüməninə vermərəm,
Mərdin qəpiyinə dəyən keçidi.
Belində var bircə kilo qəzili,
Əti kifdə üçün yaxşı əzili,
Bülün düzdü, cinsi Məzdili
Həyatda namərdə söyən keçidi.
Çoban hər ay alır altı şahı hak,
Həqiqi sözdəri demərəm nahax,
Səyyaham deyirəm, hər axşam sabah,
Şivlərimi49 soyub yeyən keçidi.
YERİDİ
Tez-tez bizə gəlirdi. Bir dəfə gələndə tualetə getmək isdiyir, qapıda da sərt itdər vardı, itdər buna imkan vermir. Səhər durub çay içib gedəndə varağa bir kuplet şeir yazıb qoyur nəlbəkinin altına. Nənəm də savatdı idi. Açıb baxır ki, şeir var. Səyyaf yazıb ki:
İmanlar iman yeridi
Əsil dost, mehman yeridi.
İtdəri zincir tanımaz,
Qalmağa mehman yeridi.
QARA DÜYƏ
Məhəmmət Səyyahın bir qohumu Şəlvədə kolxoz sədriydi. Bu bir cüt mal düyəsini göndərir kolxoz sədrinə ki, mənim Bilündüzdə otum-zadı azdı, bunu qatın kalxozun malının içinə yaya qədər orda qalsın. Bu da deyir yaxşı. Düyələri burda bəsdiyillər. Aradan bir az keçənnən sora Məhəmmət Səyyaha xəbər gəlir ki, düyənin biri ölüf. Məhəmmət Səyyah da tükü-tükdən seçən adam idi. Deyir, balam, düyə heç xəsdə deyildi, kalxozun beş yüz baş malı ölmədi, mənim düyəm niyə öldü? Bir az şübhələnir. Şübhələnir ki, zotexnik, müdür, kimsə bunu satıf, öldü adını qoyuflar. Orda götürüf bir şeir yazır. Deyir:
Eşitmişəm qara düyə ölüfdü,
Əgər həqiqətsə, mərtlərə qurban.
Buxalter, zootexnik, bir də ki müdür
Elə gələn azar, dərtlərə qurban.
Məhəmmətdi, sözün deyir bu başdan,
İncimərəm mən naxırçı qardaşdan.
Bəlkə arığ imiş, düşüfdü daşdan
O yerlərdə yarğan sərtlərə qurban.
Bu hadisədən sora gəlir Şəlvə sovetliyinə. O vaxdı da ölən mala sığorta aktı yazırdılar. Sovet sədrinin yanındakı adamlar isdiyir deyələr ki, sən Bilündüzdən gəlmisən, burda sənin düyənə akt yazmax düz gəlmir da. Sovet sədri bizim dərənin ağsakqallarınnan biri idi. Deyir ki, ayrı söz lazım deyil. Katibi çağırır ki, Məhəmmət Səyyahın aktını mənim yanımda yaz, peçatdıyım verim. Yazıb verir. Bir bənd də ona yazır.
Şair də bu yerdə sınadı baxdı,
Ellərə tapşırdı ömrünü, vaxdı.
Gəlmişdi almağa sığorta aktı,
İdarədə dizi bərklərə qurban.
Dostları ilə paylaş: |