Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu azərbaycan folkloru antologiyasi (Cəbrayıl, Ağdam, Laçın, Qubadlı, Zəngilan, Ağcabədi və Kəlbəcər rayonlarından toplanmış folklor nümunələri) baki – “Nurlan“ – 2012



Yüklə 2,7 Mb.
səhifə170/266
tarix01.01.2022
ölçüsü2,7 Mb.
#103326
1   ...   166   167   168   169   170   171   172   173   ...   266
44. DİLİMİ MEHRİBANÇILIĞA ÖYRƏDİRƏM
Bir oğlan uşağı oduna getmişdi meşəyə. Tamah eliyir, çox doğruyur odunu, ulağa çox yüklüyür. Yağış da, deyir, yağmışdı, su­runçax idi. Gələndə, deyir, ulax... Yer çala-çökür idi, görünür, orda xəndək də oluf. Bu yerlərdə “qəndək” deyillər, bizlərdə “xəndək”. Deməh, bu xəndəkdən keçəndə ulağın ayağı sürüşüf yıxılıf. Uşax indi güjü çatası döylü bu ulağı qalxıza. Bu dəmdə padşah da vəziriynən çıxmışdı gəzməyə. Gəzməhdən qayıdanda gəlif burdan keçəndə görüllər ki, bir odun yüklü ulax yıxılıf yerə, uşax da boynunu qucaxlıyıf yalvarır:

– Dədəm sənə qurban, dur, nənəm sənə qurban, dur, başına dönüm, dur.

Padşah çönür vəzirə baxır:

– A vəzir, bu nə deməhdi, yalvarmaxnan heyvan qalxar?

Deyir:

– Padşah sağ olsun, özünnən soruşax.

Deyir:

– Soruş.

Deyir:

– Ay oğlan, yalvarmaxnan o ulax durandı o yükün altınnan?

Deyir:

– Əmi, bilirəm ey durmaz, amma mən dilimi mehribançılığa örgədirəm.

“Dilimi mehribançılığa örgədirəm” sözünü eşidəndə bu pad­şaha böyüh dərs olur ki, bu uşax dilini mehribançılığa örgədir, mən də kəsməhdən, öldürməhdən, asmaxdan danışıram. Vəzirə deyir:

– Düş, vəzir, atdan.

Düşür. Ulağın yükünü açıf qoyullar yerə, ulax qalxır, odunu yüklüyüllər. Uşağa deyir ki, o sözü hər gün gəlif mənə deyərsən, mənnən bir qızıl onnux alarsan. Yəni unutmuyum da o sözü, dilimi mehribançılığa mən də örgədə bilim.

Uşax gəlir, odunu boşaldır, eliyir, anasına deyir ki, bu günnən mən oduna getmiyəjəm.

– Ay oğul, noldu?

Deyir:


– Mən bu günnən padşahın qonağı olajam, hər gün padşahın otağında oturajam, onun əyannarının söhbətinə qulax asajam, gündə mənə onnux qızıl verəjəh, dolanajağıx.

Bu sözü eşidəndə, paxıllığa gəlir bu söz, ağsakqal bir qonşu yatmışdı, deyir, aman-zaman bircə dənə qoja inəhləri vardı. Arvad girir içəri, bunu bərk silkəliyir.

– Qalx, – deyir.

Deyir:


– Nədi?

Uşax deyəndə eşidir də bu. Deyir:

– Qalx, sən də get, dilimi mehribançılığa örgədirəm de, sən də gündə bir onnux qızıl al.

Bu da qalxır, evdə tir-dirəh qalmır, hamısını yüklüyür ulağa, qatır qabağına. Padşahın imarətinin qabağınnan keçəndə ağacı iliş­dirir ulağın qıçına, ulax yıxılır. Başını qucaxlıyır yalvarır. Deyir, pad­şah baxıf görür, ə, qoja bir kişi ulağı yüklü gedirdi, ağacı ilişdi­rif yıxdı, indi uzanıf böyründə. Qulluxçunun birini göndərir ki, gör orda nə oluf, bir xəbər gətir. Gedir, gəlir deyir:

– Padşah sağ olsun, qoja kişidi, yüklü olduğunnan ulağı yıxılıfdı, o da yanında uzanıf ağlıyır, yalvarır.

Deyir:


– Get, gətir onu bura.

Gəlif aparıflar. Deyir:

– Nağarırsan orda, ay qoja?

Deyir ki, ulağa yalvarıram dursun. Deyir:

– Ə, yalvarmaxnan ulax durar?

Deyir:


– Bilirəm ey durmaz, dilimi mehribançılığa örgədirəm.

Ordan cəlladı çağırır, deyir:

– Yüz dənə çubux kəsin.

Cəza tədbiri imiş ey bu. Yüz dənə çubuğu kəsif gətirir, qanda­lağı salır ayağına. Deyir ki, sən bu yaşında dilini indi örgədirsən mehribançılığa? O qədər döyüllər, döyüllər, sürüyüf aparıllar atıllar küçəyə. Yiyəsi gəlif sürüyüf aparır. “Paxılın goru cəhənnəmə” sözü burdan çıxır.

Uşax, deyir, gündə gəlir padşahın qulağına bu sözü deyif gündə bir onnux qızıl alırdı. Padşahın ən tərifli vəziri heç gündə on qızıl almırdı. Özü də tərs kimi də vəzirə gösdəriş verir ki, sən verərsən bunun hakqını. Vəzir indi gündə bir qızıl buna hak verir. Bir gün uşax gələndə vəzir çıxır qabağına, deyir:

– Gəlmə. Gəlif padşahın qulağına söz demə.

Deyir:

– Niyə?


Deyir:

– Padşah deyir ki, o bir də gəlif mənim qulağıma söz desə onun boynunu vurdurajam. O, mənim qulağıma söz deyəndə tənəffüsün­nən pis iy gəlir.

Uşax səhərisi gəlmir. Gözdüyür, gözdüyür, gəlmir. Vəzirdən soruşur bu uşax niyə gəlmir? Deyir:

– O uşağı mən gördüm küçədə, deyir padşahın qulağınnan pis iy gəlir, ona söz deyəndə mən iyrənirəm.

Padşah qəzəblənir:

– Uşağı gətirin.

Uşağı tapıllar, gətirillər. Deyir:

– Niyə gəlmirdin iki gün?

Deyir ki, padşahı-aləm sağ olsun, mən gələndə vəzir mənə dedi ki, səən tənəffüsünnən pis iy gəlir. O gün də mən sarımsax yemişdim, bəlkə də, tənəffüsümdən gəlirdi o iy, ona görə gəlmə­dim. Vəzir mənə demişdi ki, guya sən mənim tənəffüsümdən iyrə­nirsən. Padşah görür ki, vəzir həmin sözü də gəlif ona deyif. Vəziri çağırır, deyir ki, bu günnən bunun hakqını artırdım. Sən verəjəhsən, gündə iki onnux qızıl verəjəhsən.

Vəzirin, deyir, pulu yox idi. Most bankda pulu vardı. Bir gün pulu olmur verməyə, götürür qəbz yazır Most banka ki, Most bank adıyla cəllada yazır ki, bu uşax ora çatan kimi boynunu vur. Uşax, deyir, tələsih əlində kağız gedirdi. Amma bu, vəzirin oğlu ilə dostdux edirdi. Vəzirin oğlu çıxır bunun qabağına, deyir:

– Hara gedirsən?

Deyir:

– Bu gün pulumu ala bilməmişəm, kağız veriflər, gedif verif pulumu alıf gəlirəm bu saat.

Dartıf zornan bu kağızı bunun əlinnən alır. Deyir:

– Ə, sən dayan, mən gedim alım gətirim.

İndi vəzirin oğlu götürür kağızı, gedir. Oxuyan kimi boynunu vurullar. Vəzir görür ki, sən öləsən, budey, uşax gəlir.

– A bala, noldu, dünən hara getdin?



Dedi ki, əmi, dünən mənə kağız yazıf verdiniz ey, gedirdim onu almağa, sənin oğlun çıxdı mənim qabağıma, o kağızı zornan mən­nən alıf özü çıxdı getdi. İndi onnan gəlif çıxmıyıf, pulumu da gətirmədi. Vəzir duyux düşür ki, hə, uşağının boynun vuruflar. Onun­çün deyillər, dərin qaz, gen qaz, özün düşərsən. Bunnan da söhbət bitir.

Yüklə 2,7 Mb.

Dostları ilə paylaş:
1   ...   166   167   168   169   170   171   172   173   ...   266




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin