36. ŞAH ABBASLA DƏRVİŞLƏR
Üş dərviş olır, qalmağa yeri olmır. Günüzdər qəsidə deyillər, gecə də Şah Abbasın karvansarasında gejəliyillər dayna. Hava da soyuxdu. Bir gün Şah Abbas çıxır şəhərə. Deyir ki, bir baxım görüm bu şəhərə kim gəlir, kim gedir, nə var, nə yox. Görür karvansarasınnan işıx gəlir. Gəlir görür kü, orda üş dərviş var. Küləşdən-zaddan odduyuf özdərini oda verillər dayna, hava da soyuxdu.
– Salam-məleyküm.
– Əleykümət-salam, dərviş qardaşdar.
Şah Abbas da paltarını dəyişif ey, şah paltarında dəyil. Deyir:
– Bizim günüz yerimiz olmur, qəsidə deyirih, gejə bu karvansarada gejəliyirih. Yerimiz yoxdu qalmağa.
Deyir:
– Heş bir sənətız yoxdu?
Deyir:
– Var.
Deyir:
– Nədi sənətız?
Biri deyir ki, ayın qarannığında gördüyüm bir adamı, günüz yüz adamın içinnən tanıyıram.
– O birsinin sənəti nədi?
Deyir:
– Məəm də sənətim, hansı qapıya getsəm, qıfıllı olsa, o qıfılın duası var, oxuyuram, qıfıl öz-özünə şakkaşak açılır.
Deyir:
– Bunun da özü böyük sənətdi.
Onnan sora gedir üçüncüsünü soruşur. Deyir ki, məəm də sənətim odu ku, hansı qapıya getsəm, nə qədər sərt it ola, hürə, duası var, oxuyuram, it səsini kəsir.
– Oo, böyük sənətdərdi ki, bullar. Niyə dərvişdih eliyirsiz? Mən Şah Abbasın xəznəsinin yerini billəm. Gəlin gedəh onu yarax. Siz payızı götürüf gəlin, mən də siznən payımı götürüf gələjəm.
– Dərviş qardaş, sənin ağzınnan qan iyi gəlir. Şah Abbas bilər, bizi qıyma-qıyma doğratdırar cəllatdara.
Deyir:
– Yox, elə eliyəjəm bilinməsin.
Xülasey, duruf gəlillər qapıya, it başdıyır hürməyə. O itin dilini biləni qabağa ötürür. O, bir dua oxuyur, it səsini kəsir. Gedillər indi xəzinənin qapısına. Həmin o qıfılın dilini bilən adam duasını oxuyur, şakkaşak qıfıl öz-özünə açılır. İndi hərəsi birəz qızıl götürür, bir torba dayna. Gəlillər karvansarıya, həmən yerə. Birəz söhbət eliyillər. Şah Abbas görür kü, işıx-işığadı dayna, tay səhərə yaxınnaşır. Deyir:
– Mən də payımı qoyuram bura, sizin yanızda. Gəldim, öz payıma özüm yiyə durajam, gəlmədim, ananızın südü kimi halalız olsun. Bağışdıyıram sizə.
Şah Abbas gəlir tezdən çıxır taxta. Xəzinədar saçını yola-yola gəlir ki, şah sağ olsun, xəznəni beyjə yarıflar.
– Nə danışırsan?
– Hə, xəznəni yarıflar.
Deyir:
– Şəhəri gəzin, görün burda yad adam kim var?
Gəzillər əni-bəni, gedillər xəbər verillər şaha ki, şah sağ olsun, karvansarada üş dərviş var, olardan başqa heş kəs yoxdu. Deyir:
– Gedin olların üçünü də gətirin bura.
Bu adam (dərvişləri aparan – top.) deyir ki, şahın hüzuruna gedirih. Şahın xəzinəsi beyjə yarılıf. Gəlillər. Qavaxcan qıfılın ağzını açanı salıllar içəri. Bu and-aman eliyir ki, şah sağ olsun, bizim heylə şeynən aramız yoxdu. Allah eləməsin, biz xəzinəni yarax. Özünü yeyir-tökür. Axırda şah deyir ki, bını çıxardın çölə. İtin duasını oxuyanı da salıllar içəri. O da and-aman eliyir ki, şah, bizim xəvərimiz yoxdu. Biz dərviş babayıx, gündə qəsidə deyif karvan-sarada gejəliyirih. Axırı adam tanıyanı salıllar içəri – ayın qarannı-ğında gejə kimi görsə, günüz min adamın içinnən onu tanıyanı. Bu adam içəri girən kimi dodağı qaçır, gülür. Şahı tanıyır, Şah Abbası tanıyır. Deyir:
– Ə, nə gülürsən, həmi xəznəni yarmısız, həmi də gülürsən. Üçüzün də boynun vırdırram.
Deyir:
– Şahım sağ olsun, ədalata güj eləmə. Sənin kimsinin feli-fırıldağına düşdüh, apardıx xəznəni yardırdın bizə. Biz neyniyəh, bizdə nə günah var?
[Şah] ordan xəznədarı çağırır, deyir:
– Bılların hərəsinə bir az qızıl verin, salın yola, getsinnər.
Hə, bu, şahnan dərvişdərin nağılıydı.
37. KİMİN YALANI UZUN OLAR?
Bir sarısakqal, göy göz kişi varmış, bı çox nainsafmış. Bunun üç dəyirmanı var. Bir kişinin oğlu dən üyütməyə gedir. Deyir:
– Ay dəyirmançı, ay dəyirmançı.
Sarısaqqal, göy göz kişi çıxır. Deyir:
– Bala, gəl. Bir tay dən var, onu üyüdüf qurtarannan sora sənkini başdıyaram.
Deyir:
– Yox, atam deyif ki, sarısakqal, göy göz dəyirmançı nainsaf olar, onun dəərmanına getmə.
Bu ulağı sürür, ikinci dəyirmanın yanına gedəndə genə də görür burda da haman sarısakqal, göy göz kişidi. Deyir:
– Ay dəyirmançı, ay dəyirmançı.
Deyir:
– A bala, gəl, bir yük dən var. O dən üyünüf çıxannan sora sənkini üyüdərəm.
Əstafirillah. Onnan sora gedir üçüncü dəyirmana. Bı kişi bir də gedir ora. Deyir:
– Bala, üş tay dən var, o üş tay dəni üyüdənnən sora sənin dəni üyüdərəm, gəl.
Deyir:
– Bının üçü də sarısakqal, göy göz kişidi, elə o savax getdiyim dəyirmana gedim, dəni üyüdüm, çıxıf gedim.
Qayıdar həmən sarısakqal, göy göz kişinin dəyirmanına. Başdıyır dəni üyüdür. Bı dəyirmançı deyir ki, oğul, çıx navın başınnan bir vedrə su gətir, kökə salax – kömbə. Oğlan gedir bir vedrə su gətirir. Bu nainsaf dəərmançı bir vedrə suyu tökür təknəyə. Bir tay unun hamısını xamır eliyir, fətir salır. Deyir ki, oğul, indi hərəmiz bir yalan danışajıyıx. Kimin yalanı uzun oldu, kömbələr də onun olsun. Başdıyır, oğlan deyir:
– Əmi, söz böyüyün olar, qavaxcan sən de.
Deyir, oğul, məəm bir rəhmətdih atam vardı. O dey, o dağı görürsən? O dağı dağıdarmış, yerində bir dəyirman tikərmiş, gələn dənçilərin dənini üyüdərmiş, yola salarmış, səhərə yaxın dağı düzəldərmiş yerinə. Bir də mənim atam dəryanın qırağında bir bostan əkif, bir tağ qarpız qol ata-ata gedif dəryanın ortasında bir qarpız salıf. Mən də qarpızın tağının üsdüynən getdim, qarpızı nişanladım ki, görüm dəyif-dəymiyif. Pıçağım düşdü içinə. Bunu dəyirmançı deyir. Deyir, gördüm yolnan bir-iki adam gedir. Dedilər:
– Əşi, orda nə axtarırsan?
Dedim:
– Pıçağım düşüf.
Deyir:
– Əvi tikilənin oğlu, o qarpızın içində mənim bir qatar dəvəm itif.
Mənim yalanım bıdı, oğul. İndi sən nağıl elə.
Deyir:
– Dəyirmançı qardaş, olar ki, mənim yalanım inşallah ki, səninkinnən uzun olar.
İndi oğlan başdıyır. Deyir:
– Əmi, bizim çoxlu cücələrimiz, toyuxlarımız olardı. Bı toyuxlar kolda-kosda yumurtdarmış, bının yumurtasını bir yerə yığıf qutarammazdıx. İri səbətdər olur, onnarı səbətdərə yığıf töküf xırmana başdadıx üsdünə vəl qoşmağa. Yumurtanı vəlnən döydük, atam bını şanıynan savırdı, xoruzu bir yana çıxdı, cücəsi bir yana. Xoruzu bir yana çıxdı, cücəsi bir yana. Axırda atam bı xoruzun içinnən bir xoruz tutdu, qırxa bağladı*. Bağlıyannan sora, axırda bı xoruza bir yük dən yüklədi, apardı dərmana. Aparıf dəyirmana dənini üyüdüf qayıdannan sora atam dedi:
– Get, xoruzun belinin palanın al gətir.
Gördüm xoruzun belini üş yerdən palan vuruf, alıx verif da, yaralıyıf. Atama dedim. Dedi, get, onnarın hərəsinin yerinə bir çinar yarpağı qoy. Dəərmançı qardaş, mən də gətdim hər yaranın üsdə bir çinar yarpağı qoydum. Səhər durdux gördük xoruzun belinnən üş çinar ağacı çıxıb göyün yeddinci qatına. Dəərmançı qardaş, bı çinarın birinə çıxan bir ildən sora düşərmiş, ikincisinə çıxan iki ildən sora düşərmiş, üçüncüsünə çıxan üç ildən sora düşərmiş. Mənim yalanım bıdı. İndi mənim yalanım uzun oldu, yoxsa sənin?
Deyir:
– Oğul, əlbətdə, sənin yalanın uzun oldu.
İndi bı oğlan kökəni yığır xaşalara, çuallara. Dəərmançı deyir:
– Bala, maa vermirsən?
Deyir:
– Yox, vermiyəcəm.
Deyir:
– Heş olmasa bir bisdih ver də. – Bişdih də yüz qrama deyillər. – Üş günnən sora gələrsən, kökə verərəm.
Oğlan yühlüyür, bına da əl boyda kökə verif gedir. İndi üş günnən sora gəlir dəyirmançıdan kökəsini almağa. Dəyirmançı bilirmiş da vaxtı. Gəlir arvada deyir ki, ay arvad, dur o başdannan hay sal ki, dəyirmançı ölüfdü. Məni gəlif bir cavan oğlan axtarajax, ona deyərsən ki, dəyirmançı baba ölüfdü. Bir bisti kökədən ötrü. Oğlan üş günnən sora gedir dəyirmançının evinə. Soraxlıyır kəndi ki, dəərmançının evi hardadı? Gəlir dəyirmançının evinin qapısına çıxır. Arvadı çağırıllar ki, bir cavan oğlan gəlif dəyirmançını soruşur. Arvad çıxıf deyir ki, bala, başa dönüm, dəyirmançı ölüfdü.
Deyir:
– Ay ana, Allah ona irəhmət eləsin. Üş gün bunnan qavax dəyirmanına gəlmişdim, maa vəsi elədi ki, mən öləndə sən gərəh məni yuasan. İndi onu mən yuajam.
Deyir:
– Nolar, madam ki, vəsi eliyif, sən yu.
İndi bı dəyirmançını götürüllər yuata. Biri su tökür, oğlan da yuyur. İsdi su tökür, soyux su tökəndə əlində çarıx bizi varmış, soxur kişinin buduna. Kişi gözünü açır. Deyir:
– Bisdimi ver.
Kişi bərh-bərh gözünü yumur. Bir də belə-belə, bını deşih-deşih eliyir. Deyir ki, Allah bu kişiyə irəhmət eləsin, maa bir də vəsi eləmişdi ki, üş gün kümbəzdə mənim qaroulumu sən çəkərsən. İndi bını aparıf qoyullar kümbəzə. Bı da kişini aparıf basdıranda kümbəzin bööründə uçux qabır varmış, girir ora. Görüllər ki, gecənin bir aləmində üş-dört nəfər quldur şəhəri, evi yarıf, gətirif bırda bölüllər. Arada bir gorda qalır. Gorda da xançala deyilir. Deyir:
– Kim bu xançalı bir dəfiyə bı meyidin ortasınnan keçirsə, xançal onun olsun.
Biri qolunu çərmiyir, dizini qoyur yerə, xançalı belə qaldırıf yendirim deyəndə kişi qalxır:
– Ölülər gəlin, dirilər qaşdı.
Bı keçəl də qabırdan səs verir ki, əyə, qoyma, gəldim. Bı quldurrar qorxularınnan qaçır. Bir az gedənnən sora deyir:
– Ə, bəlkə bizi qara basırmış, qayıdax gedəh, birimiz baxsın görsün doğrudan belə şeydi?
İndi bı keçəlnən dəyirmançı malı bölür. Böləndə genə bı keçəl deyir:
– Mənim bisdimi ver.
Ayana baxır, bayana baxır, keçəl də elə “bisdimi ver” – deyif durur. Dərmançı gördü ki, kümbəzin balaca qapısı var. Bir buxara papax kişi gəlif ordan baxır. Bı quldurrarın yoldaşıdı. Bı oğlan “bisdimi ver” – deyəndə dəyirmançı hopbulur onun başındakı papağı alır, vırır bı keçəlin başına, deyir:
– Ala, bı da sən bisdin, sox gözaa.
Quldurbaşı gedir hay salır yoldaşdarına ki, əyə, qaçın canızı qurtarın. Bisdi-bisdi bölmüşdülər, birinə də pay düşməmişdi, mənim papağımı götürdülər.
Hə, bala, nağıl bırda başa çatdı. Olar yesin şişə çatsın, biz də yeyəh-içəh öz muradımıza çatax.
38. DANA, KEÇİ VƏ TOĞLU
Biri varıymış, biri yoxumuş. Bir dana, bir toğlu, bir keçi varımış. Bunnar üçü qardaşıymışdar. Bir-biriynən möhkəm dosduymuşdar. Bir kəndin qırağında meşədə otduyurmuşdar. Günnərin bir günündə bunnar otduya-otduya gedillər meşənin dərinniyinə. Meşənin dərinniyində bir də baxıllar ki, qarannıx düşüf. Bunnar yolu azıflar. Deyillər, elə burda gejəliyəh. Səhər açılar, hər yer işıxlanar, yavaş-yavaş qayıdarıx kəndə. Oturuşup söhbət eliyirmişdər. Keçi baxır kı, qalyanın odu qutarır. Səbri yaman tükənip. Neynəsin, nağayırsın, baxır ora-bura, görür uzaxdan bir işıx gəlir. Danıya deyir:
– Get ordan bir od gətir, bu qalyanımı yandırım.
Dana durur, quyruğunu atır belinə. Ha burda, ha orda, gedir işıx gələn tərəfə çatır. Bir də görür kü, bahoo! Altı canavar əyləşip, onnarın gözünün işığıdı bu ətrafı bürüyən. Canavarrar dananı görəndə deyir:
– Dana qardaş, adda başa. Nə əcəb, yaxşı qonağımız gəlib. Dana qardaş, adda başa. Dana qardaş, adda başa.
Dana keçir əyləşir başda.
Keçi çox gözdüyür, dana gəlmir. Toğluya deyir ki, toğlu qardaş, get o işıx gələnnən mana bir od gətir, gör o dana kəsilmiş harda qaldı? Mənim qalyanımın odu qutarıp, səbrim lap tükənip. Toğlu durup irtməyini* atır belinə, ha bırda, ha orda, gedir işıx gələnə çatanda görür burda canavarrar əyləşip, buların gözünün işığı ətrafı bürüyüp. Dana da başda əyləşip. Canavarrar toğlunu görəndə deyillər:
– Toğlu qardaş, sənnən nə əcəp, xoş gəlmisən, beş gəlmisən. Gözümün üsdündə yerin var. Toğlu qardaş, adda başa, həmişə sən gələsən.
Toğlu qorxa-qorxa keçip əyləşir başdan. Keçi bir az da gözdüyür, görür toğlu da gəlmədi. Səbri lap tükənir, özü durur irtməyini atır belinə, gəlir işıx gələnə. Gəlir, görür kü, burda altı canavar əyləşip, gözünün işığı ətrafı bürüyüp. Toğluynan dana da yuxarı başda əyləşip. Deyir: "Bu nə pis oldu. Mən öz yoldaşlarımı canavarrara qurban verdim". Canavarrar keçini görəndə deyillər:
– Nə yaxşı gəlmisən. Keçi qardaş, adda başa, həmişə sən gələsən, əziz qonağımızsan.
Keçi deyir:
– Mənə elə bırda bir döşəh verin, qıraxda oturacam.
Keçi qıraxda əyləşip deyir:
– Ordan bir od verin, qalyanımı yandırım. Yaman qalyan çəkənəm. Səbrim lap tükənip.
Keçi qalyanını yandırır. Canavarrarın böyüyü deyir:
– Mən yaxşı saz çalanam. Ordan o sazı gətirin mana, bir yaxşı hava çalım.
Canavarrar gətirib sazı verillər başçılarına. Bu başdıyır çalmağa. Deyir:
Sazım dınqır, dınqır, dınqır,
Dana qardaş axşamımızın,
Toğlu qardaş səhər ertəmizin,
Sazım dınqır, dınqır, dınqır.
Keçi qardaş günortamızın,
Sazım dınqır, dınqır, dınqır.
Belə deyəndə keçi deyir:
– Sən heş saz çalmağı bajarmırsan. O sazı ver mana, gör mən nətəhər çalıram.
Keçi alır sazı, basır sinəsinə, başdıyır çalmağa. Deyir:
Sazım dınqır, dınqır, dınqır,
Atam öləndə mənə demişdi,
Özaa yeddi canavar dərisinnən kürk tikdirərsən.
Altısını mən özüm tapmışam,
Birini də sən özün yetir, ey xaliq,
Sazım dınqır, dınqır, dınqır.
Canavarrar ürküşüp bir-birinin üzünə baxıllar. Bunu görən keçi deyir:
– Dana qardaş, tut gəldim. Toğlu qardaş, tut gəldim, ədə, tut gəldim.
Canavarrar tökülüp qaçışıllar. Keçi deyir:
– Olar gedip o tərəfdə fikir eliyip gəlip bizi yeyəjəhlər.
Gəlillər qaça-qaça, orda-burda, baxıp görüllər ki, ayaxlarının izdəri düşür. Canavarrar gəlip bu izdərnən bıları tapajaxlar, yeyəjəhlər. Keçi görür kü, böyüh bir ağaş var. Keçi deyir:
– Gəlin çıxax bu ağaca. Olar gəlip bizi tapbıyajaxlar, çıxıp gedəjəhlər. Sora biz də düşüp çıxıp gedərik.
Bəli, dana çıxa bilmirmiş. Keçiynən toğlu bunu dırmaşdırır ağaca. Keçi də birtəhər çıxır, toğlu da çıxır. Oturullar ağaşda. Canavarrar gedir o tərəfdə fikir eliyir, deyir: "Bizim axşamacan yediyimiz toğludu, danadı, keçidi. Bizə noldu, qorxup qaşdıx. Gəlin gedip oları tapıp yeyəyin". Canavarrar qayıdıllar izə düşə-düşə, axdara-axdara gəlip bir ağacın altında izi itirillər. Deyillər:
– Bular burdan o tərəfə getmiyiplər. Görəsən bular hara getdi?
Bular oturup ağacın altında belə fikirrəşəndə, dana da canavarrarı görəndə canına vəlvələ düşür. Başdıyır əsməyə. Birdən ağacın budağı qırılır, tapbıltıynan düşür yerə. Bını görən keçi qardaş deyir:
– Dana qardaş, tut gəldim. Dana qardaş, bərk tut, gəldim. Toğlu qardaş, tut gəldim.
Canavarrar ürküşüp qaçıllar. Toğluynan keçi ağaşdan düşüp, gəlip görüllər dana ölüp. Ağlıya-ağlıya bir yer qazıllar, dananı basdırıllar. Yavaş, yavaş isdiyillər qayıdıp gələlər evlərinə.
Canavarrar gedip o tərəfdə deyillər: "Ayə, dana məni öldürmüşdü, az qala belimi qırmışdı". Biri deyir: "Ayə, sən nə danışırsan, dananın quyruğu boğazıma keşmişdi, güjnən çıxardıp qutardım". Biri deyir: "Dananın irtməyi boynuma keşmişdi, canımı güjnən qurtardım". Beləlihnən, canavarrar ordan qaçıp uzaxlaşıllar. Keçiynən toğlu da gəlib çıxıllar evlərinə.
Nağıl bu yerdə sona çatır. Göydən üç alma düşdü, biri mənim, biri sənin, biri də gendə durup “isdəmirəm” deyənin.
39. DƏVƏ, XORUZ VƏ EŞŞƏYİN NAĞILI
Biri varımış, biri yoxumuş, bir dəvə varımış, bir xoruz, bir də eşşəh. El dağa köçmüşmüş. Bınnar qalmışmış yurtda. Arıx olduğuna görə nə dəvəni aparıbmışdar, nə də eşşəyi. Xoruz da elə bir küşdə bürüşüb qalmışmış. El köçür dağa, qalır hər yer yəəsiz, bınnar üçü otlaxdarda otduyullar, şellənillər, yaxşı kökəlişillər, əmələ gəlillər, yaxşılaşıllar.
Günnərin bir günündə bırdan elat gedirmiş. Bı tapbıltını eşidəndə eşşəh deyir ki, mənim anqırmağım gəlir. Xoruz deyir:
– Mənim bannamağım gəlir.
Dəvə deyir:
– Nə sən anqırma, nə də bannama. Bannıyajaxsan, gəlip bizi tutub aparajaxlar. Səni kəsip yeyəjəhlər, bizi də yüklüyəjəhlər. Belə bu cür də sakit yaşıyax.
Eşşəh dəvənin sözünə baxmır, anqırır, xoruz bannıyır. Yoldan keçən elat deyir: "Deyəsən, bırda el, oba var". Baxıp görüllər bir dəvədi, bir eşşəhdi, bir də xoruz. Tez xoruzu tutup kəsillər, eşşəyi də, dəvəni də yüklüyüllər, düşüllər yola. Gedillər, gedillər yolun bir aləmində eşşəh yorulur. Eşşəyin yükünü də açıp dəviyə yüklüyüllər, eşşəyin özünü də yüklüyüllər dəviyə. Bir az gedənnən sora dəvə lap əldən düşür. Bir az da gedənnən sora gəlip çıxıllar bir yoxuşa. Bı yoxuşa çıxanda dəvə deyir:
– Oynamağım gəlir.
Eşşəh deyir:
– Dəvə qardaş, gəl sən belə eləmə. Dağın başına çıxmışıx. Məni burdan salarsan yerə, mən ölərəm. Bəs elə şey olar?
Dəvə deyir:
– Sən mənim sözümə qulağ asmadın. Belimizin yağırı güjnən düzəlmişdi, indi-indi əmələ gəlmişdih. Sana dedim anqırma, xoruza dedim bannama. Siz məni eşitmədiz, indi də mən səni eşitmiyəcəm – belə deyir. Dəvə başdıyır oynamağa. Dəvə oynuyanda eşşəh dəvənin belinnən düşür tapbıltıynan, ölür.
O yedi, yerə keşdi, siz də yeyin, dövrə keçin. Göydən üç alma düşdü. Biri sənin, biri mənim, biri də gendə durup “isdəmirəm” deyənin.
40. TÜLKÜ, TISBAĞA VƏ DƏVƏ
Biri varımış, biri yoxumuş, bir tısbağa, bir tülkü, bir də bir dəvə varımış. Günnərin bir günündə bunnar yolnan gedirmişdər. Qabaxlarına böyüh bir könbə çıxır. Könbəni görəndə, tülkü həmişə bij olur, isdiyir bir bijdih işdətsin, bu könbəni təhcə yesin. Deyir ki, gəlin görəh yaşda kim çox böyühdü, könbəni o yesin. Razılaşdılar.
Tülkü deyir ki, Nuhu taxtda görmüşəm, Şah İsmayılı qundaxda. Elə həmin tülküyəm ki, dururam. Tısbağa da deyir ki, Nuhun gəmisi dəryada qərğ olanda elə belə tısbağeydim, elə həmin tısbağayam ki, dururam. Dəvə baxıp görür kü, iki böyüh tarixi irəqəm varıdı, ikisini də bınnar dedi. Əyilir könbəni götürür. Göydə gəvəliyip yeyə-yeyə deyir: "Onda belə çıxır ki, dəvə qardaşınız o vaxt uşağıymış".
41. TÜLKÜ VƏ CANAVAR
Bir tülkü varmış, bu acınnan ölürmüş. Bir gün yolun qırağında uzanır, görür yolnan toy gəlir. Deyir:
– Özümü vuracam ölülüyə, qoy toy yiyəsi gəlsin məni aparsın, toyda bağırsağdan-zaddan yeyim da. Acınnan tay nəfəsim kəsilif.
Toy atdısı gəlir. Bınnan əzəli toyu atnan eliyirdilər. Görüllər tülkü uzanıf yolun qırağında. O bir təpik vurur: – “A kopolunun tülküsü”. Bu bir təpik vırır: – “A kopolunun tülküsü”. Deyillər ki, bını atın gəlinin tərkinə, aparax orda dərisini soyax, leşini atax əyənə. Atıllar gəlinin tərkinə, yol uzundu, gedillər. Yolda birdən gəlin əldən qoyur. Tülkü deyir ki, indi hamıya yayacam. Gəlin deyir ki, tülkü baba, amanın günüdü, heç kəsə demə.
Deyir:
– Maa nə verəssən?
Gəlindi də, üsdündə pulu, qızılı, mıncığı, sırğası, üzüyü. Gəlin deyir:
– Bax, bu boynumdakı boyunbağını verəcəm saa, amma heç kəsə demə.
Deyir:
– Yaxşı.
Bir az gedənnən sora deyir:
– Tez ol ver, yoxsa deyəcəm.
Əlajı kəsilir, biyabır olmamax üçün boyunbağını açır verir bına. Allah bilir neçə min manatdıx imiş. Bı atdan hopbanır düşür, yenə də deyir:
– Cırt, gəlin o….du.
Gəlin də biyabır olur, bu da çıxır gedir. Gedir, qabağına bir canavar çıxır. Canavar görür kü, tülkü mıncıx asıf boynunnan. Deyir:
– A tülkü qardaş, onu hardan almısan?
Deyir:
– Getmişəm, elə bil qırx gün, qırx gecə quyruğumu qoymuşam Qaramanın qara gölünə, – qara göldə lıkka oluf, camışdar gedif orda yatırdı, – torpaxlı gölə.
Deyir:
– Onda mən də gedim qoyum, mənim də mıncığım olsun.
Deyir:
– Get qoy.
Canavar gəlir quyruğunu qırx gün qoyur o Qaramana. Qırxıncı günü çəkəndə quyruğu qopur qalır orda. Deyir:
– Kopolunun tülküsü, tapsam səni öldürəcəm. Sən mənim başıma nə oyun aşdın?
Görür, tülkü gəlir. Deyir:
– Ay tülkü qardaş, bı nə işdi başıma gətdin?
Deyir:
– Sən düz eləməmisən, ona görə belədi.
Görür tülkü çarıx toxuyur. Canavar deyir ki, onda əlaş yoxdu, o carıx tikməhdən maa da örgət.
Deyir:
– Onnan hasant nə var? Dili qoy daşın üsdünə, bı bizi mən vırım dila, onnan da örgənəssən.
Canavar dilini çıxardır qoyur böyük bir sal daşın üsdünə. Bı da mismarı, bizi vırır. Bunun dili qalır bizdə, bı qaçır. Tülkü gənə də bını alladır. Dili də qopur, quyruğu da qopur. Gəlir deyir ki, kopolunun tülküsü, maa cəvaran hörməsən bu səfər səni öldürəcəm. Gəlir görür ki, tülkü səbət toxuyur. Deyir:
– A kopolunun tülküsü, sən mənim başıma bu oyunu aşdın?
Deyir:
– Sən düz eləməmisən. Mən saa qaydasını dedim.
Deyir:
– Onda cəhənnəm olsun, səbət toxumaxdan maa da örgət.
Səbəti də o vaxdar hörürdülər adam boyda, içinə tavlanın gərməsini yığırdılar. Deyir:
– Onda gəl gir səbətin içinə. Mən toxuyum qutarım, sən örgən.
Canavarı salır səbətin içinə. Toxuyur, toxuyur, səbətin altını qəyirir. Sora çəvirillər bı biri üsdə, ağzını düzəldir. Beləcə ağzını da bağlıyır, canavarı qoyur səbətin içində. Üsdünnən də mal p…nu yığır, guya bal səbətidi. Alır çiyninə. – Sözə bax ey, tülkü canavarlı çiyninə ala bilər? – Deyir:
– Ay bal alan, ay bal alan.
Tülkü görür ki, bir çoban qoyun otarır.
– Salam-məleyküm.
– Əleyki-salam.
Deyir:
– Bı baldı, mən satıram.
Deyir:
– Neçiyə verərsən?
Deyir ki, üş-dört qoyuna verərəm. Bı da deyir:
– Onda üş-dört qoyun yox, elə iki qoyun verim, bir də bir toğlu verim, bını ver maa.
Deyir:
– Nə deyirəm.
İki toğlu, bir qoyun verir, səbəti alıf aparır. Canavarı da aparıf qoyullar tavlıya. Əv yiyəsinin qardaşı gəlmişmiş bura. Uşağa deyir ki, bala, get ordan bir az bal çıxart gətir, dayın yesin. Qız gedir əlini salır səbətin içinə, görür kü, əlini nəysə cırmaxladı, həm də əli üzdən irax, p..a bılaşıf. Gəlir beyir ki, bəs, nənə, hal-qəziyə belə? Arvad deyir ki, sən başarmırsan. Gedir özü. Özü də görür həqqi belədi. Sora axşam əri gəlir. Deyir ki, belə, sən allanmısan. Kişi gedif açır, canavar da çıxıf gedir. Canavar bu səfər deyir ki, gedif bı səfər tülkünün dərsini gərəh verəm. Gedir tülkünün yanına. Tülkü buna deyir:
– Maa dərs-zad vermə, səni satdım, verdim bıdaha, iki qoyun, bir toğlu aldım. Bulları bəsdəmişəm, kəsəh, yığah küpələrə, aparax bir yerdə basdırax. Qışda bını bala-bala yeyəh.
Deyir:
– Ta əlaş yoxdu, neyniyəh?
Belə edillər, kəsillər, qavırıllar, yığıllar bir dənə küpəyə, aparıf bir uzax yerdə basdırıllar. Qış müddəti gələndə, bı ikisi bir yerdə qalır, tülkü çıxır:
– Hey, hey.
– Nədi, nə isdiyirsən? Hə, gəlirəm.
Gələndə canavar deyir:
– O nə idi?
Deyir:
– Bacımın qızı yatır, naxoşdu, uşax gətirəjəh. Məni ora çağırıllar.
Deyir:
– Onda get.
Gedir, qəşəh küpənin üsdünü eşir, yeyir gətirir qulpuna. Üsdünü genə basdırır, gəlir əvə. Canavar deyir:
– Noldu?
Deyir:
– Hə dana, bacımın qızı yatdı, qızı oldu, yaxşıdı.
Deyir:
– Adını nə qoydunuz?
Deyir:
– Qoydux Qulpunaz.
On günnən sora qalır, bir də çıxır:
– Hey, hey.
– Nədi?
– Qardaşımın qızı naxoşdu, gedirəm onun yanına.
Hə, gedir, genə küpəni açır, yeyir, gətirir küpənin ortasına, göbəyinə. Gəlir əvə.
– Hə noldu?
– Qardaşımın qızı bir uşax dünyaya gətdi. Adını qoydux Göbəhnaz.
Hə, bir də gedir yekunnaşdırır, hamısını yeyir. Gəlir, bına deer ki, hə, uşax oldu, onun da adını qoydux Qurtunaz. Bılar belə bir müddət bir yerdə yaşıyıllar.
Bir gün bı bij tülkü deyir ki, gedəh o ətin üsdünü açax yeyəh. Gedif açıllar ətin üsdün, görüllər ət nə gəzir, boş küpədi. Canavar bına deyir ki, bı sənin əməlindi. Tülkü də bına deyir ki, bı, sənin əməlindi. O deyir sən yemisən, bı deyir sən yemisən. Beləlihnən bı nağıl da bırda başa çatdı.
42. CANAVAR, QOYUN VƏ AT
Bir canavar ajımış. Bir qoyun gəlif yanına. Qoyuna deyif:
– Hə, yaxşı oldu, mən səni yəəjəm.
Qoyun deyif:
– Hə, bilirəm yəəsən. Qoy bir oyunum var, onu oynuyum sora yenən.
Hə, bir belə gedif, bir belə gedif. Qəfildən qoyun sıçrıyıf qaçıf. Qoyun qaçıf, canavar qovuf. Qoyun gedif çovana iras gəlif. Tay canavar gedə bilmiyif. Qayıdıf gəlif, görüf ki, bir at var yolda. Deyif, elə bu atı yəərəm. At deyif, bilirəm yəərsən, dal əyağımda şakalad var, qavaxcan get onu yenən, onnan sora gəl məni yenən. Axı atın da əyağına nal vırıllar. Elə addıyanda canavar onun ağzının üsdünnən təpiynən vurur. Canavarın ağzı para-para olur. İndi canavar yıxılıf yerə, deyir ki:
Getdin gördün qoyun,
Ye qalsın quru boyun,
Neynirsən oyun-moyun.
Getdin gördün at,
Ye, yanında yat.
Neynirsən şakalat-makalat?
Bu da belə gedir.
Dostları ilə paylaş: |