Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu dəDƏ qorqud dada gorgud



Yüklə 1,81 Mb.
səhifə11/188
tarix04.01.2022
ölçüsü1,81 Mb.
#56684
növüXülasə
1   ...   7   8   9   10   11   12   13   14   ...   188
İşin məqsədi: Tədqiqatın aparılmasında əsas məqsəd Ulu Öndər Heydər Əliyevin “Kitabi-Dədə Qorqud” haqqındakı baxışlarını nəzəri-konseptual baxımdan təhlil etməkdir.
Ulu Öndər Heydər Əliyev üçün “Kitabi-Dədə Qorqud” sadəcə Azərbaycan-Oğuz xalqının qədim eposu, ulu abidəsi deyildi. O, bu məsələyə xalqın özünüdərk problemi kimi baxır və abidəyə məhz bu nöqteyi-nəzərdən əhəmiyyət verirdi. Ona görə də xüsusi olaraq vurğulayırdı ki, “Kitabi-Dədə Qorqud” Azərbaycan ictimaiy­yəti, kütlə, xalq üçün tanınmalıdır (1; 2, 4; 5; 6).

Ulu Öndərin “Kitabi-Dədə Qorqud” haqqında baxışlar sisteminin öyrənilməsi baxımından onun abidənin məhz “tanınması” haqqındakı vurğusu bir nəzəri-fəlsəfi konsept kimi diqqəti cəlb edir.

Əvvəla, bu məsələ ilk növbədə “Kitabi-Dədə Qorqud” abidəsinin geniş xalq kütlələri içərisində təbliğini nəzərdə tutur. Yəni Ulu Öndərə görə, abidə geniş şəkildə təbliğ olunmalı, hər kəs bu abidəni tanımalı, öyrənməli və bilməlidir.

Ancaq bu fikrin altında Heydər Əliyevin bir müdrik dövlət xadimi, mütəfəkkir şəxsiyyət kimi daha dərin fikirləri durur. Bu fikirlər onun yalnız ədəbi düşüncə və baxışları deyil, eyni zamanda bir dövlət başçısı kimi dövlət və dövlətçilik ideologiyası haqqındakı görüşləridir.

Ulu Öndər Heydər Əliyev müdrik filosof kimi “Kitabi-Dədə Qorqud” abidəsi­nin Azərbaycan dövlətçilik fəsləfəsindəki yerini hamıdan fərqli dərk edirdi. O, haqlı olaraq, bu abidəni ilk növbədə xalqımızın dövlətçilik mədəniyyətinin fəlsəfəsi kimi görürdü. Həqiqətən də, “Kitabi-Dədə Qorqud” özünün bütün bədii məzmunu ilə döv­lət­çilik fəlsəfəsinə xidmət edir. Burada bütün obrazlar, bütün süjetlər oğuz dövlət­çiliyinin fəlsəfəsini bədii dillə tərənnüm edir. Tədqiqatçı alim Aynur Fərəcova yazır ki, tarixin hər bir dövründə cəmiyyətin öz qəhrəmanları olur və onların münasibətləri dastan yaradıcılığında da əks olunur. “Kitabi-Dədə Qorqud” oğuzların epik abidəsi­dir. Bu dastandakı bütün qəhrəmanlar və onları birləşdirən, ümumiləşdirən tipoloji model oğuz cəmiyyətinin qəhrəman haqqında düşüncə və təsəvvürlərini əks etdirir. Oğuzlar bir türk xalqı kimi çox qədim tarixə malikdirlər. Oğuz cəmiyyətində çoxlu qəhrəmanlar olmuş, onlar xalqın, elin, yurdun və Oğuz dövlətinin yolunda möhtəşəm qəhrəmanlıqlar göstərmiş, Oğuz elini məhv olmağa qoymamışlar. Oğuzlar göstər­dikləri igidliklər sayəsində nəinki özlərini qorumuş, eyni zamanda tarix səhnəsində böyük dövlətlər qurmuşlar. Oğuz cəmiyyəti daim öz qəhrəmanlarını sevmiş, onların haqqında şeirlər, mahnılar, dastanlar qoşmuşlar. “Kitabi-Dədə Qorqud” da bir qəhrə­man­lıq dastanı kimi belə qəhrəmanlıq nəğmə və əhvalatlarından yoğrularaq möhtə­şəm dastan, milli tarix halına gəlmişdir (3, 10-11).

Məsələlərə dövlətçilik müstəvisindən aydınlıq gətirən professor Cəlal Qasımov isə belə yazır: “Heydər Əliyevin dastandakı müqəddiməyə və onun ilk cümləsinin hikmətinə diqqət yönəltməsi təsadüfi deyildi. Baxmayaraq ki, eposda dövlət-döv­lətçiliyi təmsil edən Bayındır xan, Salur Qazan kimi obrazlar var, ancaq Heydər Əli­yev üçün ilkin olan Dədə Qorqud obrazıdır. Çünki onun düşüncəsinə görə, döv­lət­çilik düşüncəsi olmasa, dövlət mövcud ola, yaşaya bilməz. Hər bir dövlətin yaşa­ması, varlığını sürdürməsi üçün öz dövlətçilik fəlsəfəsini yaratmalıdır. Məhz buna görə ulu öndərin diqqətini ilk növbədə müqəddimə və onun ilk cümləsi və onun müd­rik qəh­rəmanı Dədə Qorqud cəlb etmişdir.

Müqəddimə – başlanğıc, bünövrədir. Hər bir binanın möhkəmliyi onun bünöv­rəsindən, «bazis»indən asılı olur. Fikrimizcə, dövlət bir binadırsa, dövlətçilik də onun bünövrəsidir. Bu halda müqəddimədə Heydər Əliyevin diqqətini çəkən əsas məqamlar nədən ibarət idi?

Müqəddimə bu cümlə ilə başlanır: «Rəsul əleyhissəlam zəmanına yaqın Bayat boyından Qorqut ata diyərlər bir ər qopdı. Oğuzın ol kişi təmam bilicisiydi, – nə di­yərsə, olurdı. Ğaibdən dürlü xəbər söylərdi. Həqq təala anın könlinə ilham edər­di...».

C.Qasımov fikirlərini davam etdirərək göstərir ki, Heydər Əliyevin dediyi bu cümlə Oğuz tarixinin, bu tarixin varislərindən biri kimi Azərbaycan tarixinin bütün müqəddəs milli dəyərlərini özündə ifadə edir. Burada «Rəsul əleyhissəlam zəmanı» ifadəsində birbaşa Məhəmməd peyğəmbər (s.) nəzərdə tutulur. Bu mənada Oğuz eposunu, onun müdrik yaradıcısı Qorqud atanı islam dininin peyğəmbəri Məhəmməd salavatullahın zamanına bağlayan «hökm» islamiyyətə müqəddəs dəyər verən, dinin cəmiyyətdəki rolunu bütün incəliklərinə qədər bilən, dinə qayğısını öz davra­nış­larında nümunəyə çevirən Heydər Əliyevin diqqətini cəlb etməyə bilməzdi.

Digər tərəfdən, Qorqudun mənsub olduğu Bayat boyu ixtisası etibarı ilə tarixçi olan Heydər Əliyevə Oğuz tarixi ilə bağlı çox şey deyirdi. Bu boydan görkəmli şəxsiyyətlər, istedadlı adamlar, o cümlədən Məhəmməd Füzuli kimi fenomenal şair çıxmışdı.

Bu baxımdan müqəddimənin ilk cümləsində, əslində, oğuz elinin dövlətçilik fəlsəfəsi, bu fəlsəfənin strukturu və mahiyyəti öz təcəssümünü tapmışdı və dövlət­çilik fəlsəfəsinin müasir dövrümüzdə canlı təcəssümü olan Heydər Əliyev də məhz bu səbəbdən diqqəti ilk növbədə müqəddiməyə yönəltmişdi” (9. 84-85).

Göründüyü kimi, “Kitabi-Dədə Qorqud” hər səhifəsi, hər cümləsi, hər kəlməsi ilə oğuz dövlətçiliyini tərənnüm edir. Bu cəhətdən folklorşünaslar, filoloqlar üçün bu abidə özünün bədii poetikası baxımından daha çox əhəmiyyət kəsb edirsə, Ulu Öndər Heydər Əliyev üçün “Kitabi-Dədə Qorqud”un əhəmiyyəti onun ilk növbədə oğuz milli kimliyi və oğuz dövlətçiliyinin fəlsəfəsini əks etdirmək baxımından əhəmiyyətli idi. Bunu Heydər Əliyevin aşağıdakı fikrindən də aydın şəkildə görmək olur: “Bizim zəngin tarixi­miz, qədim mə­dəniyyətimiz və milli mənəvi dəyərlərimiz “Kitabi-Dədə Qorqud” epo­sunda öz əksini tapmışdır. Bu epos bizim ümumi sərvətimizdir və hər bir azərbay­canlı onunla haqlı olaraq fəxr edə bilər. Dastanın məzmununu, mənasını, onun hər bir kəlməsini hər bir azərbaycanlı məktəbdən başlayaraq bilməlidir. Bu, bizim ana kitabımızdır və gənclik bu kitabı nə qədər dərindən bilsə, millətini, xalqını, vətənini, müstəqil Azərbaycanı bir o qədər də çox sevəcəkdir” (2, 8).

Ulu Öndərin bu fikrini geniş şəkildə təhlil etmiş folklorşünas Yeganə İsmayılo­va yazır: “Əslində, “Kitabi-Dədə Qorqud” abidəsinin müasir Azərbaycan ədəbiyya­tına təsiri probleminin tədqiqinə həsr olunmuş bu tədqiqatın bütün aktuallığı Heydər Əli­yevin ölməz və müdrik kəlamında hərtərəfli və aydın şəkildə ifadə olunmuşdur. “Ana ki­tabımızın” hər bir azərbaycanlı, o cümlədən elm adamları tərəfindən də­rindən öy­rənilməsi elmin və elm adamlarının milli vətəndaşlıq borcudur. Bu cə­hətdən “Kitabi-Dədə Qorqud” dastanlarının müasir Azərbaycan ədəbiyyatına təsiri problemi Azər­baycan ədəbiyyatşünaslığının son dərəcə zəruri və aktual elmi problemlərin­dəndir. Belə ki, müasir Azərbaycan ədəbiyyatı “Kitabi-Dədə Qor­qud”la sıx və qırıl­maz tel­lərlə bağlıdır. XIX əsrdən elm aləminə bəlli olub, Azər­baycan elmi və ədəbi düşüncə dövriyyəsinə XX əsrin birinci yarısında daxil olmuş “Kitabi-Dədə Qorqud” abidəsi elə həmin zamandan milli ədəbiyyat, mədə­niyyət və incəsənətimizə güclü şə­kildə tə­sir etməyə başlamışdır. Həmin təsir fasiləsiz ol­muş, onilliklər keç­dikcə abidə­nin ədə­biyyatımıza təsiri getdikcə güclən­miş, “Ki­tabi-Dədə Qor­qud”un obrazlar aləmi, ideya və mövzuları ilə bağlı çox­saylı nəsr, nəzm və dram əsərləri ya­zılmış və bu proses indi də davam etməkdədir. “Kitabi-Dədə Qorqud” Azərbaycan ta­ri­xinin bü­tün kəşməkəş­lərini özündə inikas edərək onun ayrılmaz, qopmaz parçası olmuş və bizimlə birgə milli müstəqilliyə qo­vuş­­muş­dur. Abidə XX əsr sovet tota­li­ta­riz­­minin, sta­­linizmin bütün amansız zər­bələrinə sinə gərərək milli varlığımızı dağıl­mağa qoy­mamışdır. Özündə Azərbay­can-oğuz xalqının birliyi və vəhdəti ideyalarını daşı­yan “Kitabi-Dədə Qorqud” XX əsr tarixinin ən dəhşətli çağlarında ziyalılarımızı sın­mağa qoy­mamış, abidədə daşı­nan milli birlik, vəhdət və bütövlük ideyaları ədə­biy­yat və incə­sənətimizə nüfuz edərək kütlələr arasında yayılmış və xalqın mənəviy­ya­tını dağılıb məhv olmaqdan qorumuşdur. “Kitabi-Dədə Qorqud” müasir ədəbi dü­şün­­cəni daim milli ideyalarla zənginləşdirmiş və ədəbiy­yatda yaşayan bu ideyalar xalqımızı müstə­qillik uğrunda mübarizəyə qaldıraraq müstəqilliyə qovuşdurmuşdur. Bu cəhət­dən müasir Azər­bay­can ədəbiyyatı öz ideya-məzmun və ədəbi-estetik əsas­ları ilə qırılmaz şəkildə “Kitabi-Dədə Qorqud” abidəsinə bağlı olduğu kimi, bu ədəbiy­­yatın tədqiqi də bütün istiqamətlərdə “ana kitabımıza” bağlanır (7, 31).

İndi isə Ulu Öndərin abidə haqqındakı bu fikrinin nəzəri-konseptual dərinlik­lə­rinə nüfuz etməyə çalışaq.




Yüklə 1,81 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   188




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin