Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu dəRBƏnd folklor öRNƏKLƏRİ



Yüklə 13,01 Mb.
səhifə29/71
tarix10.01.2022
ölçüsü13,01 Mb.
#106716
1   ...   25   26   27   28   29   30   31   32   ...   71
Ağılla bəxt (44)
Günlərin bir günü ağılla bəxt yola çıxır. Söhbət eliyə-eliyə gəlif iki yol ayrıcına çatırlar. Ağıl deyir:

– Mən sənsiz də keçinərəm. Onsuz da hamı elə dolanır.

Bəxt deyir:

– Yox, bir adamın ki bəxti olmadı, o tək heç nə eliyə bilməz.

Ağıl deyir:

‒ Yaxşı, indi ki belə oldu, gəl onda bu yolla birimiz gedək, ikinci yolla o birimiz. Görək hansımız insanlara lazımıx. Onda kimin üstün olduğunu da bilərik.

Bəli, bunlar hərəsi bir yolla getməyə başlayırlar.

İndi bunlar burada qalsın, sizə kimdən deyim, bir kasıf oğlan­dan. Bu oğlanın adı Qərib idi. Qərib bütün günü yer şum­layar, ancax yenə də bir şey qazana bilməzdi. Bir gün belə, iki gün belə, axırda oğlan görür ki, yox, belə getsə, daha dolana bil­mə­yəjəy. Öz-özünə deyir ki, gedim elə padşahın yanında bir işə düzəlim, həm asan iş olsun, həm də bir az pul qazana bilim. Bə­li, Qərib gəlib çatır saraya. Nə üçün gəldiyini xəbər verir. Onu sarayda odun yaran qoyurlar. Qərib hər gün odun yarıf, haqqını da artıqlaması ilə alır. Günləri, dolanışığı da getdikcə yaxşılaş­mağa başlayır. Bir gün padşahın qızı xəstələnir. Camaat arasında car çəkilir, bəs kim padşahın qızını sağaltsa, padşah qızını da ona verəjəy, üstəlik taxt-tacı da həmin adamındı. Hansı həkim qızın üstünə gəlir, qızı sağalda bilmir, o saat da dar ağacınnan asılır. Qərib öz-özünə deyir, ya bəxt, qoy mən də gedim. Elə, bəlkə, mənə yar oldu, qız öz-özünə sağaldı.

Bəli, padşahın hüzuruna gəlir. Qəribi buraxırlar, qızın ya­taq otağına. Qərib görür ki, qız bir qızdı ki, adam elə deyir bütün günü yemə, içmə, bu qıza tamaşa elə. Onlar oturur qızın taxtının kənarında. Qızın da xəstəliyi o imiş ki, nə danışırdı, nə yeyirdi. Oğlan başlayır danışmağa: “Ay qız, gəl mən sənə nağıl söylü­yüm, sən də qulax as”. Qız başı ilə razılıq işarəsi verir.

Oğlan deyir: “Biri var idi, biri yox idi, bir ölkə var idi, bu ölkənin də bir padşahı var idi. O yatanda gərək bir keşikçi otura idi onun yanında, ta ki səhərə kimi. Bəli, bu padşah üçün gündə biri keşik çəkirdi. Bir keşikçi bir dəfə darıxır. O bir adam düzəldir, özü də dülgəriymiş. Vaxt tamam olanda həmin ağac­dan düzəlmə adamı qoyur özü gedir. Səhərisi o biri keşikçi gəlir. Görür ki, burada bir ağacdan adam şəkli var. O da əvvəllər dər­zi imiş. Götürür həmin adama paltar tikir. Bəli, bunun da vaxtı tamam olur. Adamı burda qoyuf gedir. Üçüncü günü başqa bir keşikçi gəlir, o da görür ki, burada bir ağacdan düzəlmiş adam var. Bu da molla olubmuş. Götürür bir ovsun oxuyur. Həmin ağac böyüyüf, qəşəng və canlı bir qız olur. Səhər açılır, əvvəlki iki keşikçi də gəlir, görür ki, işləri nə cür oluf. Görürlər ki, bəli həmin ağac adam dönüf canlı insan oluf. Özü də qəşəng bir qız. Molla da qızı götürüf aparır evinə. Əvvəlki keşikçilər mollanın qavağını kəsif deyirlər ki, nə yaxşıca qızı götürüf gedirsən, bəs bizim də burda əməyimiz oluf. Başlıyırlar mübahisəyə, biri deyir, qız mənimdi, o biri deyir, yox, mənimdi”.

Oğlan nağılını qurtarıf, padşah qızınnan soruşur:

– Ay qız, qız kimə düşür?

Padşah qızı deyir:

– Mollaya.

Qərib soruşur:

– Niyə?

Qız deyir:

– O qıza nəfəs verməsəydi, qız canlı insan olmazdı.

Oğlan deyir:

– Yaxşı, o qız mollaya düşür, bəs sən kimə düşürsən?

Qız deyir:

– Sənə.

Bəli, padşaha xəvər gedif çatır ki, qızın danışır.

Padşah oğlanı çağırıf, çoxlu xələt verəndən sonra yola sa­lır. Qərib qızı istəmir. Öz-özünə deyir ki, padşah söz verif, de­mə­li, sözünə əməl edəjəy. Belə-belə beş gün keçir, on beş gün keçir, bir ay keçir. Qərib görür ki, yox, padşahdan bir səs-səmir çıxmır. Elə bil, həmin söz verən padşah deyil. Ona görə də Qə­rib deyir, bəlkə, padşahın yadınnan çıxıf, gedim yadına salım. Qərib gəlir padşahın yanına. Padşah o saat Qəribin nə üçün gəldiyini başa düşür. Deyir:

– Qərib, bilirəm nə üçün gəlmisən, ancax mənim qızım sə­nə yaraşmaz, pulunu artıraram, nejə istəyirsən elə də yaşayar­san.

Qərib sözünnən dönmür. Padşah qəzəblənir:

– Deməli, sən mənim sözümnən çıxırsan. Cəllad!

O saat cəllad hazır olur.

‒ Tez bunu dar ağacınnan as!

Bəli, o saat təbillər vurulur, dar ağacı hazır olur.

Qəribi gətirirlər dar ağacı meydanına. Padşah qırmızı geyi­nib, çıxır taxtına. Camaatın da hamısı yığılıb, Qəribin necə asıla­ca­ğını gözləyir. Cəllad hazır oluf, padşahın əlini yuxarı qaldır­ma­sını gözləyir. Birdən nəsə fikirləşif, öz-özünə deyir, mən qocalmışam, mənim qızımı bunnan yaxşı oğlan almaz. Qoy elə qızımı verim Qəribə, taxt-tacıma da onu oturdum. Bunu fikir­ləşən kimi cəllada deyir:

– Əl saxla!

Bu vaxt ağıl dayanıbmış həmən yerdə, bir də görür ki, budu, bəxt qan-tər içində çatıb soruşur:

– Nə olub? Niyə bura bu qədər adam yığılıf?

Ağıl bütün əhvalatı əvvəldən axıra qədər danışır və deyir:

– Oğlan ağlına görə padşahın yanına getdi. Ancax axırı bu dar ağacı oldu. Bilmirəm, padşah nə fikirləşifsə fikrinnən daşındı. Hələ bir qərara gələ bilmir.

Bəxt dedi:

– Özümü yaxşı çatdırmışam.

Doğrudan da, oğlanı dar ağacınnan düşürürlər. Padşah qı­zı­nı oğlana verir, üstəlik taxt-tacını da ona tapşırır. Qırx gün, qırx gejə toy elədikdən sonra öz muradlarına çatırlar.

Bu vaxt ağıl deyir:

– Doğurdan da, biz gərək heç vaxt ayrılmayax. Hər ikimiz insanlara lazımıx.

O günnən ağılla bəxt bir-birinnən heç vaxt ayrılmadılar.


Yüklə 13,01 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin