27. SAQQIZSATAN, QIRSATAN,
BİR DƏ RƏHMƏTLİK SƏNİN ATAN
Bir gün bir uşax ordan-burdan eşidir ki, onun anası çox ərə gedip. Dözəmmiyip anasınnan soruşur:
– Ana, deyillər sən çox ərə getmisən, düzdü?
Anası deyir:
– Yox, ay bala, elə də sən deyən kimi çox ərdə olmamışam. Nədi ki:
Əli, Vəli, Pirvəli,
On ikisi onnan irəli.
Saqqızsatan, qırsatan,
Bir də irəhmətdik sənin atan...
28. NƏ BAŞ YARMISAN, NƏ BAŞIN YARILIB
Kişilər divar dibinə yığılıp söhpət edirmişlər. Bir nəfər də öz sahəsinə su açırmış. Kişilərdən biri deyir:
– Ayə, ay başınıza dönüm, mən bu adama lap məəttəl qalmışam. Bu kişinin bir adamla işi yoxdu. Bu yaşa çatıb nə biriylə dalaşıp, nə söyüp, nə söyülüp, nə döyüb, nə döyülüp. Heş belə bir dəfə başı yarılmıyıb da. Hələ baş yarmağı qalsın bir yana.
Divar dibində oturan kişilər də onun sözünü təsdiqlədilər. Kişi genə sözə başladı:
– Mən bu işi belə qoymaram. Elə bu dəyqə gedip onu cırnadacam.
Bir başqası deyir:
– Yox, cırnada bilməzsən.
Kişi hirsdənir:
– Heş elə şey yoxdu. Mərc gələk, mən bu sahat gedip onu elə cırnadaram ki, əsəbinnən dalaşar, hələ o yana da keçər.
Kişilər razılaşır. İşin nətər kutaracağını gözdüyüllər. Mərc gələn kişi sözünü kurtarar-kurtarmaz bir bel götürüp öz sahəsini suluyan kişinin yanınnan keçip lap dəhnənin dibinə gedir. Çır-çınqılla, daş kəsəklə suyu xırb kəsib o yana ötürür, guya öz məhləsini suluyacax. Bunu görən kişi sakitcə onun suyunu kəsənin yanına gəlip:
– Salam-məleyküm, yorulmuyasan, sahənin bəhrəsini görəsən! Görürəm çox tələsirsən. Eybi yox, sən sula kutar, sora suyu biz tərəfə ötürərsən, – deyip gedir. Mərci uduzan kişiyə bu sözdər yaman toxunur. Öz hərəkətinə pərt olur, onu geri çağırır və deyir:
– Ay qardaş, sən Allah, bağışla, mənə su gərək döyüldü. Səni yoxluyurdum. Sən belə imişsən. Ona görə də nə baş yarmısan, nə başın yarılıp.
Dostları ilə paylaş: |