Beləliklə, «Oğuznamə» semantemi «Oğuz xan» dünya modelinin söz paradiqması, başqa sözlə, epik-nominativ dünya modelidir. Oğuz dünyasının söz modeli olan «Oğuznamə» semantemi ilə mifoloji «Oğuz xan» dünya modeli arasında təkcə paradiqma-invariant münasibətləri yoxdur. «Oğuz xan» modeli ilə «Oğuznamə» modeli arasında mifoloji şüurdan tarixi şüura keçidi nəzərdə tutan böyük bir zaman var. Bu halda «Oğuznamə» semantemi «Oğuz xan» mifoloji dünya modelinin tarixi şüur çağındakı epik paradiqmasıdır. Bu paradiqmanın struktur nüvəsində «Oğuz xan» semiotik modeli dayanır. «Oğuznamə» semantemi öz arxetipik strukturunda duran dünya modeli funksiyasına uyğun olaraq tarixi şüur çağındakı (mifdənsonrakı çağ) «Oğuz» dünyasının poetik söz kodu ilə ifadə olunmuş obrazını, istisnasız olaraq, bütövlükdə modelləşdirir. Başqa sözlə, «Oğuz» adı ilə adlanan sözlü mədəniyyət bütöv şəkildə «Oğuznamə» semantemində işarələnir. Oğuz epik mədəniyyətindəki atalar sözləri, dastanlar, hər cür paremioloji vahidlər, epik şəcərələr, mənqəbələr və sairənin hamısı bir kateqorial vahiddə – «Oğuznamə»də söz modelinə («Söz Oğuz»a – «Oğuz Söz»ünə) çevrilir. Bu mənada, «Oğuznamə» semantemi Oğuz etnokosmik varlığını (dünyasını) sözdə modelləşdirən obrazdır.
«Oğuznamə»nin türk etnokosmik dünya modelinin fövqəlharmoniya vasitəsi olması, başqa sözlə, «oğuznaməçilik» ənənəsinin türk etnokosmik şüurunun fövqəlmaddiləşmə kodlarından biri olması «oğuznamə» vahidinə sistemin içindən baxdıqda birbaşa təsdiq olunur. Sistemə çöldən (tədqiqatçı məntiqindən) baxışla içəridən (mətnin öz məntiqindən) baxış fərqli mənzərələr verir. Bu mənada «oğuznamə» semanteminin türk (oğuz) milli şüurunun fövqəlstruktur universumunu təşkil etməsi Əbülqazi «Oğuznamə»si ilə birbaşa təsdiq olunur.
Dostları ilə paylaş: |