Bu, əlbəttə, (Əbülqazi Bahadır xanın intellekti səviyyəsində təqdim olunan) XVII əsr tarixi düşüncə koduna (sistemiçinə) bütün hallarda (A.N.Kononovun intellekti səviyyəsində təqdim olunan) XX əsr tarixi düşüncə kodundan (sistemçölündən) baxışdır. Bu mənada, sistemə «çöldən - qıraqdan» baxışı təqdim edir. Ona «içəridən» - Əbülqazinin öz çağından baxış tarixi düşüncənin diaxron səviyyələri (Əbülqazi və Kononov səviyyələri) arasındakı dialektik inkişaf mənzərəsini ortaya qoyur: A.N.Kononov üçün bütün dəyəri ilə «epik-mifoloji» informasiya olan mətn vahidi Əbülqazi Bahadır xan üçün bütün dəyəri ilə müqəddəs və gerçək tarixdir.
§ 2. XVII əsr tarixi düşüncə koduna içəridən – öz çağından baxış
Əbülqazi «Şəcəreyi-tərakimə»də bir neçə yerdə yazdığı əsərə «nəzəri-metodoloji» münasibət bildirmişdir. Fərqli «modallıq» aspektlərini özündə birləşdirən bü münasibət T a r i x - M i f münasibətlərinin tarixi düşüncə kodu səviyyəsində gerçəkləşmə modelinin öyrənilməsi baxımından əlamətdardır.
Müəllif əsərin yazılma səbəbinə münasibətdə bildirir: «Bundan çox illər keçəndən sonra bu türkmənlərin mollaları, şeyxləri və bəyləri eşitdilər ki, mən tarixi yaxşı bilirəm; budur bir dəfə onların hamısı [mənim yanıma] gəldilər və dedilər: «Bizim [xalqda] Oğuz [Oğuznamə] haqqında söyləmələrin çoxlu [müxtəlif nüsxələri] vardır, ancaq [heç bir] yaxşısı yoxdur; onların hamısı səhvlərlə [doludur] və bir-biri ilə uyğun gəlmir; onların hər biri müəyyən nöqteyi-nəzərlidir». Və onlar: «Əgər bir dənə düzgün, etibar ediləsi tarix olsaydı, yaxşı olardı», - deyə xahiş etdikləri vaxt mən onların xahişlərinə sayğı göstərdim. Bax bu səbəblərə görə»73.
Əbülqazinin əsərin yazılma səbəbi ilə bağlı qeydi «Mif-Tarix» münasibətlərinin etnokosmik strukturunun müxtəlif səviyyələrini özündə inikas edir. Odur ki, informasiyanı struktur qatları səviyyəsində təhlil (bərpa) etməyə çalışaq. Onun verdiyi məlumatdan bəlli olur ki:
1. «Şəcəreyi-tərakimə»nin yazıldığı dövrdə «Oğuznamə» eposu müxtəlif variantlar səviyyəsində mövcud imiş.
2. Variantlarla bağlı işlədilmiş:
a) «[heç bir] yaxşısı yoxdur»;
b) «onların hamısı səhvlərlə [doludur]»;
c) «bir-biri ilə uyğun gəlmir»;
ç) «onların hər biri müəyyən nöqteyi-nəzərlidir»;
e) «...düzgün, etibar ediləsi tarix olsaydı...»
- ifadələrinin hər biri XVII yüzillik oğuz türkünün (konkret olaraq - türkmənin) etnokosmik yaddaşında oğuz ritual-mifoloji dünya modeli ilə bağlı mövcud olmuş struktur vahidlərini (qatlarını) aydınlaşdırmağa imkan verir. Bu baxımdan:
a) Oğuz-türkmənlərin Oğuz xan haqqındakı çoxlu oğuznamələrin heç birini «yaxşı» saymaması birbaşa invariant-paradiqma münasibətlərinə söykənir: Oğuz-türkmənlərə görə, mövcud oğuznamələr (paradiqmalar) Oğuz xanla bağlı «tarixi həqiqəti» (invariantı - müqəddəs informasiyanı) yaxşı əks etdirən mətnlər deyildir.
b) Oğuz-türkmənlərə görə, mövcud oğuznamələr Oğuz xanla bağlı «həqiqəti» özündə əks etdirmək baxımından səhvlərlə doludur. Başqa sözlə, bu mətnlərdə «Oğuz xan» informasiyası təhriflərə məruz qalmışdır. Bu, mifoloji xassəli müqəddəs informasiyanın XVII yüzillik oğuz-türk şüurunun strukturunda funksional olmasının göstəricisidir. Oğuz-türkmən etnik düşüncəsi göstərilən cağda sakral-mifoloji şəcərəyə bağlıdır və öz etnokosmik davranış modelində Oğuz xan funksional modelindən çıxış edir. Onlara görə, etnik funksionallığın indiki səviyyəsi sakral davranış modelini özündə əks etdirmir və bunun səbəbi sakral informasiyanı daşıyan mövcud mətnlərin artıq yararsız olmağında, başqa sözlə, səhvlərlə dolu olmasındadır. Beləliklə, oğuz-türkmənın düşüncə strukturunu modelləşdirsək, «Şəcəreyi-tərakimə»nin yazılmasını aktuallaşdıran səbəbin özü belə, əslində, ritual-mifoloji xarakterlidir: etnokosmik funksionallıq səviyyəsində «konflikt» meydana çıxmışdır. Bu «konflikt» strukturunu aşağıdakı elementlər təşkil edir:
Dostları ilə paylaş: |