«Türk mifi» anlayışını üç mənada işlətmək mümkündür:
1. Mifoloji şəcərədə Yafəsin oğlu Türk haqqındakı sintaqmatik mif-mətn;
2. Türk mifoloji düşüncə universumu (mif vahidi) anlamında olan paradiqmatik türk mifi (dünya modeli);
3. Türk etnokosmik anlayışını təşkil edən bütün türk xalqlarının miflərini (sintaqmatik, yaxud paradiqmatik səviyyədə olmasından asılı olmayaraq) vahid modeldə birləşdirən ümumi mif tipi (həm sintaqmatik, həm də paradiqmatik mənada).
Bu üç məna qatının biri-birindən ayrılmaz olması (birinin varlığının digərləri ilə şərtlənməsi) «oğuz mifi»ni «türk mifi»nin hər üç anlamı ilə əlaqələndirsə də, bizim üçün mühüm olan «oğuz mifi» anlayışının ümumi türk mif tipindəki yeridir. Burada iki əsas sual var:
1. Bu iki mif modelindən hansı arxetip, hansı törəmədir?
2. Hər iki mif modeli daha ümumi invariantı, başqa sözlə, metamodeli əks etdirirmi?
Burada kateqorial-epistemoloji əyarlandırma ona görə vacibdir ki, «türk» adı sinxron aspektdə həm bütün türk adlandırılan xalqlarının etnokosmik universumu, həm də diaxron aspektdə oğuzlara sonradan verilmiş addır. Biz burada türk etnoonomastik tarixinin dialektik məntiqini (təbii-ilahi bakirəliyini) qoruyaraq daşlaşmış ənənədə nominativ yeniliklərin edilməsini (əslində, ziddiyyətlərin yaradılmasını) artıq hesab edirik. Bu mənada, «türk mif metamodeli» anlayışının daxil edilməsi «oğuz mifi» və «türk mifi» anlayışlarını bir təhlil müstəvisinə gətirmək üçün kontekst verir. Bu halda bir daha təsdiq edirik ki, oğuz mifi düşüncə hadisəsi olaraq türk mif metamodelinin paradiqmasıdır. Türk mif metamodeli bütün türk xalqlarının mifoloji mətnlərində mövcud olan dünya modellərini vahid sistemdə birləşdirməklə oğuz mifini də öz içinə alır və bununla da metodoloji dolaşıqlığın aradan qaldırılması, həmçinin bu sahədə perspektiv tədqiqatlar üçün kontekst verir.
Əlbəttə, burada məsələnin mahiyyəti heç də oğuz türklərinin sonradan türk adı ilə tanınması ilə bağlı deyildir. Dil ailəsində etnik ümumilik mərhələsinin adı həmişə törəmələrdən birinə miras qalır. Bizim fikrimizcə, oğuz mifinə münasibətdə məsələ daha fərqlidir. Söhbət oğuz mifinin türk mifinin nüvəsini təşkil etməsi, yaxud oğuz mifologiyasının struktur muxtariyyətinin tarixi-mədəni mahiyyətindən gedir. Bu, aşağıdakı tezislə şərtlənir:
Dostları ilə paylaş: |