§ 2. «Türk mif metamodeli» anlayışı
Burada «türk mif metamodeli» ifadəsi özünə münasibətdə xüsusi yanaşma tələb edir. Bu ifadənin epistemoloji nüvəsini «dünya modeli»nin «meta» təyini, yəni «model»in «metamodel»ləşməsi təşkil edir. «Meta» təyini semiotik tədqiqatlarda, əsasən, «metadil» anlayışında işlənir. Bu cəhətdən «model» anlayışının bizim tərəfimizdən «metamodelləşdirilməsi» onun «metadil» anlayışı ilə müqayisədə öyrənilməsini tələb edir.
Y.M.Lotman mədəniyyətin tipoloji cəhətdən təsvirinin metadili haqqındakı araşdırmasında metadili bu və ya digər mədəniyyətin onda mövcud olan məkani təsəvvürləri baxımından səciyyələndirərək belə hesab etmişdir ki, məkanın mədəniyyət tipi ilə əhəmiyyətli münasibətləri kontekstində başa düşülməsi zamanı «məkan modelləri bir metadil kimi çıxış edir»12.
Burada «məkanın mədəniyyət tipi ilə əhəmiyyətli münasibətləri» dedikdə Lotman verilmiş mədəniyyətin strukturunun – kosmik xronotopunun (məkan-zaman sisteminin) ən əhəmiyyətli layı olan məkan qatı nəzərdə tutmuşdur. Belə ki, mədəniyyətin təşkilolunma materialından asılı olmayaraq, o, bir məkan sistemidir; məkani struktura malikdir və bu mənada həmin mədəniyyət tipinin strukturunu şərtləndirən, müəyyənləşdirən məkan modelləri, mədəniyyət məkanının təşkilolunma sxemləri onun ifadələnməsinin metadili statusundadır. Başqa sözlə desək, hər hansı konkret mədəniyyət tipinin məkanının quruluş modelləri həmin tipi ən ümumi şəkildə təsvir edən metadildir.
A.F.Losev Lotmanın yuxarıdakı fikrini şərh edərək yazır: «Başqa sözlə, verilmiş mədəniyyətin məkani səciyyəsi məkanın ümumiyyətlə mövcudluğunu nəzərdə tutduğu kimi, məhz verilmiş mədəniyyət tipinin məkanını da nəzərdə tutur»13.
Lakin Losev Lotmanın «metadil» anlayışını «mədəniyyətin məkanı» anlayışının ümumi və konkret (verilmiş mədəniyyət tipi) səviyyələrinə bönməsini artıq hesab edərək öncə «metadil»ə belə bir tərif verir: «Az anlaşıqlı olan «metadil» termini verilmiş əşyanın, sadəcə, ən ümumi formada (ən ümumi elementlər səviyyəsində – S.R.) təsvirindən başqa bir şey deyildir»14. Müəllif ardı ilə yazır: «Əgər hər bir kəsə əvvəlcədən məlumdursa ki, məkanın müxtəlif tiplərinin müəyyən edilməsi məkanın nə demək olduğunu bildiyimiz halda mümkündür, onda bu halda «məkanın metadili» anlayışını işlətməyə dəyərmi?»15. Başqa sözlə, Losevə görə, məkanın daha konkret (dar) olan müxtəlif tiplərini müəyyənləşdirmək üçün biz öncə ümumiyyətlə məkan anlayışının nə olduğunu bilməliyik. Və biz bu ən ümumi məkan anlayışını biliriksə, onda konkret mədəniyyət tipinin ən ümumi səciyyəsi olan «metadil» anlayışını işlətməyə ehtiyac yoxdur. Losevin fəlsəfi məntiqincə, bizə tipindən asılı olmayaraq qabaqcadan məlum olan məkan anlayışı elə həmin metadildir və bu halda konkret mədəniyyət tipinin metadili anlayışına ehtiyac qalmır.
Təbii ki, görkəmli filosof ümumiyyətlə məkan (ümumi) və konkret məkan (tək) arasında olan fərqi unuda bilməzdi. O yazır ki, «verilmiş mədəniyyət tipinin «metadili» özünü həmin tipin müxtəlif sahələrində, başqa sözlə, daha az ümumiliyə malik olan «mətnlərində» fərqli şəkillərdə və tamamilə özünəməxsus olaraq təzahür etdirir»16. Başqa sözlə, mədəniyyətin ümumi anlayışı (metadili) xüsusi hallarda (konkret tiplərdə) konkret özünəməxsusluq kəsb edir.
Qeyd edək ki, Losevin Lotmanla mübahisəsinin mahiyyətini «metadil» anlayışının idrakının (dərk edilməsinin) məntiqə uyğun olub-olmaması təşkil edir və həmin mübahisə məhz bu mənasında bizim üçün aktual deyil. Burada əsas olan «metadil» anlayışına verilən izahlarla «metamodel» anlayışının semantikasına yol açmaqdır. «Oğuz mifi» ilə «türk mifi»nin münasibətlərində «metamodel» anlayışı, fikrimizcə, həlledici məntiqi açar rolunu oynayır.
Beləliklə, «metadil» M.Y.Lotmana görə, ümumiyyətlə, mədəniyyət tipinin məkani struktur modelidir. Bu halda o, modeldir: tipin məkan elementləri vasitəsi ilə təsvir olunduğu sistemdir.
A.F.Losevə görə, «metadil» əşyanın ən ümumi formada təsviridir. Bu halda da o, modeldir. Əşyanın ən ümumi təsviri onun struktur modelidir.
Göründüyü kimi, «metadil» bütöv varlığın, yaxud onun hər hansı tərkib ünsürünün modelidir. Bu halda mifoloji dünya modeli elə dünyanın mifoloji şüurda işarələr vasitəsi ilə təsvir olunduğu metadildir. Bu halda sual meydana çıxır: «metadil» «model»dirsə, onda «metamodel» anlayışına ehtiyac qalırmı? Bizcə, qalır.
Belə hesab edirik ki, türk mif «modeli» ilə türk mif «metamodeli» arasında fərqin olması (yaxud bu anlayışların işlədilməsi) «oğuz» mifinin kateqorial-epistemoloji mahiyyətinin bir sistem kimi aydınlaşdırılması baxımından zəruridir.
Dostları ilə paylaş: |