Oğuz mifi etnik epos kontekstində janr və say baxımından zəngin mətn korpusu ilə təmsil olunan oğuz eposunun arxetipidir. Bu, məsələnin son dərəcə mürəkkəb kontekstlərindən biri olmaqla oğuz mifininin (ümumən – mifin) bərpasında mühüm metodoloji-məntiqi məqamı təşkil edir. «Oğuz mifinin semiotik strukturunun öyrənilməsi» probleminin konkret mənada «oğuz mifinin bərpası» demək olduğunu bir daha xatırlasaq, onda oğuz mifinin oğuz eposunun arxetipi olması tezisi birbaşa rekonstruksiyanın obyekti ilə predmeti arasındakı mürəkkəb metodoloji texnologiyanı nəzərdə tutur.
Məsələnin ümumnəzəri aspektinə gəlincə, oğuz mifi bütövlükdə oğuz eposuna transformasiya olunmuşdur. Mif və eposun münasibətləri burada Arxetip-Tip, İnvariant-Paradiqma və s. münasibətlər modeli çərçivəsində gerçəkləşməklə etnik-bəşəri düşüncənin iki mövcud tipini nəzərdə tutur: mifik düşüncə və tarixi düşüncə. Kosmoloji epoxanın başa çatması ilə onun düşüncə tipi parçalanır və tarixi düşüncə tipinə transformasiya olunur. Mif bu halda «desakralizasiya» və «deritualizasiya» keçirir. Birinci onun yeganə gerçək, inanılan, qutsal (müqəddəs) informasiya olmasından, ikinci isə etnokosmik ritual əsaslarından məhrum olması deməkdir. Get-gedə öz müqəddəsliyini və mərasimi əsaslarını itirən mif daha çox bədii-estetik, dini, fəlsəfi əsaslar kəsb etməyə başlamışdır. Ən mühüm və başlıca hadisə gerçəkliyin qavrayış göstəricilərində baş vermişdir: qapalı-təkrarlanan («qeyri-xətti», «qeyri-müəyyən», «qeyri-səlis») zaman və məkan düzxətli zaman və məkana keçmişdir. Kosmoloji düşüncədən tarixi düşüncəyə keçiddə mif yox olmamış və etnik eposa transformasiya olunmuşdur.
Eposun genetik strukturunu mif təşkil edir: mifoloji struktur alt qatda qalaraq eposun struktur böyüməsinin arxetipi rolunu oynayır. Burada o, arxetip rolunu hər iki anlamında oynayır: həm eposun ilkin tipi, həm də onun sinxron strukturunun funksional dinamikasını şərtləndirən arxetipik obraz (mifogenetik struktur örnəyi, inkişafın arxitektonik sxemi, arxisemlər sistemi və s.) olur. Bu baxımdan, oğuz eposunun struktur arxetipində bütövlükdə oğuz mifi dayanır19.
Mifoloji şüurdan tarixi şüura keçid zamanı mif parçalanır və tarixi şüurun, demək olar ki, ictimai formalarının hamısının əsasını təşkil edir. Bu mənada, oğuz mifini «oğuz» adı (universum-işarəsi) altında bilinən bütün mətnlərdən bərpa etmək olar. Lakin belə bir bərpanın ən məhsuldar obyekti oğuz eposudur. Bu, hər şeydən öncə onunla bağlıdır ki, oğuz eposu oğuz mifinin paradiqmalar sistemini təşkil edir. Oğuz mifinin paradiqmatik və sintaqmatik struktur modeli oğuz eposuna transformasiya olunmaqla onu da paradiqmatik (düşüncə) və sintaqmatik (sözlü mətn) səviyyələrdən ibarət sistem kimi təşkil edir.
Dostları ilə paylaş: |