Azərbaycan miLLİ elmlər akademiyasi ­­­­­­­­­­­­­­­folklor institutu­­­­­­­­­­­­­­­­­



Yüklə 2,29 Mb.
səhifə256/269
tarix01.01.2022
ölçüsü2,29 Mb.
#104265
1   ...   252   253   254   255   256   257   258   259   ...   269
    Bu səhifədəki naviqasiya:
  • Haqdan
Həsrətİn sonu vüsal...
Bəşər övladı dünyaya gəlib ömür payını yaşadığı çağ­larda öz yolunu vaxtında tapmağı bacarırsa, İnsanlıq missi­ya­sı­nı şərəflə yerinə yetirmiş olur. Yazıb-yaratmaq eşqinə dü­şən­lər isə sözün sehrini mənəvi qidaları sanıb, Haqdan buta­la­rını alanda əsil möcüzə baş verir. Axı ulu əcdad çox qədim za­manlarda ayaq üstə durub şüura sahib olandan Dünyamızın sir­lərini öyrənməyə can atıb. Ağıl, kamal həmişə kortəbii gü­cü üstələyib. Bu mənada hay-harayla, əl-qol açmaqla, “qılınc oy­natmaqla”, dil pəhləvanlığı ilə deyil, bilik, hikmət və müd­rik­liyin yardımı ilə Tanrının yaratdığı heyrətamiz varlıqların – kainatın, göy cisimlərinin, təbiətin dərkinə doğru dolğun addım­lar atan böyük düşüncə sahiblərimizdən birinin öz nə­­həng­­liyini təsdiqləyən “Azərbaycan dastanlarında şaman-qəh­­rəman arxetipi (“Əsli-Kərəm” və “Dədə Qor­qud”)” mo­noq­rafiyasını oxuyub qürurlanmamaq mümkün deyil.

Ürəyin genişliyinə, böyüklüyünə baxın. Kitabını kədərli not­larla başlayan Seyfəddin Rzasoy içində qovrulsa da, yanıb-yaxılsa da, cavan anasının itkisindən on illər keçəndən sonra ata­sını haqq dünyasına yola salmasında sevgi və gözəllik ax­tarır...

Ata itkisinin nə qədər ağır olduğunu yaxşı bilirəm, beş yaşımdan onsuz qalmışam. Alim dostumun atasına xitabən yazdığı ithafdakı “Ölümün də özün kimi gözəl idi: ölümünü sev­dim” fikrinin arxasında, məncə, bu məna gizlənib: atası hə­yat yoldaşının yoxluğu ilə o vaxta kimi barışa bilib ki, tək­ba­şına onun yadigarlarını evli-eşikli, oğullu-qızlı etsin. Nə­və­lə­rinin toy-düyünündən, sonbeşiyi Seyfəddin müəllimin dok­tor­­luq müdafiəsindən sonra öz missiyasını bitmiş hesab edib, bitib-tükənməyən həsrətdən qurtarmaq üçün haqq dünyasına yol­lanıb ki, ömür-gün yoldaşının vüsalına çatsın... Bəlkə də, hər iki valideyninin yoxluğundakı həsrətdən qaynaqlandığı üçün alimin bu əsəri orijinallığı ilə əvvəlkilərdən seçilir və spe­sifik quruluşu, problemin dərinliyi, düzgün həlli yollarına gö­­rə nəinki başqalarının, özünün də əvvəlki əsərlərindən əsas­lı şəkildə fərqlənir. O, bir övlad olaraq ata-anasının xatirəsinə söz­dən möhtəşəm abidə ucaltmağı bacarmışdır.

Məqsədim monoqrafiyanın elmi təhlilini vermək deyil, ali­min forma və mündəricəsi ilə Azərbaycanda tamamilə fərq­li əsər ərsəyə gətirməsini, standartlıqdan, şablon qəliblərdən yan keçərək filologiya sahəsində yeni cığırlar açmasını, araş­dır­dığı aktual məsələləri bütün detallarınadək incələməsini, epos məkanında indiyədək həllini tapmayan çoxsaylı prob­lem­lərin şərhini özünəməxsus üsullarla aparmağı bacarmasını diqqətə çatdırmaqdır.

Əsər epos düşüncəsinin elə çalarlarına güzgü tutur ki, “Əsli-Kərəm” və “Kitabi-Dədə Qorqud” dastanlarındakı şəbə­kə­lərin rəngarəngliyi bütün əlvanlığı ilə üzə çıxır.

Müəllif eposa iki aspektdən yanaşır: milli düşüncə sis­te­mi­nin energetik strukturunun ümumbəşəri problemi kimi; et­no­­sun yaşamasının bütün genetik struktur sxemlərini özündə qoruyan bədii düşüncə sistemi və etnosu düşüncə enerjisi ilə təmin edən milli energetik sistem kimi.

İlk baxışda adama elə gəlir ki, bir-biri ilə müqayisədə əks qütblərdə dayandığı zənn edilən məhəbbət dastanı (“Əsli-Kə­rəm”) ilə alplıq, ərənliyə həsr olunan “Kitabi-Dədə Qor­qud”un (“Salur Qazanın evinin yağmalanması” boyu) tipoloji mü­qayisəsi mümkün deyil. S.Rzasoyun böyüklüyü ondadır ki, za­hiri əlamətlərdə oxşarlığı, yaxınlığı o qədər də nəzərə çarp­ma­yan epik bədii mətnlərin alt qatlardakı kosmoloji struktur modellərinin müqayisəsini bütün dolğunluğu ilə, deyərdim ki, xırdalıqlarına kimi verməyi bacarmasıdır.

S.Rzasoy tədqiqatında “Əsli-Kərəm”in Azərbaycan-türk epik təfəkkürünün ən qədim və mürəkkəb əsərlərindən biri ol­du­ğunu, onun mayasında heç də hamını hiddətləndirən erməni-müsəlman qarşılaşmasının durmadığını dəqiq elmi də­lil­lərlə sübut etməklə elmimizdə olan mövcud sterotiplərin ha­­mısını alt-üst etmişdir, bununla erməni xəyanətinin də kö­kü­nün çox dərinlərdən gəldiyini əsaslandırmışdır. Əslində, il­kin dünyagörüşünə söykənən motivlər sonralar dini əqidə toq­quş­ması donuna bürünmüşdür. S.Rzasoyun tədqiqatı göstərir ki, qanlı yanvar qırğınından və Xocalı soyqırımından sonra “Əsli-Kərəm”i məsum xalqın qəzəbindən qorumaq üçün qara ke­şişi ermənilikdən çıxardıb xristian-müsəlman əksliyini al­ban­laşdıranların da qənaətləri yanlışdır. Alim indiyədək na­kam eşq dastanı kimi təqdim olunan epik lövhələrin arxasında nələrin gizləndiyini elə səlisliklə açıqlayır ki, adamı heyrət bürüyür. Bu, istedadlı təfəkkür sahibinə İlahidən gələn fəhm və vergidir ki, min illərin arxasında formalaşıb uzun əsrlər bo­yu müxtəlif sosial institutlarda kodlaşa-kodlaşa gələn, sirrə-müəm­maya çevrilən epizod və deyimlərin açarını bir-bir tap­ma­ğı bacarır. Kərəmi xaoslaşdırılmış kosmik məkandan real hə­yata gətirən və təzədən sakral aləmə qaytaran yolda elə de­tal­lar və amillər (məsələn, xəbərləşmə silsilələri: Yurdla xə­bər­ləşmə, Ağacla (sərvlə) xəbərləşmə – qarğış, Evlə (Bağla) xə­bər­ləşmə, Qızla/İnsanla xəbərləşmə: etnokosmik iden­tifi­ka­siya, Ata, Ana və Dostlarla xəbərləşmə, Qızlarla xəbərləşmə: et­no­kosmik identifikasiya və keçid, Karvanla xəbərləşmə, Oba ilə xəbərləşmə, Durnalarla xəbərləşmə və s.) üzə çı­xar­maqla Dünyamızın dünəni ilə bü günü arasındakı sınıq kör­pü­ləri bərpa edir. Və onun irəli sürdüyü onlarla semantik struk­tur əlamətlərinin hər biri barədə geniş diskussiya açmaq mümkündür.



Bir detalın üzərində dayanmaq istərdim. On il əvvəl bir əfsanənin şərh edərkən tədqiqatımızda bu qənaətə gəlmişdik ki, “Azərbaycan türklərinin «Əsli və Kərəm» eposunun mi­fo­loji qay­naqlarında qırx düyməli xalat gerçək aləmin bitməsi – ömür yo­lunun bağlanması, o biri dünyanın qapısının isə açıl­ması ki­mi mənalandırılır. Füzuli rayonu, Şükürbəyli kənd sa­kini Qur­ba­nov Faiq Kamal oğlu danışırmış: «Toy gecəsi Kə­rəmlə Əsli tək-tənha qalıb bir-birinə sarmaşırlar. Kərəm əl atır ki, xala­tı­nın düymələrini açsın. Düymələr Kərəmin əli dəyən kimi öz-özü­nə açılır, axırıncıya çatanda təzədən hamısı düy­mə­lənir. Kə­rəm işi başa düşür. Bilir ki, Qara keşiş nə isə on­la­rın başına bəd­bəxtlik gətirəcək. Əsli də Kərəmə kömək edir. Bu dəfə isə düy­mələr açılıb axırıncıya çatanda ondan bir qı­ğıl­cım qalxıb Kə­rə­min sinəsinə düşür. Kərəm alışıb yanır. Bir göz qır­pı­mın­da kül olur. Əsli hay-həşir salır, saçlarını süpürgə edib Kərəmin kü­lünü ağlaya-ağlaya yığışdırmağa başlayır. Hə­min küldən bir qı­ğılcım da qalxıb Əslinin üstünə düşür. O da yanıb külə dö­nür. Bu vaxt səs-küyə el-oba adamları tö­kü­lü­şüb gəlirlər. Otaq­da bəylə gəlin əvəzinə ikicə topa kül ta­pır­lar. Bilirlər ki, bu, Qa­ra keşişin işidir. Hamı göz yaşı töküb ağ­layır, hər iki nakam gən­ci Lüləli deyilən yerdə basdırırlar. Bir zaman keçməmiş ke­şiş də azarlayıb ölür. Onu da Əsli və Kə­rəmin yaxınlığında dəfn edirlər. Nakam gənclərin qəbrinin üstündən gül kolları bi­tib bir-birinə sarmaşır. Qara keşişin də qəb­rindən qaratikan boy ve­rib güllərin arasına soxulur. De­yir­lər, gül kolları Əsli və Kə­rə­min ruhudur ki, o biri dünyada qo­vuş­maq istəyirlər. Qara ke­şi­şin ruhu isə qaratikana çevrilib on­ların qovuşmalarına mane ol­maq istəyir» (Bax: Əfsanələr. Qeydlər və şərhlər M.Seyi­do­vun­dur. - B., Gənclik, 1986, s. 50).

Bu əfsanə rəmzlərlə doludur. Eyni adlı dastandan fərqli olaraq burada Qara keşiş heç bir kənar hökmdarın təkidi ilə deyil, Kərəmin qarabaqara onları izlədiyini görüb birdəfəlik özü məsələni çürütmək istəyir və bu anadək gerçəkliklə yoğ­ru­lan epizodlar poetik simvollarla, mifik eyhamlarla əvəz­lə­nir. Ata qızının nişanlısı üçün öz əlləri ilə xalat tikir. Əslində, bu, xoş və bəşəri hadisədir. Hələ Kərəmə tapşırır ki, toy ge­cə­si Əslinin yanına getməzdən əvvəl onu geyinib, düymələrini öz əlinlə açarsan. Lakin «xalat» burada erməni keşişinin türk oğlu üçün hazırladığı qəbirdir, düymələr Kərəmin bəxtidir, taleyinin açarıdır – açılıb qurtaran kimi təzədən bağlanır. Tale də keşişin toya razılıq verməsi ilə Kərəmin üzünə gülür, ka­mı­na çatmasına mane olan xalatın içində bağlanıb qalmasıyla on­dan həmişəlik üz döndərir. Od qəzadır, dünyadakı fə­la­kət­lə­rin mənbəyidir. Kül yaradıcıya qovuşmaqdır. Gül kolu hə­ya­tın davamı deməkdir, doğrudur, əfsanədə məhəbbətin qə­lə­bə­si kimi göstərilir. Qaratikan isə xeyirlə şərin mübarizəsinin əbədiliyi deməkdir. Beləliklə, mifoloji görüşlərdə qırx düy­mə­nin açılıb-bağlanması ilə həyatın bu dünyada sonu gös­tə­ri­lir. Zamanın 40 kiçik mərhələsinin (40 günün) və məkanın 40 balaca hissəsinin (40 otağın) başa çatması ilə sirli aləmin yolu tapılır, eləcə də bir sıra problemlər həll olunur. Koroğlu Qıratı 40 gün qaranlıq tövlədə saxlamalı idi ki, qanadları çıxıb onu qa­ranlıq dünyaya apara bilsin. Lakin 39-cu gecə dözməyib, töv­lənin damından deşik açır, içəriyə ay işığı düşür, Qıratın qa­nadları əriyir. Mifik mədəni qəhrəman Koroğlu əski çağ­lar­dakı funksiyasını – o biri dünyaya ilk yola düşən Yimin fə­da­kar­lığı ilə səsləşən missiyasını yerinə yetirməyə imkan tap­mır. Bu səbəbdən də bütün var-qüvvəsi ilə gerçək dünyanın qəddar­lıqlarına qarşı mübarizə aparır. Oxay qırxıncı otağın qapı­sından içəri keçməklə yeraltı dünyaya düşür. Göy alə­min­də dünya gözəllərinin məclisinə düşən Səlim şah isə 40 gün müddətinə baş pəriyə əl uzatmamalı, başqaları ilə eyş-işrət ke­çirməli idi. Lakin o da 39-cu gün səbirsizlik etdiyindən hə­ya­tın bütün şirinliklərini əldən verir. Beləcə Kərəmin xalatının 40 düyməsi dünyalar arasındakı keçidlərin açarını sim­vollaşdırırdı” (Bax: Qafarlı R. Azərbaycan türklərinin mi­fo­­logiyası (Bərpa, genezis). Bakı, ADPU-nun nəşri, 2004, s. 150-151).

S.Rzasoy monoqrafiyanın “Toy – ölüb-dirilmə ilə Kos­mo­sa dönüş mexanizmi” adlanan yarım bölməsində əfsa­nə­də­ki epizodları daha dəqiq və əsaslı şəkildə şərh edir: “Məsələ burasındadır ki, süjetüstünə görə qəriblikdə (Hələbdə) olan Kə­rəmlə Əsli kosmoloji sxemə görə Xaosda – ölülər dün­ya­sın­dadır. Onlar Kosmosa qayıtmaq üçün hökmən ölüb-dirilmə ri­tualından keçməlidirlər. Çünki Xaosdan Kosmosa və əksinə ke­çid yalnız ölüb-dirilmə ritualı vasitəsi ilə reallaşa bilər. Fi­nal süjetindəki bütün epizod və elementlər bu ölüb-dirilmə ri­tualı­nın süjetüstündəki metaforasıdır”.

Bir cəhət də maraqlıdır, alim “Kitabi-Dədə Qorqud” epo­sunun mifoloji obraz, süjet və motivlərlə zəngin olan “Du­xa Qoca oğlu Dəli Domrul” boyunun, “Basatın Təpəgözü öl­dür­düyü boy”unun, yaxud “Baybörə oğlu Bamsı Beyrək bo­yu”nun deyil, əksər tədqiqatçılar tərəfindən tarixlə səsləşən mətn kimi səciyələndirılən “Salur Qazanın evinin yağ­ma­lan­ma­sı” boyunun kosmoloji struktur modelini araşdırır. Araş­dır­ma­dan çıxan məntiq odur ki, bütövlükdə “Kitabi-Dədə Qor­qud”un tarixi kökləri ilkin mifoloji dünyagörüşündən qida­la­nır və epik düşüncənin başlanğıc konturları boyların ha­mı­sın­da qorunub saxlanılır.

Doğru yazırsan, qardaş, “Həsrətin sonu vüsal”dır. Öm­rü­nün ən kamil və çiçəklənən çağını yaşayırsan. Yaratdıqların zaman-zaman mükəmməlləşib. Qazandığın bilik elə mər­hə­lə­yə çatıb ki, tariximizin və mədəniyyətimizin ən qaranlıq səhi­fə­lə­rinə işıq saçmaq məqamındadır. Azərbaycan folk­lor­şü­nas­lı­ğını ölkəmizin sərhədlərindan uzaqlara aparmağa, rus və Avropa tədqiqatları ilə bir sırada duran elmi əsərlər yaratmağa qadirsən.

Keçdiyin keşməkeşli yolda qarşına kötük atanlar da çox olub. Cəsarətlə bütün maneələri aşmısan. Qələmini elə iti­lə­mi­sən ki, fikirlərinin nizə, ox sərrastlığı ilə elmdə tanış­baz­lıq­la, tayfaçılıqla, qərəzçiliklə at oynatmaq istəyənləri yəhərdən en­dirməyi bacarırsan. Amma haqqa tapınmağın yolunu hə­mişə elə düz və işıqlı edir ki, qılıncını sıyırmağa ehtiyac qal­mır. Yeni müasir folklorşünaslıq məktəbinin ən böyük ustadı kimi formalaşmısan. Və hələ qabaqda çox sirli otaqlar var, qa­pılarının açarı sənin əlindədir. Sənin yaratdıqlarınla, uğur­la­rınla yaşlı silahdaşın kimi fəxr edirəm.

Dünyada o insanlar xoşbəxtdir ki, getdiyi həyat yolunda özünə ləyaqətli dost, sirdaş, həmfikir tapır. Dar günlərimdə ya­nımda olduğun üçün mən də həmin xoşbəxt insanlardan bi­ri­yəm.

Həqiqətpəstliyin, düzlüyün elmi əsərlərində də özünü gös­tərir. Heç kimin bostanına daş atmadan, şərhlərinə çoxlu şi­rinlik qataraq həmkarlarının yaradıcılığına qiymət verməyin sə­mimiliyindən irəli gəlir. Uğurlarına uğur qatdıqca biz də sə­nin­lə yüksəlirik.

Ölüm haqdır. Haqqın ən ağrılı, üzücü işində də gözəllik və sevinc tapmaq böyük hünərdir.


Yüklə 2,29 Mb.

Dostları ilə paylaş:
1   ...   252   253   254   255   256   257   258   259   ...   269




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin