§ 22. Statusartırma statusdəyişmə ritualının
tərkib hissəsi kimi
Bir qədər əvvəl qeyd etmişdik ki, Uruzun statusdəyişmə, yaxud statusartırma ritualından keçdiyini söyləmək çətindir. Çünki “Yağmalanma” ümumən statusdəyişmə ritualıdır. Bu halda onun tərkibinə aid olan rituallardan hansınınsa statusartırma formulu olacağı bizdə şübhə doğururdu. Ancaq ritualdan əvvəl Qazanın Dərbənddə qoyunlarını otaran Qaraca Çobanın oğuzların kafirlər üzərində qələbəsindən sonra Kosmosun bərpa ritualında əmiraxur təyin edilməsi “Yağmalanma” ritualının həm statusdəyişmə, həm də statusartırma rituallarından ibarət ritual kompleksi olduğunu təsdiqlədi. Bu da öz növbəsində Uruzun inisiasiyasının statusartırma ritualı olduğu qənaətini indiki halda bir az da möhkəmləndirir. Belə ki, Uruzla bağlı ritualda “aprobasiya olunan” (sınaqdan keçirilən) kosmoloji dəyərlərin hamısı qəhrəman/alp/igid statusunun etik kodeksinə aid konseptlərdir. Oğuzda bir igidin Bəy/Qəhrəman adı alması üçün onun mütləq “hünərli” və “ərdəmli” atributlarını qazanması lazımdır. Uruzun keçdiyi ritual da onu məhz “hünərli” və “ərdəmli” igid kimi təsdiq edir.
Ağaverdi Xəlil yazır ki, əski türk cəmiyyətinin əsas intellekt vahidi kimi “ərdəm” semantemi xüsusi seçilir. Bu semantem özündə ədəb, ərkan, əxlaq, bilik, mənəvi gözəllik, fəzilət, şərəf və ləyaqət kimi kateqoriyaları ehtiva edir... “Ərdəm” əski türk cəmiyyətində etik minimumu ifadə edir. “Kitabi-Dədə Qorqud”da Oğuz igidlərinə ad verilməsi zamanı iki əsas zəruri qabiliyyətdən (ərdəm və hünər) birinin “ərdəm” olduğu aydın şəkildə görünür. Məs., eposun birinci boyunda ritualın başçısı Dədə Qorqud oğuz igidinin mənəvi və fiziki yetkinliyini təsdiq edəndən sonra boy başçısı Dirsə xan ona bəylik, başqa sözlə, sosial status verir, toplumda yerini müəyyənləşdirir. Beləliklə, “ərdəm”in bütövlükdə türk mədəni fenomenini ifadə etdiyi aydınlaşır362.
Göründüyü kimi:
– Qazanın statusdəyişmə ritualında oğlu Uruzu öz əvəzində evin müvəqqəti başçısı qoyması statusdəyişmə ritualı çərçivəsində həyata keçirilən statusartırma formuludur.
– Qazanın bütöv eposda öz oğlunu Bəy/Alp/İgid kimi görmək istəməsi xüsusi kosmoloji konseptdir. Bu konsept eposda Uruzla bağlı bütün ritual süjetlərinin mətnaltı məntiqini təşkil edir.
– Uruz Qazanın oğlu kimi onun varisidir. O, inisiasiya ritualından keçərək Varis/Bəy statusuna qalxmalıdır.
– İnisiasiya ritualından keçən Uruz özünün hünərli və ərdəmli olduğunu təsdiq edir və öz köhnə statusundan yeni Varis/Qəhrəman/Bəy statusuna qalxır. Dədə Qorqud onu bu statusda təsdiq edir. Bu da öz növbəsində bizə Uruzun keçdiyi inisiasiya sınağını statusartırma ritualı kimi qəbul etməyə imkan verir.
Dostları ilə paylaş: |