c) Kərəmin sağalması keçid ritualının “bərpa” fazası kimi:
Ritual təcrübəsindən məlumdur ki, hər bir mərasim, ayin hökmən ritual patronunun başçılığı altında keçirilir. Biz məhəbbət dastanlarındakı butavermə formulunda belə bir patronla birbaşa üzləşmirik. Lakin onun izləri qalmaqda davam edir. Kərəmi hər yerdə və hər zaman Sofi adlanan funksioner müşayiət edir. O, epik baxımdan qəhrəmanın köməkçisi modelinə aiddir. Bu obrazda çox asanlıqla “əkizlər” mifinin sxemini də bərpa etmək mümkündür. Lakin Sofinin daha çox məsləhətverici (yolgöstərici) funksiya nümayiş etdirməsi onu ərgənlik ritualının patronu (mərasim başçısı) kimi də bərpa etməyə imkan verir.
Ritualın patronu ritualın bütün sakral-magik dəyərlərini özünə konsentrasiya edən fövqəlvarlıqdır. O, iki dünya (insanların yaşadığı profan dünya və qeyri-adi varlıqların mövcud olduğu sakral dünya) arasında mediasiya etmə (rabitə yaratma) qabiliyyətinə malik varlıqdır. Məhəbbət dastanlarında buta verən nurani qoca belə bir mediatordur. O, bir övliya olub, Allahla bəndə arasında mediasiya edir. Maraqlıdır ki, butavermə ritualında ikinci belə bir mediator da vardır. Bu, qarı obrazıdır. O, Kərəmin dərdinə çarə tapır, onu normal həyata qaytarır. Başqa sözlə, butavermə ritualının sonuncu fazasının patronu qarıdır. Köhnə statusda (yeniyetmə gənc) və bu statusu təsbit edən adla (Mahmud) butavermə ritualına daxil olan, birinci mərhələdə öz əvvəlki status və adından ayrılan, ikinci mərhələdə sakral qüvvələrlə təmasda olub, onlardan yeni status alan Kərəm üçüncü mərhələdə sakral dünyadan mənsub olduğu insanlar dünyasına qayıtmalıdır. Bu qayıtma (bərpa) fazası qarının patronluğu ilə həyata keçir. Epik mətndə bütün bu proseslər “Kərəmin xəstələnməsi” və “dərdinə çarə tapılması” kimi motivlənir. Proseslərin semantik mənzərəsi aşağıdakı kimidir:
a) Kərəm buta aldıqdan sonra özünə qapanır. Ritual davranışdan irəli gələn bu hal cəmiyyətdə insanların adi, normal davranışları baxımından anormal hal – “xəstəlik” (qəhrəmanlıq dastanlarında: “dəlilik”) kimi qəbul olunur.
b) Heç bir təbib (həkim) Kərəmin dərdinə çarə tapa bilmir. Çünki bu, həkimlərin anlayıb müalicə edə biləcəyi “normal” xəstəlik yox, ritual davranış formasıdır. Burada həkim yox, Kərəmin keçid ritualındakı “keçidinə” rəhbərlik edərək, prosesi tamamlayacaq mediator lazımdır. Bu mediator qarıdır.
c) Qarının mediativ funksiyası (mediatorluğu) iki cəhətlə: birincisi, onun epik süjet daxilindəki sabit yeri, ikincisi, mediativ qabiliyyətləri ilə təsdiqlənir. Belə ki, məhəbbət dastanlarında buta almış qəhrəmanın halını anlayan, onun dərdinə çarə edən varlıq istisnasız olaraq qarıdır və o, İpək qarı adlanır. Qarının mediativ qabiliyyətlərinə gəlincə, bu da süjetdə açıq şəkildə ifadə olunub. Doğma atası Kərəmi başa düşmür, onun danışığını anlamır: çünki Kərəm ritual məkanında, ritual prosesindədir. Bura adi insanların nüfuz edə bilmədiyi magik-mistik dünyadır. Buranın dili də fərqlidir. İndi Kərəm öz dərdini adi dillə deyə bilmir: sazla, şeirlə deyir. Birdən-birə saz şalmaq, bədahətən şeir demək artıq mistik-magik qabiliyyətlər əldə etməkdir. Ziyad xan və bütün digərləri davranışın bu tipini, ritualın magik-mistik simvollarını anlamırlar. Bunu ancaq qarı bilir: çünki o, ritualın sonuncu (bərpa) mərhələsinə rəhbərlik edən mediatordur.
d) Fikrimizcə, məhəbbət dastanlarındakı qarı Yer-Ana obrazının epik paradiqmasıdır. İbtidai süjetlərdə qəhrəmanın öz köhnə statusunda ölərək yeni statusda doğulması birbaşa Yer-Ana obrazı ilə bağlıdır. Bu obrazın əsas funksiyası qəhrəmanı yenidən qurmaqdır. Ritual-mifoloji düşüncədə yenidən qurulmaq yenidən doğulmaq deməkdir: doğuluş kosmoqoniyanın əsas vasitə, forma və üsuludur. Kərəm də o biri dünyadan bu dünyaya yenidən doğulmaqla qayıdır. Bizim fikrimizcə, ritualın qayıdış (bərpa) mərhələsinin məhz qarı ilə, yəni qadın başlanğıcı ilə bağlı olması elə doğuluş semantemindən irəli gəlir.