Dialoqun tərəfləri: İnsan (Kərəm)-İnsan (Qız).
Dialoqun süjetüstü və süjetaltı forması: aktiv (ikitərəfli) xəbərləşmə: Kərəm soruşur, Qız cavab verir;
Dialoqun məqsədi: Qızın etnokosmik kimliyinin müəyyənləşdirilməsi.
Kərəmin qızı dialoq-xəbərləşmə ritualından keçirməsi onun həqiqətən Əsli olub-olmadığını öyrənmək, başqa sözlə, onun etnokosmik kimliyini müəyyənləşdirmək üçündür. Buradan belə nəticəyə gəlmək olur ki, əslində, bundan əvvəlki bütün dialoq-xəbərləşmələr də elə etnokosmik kimliyin müəyyənləşdirilməsinə xidmət edir. Belə ki, Qara Keşiş qızı tilsimləyərək Əsliyə oxşadır. O, tilsimkar-sehrbazdır və Əslini Kərəmin xəbərləşdiyi hər şeyə – yurda, kəfənə, iynəyə, döşəyə, sərv ağacına, evə, bağa, gülə çevirə bilərdi. Unutmaq olmaz ki, mifoloji düşüncədə bütün varlıqlar çanlıdır və öz dünyaları var. Məsələn, nağıllarda ilanların öz cəmiyyəti və öz padşahı, dənizdəki balıqların öz cəmiyyəti və padşahı, meşədəki heyvanların öz dünyası və padşahı var. Yenə də nağıllarda Qara Keşişlə eyni funksiya daşıyıcıları olan dərvişlər qızları tilsimləyərək cansız əşyalara çevirə bilirlər. Demək, Kərəmin bütün dialoq-xəbərləşmələrdə əsl məqsədi etnokosmik identifikasiya – eyniləşdirmə yolu ilə kosmoloji kimliyin müəyyənləşdirilməsidir.
Bir detalı da əlavə edək ki, “Dədə Qorqud”da evi oğurlanmış Salur Qazanın Yurdla başlanan xəbərləşməsi İnsan (Qazan)-İnsan (Çoban) dialoqu ilə tamamlandığı kimi, Kərəmin də Yurdla başlanan xəbərləşməsi İnsan-İnsan dialoqu ilə tamamlanır.
Dostları ilə paylaş: |