§ 12.11. Bağda qızlarla xəbərləşmə: etnokosmik identifikasiya
Yoluna davam edən Kərəm bir bağa gəlir. Bağda həmişəki kimi içərisində Əsliyə oxşar qız olan dəstəyə rast gəlir: yenə də tanıma/identifikasiya məqsədli dialoq-xəbərləşmə olur: “Kərəm bu qızların içərisində Əsliyə bənzər bir qız gördü, dedi:
– Sofi, dayan bir qatar söz deyim, bu qız mənim xan Əslimə bənzəyir.
Kərəm ürəyi dəmirçi kürəsi kimi alışıb yana-yana bu qıza dedi:
Gözəllər çıxıblar seyrə,
Birisi Əslimə bənzər.
Al geyibən sallanışı,
Yerişi Əslimə bənzər.
Kərəm belə deyəndə qız qulac saçlarını sinə saz eyləyib, görək Kərəmə bu sözünün müqabilində nə dedi:
Uzaq eldən gələn aşıq,
Sənin Əslin mən deyiləm.
Çoxun dərdə salan aşıq,
Sənin Əslin mən deyiləm”162.
Bu dialoq süjetüstü formasına görə aktiv (ikitərəfli) xəbərləşmədir: Kərəm soruşur, qız cavab verir. Lakin süjetaltında mənzərə ayrı cürdür. Keşiş Kərəmi aldatmaq üçün qızı tilsimləyərək Əsliyə oxşatmışdır. Əgər Kərəm bunu tapmasa, onun aşiq/qəhrəmanlıq missiyası burada başa çatacaqdır. O, etnokosmik identifikasiya ritualı keçirir və qızın Əsli yox, Xanımnaz olduğunu aşkarlayır.
Qızın, yaxud qızların al (qırmızı) geymələri bağın bir məkan kimi keçid məkanı olduğunu göstərir. Qırmızı – keçidi, aralıq məkanı bildirir. Buradan nəticə çıxarmaq olur ki, Xaosun içərisi qatbaqat quruluşa malikdir və qəhrəman bir qatdan o birisinə qırmızı rəngli keçid/aralıq məkanlarından (mexanizmlərindən) adlayaraq keçir.
Dostları ilə paylaş: |