Dialoqun tərəfləri: İnsan-Qaya (torpaq ünsürü), İnsan-Meşə (ağac ünsürü), İnsan-Çay (su ünsürü).
Dialoqun məqsədi: Qara Keşiş tərəfindən tilsimlənmiş Sarı Qaya, Qara Meşə və Çaydan keçid/yol almaq:
– Belə ki, çaya çatan Kərəm yolun bağlandığını görür: “Kərəm baxdı ki, sağ tərəf qaya, sol meşə, qabaqda çaydı”175. Demək, məqsəd bu ünsürlərdən keçid almaq və Əslinin izini tapmaqdır.
Dialoqun informativ tipi: alqış:
– Kərəm növbə ilə Qayaya, Meşəyə və Çaya tərif/alqış deyir. Onlar da bunun müqabilində Kərəmə həm yol verir, həm də Əslinin hara getdiyini deyirlər.
Dialoqun kosmoloji tipi: mediativ-mistik kommunikasiya modeli:
– Kərəm bir insan kimi bu cansız ünsürlərlə danışa bilməz. Lakin həmin ünsürlər “dilə gəlib” Kərəmə cavab verirlər. Bunun əsasında əyə arxetipi durur. Hər bir yerin əyəsi/sahibi var. Bu, həmin yerin ruhudur. Demək, Kərəm Qaya, Meşə və Çayın ruhu/əyəsi ilə xəbərləşir.
Dialoqun etnokosmik tipi: şaman qamlaması:
– Həm süjetüstü, həm də süjetaltı bu dialoqun şaman ekstaz texnikası (qamlama) ilə bağlı olduğunu açıq şəkildə ortaya qoyur.
Dialoqun süjetüstü forması: aktiv (ikitərəfli) xəbərləşmə.
Dialoqun nəticəsi: Keçid/yol və iz əldə etmə:
– Kərəm alqış-xəbərləşmə ilə iki hədəfə çatır:
Birincisi, yolu kəsən ünsürlərdən yol/keçid alır;
İkincisi, həmin ünsürlərdən Əsli haqqında iz/işarə alır. Məlum olur ki, Əsli bu ünsürlərdə öz izlərini buraxıb:
Qayada – ləpir buraxıb: “Ləpirin üzümə saldı da getdi”.
Meşədə – gül dərib: “Əsli məndən bir gül aldı da getdi.
Çayda – atların ayağı ilə iz qoyub: “Atların suyuma saldı da getdi”.
Bunlar Əslinin özü haqqında qoyduğu identifikasiya işarələridir. Bu işarələr kişi (Kərəm) və qadın (Əsli) arasında onlara məlum olan dil səviyyəsi, ünsiyyət kodudur. Kərəm Əslinin buraxdığı informativ işarələri “oxumaqla” həm də onların həqiqi, yoxsa saxta işarələr olduğunu öyrənir. Çünki tilsimlənmiş bu ünsürlərdə Qara Keşiş də saxta iz-işarələr buraxa bilərdi. Bu mənada, Kərəmin Qaya-Meşə-Çayla dialoq-xəbərləşməsi həm də etnokosmik identifikasiya ritualıdır.
Dostları ilə paylaş: |