§ 12.22. Sufi halı – şaman çevrilməsi
Halını bəyan edən Kərəmin halı çox pərişan olur. Sofi ondan nə baş verdiyini soruşur: “Kərəm sazı basdı döşünə:
Sofi, nə sorursan mənim halımı?
Yardan ayrılanda şad olmaz könül.
Leylisin itirmiş Məcnuna döndüm,
Hər gecə papağı tac olmaz könül.
Bir dəm səyyah olur, qılınc qurşanır,
Bir dəm turab olub, yerə döşənir,
Bir dəm Haqdan qorxu çəkib, üşənir,
Bir dəm padşahnan bac olur könül.
Bir dəm göldə bitən qarğı, qamışdı,
Bir dəm bağçalarda dürlü yemişdi,
Bir dəm qızıl olur, bir dəm gümüşdü,
Bir dəm paslanır, tunc olur könül.
Bir dəm piyadadı, bir dəm atlanır,
Bir dəm şəkər olur, bir dəm dadlanır,
Bir dəm olur hər cəfaya qatlanır,
Bir dəm zəhərdən də acı olur könül.
Bir dəm abdal olur, girir şallara,
Bir dəm dəlal olur, düşür dillərə,
Bir dəm yolçu olur, gedir yollara,
Bir dəm keçənlərdən bac alır könül.
Kərəm deyər: axırına irilməz,
Ərəb at yorulur, könül yorulmaz,
Könül bir saraydı, sınar, hörülməz,
Əzəli, sorası köç olur könül”173.
Beləliklə, Kərəmin halı ilə bağlı üçüncü epizodun təhlili göstərir ki:
– Sufiyə “hal” gələndə onun könlü kainatın güzgüsinə çevrilir və sufi özünü kainatın bütün ünsürləri ilə vəhdətdə görür. Vəhdətin bütün varlığı Vahidə (Allahla) bağlıdır: bütün kainat Vahidin zərrələridir. Böyük bir güzgü çilik-çilik olub qəlpələnəndə onun hər qəlpəsi Vahid Günəşin işığını əks etdirdiyi kimi, Allahdan başlanan kainatın da bütün ünsürləri eyni bir ilahi həqiqəti inikas edir. Dünya zahiri gözlə saysız rəng, şəkil və növlərdə görünsə də, könülə hal gələndə bütün saysız ünsürlərin hamısının eyni olduğu görünür.
– Kərəmin də könlünə hal gəldiyi üçün o, özünü varlığın hər bir ünsüründə, hər bir rəngində, hər bir şəklində görür. Andan-ana bu ünsürlər, onların rəngi, şəkli dəyişir: Kərəmin “Mən”i laməkan ritmlə səyyah, turab (torpaq), qorxaq, qorxmaz, qarğı, qamış, yemiş, qızıl, gümüş, tunc, piyada, atlı, şəkər, zəhər, abdal, dəlal, yolçu, yolkəsən olur.
– Könülün bu çevrilmələri sonsuz prosesdir: “Kərəm deyər: axırına irilməz”.
– Könül daim hərəkətdə, dəyişmədədir. O, nə qədər ki Yardan (qopduğu, baş alıb gəldiyi Yaradıcıdan/Allahdan) ayrıdır, bu proses davam edəcəkdir: “Yardan ayrılanda şad olmaz könül”.
– Vahiddən başlanan bu proses Vahiddə tamamlanacaqdır: “Əzəli, sorası köç olur könül”.
– Kərəmin könlünün (psixikasının) bu halı funksional baxımdan çevrilmədir. Bütün sufi çevrilmələrinin arxetipində şamanların universal çevrilmə (dönərgəlik, cilddəyişmə) mexanizmi durur. Bu baxımdan, mətnin son transformativ qatı olan təsəvvüfi səviyyədə (süjetüstündə) təsvir olunan sufi halı (psixologemi) süjetaltında, yəni kosmoloji sxem-süjet səviyyəsində şamanlara məxsus çevrilmə hal/psixologemidir.
Dostları ilə paylaş: |