§ 12.28. Bulaq başında qızlarla xəbərləşmə: etnokosmik identifikasiya
Kərəm “bir gün yol getdikdən sonra bir bulaq başında bir dəstə gəlin-qıza tuş oldu. Əsliyə bənzər bir qız görüb, sazını alıb sinəsinə, görək nə deyəcək. Aldı Kərəm:
Su başında duran gəlinlər, qızlar,
Allı gəlin, xan Əslimə bənzərsən.
Doğrusun söylərlər haqqı sevənlər,
Xallı gəlin, xan Əslimə bənzərsən.
Kərəm belə deyəndə haman qız qulac saçlarını sinə sazı eləyib, görək Kərəmə nə cavab verdi. Aldı qız:
Aşıb, aşıb qarlı dağlar gəlibsən,
Var get burdan, sənin yarın deyiləm.
İtirdin ağlını, düşdün çöllərə,
Var get burdan, sənin yarın deyiləm...”182.
Təhlil göstərir ki:
– Kərəmin qızla dialoqu süjetüstü formasına görə aktiv (ikitərəfli) xəbərləşmədir.
– Məqsəd etnokosmik identifikasiyadır: Kərəm qızın Əsli olub-olmadığını bilmək istəyir. İdentifikasiya qızın etnokosmik əlamətləri (“Əslitək yanağında xalı”; “İncədən incə beli”; “Dəhanında baldan şirin dili”) ilə Əslinin Kərəmə məlum olan etnokosmik kimlik əlamətləri arasında eyniləşdirmə-tutuşdurma proseduru aparmaqla həyata keçirilir.
– Bərpa etdiyimiz kosmoloji sxem-süjetin böyümə məntiqinə görə qızlarla etnokosmik identifikasiya-xəbərləşmə, bir qayda olaraq, keçid məkanlarında aparılır. Kosmoloji sxem-məntiq bu dəfə də özünü göstərir. Ritualın icra olunduğu məkanın keçid/aralıq məkanı olmasının süjetüstündə iki izi/işarəsi qalmışdır:
Birincisi, Kərəmin qızlara bulaq üstündə rast gəlməsi. Kosmoloji xronotopda bulaq dünyalar arasında keçid məkan-mexanizmidir.
İkincisi, Kərəm şeirdə qıza üç dəfə “allı qız”, yəni “qırmızı paltarlı qız” deyə müraciət edir. Qırmızı keçid/aralıq fazasının rəngidir.
– Beləliklə, Əslini qaçıran Keşiş Kərəmi azdırmaq üçün Xaosun dərin qatlarına/məkanlarına çəkilir. O, bir qat/məkandan digər qat/məkana keçid fazalarında Kərəmə daim tələ qurur. Bu tələ tilsimlənərək Əsliyə oxşadılmış qızlardır. Həmin qızlar epik funksiyaları baxımından “yalançı (yanlış) nişanlı”lardır. Kərəm etnokosmik identifikasiya ritualı keçirərək, tilsimi qırır, yalanın üstünü açır. O, bununla Xaosun növbəti qat/məkanına keçid əldə edir.
Dostları ilə paylaş: |