§ 12.35. Qəbristanda Qızla xəbərləşmə
Qəbristanlığın çıxışında Kərəm Qızla xəbərləşir: “Qəbristandan çıxmağa az qalmış Kərəm gördü ki, bir cavan qız bir qəbrin yanında oturub ağlayır. Arabir durub qəbrin dörd tərəfinə dolanır, yenə oturub başlayır ağlamağa”196.
Kərəmlə Qızın arasında süjetüstü formasına görə aktiv (ikitərəfli) xəbərləşmə olur: Kərəm qızdan şeirlə soruşur, Qız da şeirlə cavab verir. Məlum olur ki, məzar Qızın vaxtsız ölmüş nişanlısının qəbridir.
Dialoqun sonunda bizim şərti olaraq “Qızın karlığı” adlandırdığımız formula rast gəlirik: “Kərəm qıza təskinlik verəndən sonra dedi:
– Gözəl qız, bu tərəflərdə köç-külfətli bir keşiş görmədin?
Qız cavab vermədi. Kərəm nə qədər dedisə, qızdan cavab ala bilmədi. Baxdı ki, hər nə deyirsə, qız heç birisini eşitmir. Onun fikri elə qəbirdədir. Çar-naçar ayrıldılar”197.
Qızla xəbərləşmə motivinin təhlili göstərir ki:
– Süjetin planları arasında ziddiyyət vardır: Kərəm qıza şeirlə müraciət edəndə o, cavab verir, adi dillə soruşanda cavab vermir. Beləliklə, Qızın iki statusu var: eşidən və kar (eşitməyən).
– Qızın Kərəmə gah cavab verib, gah da verməməsi dialoq-xəbərləşmə formulunu ritual kimi ortaya qoyur: Kərəmin Qıza sazlı-sözlü müraciəti bir şaman qamlamasıdır. Qızı ovsunlayan Kərəm ondan cavab alır: qamlama bitən kimi Qız yenə də cavab vermir.
– Qızın anormal davranışı onun Keşiş tərəfindən tilsimləndiyini göstərir. Kərəm qamlama ilə onun “sirrini” öyrənə bilir.
– Kəllə və Qız antifunksiyalı mediatorlardır: Kəllə Kərəmə kömək edir, Qız kömək etmir. Bu halda Kəllə – kosmosyaradıcı, Qız – xaosyaradıcı varlıqdır.
– Qəbristanlıq, Kəllənin girdiyi qəbir və Qızın başına dolandığlı qəbir keçid mexanizmləridir. Kosmoloji sxemə görə, Kəllə qəhrəmana yol/keçid verir, tilsimlənmiş Qız isə qəhrəmanı azdırmaq istəyir. Kərəm dialoq-xəbərləşmə ritualı ilə yolu müəyyənləşdirir.
Dostları ilə paylaş: |