§ 12.32. Durnalarla xəbərləşmə
Yola davam edən Kərəmgil bir obaya çatırlar. Xəstələnmiş Kərəm burada durnalara rast gəlir və onlarla öz evlərinə (5 bəndlik şeirlə – S.R.) xəbər yollayır:
Durna, gedər olsan bizim ellərə,
Qürbətdə bir xəstə gördüm deyərsiz.
Əgər sizdən sual edən olarsa,
Qürbətdə bir xəstə gördüm deyərsiz...191
Kərəmin xəstələnməsi, durnalarla evə xəbər yollaması sevən aşiqin qürbət eldəki halının bəyanı baxımından lirik-emosional motivdir. Lakin motivin süjetaltı sxemi ortaya mediasiya formulunu qoyur. Belə ki:
– Kərəmin hər dəfə durnalarla xəbər yollaması kosmoloji formul kimi xəbərləşmə ritualıdır;
– Süjetüstündə Kərəmin xəstələnməsinin vurğulanması təsadüfi olmayıb, süjetaltı sxemlə əlaqədardır. Şaman/Qəhrəman psixologiyasında “xəstələnmək” – mediasiya formuludur: ritual ölüb-dirilməni nəzərdə tutur.
– Şaman/Qəhrəman/Trikster davranış kodunda xəstələnmək ölüm semanteminin məna sırasına aid elementdir. Başqa sözlə, adi halda xəstələnmək və ölmək diaxron prosesin mərhələləri olsa da, ritual rejimində xəstələnmək aktı elə ölmək deməkdir. Kərəmin xaos dünyasının bir qatından digər qatına ritual ölüb-dirilmə formulu ilə adladığını nəzərə alsaq, onun xəstələnməsi süjetaltının süjetüstündəki “iz”idir.
– Xəstələnmək Şaman/Qəhrəman/Trikster davranışının formulu kimi “ölüm” semantemi ilə bağlı məkan-zaman sisteminin bütün elementlərini əhatə edir. Başqa sözlə, harada “xəstələnmək/ölüm” semantemi varsa, orada “ölüm”lə bağlı məkan/keçid element və formulları olmalıdır. Bu cəhətdən durnalarla xəbərləşən Kərəmin yolunun qəbiristana çatması kosmoloji sxem və məntiqin yenə də təsdiq olunması deməkdir.
Dostları ilə paylaş: |