§ 12.30. Ceyranla xəbərləşmə
Kərəm bu səfalı məkanda görür ki, “ovçular iki quzulu bir ceyranı vurublar. Ceyran balalarının yanında inildəyir. Qızıl qanı gülləri qıpqırmızı qızardıb. Kərəmin ürəyi qana döndü, aldı sazı, görək (5 bəndlik şeirlə – S.R.) nə dedi:
Mən, ay Sofi lələ, necə yanmayım?
Əsli xanın ceyranıdı bu ceyran,
İnsafdımı əhvalını bilməyim,
Əsli xanın ceyranıdı bu ceyran...”189
Beləliklə, yaralı ceyran Əsli xanındır. Bu epizodda ceyranın iki funksiyası üzə çıxır:
Birincisi, Kərəmlə Əsli arasında mediasiya edərək Kərəmin sözünü Əsliyə çatdırmaq üçün tələsir;
İkincisi, yenə də Kərəmlə Əsli arasında mediasiya edərək Kərəmə yol göstərir.
Hər iki funksiya keyik, tərlan kimi obrazların kişi və qadın başlanğıcları arasında mediasiya funksiyaları baxımından məntiqidir. Bu halda süjetüstündə ovçuların ceyranı yaralamaları adi bir ov epizodudursa, süjetaltında bu, Xaosu qoruyan qüvvələrin (yaxud Keşişə xidmət edən qara varlıqların) Kərəmlə Əslinin birləşmələrinə mane olmaları deməkdir.
Epizodda Ceyranın qızıl (qırmızı) qanının təsvir elementi kimi vurğulanması yuxarıda deyilənləri təsdiqləyir. Epik ənənədə qan – qovuşma, qırmızı – keçid deməkdir. Bu, Ceyranı həm keçid/mediasiya, həm də qovuşdurma/mediasiya obrazı kimi təsdiq edir. O da öz növbəsində Kərəm-Ceyran münasibətlərini dialoq-xəbərləşmə kimi qəbul etməyə imkan verir.
Dostları ilə paylaş: |