§ 12.36. Dağla xəbərləşmə: alqışla keçid alma
Qəbristanlıqdan keçərək yolun (Xaosun) növbəti fazasına qədəm qoyan Kərəmin yolunu Alvız dağı kəsir: “Qəbristanlıqdan keçib, az getdilər, çox getdilər, gəlib yenə bir uca dağın ətəyinə çatdılar. Kərəm dedi:
– Sofi, dayan bundan söz xəbər alım.
Aldı Kərəm, görək dağa (5 bəndlik şeirlə – S.R.) nə dedi:
Başın üstə şahin, şonqar səslənir,
Alvız dağı, heç əskilməz dumanın.
Ətəyində tuti, qumru bəslənir,
Alvız dağı, heç əskilməz dumanın...
...Kərəm sözün tamam edən kimi Alvız dağı bunlara yol verdi”198.
Müəyyənləşdirdiyimiz təhlil modelindən istifadə etsək, Kərəmin dağa sazlı-sözlü müraciəti:
– Dialoqun tərəfləri görə İnsan-Dağ dialoqudur.
– Dialoqun məqsədi Alvız dağından yol/keçid almaqdır.
– Dialoq informativ tipinə görə alqışdır.
– Dialoq süjetüstü formasına görə passiv (birtərəfli) xəbərləşmə, süjetaltı formasına görə aktiv (ikitərəfli) xəbərləşmədir. Dağın Kərəmə verdiyi cavabı “eşitməsək” də, “görə bilirik”. Belə ki, Kərəmin alqış/tərif/ovsunlarından yumşalan Alvız dağı onlara yol/keçid verir.
Kosmoloji məntiqə görə, Alvız dağı ya Keşişin onu tilsimləməsinə görə, ya da dağ ruhunun Xaos məkanının qoruyucusu olması səbəbindən Kərəmə yol vermək istəmir. İkinci ehtimalın daha ağlabatan olmasını Alvız adının özü gücləndirir. Belə ki, türk mifologiyasında şər ruh sayılan Hal Anası/Alarvadı obrazının tuva dilindəki variantı “albıs” adlanır199.
Albıs (Hal anası) xaos mənşəli obraz olub, zahı qadınların ciyərini (ruhunu) oğurlayaraq onları ölümə məhkum edir. Bu halda Əslini tilsimləyərək onun ruhunu Xaosa qaçıran Keşişlə Albıs/Hal anası funksiyaca eyniləşir. Bu da Alvız dağını xaosqoruyucu obraz kimi təsdiq etməklə yanaşı, eyni zamanda Hal anası obrazının xaosla bağlı daha bir funksiyasının (finksional hərəkət sxeminin) üzərinə də işıq salır.
Dostları ilə paylaş: |