§ 5. Ala dağ – kosmoloji qatları
qovuşduran obraz/model
Qalın Oğuz bəyləri Qazanın başçılığı ilə ov etməyə Ala dağa çıxırlar. Ə.Tanrıverdi yazır ki, “Ala tağ” adı “Dədə Qorqud”da yeddi dəfə işlənmişdir: “Arqurı yatan, Ala tağı dünin aşğıl!” “Ala tağ” oronimik modelində “ala” sözü hündür mənasındadır292. Demək, oğuzlar “hündür” (ala) dağa ova çıxırlar. Lakin Oğuz kosmoloji düşüncəsində “Hündür/Ala” dağ və orada ov edilməsi ritual-mifoloji arxetiplərlə bağlıdır. Diqqət edək:
– Ov xüsusi ritual rejimidir. Ovda olmaq Kosmosla Xaosu birləşdirən aralıq/məkanda olmaq deməkdir. Bu halda Ala dağ belə bir keçid məkanının obrazıdır. Lakin o, sırf keçid məkanı yox, həm də keçid məkanıdır.
– V.N.Toporovun yazdığı kimi, Dağın mifoloji funksiyası çoxobrazlıdır. O, dünya ağacının transformasiyasının daha geniş yayılmış variantı kimi çıxış edir. Dağ daha çox dünyanın obrazı, kosmik quruluşun bütün əsas element və göstəricilərinin inikas olunduğu kainat modeli kimi qavranılır. O, dünya oxunun (axis mundi) keçdiyi mərkəzdə yerləşir. Dünya oxunun Dağın zirvəsindən keçməklə yuxarıya doğru uzanması Qütb ulduzunu, aşağıya doğru uzanması isə aşağı dünyaya, yeraltına girişin olduğu yeri göstərir293.
– Demək, Ala dağ kosmoloji qatları – Göyü, Yerüstünü və Yeraltını birləşdirən məkan/modeldir. Oğuz bəylərinin Ala dağa ova gəlmələri kosmoloji sxemin məntiqinə uyğundur. Ov aralıq – məkandır, Aralıq məkan – Ala dağda yerləşir.
Dostları ilə paylaş: |