§ 1. Kosmos
Boy epos poetikasının universal sxeminə uyğun olaraq Oğuz kosmosunun təsviri ilə başlanır: “Bir gün... Salur Qazan yerindən turmuşdı. Toqsan başlu ban evlərin qara yerin üzərinə dikdirmişdi. Toqsan yerdə ala qalı-ipəg döşəmişdi. Səksən yerdə badyələr qurulmışdı. Altun ayaq sürahilər düzülmüşdü. Toquz qara gözlü, xub yüzlü, saçı ardına urulu, köksi qızıl dügməli, əlləri biləgindən qınalı, barmaqları nigarlı məhbub kafər qızları Qalın Oğuz bəglərinə sağraq sürüb içərlərdi”269.
Bu, kosmoloji struktur müstəvisində kosmos durumudur. B.N.Putilovun yazdığı kimi, knyazın sarayı həm öz zahiri görkəmi, həm də daxili həyatın məzmunu baxımından bılina (dastan – S.R.) sosiumunun durumunu daha konsentrə olunmuş formada əks etdirir270. Bu cəhətdən Qazanın verdiyi/qurdurduğu ziyafət məclisi də “Oğuz” sosiumunun kosmik durumunu təsvir edir: sosiumdaxili və sosiumxarici elementlərin bütövündən təşkil olunan Oğuz etnokosmik sistemi (dünya modeli) bütün yarus və parametrlər üzrə kosmik harmoniya içərisindədir. Bu halda:
“doxsan başlı ban ev”;
“doxsan yerə döşənmiş xalı”;
“səksən yerdə qurulmuş badyalar, qızıl ayaqlı sürahilər”;
“doqquz gözəl kafir qızı”;
“Oğuz bəylərinin şərab içməsi”
– kimi obrazlar Oğuz kosmosunun modeli olan “ziyafət məclisinin” təsvir dilinin leksik-sintaktik vahidləri kimi çıxış edir.
Dostları ilə paylaş: |