İndi Dünya Ağacının mediativ funksiyası və qoparılması haqqında:
– Çobanın ona məxsus müvəqqəti hakimiyyəti bildirən Dünya Ağacını qoparması, adi oduncaq, yanacaq, yaxud döyüş aləti kimi istifadə etməsi onun ritual qəhrəmanlığının sona çatmasını bildirir. Salur Qazan onu bütün qəhrəmanlığına rəğmən Xaosa yalnız antiqəhrəman (aşpaz) obraz/statusunda aparmağa razı olur.
– “Aşpaz” obrazının bir element kimi statusdəyişmə ritualına daxil olması cilddəyişmə/çevrilmədən soraq verir.
– Şaman/Qəhrəman Qazan Xaosa qoyun(quzu) cild/görkəmində və çoban statusunda daxil olduğu kimi, Qaraca Çoban da həmin dünyaya aşpaz cildində və Yalançı qəhrəman statusunda adlamalıdır.
– Evinin yağmalanması yolu ilə hakimiyyətdən, Çobanla statusdəyişmə ilə alp-igidlik atributlarından məhrum olması Qazanın ritual ölüb-dirilməsi deməkdir. Ölüb-dirilmə mexanizmindən keçmədən Xaosa adlamaq mümkün deyildir. Hər şeyini itirmiş Qazan ritual baxımından ölür. O, Xaosa bu statusda adlayır. Xaos ölülər dünyasıdır. Bura ölmədən gəlmək mümkün deyildir. Xaosa diri statusunda adlayan şaman/qəhrəmanlar ritual ölümlə, cilddəyişmə/çevrilmə ilə bu dünyaya adlayırlar. Bu baxımdan, Qazan Xaosa (Kərəmlə bir məna paradiqmasında) diri ölü statusunda keçdiyi kimi, Çoban da belə bir ritual ölüb-dirilmə formulundan keçməlidir. Altay dastançılıq ənənəsində qorunub qalmış arxaik formullar göstərir ki, Qazanın onu ağaca bağlaması Çobanın ağacda ritual dəfni, başqa sözlə, ritual ölüb-dirilmədir. Bu dəfn (ölüb-dirilmə) formulunu biz bir qədər irəlidə Uruz-Ağac modeli ilə bağlı ətraflı izah edəcəyik. Hələlik görünən budur ki, Çoban ağaca bağlanmaqla ağac vasitəsilə kosmik statusda ölür, xaotik statusda dirilir. Bu baxımdan, Çobanın müvəqqəti Dünya Ağacı həm də mediasiya vasitəsi, ölüb-dirilmə mexanizmidir.
– Daha sonra çıxarılıb atılmış ağac müvəqqəti Dünya Ağacı kimi Çobanın ritual hakimiyyətinin/qəhrəmanlığının başa çatdığını göstərir.
Dostları ilə paylaş: |