Birincisi, ovla bağlı mediativ ritual işarələri:
– Beyrəyin Boz ayğırı minməyi;
– Ov heyvanlarını nişanlısının məkanına yönəltməsi [keyikin oğlanla (kişi başlanğıcı ilə) qız (qadın başlanğıcı) arasında mediasiya yolu ilə əlaqə yaratması].
İkincisi, qıza sahiblənmə (ona yarışda qalib gəlmə) ritualı ilə bağlı işarələr:
– At yarışı;
– Ox yarışı;
– Güləşmə.
Üçüncüsü, cinsi-fizioloji jestlərlə nişanlama ritualı ilə bağlı işarələr:
– Beyrəyin qızı üç dəfə öpməsi;
– Bir dəfə dişləməsi.
Dördüncüsü, maddi nişanla işarələmə:
– Beyrəyin qızıl üzüyü Banıçiçəyin barmağına taxması.
Əlbəttə, nişanların burada verdiyimiz təsnifatı nisbidir və gələcəkdə başqa tədqiqatçıların onu təkmilləşdirəcəyinə ümid edirik. Ancaq indiki halda bu təsnifatın necə olmasından asılı olmayaraq, oğlanla qız arasındakı bu “nişanlama” ritualında istifadə olunan nişan-işarələr bütöv dəst şəklindədir. Xaosdan kosmosa qayıdış zamanı həyata keçirilən identifikasiya ritualı məhz bu nişan-işarələr dəsti əsasında aparılmaqla həmin işarələrin material olaraq şəklindən, presedent olaraq məzmunundan asılı olmayaraq, onların etnokosmik nişanlar, başqa sözlə, etnosun ezoterik-sakral dəyərlər dünyası ilə bağlı işarələr olduğunu ortaya qoyur.
Maraqlı və fikrimizcə, tam qanunauyğundur ki, Kərəm-Əsli “nişanlama” modeli də Beyrək-Banıçiçək modelini “təkrarlayır”:
– Beyrək ova çıxdığı kimi, Kərəm də ova çıxır;
– Beyrək qovduğu keyik onu Banıçiçəyin çadırına gətirib çıxardığı kimi, Kərəmin də tərlanı onu Əslinin bağçasına gətirir (kosmoqonik mediasiya aktı);
– Beyrək Banlıçiçəyi maddi işarə ilə (altun üzük) nişanladığı kimi, Kərəm də öz üzüyünü Əslinin barmağına taxır. Əsli də öz növbəsində ipək dəsmalını nişan olaraq ona verir;
– Beyrək Banıçiçəyi cinsi-fizioloji jestlərlə nişanladığı (üç öpüb bir dişlədiyi) kimi, Kərəm də qızı qucaqlayır, gözlərindən öpür:
“Söz tamama yetdi. Kərəm qıza, qız da Kərəmə aşiq oldu, əhd-peyman elədilər. Kərəm barmağındakı üzüyü qıza, qız da ipək dəsmalını Kərəmə verdi. Kərəm Əslinin gözlərindən öpmək istəyəndə Əsli geri çəkildi. Saşlarından iki tel ayırıb, sinəsaz elədi, aldı, görək, nə dedi:
Nə gəzirsən məlul-məlul bu yerdə?
Aman Kərəm, məni rüsvay eyləmə!
Səni mənə qismət eyləyib Xuda,
Aman Kərəm, məni rüsvay eyləmə!
Kərəm qızın yalvarmağına baxmayıb, onu qucaqladı. Əsli birtəhər onun əlindən qurtarıb dedi:
Heç olurmu bu yerlərdə belə iş?
Keşiş babam duyub eyləyər təftiş,
Öpdün də, qucdun da, artıq var, sovuş,
Aman Kərəm, məni rüsvay eyləmə!
Kərəm özünü saxlaya bilməyib, əl atdı qızın incı belinə. Əsli dedi:
Doymamışam şəkər kimi dilindən,
Qorxum yoxdu mənim heç də ölümdən.
Sarılıbsan incə miyan belimdən,
Aman Kərəm, məni rüsvay eyləmə!
Ağam Kərəm, paşam Kərəm, xan Kərəm!
Alış Kərəm, tutuş Kərəm, yan Kərəm!
Əslin olsun sənə qurban, can Kərəm,
Aman Kərəm, məni rüsvay eyləmə!
Söz tamam oldu. Kərəm onunla halal-himmət elədi”75.
Bu, nəzərdən keşirdiyimiz motiv nişanlanma ritualıdır. Bir-biri ilə evlənəcək gənclər müəyyən əlamət-nişanlar vasitəsi ilə işarələnirlər. Bunlar tanınma-identifikasiya əlamətləridir. Lakin xaosdan qayıdan nişanlı kişi başlanğıcı ilə nişanlı qadın başlanğıcı arasında baş verən tanınma-identifikasiya ritualının məhz bu nişanlanma ritualındakı “identifikasiya əlamətləri” (“tanınma nişanları”) əsasında aparılması süjetin “başlanğıcına” aid olan nişanlanma ritualı ilə süjetin “sonrasına” aid olan tanınma ritualının vahid epik kompleksin iki tərkib hissəsi olduğunu göstərir. Beləliklə:
– Süjetin başlanğıcında həyatları ilahi tale semantemi (məhəbbət dastanlarında: butavermə) ilə bir-birinə bağlı olan gənclərin bir-birilə nişanlanması bütövlükdə etnokosmik identifikasiya kompleksinin tərkib hissəsidir;
– Etnokosmik identifikasiya kompleksi iki xronoloji struktur mexanizmindən ibarətdir: gənclərin nişanlanması (1) və fərd(lər)in nişanlar əsasında tanınması (2);
– Bu iki formul-mexanizmin əsasında işarələmə durur: funksional struktur baxımından nişanlama rutualı – tanıtmaq, xaosdan qayıdarkən yoxlanma rutualı – tanınmaq məqsədini güdür;
– Kommunikativ informasiya baxımından gənclərin nişanlanması – işarələrin yazılması, xaosdan qayıdışda yoxlanma isə – işarələrin oxunmasıdır.
– “Nişanlama” bir semantem kimi identifikasiyanın həm mahiyyəti, həm üsulu, həm də ritual mexanizmidir:
a) nişanlama – mahiyyət kimi identifikasiya kompleksini bütövlükdə əhatə edən işarələr sistemidir;
nişanlama – üsul kimi yenə identifikasiya kompleksini bütövlükdə əhatə edən işarələr sisteminin yazılması və oxunmasıdır;
nişanlama – rutal mexanizmi kimi gənclərin maddi ünsürləri və mənəvi presedentləri əhatə edən identifikasiya əlamətləri (tanıtım nişanları) əsasında nişanlanma mərasimidir.
– İdentifikasiya kompleksi diaxron baxımdan iki mərhələdən: tanıtma (nişanlama) və tanınmadan (nişanların eyniləşdirmə üsulu ilə oxunması) ibarət işlək süjet formuludur;
– İdentifikasiya sinxron baxımdan mürəkkəb ritmik struktura malikdir. Nişanlanma bir dəfə baş versə də, nişanların oxunması təkrarlanır. Nəzərdən keçirdiyimiz “Əsli-Kərəm” dastanında bir sıra tanınma ritualları vardır. Bu cəhətdən identifikasiya süjetin müəyyən ritmlərlə təkrarlanan formuludur. Onun ritmi sınaq formulunun alqoritminə bağlıdır.
Lakin biz qabağa qaçıb həmin tanınma formullarını ümumiləşdirməyəcək, onlara yerində baxacağıq. Çünki burada “Əsli-Kərəm” dastanının süjet modelini təsvir edərkən əsaslandığımız iki prinsipdən birincisi “süjeti onun məhz inkişaf xətti (xronotopu) boyunca formullaşdırmaqdır”. Ona görə də irəli qaçmayıb, paraqrafı “nişanlanma – tanıtma” ritualına aid bir detalın şərhi ilə bitirəcəyik.
Deyildiyi kimi, nişanlamanın səviyyələrindən birini cinsi-fizioloji jestlərlə nişanlama təşkil edir: Beyrək Banıçiçəyi üç dəfə öpür və bir dəfə dişləyir. Eləcə də Kərəm qızı qucaqlayır və öpür. Hazırkı ənənəvi nişanlanma mərasimində qorunmayan bu qədim adət biofizioloji arxetiplərlə bağlıdır. Məlumdur ki, heyvanların nikah mərasimləri ilə insanların ibtidai dövrdəki nikah mərasimləri funksional struktur və mahiyyəti etibarilə eynidir. Dişi heyvana sahib olmaq istəyən erkək heyvanlar öz aralarında vuruşur, qalib gələn heyvan dişiyə sahiblənir. Azərbaycan nağıllarında, o cümlədən dastanlarda bu motivə tez-tez rast gəlirik. Qızın atası şərt qoyur: bu şərtlər vəhşi heyvanlarla döyüşməkdən, tilsimlərin açılmasından və s. ibarət ola bilər. Qalib gələn qıza sahiblənir. Sahiblənmək nişanlama – tanıtma yolu ilə rəsmiləşir. Bizcə, nişanlamanın ən qədim şəkli biofizioloji arxetiplərlə bağlı olan cinsi-fizioloji jestlərlə nişanlamadır. Bunun bioloji mənşəli, yəni heyvanlarla bağlı olmasını bir sıra heyvanlarda onlara məxsus olan ərazilərin nişanlanması kimi instinktiv aktın olması təsdiq edir. Şir, pələng və s. kimi heyvanlar onlara məxsus yaşayış-ov ərazilərinin sərhədlərini öz ifrazatları (sidik-nəcasət) ilə nişanlayırlar. Başqa əraziyə məxsus olan heyvan yad ərazinin sərhədinə çatdığını öz sürüsündən olmayan heyvanın nəcasətinin iyindən bilir. Demək, burada əsas olan iybilmədir. Bir heyvan öz sürüsündəki heyvanların nəcasətini yad sürüdəki heyvanların nəcasətindən iybilmə ilə tanıya, fərqləndirə bilir. Bu mənada iybilmə təkcə biofizioloji instinkt yox, eyni zamanda biososial, biokosmik işarələmə formuludur. Bu bioarxetipi insanda da görürük. “Kitabi-Dədə Qorqud”da “Yaxa tutub iyləşdilər” (yəni “bir-birini qucaqlayıb iylədilər”) ifadəsi var. Bu, bir-birini iy əsasında tanımaq deməkdir. (Bir-birini tanıyan Qanturalı və Selcan: “Gizlü yaqa tutuban yiləşdilər”76; Yenə də bir-birini tanıyan Yegnək və atası Qazılıq qoca: “Babasilə Yegnək gizlü yaqa tutuban yiləşdilər”77). Yaxud südəmər körpə anasını həm də iyindən tanıyır. Bütün bunlar göstərir ki, cinsi-fizioloji jestlərlə nişanlama identifikasiya kompleksinin başlanğıc ritualı olan tanıtma – nişanlama mərasiminin ən qədim şəkillərindəndir. Buradan nəticə çıxarmaq olur ki, xaosdan qayıdanın identifikasiyası zamanı tanınma proseduru həm də iyin eyniləşdirilmə üsulu ilə yoxlanması şəklində də aparılırmış.
Dostları ilə paylaş: |