Kərəm eylə, tərlanını gəl apar.
Tərlan gərək yesin ovun döşünü,
Kərəm eylə, tərlanını gəl apar...
“...Söz tamama yetdi, qız dedi:
– Oğlan, kərəm eylə, tez çıx buradan get, keşiş babam gəlib bizi burada görməsin.
Mahmud dedi:
– Bu gündən mənim adım Kərəm olsun, sənin adın Əsli. İndi quşumu ver, varım gedim.
Aldı Əsli cavabında nə dedi:
...Bülbüllər oxuyur baharın fəsli,
Gözlərin olubdu canımın qəsdi,
Adım Məryam idi, sən qoydun Əsli,
Kərəm oğlan, kərəm eylə, quşun al!”59
Beləliklə, göbəkkəsmə-beşikkərtmə nişanlılar olan Mahmud və Məryam on beş yaşına çatanda bir-birinə rast gəlirlər. Bu görüşdə onlar bir-birini sevirlər. Həmin görüşdə Kərəm özünə və Məryama yeni ad qoyur. Onlar həmin gündən Kərəm və Əsliyə çevrilirlər. Bu çevrilmə oğlan və qızın on beş yaşına çatması ilə baş verir. On beş yaşda onlar uşaqlıq-yeniyetməlik dövrünü başa vurub, ömürlərinin ikinci mərhələsinə – evlənmə həddinə çatırlar. Demək, Kərəm və Əslinin bu iki ömür fazası arasındakı görüşü həm də ölüb-dirilmə səciyyəsi daşıyan keçid rutualıdır. Keçid rutuallarının əsas mexanizmi ölüb-dirilmədir: ritual subyekti bir ömür fazasını başa vuraraq ölür, yeni fazada doğulur. Fərd bu zaman bütün köhnə statusunu tərk edir, yeni status əldə edir. Onun cəmiyyətdəki yeni statusu yeni adla təsdiq olunur. Başqa sözlə, fərdin bir fazadan o birinə adlaması həm də addəyişmə ilə müşayiət olunur. Bu ritual mexanizmi “Əsli-Kərəm”də arxaik epizod, anlaşılmaz motiv şəklində qalmışdır. Dastanın müasir daşıyıcılarını (aşıqları) bu ibtidai icma dövrünə aid ritual mexanizmindən minillərlə ölçülən məsafə ayırdığı, başqa sözlə, addəyişmənin məntiqi mətnin arxitektonik dərinliklərində qaldığı üçün Mahmud və Məryamın adlarının dəyişdirilməsi mətnin süjetüstü qatında (tarixi şüurda) “normal” məntiqlə əsaslandırıla bilməmişdir. M.H.Təhmasibin yazdığı kimi, oğlanın adı Mahmud, qızın adı Məryəmdir. Variantların heç birində yaxşı əsaslandırılmayan səbəbə görə hər ikisi öz adlarının dəyişirlər. Oğlanın adı Kərəm, qızın adı isə Əsli qoyulur60.
Doğrudan da, dastanın başqa variantlarında da adların dəyişdirilməsinin müasir məntiqlə ağlabatan izahı yoxdur. Məsələn, dastanın 1979-cu il nəşrində oxuyuruq:
“ – Oğlan, kərəm elə, tez çıx get… babam gəlib bizi görməsin.
Mahmud dedi:
– Gedərəm, ancaq gərək bir xahişimi yerinə yetirəsən.
Məryəm dedi:
– O nə xahişdir?
Mahmud dedi:
– Mən istəyirəm ki, sənin adın Əsli olsun.
Məryəm gördü ki, Mahmud əl çəkməyəjək, çar-naçar razı oldu.
Mahmud dedi:
– İndi ki, sən mənim sözümü yerə salmadın, adını Əsli çağırmağa razılıq verdin, bundan sonra sən də mənim adımı Kərəm çağır61.
Tağı Xalisbəyli addəyişməni o dövrün dini gerçəklikləri ilə izah etmişdir: “Heç şübhəsiz, XVI əsr Azərbaycan şəraitində qızla oğlanın görüşüb sevişməsi dövrün qanunlarına zidd olduğundan gizli qalsın deyə qəhrəmanlar bu yolu seçirlər”62.
M.Cəfərli bununla razılaşmayaraq göstərir: “Fikrimizcə, “Əsli-Kərəm” dastanında bu addəyişmə motivinin əsasında mərhum professorun söylədiyi amillər durmur. Professorun yazdığına görə, Mahmud özünün və Məryəmin adını dini zəmində törənəcək təhlükələr qarşısında dəyişməli olur. Başqa sözlə, addəyişmənin səbəbində dini konflikt durur. Əgər biz bu fikri qəbul etmiş olsaq, onda belə addəyişməyə başqa məhəbbət dastanlarında tuş olmamalıyıq. Ancaq belə motiv “Aşıq Qərib”də də var”63. “Əgər yuxarıda (T.Xalisbəylidə – S.R.) Mahmud-Kərəm və Məryəm-Əsli transformasiyaları dini səbəblərlə motivləndirilirsə, burada da eyni üsulla Rəsulun Tiflisdə Qərib olmasını addəyişmənin motivi kimi götürmək olar. Lakin fikrimizcə, nə birinci, nə də ikinci halda addəyişmənin əsasında bu zahiri əsaslandırma durmur. Məsələnin mahiyyəti daha dərindədir”64.
Addəyişmə formulunu kosmoqonik yaradılış mexanizmi kimi araşdırmış M.Cəfərli göstərir ki, məhəbbət dastanlarının statik formullara əsaslanan strukturu olduğunu göz önündə saxlasaq, hər bir motivin mətndə müəyyən işarəvi semantikaya malik olduğunu nəzərə almalıyıq. İndiki halda ən üzdə olan paralel “Kitabi-Dədə Qorqud” dastanları ilə aparıla bilər. Bütün qəhrəmanlıq dastanlarından qəhrəmanlara ad qoyulması xüsusi məzmun daşıyır65.
M.Cəfərli Azərbaycan dastançılıq düşüncəsindəki advermə formulunu tarixi-diaxron aspektdə dəyərləndirərək advermənin “adqoyma və addəyişmə”dən ibarət mürəkkəb struktura malik olduğunu müəyyənləşdirmişdir: “On beş yaşına çatmış uşaqlara göstərdikləri igidliklərə görə Dədə Qorqud tərəfindən adlar verilir. Bu baxımdan məhəbbət dastanlarında Mahmudla, Rəsulun addəyişmələrinin “Kitabi-Dədə Qorqud”dakı adqoymalarla sanki əlaqəsi yoxdur. Ancaq bu, zahirən belədir. “Kitabi-Dədə Qorqud”dakı motivlərdən bəhs edən bütün tədqiqatçılar onlardan məhz “adqoyma” kimi bəhs etmişlər. Lakin həmin motivin mənalı elementlərinin axıradək öyrənilməsi bu adqoymanın, əslində, addəyişmə olduğunu göstərməkdədir”66.
Alim daha sonra göstərir ki, “Kitabi-Dədə Qorqud”da da on beş yaşına çatmış gənclər artıq bəyliyin astanasında olurlar. Bunun üçün onlar “baş kəsib, qan tökməlidirlər”. Bunlardan sonra onları Dədə Qorqud inisiasiyadan keçirir: bu, advermə mərasimidir. Əslində, bu mərasim onlara yenidən ad verilməsidir – addəyişmədir. “Kitabi-Dədə Qorqud”dakı bu advermə-addəyişmə məhəbbət dastanlarındakı addəyişməyə ekvivalentdir. Bunu həm də əski qəhrəmanlıq dastanının məhəbbət dastanında yaşayan canlı izləri kimi qəbul etmək olar. Ancaq bunun başqa, daha doğrusu, yeni semantikası vardır. Bu, məhəbbət dastanlarının təsəvvüfi davranış kodu ilə bağlıdır. Əgər “Kitabi-Dədə Qorqud”da gənclərin müəyyən yaşda ad almaları çox əski bir ritualla təsdiq olunursa, əslində, məhəbbət dastanlarında Rəsul və Mahmudun öz adlarını uyğun olaraq Qərib və Kərəmə dəyişmələri əsaslandırılmır. Bu mənada, yeni addəyişmə əski arxetiplərindən formal strukturu ilə yox, epik kodu ilə seçilir. Bu epik kod alp qəhrəmandan haqq aşığı qəhrəmanını fərqləndirir. Bu mənada, Beyrək və Buğacın ad almaları ilə Kərəm və Qəribin ad almaları eyni arxetipə köklənsə də, semantik dəyərləndirmə baxımından fərqli və yenidir. Bu xüsusda bizə qəhrəmanların buta almaları açar verir. Bu “açar” “buta” elementinə daha bir mühüm və indiyədək toxunulmamış aspektdən baxmağa imkan verir. Məsələ burasındadır ki, məhəbbət dastanlarının əsas kütləsi ilə təsdiq olunan butavermə mexanizmi öz simvolik təbiəti ilə əski türk inisiasiya (ölüb-dirilmə) mərasimini əks etdirir. İnisiasiya mərasimindən keçən simvolik şəkildə ölür, ölüm dünyasına – sakral dünyaya daxil olur, sonra təzə statusla doğulur. Bu ritual strukturu məhəbbət dastanlarının butavermə aktında da var. Bu mənada, biz butaverməni əski inisiasiya mərasimlərinin məhəbbət dastanlarındakı transformasiya hesab edirik67.
Müəllif daha sonra göstərir ki, butavermə qəhrəmanın ölərək o biri dünyaya getməyini, ilahi qüvvələrdən yeni status almağını və təzədən yeni statusda bu dünyaya gəlməyini simvollaşdırır. Təbii ki, dünyaya «təzədən gələn» – «doğulan» yeni statusuna uyğun ad da almalıydı. Keçid (inisiasiya) mərasimlərindən keçmiş neofit – gənc adam cəmiyyətdə artıq yeni sosial qrupa aid olunur, yeni sosial mövqeyə çıxırdı və bu baxımdan o, həm də təzə ad alırdı. «Kitabi-Dədə Qorqud»da qəhrəman bəylik qrupuna keçirilmək üçün baş kəsib, qan tökməliydi. Bundan sonra Dədə Qorqud onu inisiasiya mərasimlərindən keçirirdi. Tədqiqatçılar bunu advermə mərasimi adlandırırlar. Ancaq burada təkcə ad verilmir: qəhrəman bəylik hüququ, mal-mülk, otlaq sahələri və s. alırdı. Onun yeni sosial-ictimai mövqeyi yeni adla təsbit olunurdu. Butavermədə də qəhrəman öz köhnə vəziyyətindən çıxır, yeni vəziyyətə (haqq aşiqliyinə) daxil olur. Onun yeni durumu yeni adla təsbit olunur. Heç təsadüfi deyildir ki, istər Rəsulun yeni adı olan Qərib, istərsə də Mahmudun yeni adı olan Kərəm məhz onların yeni vəziyyətlərinə – haqq aşiqliyinə uyğun adlardır68.
Beləliklə, Mahmud və Məryamın on beş yaşına – həddi büluğa çatmaları ilə onların ömrünün bir fazası başa çatır. Onlar yeni fazaya qədəm qoyurlar: yeni faza – yeni status, yenu durum, yenu mövqe və bütün bunları təsdiq edən yeni ad deməkdir. Bunun üçün qəhrəmanlar inisiasiya mərasimindən keçməli, köhnə statuslarında ölüb, yeni statusda doğulmalıdırlar. Bu, addəyişmə ritual mexanizmi vasitəsilə həyata keçirilir. Məhəbbət dastanında bu mexanizm və onun mənsub olduğu ritual sistemi bütövlükdə butavermə adlanır. Mahmud və Məryəm ilahi tale semantemi ilə göbəkkəsmə//beşikkərtmə nişanlılar olsalar da, onlar on beş yaş həddinə qədər hələ yeniyetmə statusundadırlar. Təsadüfi deyildir ki, nişanlı olan bu gənclər on beş yaşa qədər bir-birləri ilə bircə dəfə də olsun görüşməyiblər. On beş yaşla onların uşaqlıq-yeniyetməlik dövrü başa çatır. “Dədə Qorqud”da da oğuz bəylərinin övladları on beş yaşa qədər uşaqlıq-yeniyetməlik adları ilə tanınır, on beş yaşın tamamında isə onlar bəylik statusuna keçirilirdilər. Bu zaman inisiasiya ritualından keçən gəncin adı hökmən dəyişməli, o, yeni statusuna uyğun yeni ad almalı idi. Mahmud və Məryəm də on beş yaşına çatmaqla yeni fazaya – haqq aşiqləri mərhələsinə qədəm qoyurlar. Bu baxımdan, Kərəm və Əsli adları onların yeni statusunu təsbit edən adlardır.
Mahmud və Məryəmin uyğun olaraq Kərəm və Əsli adlarını almaları onların yeni bir dünyaya – eşq dünyasına qədəm qoymaları ilə bağlı idi. Bu yeni dünyada onların:
Dostları ilə paylaş: |