§ 4. “Butavermə – göbəkkəsmə nişanlanma” formulu
“Əsli-Kərəm” dastanında Ziyad xan Vəzir Qara Keşişlə əvvəlcədən şərt kəsir:
“– Əgər mənim qızım, sənin oğlun oldu, mən qızımı sənin oğluna verim; yox, sənin qızın, mənim oğlum oldu, sən qızını mənim oğluma ver.
Keşiş razı oldu. Kağız yazıb, qol qoyduqdan sonra hərə öz otağına getdi”42.
Beləliklə, dastan qəhrəmanları Əsli və Kərəm hələ doğulmamışdan qabaq nişanlanırlar. Bu, müasir dövrdə “göbəkkəsmə nişanlılıq” adlanır. “Dədə Qorqud”da bunun adı “beşikkərtmə yavuqlı” şəklində keçir: “Baybican bəg aydır: “Bəglər, Allah-təala mana bir qız verəcək olursa, siz tanıq olun: mənim qızım Baybörə bəg oğlına beşikkərtmə yavuqlı olsun” – dedi”43.
Beşikkəsmə//göbəkkəsmə nişanlılıq milli mədəniyyətimizdə ta qədimlərdən mövcuddur və bu adət günümüzdə də bir sıra hallarda davam edir. Bunun bir sıra formaları var. Məsələn, birinin oğlu, yaxud oğul nəvəsi hələ uşaq olarkən o, əhd edir ki, filankəsin qızı böyüdükdən sonra onu oğlana alacaq. Yaxud hələ də əmioğu və əmiqızı haqqında işlək olan bir ifadə var: “Əmioğu ilə əmiqızının kəbini göydə kəsilib”.
Bu nişanlılıq mahiyyəti etibarilə tale semantemi ilə bağlıdır. Başqa sözlə, doğulacaq uşaqların taleyi qabaqcadan müəyyənləşdirilir. “Tale semantemi” bir etnokosmik düşüncə formulu, epik mətnin struktur vahidi, epik düşüncə arxetipi olaraq Azərbaycan folklorşünaslığında tədqiq edilməyib. Hikmət Quliyevin müdrik qoca arxetipinə dair Azərbaycan folklorşünaslığında ilk dəfə olaraq apardığı monoqrafik tədqiqatın44 nəticələri göstərir ki, tale semantemi bütün hallarda müdrik qoca arxetipi ilə bağlıdır. Başqa sözlə, taleyə yalnız müdrik qoca arxetipinin paradiqmasını təşkil edən varlıqlar müdaxilə edə bilərlər. Göbəkkəsmə nişanlılıq da bütün hallarda ağsaqqal, ağbirçəklər tərəfindən müəyyənləşdirilir. Bu cəhətdən ağsaqqal, ağbirçək, qoca, seyid, molla, dayı və başqaları “müdrik qoca” arxetipinin paradiqmalarıdır.
“Müdrik qoca” sakral arxetipdir: o, bir tərəfi ilə insanların dünyası (profan dünya), o biri tərəfi ilə tanrılar, övliyalar, müqəddəslər – bir sözlə, sakral dünya ilə bağlıdır. Bu, onun mediativ funksiyasını göstərir. Demək, “müdrik qoca”lar tərəfindən qabaqcadan kəsilən kəbin (beşikkərtmə, göbəkkəsmə nişanlılıq), əslində, göylər aləmi, sakral sfera ilə bağlı nişanlılıqdır. Bu nişanlılıqla müəyyənləşən tale “ilahi tale” – İlahidən gələn taledir. “Əmioğu ilə əmiqızının kəbini göydə kəsilib” formulu da göbəkkəsmə nişanlılığın ilahi tale formulu ilə bağlılığını təsdiq edir.
Azərbaycan məhəbbət dastanlarının Aşiq-Məşuq qəhrəmanları ilahi tale semantemi ilə bir-birinə bağlanmış obrazlardır. Bu dastanlarda həmin nişanlılıq butavermə adlanır. Butavermə haqqında çox yazılıb. Onun bir motiv kimi qısa məzmunu ondan ibarətdir ki, həddi-büluğ yaşına çatmış qəhrəmana yuxuda hər hansı qız buta verilir. Buta ağsaçlı, nurani bir qoca tərəfindən verilir. Buta həm oğlana, həm də qıza verilir. Bunlar haqq aşiqləri adlanır: heç həs bu nikahın gerçəkləşməsinə mane ola bilmir. Çünki bu, birbaşa Haqdan – Allahdan gələn nişanlılıqdır və Allaha yaxın varlıqlar tərəfindən həyata keçirilir. Müşahidələr göstərir ki, məhəbbət dastanlarında butavermə Həzrət Əli (ə.) kultu ilə bağlıdır. Bu cəhətdən məhəbbət dastanlarındakı müdrik qoca obrazı Həzrət Əli kultu ilə müxtəlif səviyyələrdə bütün hallarda bağlıdır. M.Cəfərli yazır ki, nəzərdən keçirdiyimiz materiallarda İmam Əli-Şah Mərdan-Dərviş-Ağa-Qırxlar-Xızır Nəbi obraz kompleksinin həm uşağın doğulmasında, həm də buta almasında iştirak etdiyini gördük. Bu isə öz növbəsində bizim irəli sürdüyümüz bir tezisi təsdiq edir ki, butavermə hadisəsi Aşiq-Məşuqun bir-birlərinə buta verilmələrindən yox, qəhrəmanların dastanlarda görünən, yaxud görünməyən doğuluş motivindən başlayır. Bu, başlanğıc motividir. Beləliklə, buta bir epik-semantik kompleks kimi dastanın bütün strukturunu əhatə edir. Bu mənada mətnin struktur-semantik tədqiqi baxımından Azərbaycan məhəbbət dastanları strukturunun «oxusu» bütövlükdə «buta» kodundan gələn oxudur. Bunun belə olmağı ilə məhəbbət dastanları strukturunun bütün elementləri bir kod baxımından özünün elmi şərhini də tapa bilir45.
“Əsli-Kərəm” dastanında Kərəm və Əsli bir-birinə buta verilməsələr də, onlar da haqq aşiqləri, yəni buta aşiqləri hesab olunurlar. Başqa sölə, Azərbaycan məhəbbət dastanlarında istər bir-birinə buta verilən, istərsə də göbəkkəsmə ilə nişanlanan qəhrəmanlar buta aşiqləridir. Bu məsələni geniş şəkildə tədqiq etmiş M.Cəfərli göstərir ki, butavermə motivi qəhrəmanın doğuluşu motivindən ayrı təsəvvür olunmur. Əslində, istər doğuluş, istərsə də butavermə ikisi məhəbbət dastanlarında bir-biri ilə işarə baxımından bağlı motivlərdir. Onların əlaqəsinin məhz işarə səviyyəsində olması bu motivləri mətnin struktur tədqiqi baxımından semiotik vahidlər kimi nəzərdən keçirməyə imkan verir. Bunun belə olduğu ondan görünür ki, məhəbbət dastanlarının başlıca kütləsində əgər gələcək Aşiq-Məşuqların doğuluşu təsvir olunursa, onda onlar göbəkkəsmə nişanlanırlar. Bu halda qəhrəmanların bir-birinə buta verilməsi olmur. Doğuluş süjeti olmayanda isə butavermə olur. Beləliklə, doğuluş və onunla bağlı göbəkkəsmə nişanlanmanın olub-olmaması butavermə motivinin olub-olmamasının işarəsi kimi çıxış edir:
Dostları ilə paylaş: |