Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu


AŞIQ VƏLİ İLƏ SƏNƏM XANIM



Yüklə 2,22 Mb.
səhifə76/92
tarix07.01.2022
ölçüsü2,22 Mb.
#83325
1   ...   72   73   74   75   76   77   78   79   ...   92
AŞIQ VƏLİ İLƏ SƏNƏM XANIM
Tovuz mahalından Vəli adlı biri aşıqlığa başlayır. Az bir zamanda ad-sanı hər yana yayılıb Qarabağda Sənəm xanımın qulağına çatır. Bir gün Sənəm qaravaşların birin çağırıb “get ağıllı-başlı bir çapar tap gətir!” deyir. Qaravaş bir çapar tapıb gətirir. Çapar xanımın yanına gəlib deyir:

– Xanım, mənim işim namə aparmaqdı, ayrı işin olsa, məndən vaz keç!

– Elə mən də sənə namə verəcəm, de görüm savadın var?

– Bəli xanım.

– Otur, mən deyim, sən də yaz!

Çapar əldə qələm gözləyir görə Sənəm xanım nə de­yəcək.

Sənəm xanım başladı:

Aşıq Vəli, al naməni!

Cürətin var, meydana gəl!

Ya şairlik adın götür,

Yadakı mərdi-mərdana gəl!
Mənzilim çox olub uzaq,

Bədəninə dəysin sazaq,

Öz məkanım, bil Qarabağ,

Orda adil divana gəl!


Gecələrin ulduzuyam,

Aşıq söhbəti sazıyam,

Sənəm Məhəmməd qızıyam

Durmağınan dövrana gəl!

Sözlər qurtarıb, Sənəm xanım çapara dedi:

– Bu naməni apar, Tovuzda ver Aşıq Vəliyə!

Çapar naməni götürüb yola düşdü, neçə gündən sonra Tovuza çatıb naməni verdi Vəliyə. Aşıq Vəli naməni oxuyub cavabını yazdı:

Namən yetişdi əlimdə,

Dövr edib meydana gəldim.

Həm aşığam, həm də şair,

Mən mərdi-mərdana gəldim.
Məni tanıyır əhali,

Məndən çox etmə suvalı!

Mahalım Tovuz mahalı,

Sığındım sübhana gəldim.


Köməyimdir mövla Əli,

Darda qalsam, dada gəli,

Öz adımdır Aşıq Vəli,

Səntək dövr əfşana gəldim.

Çapar namənin cavabın alıb Qarabağa sarı yola düşdü, Sənəm xanımın evinə çatıb naməni verdi. Sənəm xanım yol gözləməkdə, Aşıq Vəli də anasından icazə alıb Qarabağa sarı yo­­la düşdü. Neçə gündən sonra Qarabağa çatıb Sənəm xanı­mın evin soruşub tapdı. Qapını çaldı, qaravaşların biri qapını açdı.

– Kimsiz? Kiminən işiz var?

– Mən Aşıq Vəliyəm, Sənəm xanımnan işim var.

– Dayanın, xanımdan icazə alım!

Qaravaş qayıdıb evə Sənəm xanıma Aşıq Vəlinin gəl­məsin dedi.

– Yol ver, gəlsin içəriyə!

Qaravaş Aşıq Vəlini keçirdib içəri apardı xanımın ya­nı­na. Xoş-beşdən sonra Aşıq Vəli dedi:

– Xanım, dur deyişməni başlayaq!

Sənəm xanım adam yolladı, şəhərdə car düşdü, hamı yı­ğıldı meydana. Sənəmnən Aşıq Vəli girdilər meydana. Qa­baqca Sənəm xanım başladı:

Ağıldan kəm, dildən çaşqın bipəmər,

Nə fikir edib bu meydana gəlmisən?

Bağlaram qolunu, allam sazını,

Bu sevdada çox rəbana gəlmisən.
Aşıq Vəli:

Tovuzdan eşidib Sənəm sədasın,

Can demə ki, can almağa gəlmişəm.

Səndə yoxdur aşıqlığın siması,

Aşıqlardan san almağa gəlmişəm.

Sənəm:


Sındıraram qanadın, sındıraram belin,

Elə sual verərəm, lal olar dilin,

Mən sərrafam, vardı ləlin, gövhərin?

Ya ki burda sən zindana gəlmisən?


Aşıq Vəli:

Aşıqlıq elmindən nədir pərkarın?

Gətir, tök bazara ləlin, gövhərin!

Əbcəd hesabından vardır xəbərin?

Şahaniyam, şan almağa gəlmişəm.
Sənəm:

Mən Sənəmin tayı yoxdu dünyada,

Tamam mahallara salmışam sada.

Aşıq Vəli, salma məni irada!

Döndərərəm bağrını qana, gəlmisən.
Aşıq Vəli:

Tovuz mahalında mən də Vəliyəm,

Aşıqlıq elmindən yaxşı halıyam,

Anlayanın nökəriyəm, quluyam,

Anlamazdan can almağa gəlmişəm.

Sözlər başa çatıb ikinci meydanda qıfılbənd soruşmağa başladı:

Gəl sənə söyləyim, ay Aşıq Vəli,

Nə gündə dünyanın tərhi töküldü?

Kim qoydu binasın, kim səpdi dənin?

Kim suvardı suyun, mərzi çəkildi?

Aşıq Vəli:

Al cavabın deyim, ay Sənəm xanım!

Şənbədə dünyanın tərhi töküldü.

Adəm Səfiyulla Cəbrayıl Əmin,

Suyunu suvardı, mərzi çəkildi.
Sənəm:

Kimdi, atasına danışdı yalan?

Kim idi, quyuda daş üstə qalan?

Kim idi, Cəmşidi təxt üstən salan?

Kimdi, haqq söylədi, dara çəkildi?
Aşıq Vəli:

Yaqub övladları danışdı yalan,

Yusifdi, quyuda daş üstə qalan,

Əlidi Cəmşidi təxt üstən salan,

Mənsurdur haq üstə dara çəkildi.
Sənəm:

Sənəm deyir, nədir dövrəm alıbdır?

Kim idi eşq odun sana salıbdır?

Kimdir, əsasın Nilə çalıbdır?

Onda dərya varə-varə çəkildi.
Aşıq Vəli:

Vəli deyir, düşmən dövrəm alıbdır,

Züleyxa eşq odun cana salıbdır,

Musa əsasın Nilə çalıbdır,

Onda dərya varə-varə çəkildi.
Hamı Aşıq Vəliyə “var ol” deyib dönə çatdı Vəliyə. Aşıq Vəli meydanı o baş-bu baş eyləyib üzün tutdu Sənəm xanıma:

Təcnis hərfin xiridara yetirən,

Dərk eylər sinədə saqalı tez-tez.

Tərlan sığar, caynaq çalar, qan eylər,

Sar da şikarını sağalı tez-tez.

Dodaqdəyməz deyəndə Sənəmin dili lal oldu. Aşıq Vəli sözünün ardın tutdu:

“Hey” reynin dadıdı, reyn də nə dadı?

Nahaq ləzzət dahanlarda nə dadı?

Nakəslərin qəhr içində nə adı?

Çağır sidqi dildə sağ qalı tez-tez!


Aşıq Vəli nar sinədə nə qala,

Atəş “sin”də, şəcər canda nə qala,

Eşq içində aşiq sirri nə qala,

Şiri-yəzdan gəlsə sağalı tez-tez.

Sənəm xanım sözlərin cavabın verənməyib bağlandı. Aşıq Vəli sazın çiyninə salıb yola düşdü ki, getsin, Sənəm ağladı. Aşıq Vəli Sənəmdən niyə ağladığını soruşanda, dedi:

Day təsnə çəkməyin zamanı gəldi,

İşvə ara, qəmzə ara, naz ara!

Gözəllərdə daimi qəmzə görünür,

Gülşəndə gəz, bağçada ol, yaz ara!
Aşıq Vəli:

Eşq dəryasına dalan ay aşıq!

Narın çalxan göldə quba qaz ara!

Güllü-bağçalarda xublar içində,

Nəcib axtar, nazik tanı, naz ara!

Sənəm:


İgidlər şahısan ay gözü xumar!

Yandırıb yaxırsan məni aşikar!

Qəmə qərq olmağda de görüm nə var?

İşvə ara, qəmzə ara, saz ara!


Aşıq Vəli:

Çoxları müştaqda ağ üzdə xala,

Yar gərəkdi yardan bir ilqar ala,

İnanmı rambu gözəllik day sola,

Dərdim çoxdur, dinmirəm az ara!
Sənəm:

Gövhər xiridarı bir qəvvas ola,

Könül qəm çəkməkdə sərəfraz ola,

İstəsən dünyada dərdin az ola,

Gəl, al bu Sənəmi dərdi az ola!
Aşıq Vəli:

Dərdli Vəli kimi ah çəkmə dildən!

Rəngin artıq olub lalədən, güldən,

Bir cavab gözlürdüm ağızdan, dildən,

Şirin kama yetişsə xoş muraz ara!

Belə olanda Aşıq Vəli Sənəm xanımla evlənib Tovuzda yeddi gün, yeddi gecə toy eləyib şən yaşadılar.





Yüklə 2,22 Mb.

Dostları ilə paylaş:
1   ...   72   73   74   75   76   77   78   79   ...   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin