Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu


AŞIQ BƏHMƏNLƏ HUMAY XANIM



Yüklə 2,22 Mb.
səhifə78/92
tarix07.01.2022
ölçüsü2,22 Mb.
#83325
1   ...   74   75   76   77   78   79   80   81   ...   92
AŞIQ BƏHMƏNLƏ HUMAY XANIM
Günlərin birində Aşıq Bəhmən Göyçə mahalının Gəncə şəhərində bir toy eləyir. Onun gözəl çalıb oxuması Gəncədə hamının xoşuna gəlir. Bu toydan sonra Aşıq Bəhmənin öyü (tərifi) hər yana yayılıb, Şirvanda Humay xanımın qulağına çatır. Humay xanım özü bilgili bir şair olduğu üçün ad aç­mışdı, ona görə də bütün aşıqlarla düşmən olub, onlarla de­yişib bağladığı aşığı öldürddürürdü.

Bir gün Humay xanım bir çapar tapıb dedi:

– Gündə neçə alarsan, səni yollayam Göyçə mahalına?

Çapar bir tümənə işləsəydi Humay xanım iki tümən pul, bir yaxşı at verib dedi:

– Dayan namə yazım, apar yetir Gəncə şəhərində Aşıq Bəhmənə!

Humay xanım qələm, kağız götürüb Aşıq Bəhmənə belə bir namə yazdı:


Məndən salam olsun Aşıq Bəhmənə,

Əgər hünərin var, bizim elə gəl!

Naməni görəndə qaçma bir yana,

Əlbət sən bir gün keçərsən ələ, gəl!

Çapar dedi:

– Xanım, yaxşı yazmadın.

– Sənin də şeirdən başın çıxar?

– Hələ bəlli deyil, naməni alanda qaçacaq ya yox? Sən indidən deyirsən “Qaçsan keçəcəksən ələ, sən”.

– Sənin başın çıxmaz, qulaq as ikincinə!

Namə çatsa, əgər mərd oğlu mərdə,

Alanda naməni qalmaz o yerdə.

Neçəsin salmışam bilinməz dərdə,

Əgər gəlsən, sən bu başdan belə gəl!

Çapar dedi:

– Hə, bu yaxşı iş oldu, belə yazsan, gələr.

Humay xanım dedi:

– Qulaq as, son bəndinə:

Yalandan mahala salmaginan hay!

Şairlikdə daha gəlməz mənə tay.

Bizim Şirvan eli, öz adım Humay,

Əgər bülbül olsan bizim gülə gəl!

Çapar gülümsədi. Humay xanım dedi:

– Nəyə güldün?

– Son bəndi yaxşı dedin “Bülbül olsan bizim gülə gəl!”

Humay xanım naməni möhürləyib dedi:

– Aşıq Bəhməni tap, naməni ver, cavabın da al gətir!

Çapar atlanıb neçə gün yol gedəndən sonra çatdı Gəncə şəhərinə. Öz-özünə dedi:

– Aşıqlar qəhvəxanalarda olarlar. Yaxşıdı gedim qəhvə­xa­na­lardan soruşum.

Bir neçə qəhvəxanadan soruşub birində dedilər: “Aşıq Bəhmən burda olar, bir az gözləsən gələr”. Çapar oturub bir çay içib dincəldi. Bir az sonra dedilər: “O guya əlində saz gə­lən Aşıq Bəhməndi”. Çapar yönəlib Aşıq Bəhmənə sarı dedi:

– Qardaş, Aşıq Bəhmənsən sən?

– Hə mənəm.

– Göyçə mahalından?

– Hə.

Naməni verdi aşığa. Aşıq naməni oxuyub pozuldu, son­ra güldü.



Çapar dedi:

– Niyə pozuldun? Niyə güldün?

– Buna görə pozuldum, bir arvad mənə namə yazıb. Sevinməyim də ondandır. Gedib bağlasam, onu alacağam.

Çapar dedi:

– Namənin cavabın yaz, mən gedim, sonra toy fikrin elərsən!

Aşıq Bəhmən sazı köynəyindən çıxardıb zilini zil, bəmi­ni isə bəm köhləyib dedi:

– Çapar, mən deyim, sən də yaz!

Aldım salamını namə göndərəm,

Allah qoysa, sizin elə gəlirəm.

Sədanı eşidib düşdüm yola,

Mən bülbüləm, səntək gülə gəlirəm.

Çapar dedi:

– Bəh-bəh, onun cavabın elə bu yaza bilərdi.

Aşıq dedi:

– Qulaq as!

Göyçədən gəlirəm mən sizin yerə,

Maya gərdən çəksə, nə eylər nərə?
Dolaram mahalları bir-birə,

Düşdüm yola indi, hələ gəlirəm.


Heç kimə vermərəm meydanda aman,

Sərrafam, seçərəm mən yaxşı-yaman,

Özüm göyçəliyəm, adımdır Bəhmən,

Yük bağlayıb düşüb yola gəlirəm.

Namənin başın bağlayıb verdi çapara, dedi:

– Sən get! Mən də gəlirəm, əlimdə toyum var!

Çapar naməni alıb dağları, yolları aşıb neçə gündən son­ra Humay xanımgilə çatıb naməni verdi Humay xanıma. Hu­may xanım yol gözləməkdə, Bəhmən toylarda xoş keçirir. Gün­lər gəlib ötdü, orucluq ayı yaxınlaşdı. Bir gün Bəhmən oturub namələrin tökdü qabağına görsün kimin toyun eləyib, kiminki qalır? Namələrin içində gözü sataşdı Humay xanımın yazısına. Namənin üstündən bir ay keçir. Durub sazı salıb çiy­ninə, atlanıb ata, Şirvana sarı yollandı. Dağlardan, dərələrdən aşıb yolları keçdi. Doğma yurdundan uzaqlaşan Aşıq dönüb geridə qalan Göyçə dağlarına baxarkən kövrəldi: “Görəsən, bir də bu yerləri görə biləcəm, ya yox?” Gündüzlər yol gedib, gecələr dincəldi, neçə gündən sonra Şirvan şəhərinə çatdı. Hu­­may xanımın evin soruşub yollandı onlara sarı. Bir nəfər bu­nun qabağın kəsib dedi:

– Qardaş, aşıqsan?

– Bəli.

– Niyə gəlibsən?

– Gəlmişəm Humay xanımnan deyişəm.

– Oğul, qayıt get.

– Əmi niyə?

– O, bağladığı kəsi öldürddürür, sən cavansan, səni də bağlayıb öldürddürər.

– Olsun. İnsan ilqarının üstündə ölsə də yaxşıdı.

Bəhmən kişidən ayrılıb yönəldi Humay xanımın evinə. Qapını çaldı, kəniz qapını açıb gördü əlində saz bir aşıqdır.

Soruşdu:

– Aşıq kimsiz?

– Mən Göyçəli Aşıq Bəhmənəm, Humay xanım istəyib, gəlmişəm.

– Yaxşı, dayanın gəlim – deyə kəniz qayıtdı evə. Xanım namə yazdığız aşıqdı.

– De gəlsin içəriyə!

Kəniz qayıtdı qapıya sarı “Aşıq, buyur evə”.

Aşıq Bəhmən keçib içəri gördü böyük gül-çiçəkli bir həyətdi. Humay xanım gözəl bir hovuzun qırağında oturub, bir yanda samavar qaynayır, bir yanda qaravaşlar şənlikdədir­lər. Humay xanım görən kimi ayağa qalxıb “Xoş gəldiz, Aşıq” dedi. Bəhmən yönəlib Humay xanımın yaxınlığında oturub dedi:

– Ay qız, deynən şəhərdə car çəksinlər, meydanı da ha­zırlasınlar, sabah deyişmə başlanacaq.

Şəhərdə car çəkildi. Deyişməni hamı bildi. Gecə ötüb sə­hər oldu. Meydan sulandı. Deyişməni yazmaq üçün mirzə­lər düzüldü. Şəhərdə yaşıyanlar gəlib meydanı çevrələdi. Aşıq Bəhmən keçib meydanın baş ucunda tək oturdu, özü də necə kədərlidir. O yandan Humay xanım qızlarla birlikdə gəldi Bəhmənin yanına. Bəhmən yerindən qalxıb “Xoş gördük” dedi. Humay xanım cavab verib üzün tutdu meydandakılara :

– Ay bura yığışanlar, mən namə yazıb Aşıq Bəhməni deyişməyə çağırmışdım. İndi görürsüz, budur, gəlib! Biz de­yişəcəyik, qəzavatı siz edəcəksiz.

İki aşıq girib meydana, mirzələr əldə qələm gözləyirlər söz başlasın. Öncə Humay xanım dedi:

– Aşıq Bəhmən, eşit!

Özünə güvəndin, yoxsa qanmadın?

Vardır bir əlamət səndə, gəlibsən.

Soruşdun, de sənə nə dedi ellər?

Bu yolları neçə gündə gəlibsən?


Aşıq Bəhmən:

Allahı bir bilib buraya gəldim,

Vardır çox hünərim, mən də gəlmişəm

Adını soruşub yükünü bildim,

Bar bağlayıb mən on gündə gəlmişəm.
Humay xanım:

Özündən çox demə, mən də şairəm,

Hər bir yana sözlərimi yayıram,

Necəsən ki, çəkəm çənən ayıram?

Şahmartək çalaram, nəyə gəlibsən?!

Aşıq Bəhmən dedi:

– Xanım, dava eləmirik ki, mənim əngimi çıxardasan? Bu söz meydanıdı, sözü deyirsən, cavabını eşit!

Çox şairəm demə, səni ataram!

Matah edib, karvanlara qataram,

Səmalarda gəzən, uçan qartalam,

Əlimdə tur, kəmənd ilə gəlmişəm.
Humay xanım bir o başa gedib, bir bu başa gəlib dedi:

Əhəstədən danış, çıxma göylərə!

Yüz min tülkü neylər, söylə sən, şirə?

Söz ilə meydanda vuraram yerə,

Humay salıb səni fəndə, gəlibsən.
Aşıq Bəhmən:

Bir mürdə görürəm mən səni yerdə,

Sən ki bir cücəsən, nə işin şeirdə?

Mən səni salaram bilinməz dərdə,

Bəhməni sal görüm fəndə, gəlmişəm!

Birinci məclis qurtardı. Qız dedi:

– Dincələk, səhər yenə deyişərik.

Aşıq Bəhmən dedi:

– Yox, xanım, dincəlmək vaxtı deyil. Sən çağırıbsan, mən də gəlmişəm. Sözünü qurtar.

Qız öz-özünə dedi: “Gəl bundan müəmma soruş, cavab verməsin”. Başladı:

Məndən salam olsun Aşıq Bəhmənə

Necə quşdur, dövr eyləyir havada?

Pərvazlanar gah havada, zəmində,

Gahdan abdal olar, gəzər yuvada.

Hamı öz-özünə dedi: Bunun suvalına heç kim cavab ve­rənməyib. Bu aşıq da girəkəcək”. Bəhmən sazını köksü üstü­nə alıb dedi:

Al cavabın deyim, ay Humay xanım,

Könül quşu dövr eyləyər havada.

Pərvazlanar gah havada, zəmində,

Könül bir qəfəsdi qalıb yuvada.

Mirzələr dedi:

– Düzdür.

Humay xanım dedi:

– Bunun da cavabın ver!

Alışıb pünhanda gözəgörünməz,

Qəst eyləsə bu dünyanı ərinməz

Gah xəstədi, gahı sağdı, sürünməz,

Haqqa doğru rəbanı var duada.

Aşıq Bəhmən:

Dil əyləşib pünhan gözə görünməz,

Arasa cahanı heç də ərinməz

Şad olasan, qəm çəkəsən, o gülməz

Mömün bir kəs hər bir zaman duada.


Humay xanım:

Gah yaxşı oluram, gahdan da yaman,

Gahdan lüt füvardır, gahı peşiman,

Cəsədim alışır oda, hər zaman,

Humaya ağ olan qalar piyada.
Aşıq Bəhmən:

Gahı zaman şadam, gahı məlulam,

Qərib, qürbət eldə necə zəliləm.

Şahı Mərdan, yetiş dada, əliləm,

Bəhmən də, inşallah, qalmaz piyada!

Sözlər qurtardı, qız gördü meydan Bəhmənindi, dedi:

– Bu gün bəsdir, qalsın sabaha!

Bəhmən dedi:

– Yox, xanım, indi desək yaxşıdı!

Növbət Bəhmənin idi. Bəhmən sazını köhləyib dedi:

Nə ilən bilərdin söz hesabını?

O, nədir ki, aləm tutmaz cahana?

O, nədir ki, mən görmüşəm ha bunu,

Həm istidi, həm sərindi dahana?

Humay cavab verənmədi. Aşıq Bəhmən sazı basıb bağ­rına dedi:

Haradan su içər əlimdəki sazım?

Nə ilə ucalır mənim avazım?

Bəhmənəm, varımdı nəzir-niyazım,

Ayrılmayır səndən sözüm mahana.

Qız yenə cavab verənmədi. Hamı meydandakılar Bəh­mə­nə “sağ ol!” dedilər. Aşıq Bəhmən Humay xanımı deyiş­mək­də bağlayıb qabaqcadan dediyinə görə Humay xanımdan elçilik etdi. Humay xanım da “hə” deyib iki aşıq evləndilər.

Toylarını tutub ikisi birgə qayıddılar Göyçə mahalına. Onlar şən yaşadılar, sizlər də şən yaşayın.


Yüklə 2,22 Mb.

Dostları ilə paylaş:
1   ...   74   75   76   77   78   79   80   81   ...   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin