Azərbaycan miLLİ elmlər akademiyasinin nəSİMİ adına DİLÇİLİK İnstitutu



Yüklə 1,08 Mb.
səhifə9/72
tarix02.01.2022
ölçüsü1,08 Mb.
#31421
1   ...   5   6   7   8   9   10   11   12   ...   72
K.H. İMAMQULİYEVA
AZƏRBAYCAN XALQININ DİLİNDƏ VƏ

MƏİŞƏTİNDƏ DAŞ DÖVRÜNÜN İZLƏRİ

(Etnolinqvistik təhlil)
Açar sözlər: xart-, dibəx', məişətdə daş əşyalar, kök-morfem

Ключевые слова: xart-, dibəx', каменные вещи в быту, диалект, ко­рень-мор­фе­ма.

Key words: xart-, dibəx', the stone things in the life, subdialect, root-morhfem.
Azərbaycan xalqının məişətində bu gün belə daş alətlərdən istifadə olunması bu xalqın qədimliyindən xəbər verdiyi kimi, öz adət-ənənəsinə bağlı olduğunu da göstərir. Daş alətlərin mahiyyəti, onları ifadə edən sözlərin leksik anlamı (xartdaşı//xart “kəsici alətləri itiləmək üçün daş alət”, dibəx' “duz, yarma, çəltik və s. döymək üçün içi oyulmuş daş”, kəvər//çəfər “su süzmək üçün daş”, ətdaşı “üstündə ət döymək üçün alət”, əhdaş//əhdəş “həcət, gündəlik istifadə olunan hər hansı bir alət”, əldaşı//kirkirə//kilkilə “əldəyirmanı”, əpbəx'daşı “üzərində yuxa yaymaq üçün daş alət”, daş axur “üzümü əzib suyunu şıxartmaq üçün novlu daş alət” və s.) səs təqlidi (yamsılama) → hərəkət → ad → əlamət istiqamətində yeni mənaların yaranması kök morfemləri müəyyənləşdirən başlıca amildir.

Daş alətlərin müəyyən qismində “daş” ifadəsi saxlanıldığı halda, digər bir qismində bu sözün işlənməsinə ehtiyac qalmır. Əslində söz birləşməsi şəklində olan bu adlarda birləşmənin ikinci tərəfi həmin alətin nədən hazırlandığını, birinci tərəfi isə hansı məqsədlə işlənəcəyini bildirir. Lakin birinci tərəf dildə işlənmə gücünü artırdıqca ikinci tərəfə etiyac qalmamışdır: xart, dibəx', kəfər// çəfər və s.

Müasir Azərbaycan ədəbi dilində əşyanın hansı materialdan olduğunu bildirən söz birləşmələrində isim sifətləşərək söz birləşməsinin birinci tərəfi kimi çıxış edir: daş axur, taxta qapı, gümüş qaşıq və s. Belə olduqda birinci tərəf əlamət, ikinci tərəf isə əşyanı ifadə etməklə birinci növ təyini söz birləşməsini yaradır.

Əgər daş, taxta və s. sözlər ikinci tərəf kimi çıxış edirsə, onda əlamət deyil, ad mənasını bildirir və çox vaxt ikinci növ təyini söz birləşməsi olur: xart daşı, dibəx' daşı, ət daşı, əpbəx' daşı, əpbəx' taxdası və s.

Bu birləşmələrin birinci tərəfi ikinci tərəfdəki əşyanın hansı məqsədlə istifadə olunduğunu bildirən hərəkətlə bağlıdır və xart, dibəx', ət, əpbəx'// ətməx' kimi sözlərin fel əsaslı olduğu danılmazdır.

“Xart” sözü səs təqlidi yolu ilə hərəkət → ad istiqamətində formalaşan (xa + r + t) ad – morfemdir. Bu ad-morfem əsasında adlardan fel düzəldən –la şəkilçi mor­femi ilə “itilə-“ mənasında işlənən “xartlamaq” feli də yaranmışdır. –Xart çal­ğı­­nı itiləyən daşdı (Borçalı). –Xartı ver pıçağımı itilədim (Şərur). – Ot çalanda çal­­ğu:n ağzını xartdi:llər (Şəki).

Azərbaycan dilinin şivələrində “nazik daş” mənasında xirt, “çınqıl” mənasında isə xitz sözü işlənir. Həmçinin “yeyə” mənasında xirtdix'//xirtix', qavara//qəvərə, “əriyib balacalaşmış sabun” mənasında kirtix', “hanada ipləri nizamlayan alət” mənasında girgid, “təzə əyirilmiş ipin çıxıntılarını sıyırmaq, hamarlamaq üçün alət” mənasında xılxın//kirtiş sözləri işlənir ki, bunların da eyni kök-morfemlə bağlı olduğunu söyləmək olar. q//x//k//g//ç// + a//ə//o//ı//i səs axarında yaranan kök-morfem –r və -t şəkilçi morfemləri ilə birləşərək bir çox sözlərin yaranmasında rol oynamışdır. Qırtmaq, qopartmaq, qartdamaq, xartdamaq//qırtdatmaq//xırtdatmaq kimi fellər, qartmaq//qərtməx' kimi isimlər, həmçinin qaşımaq//qazımaq, qırmaq, qırtmaq, qaşıq, qazıq, qırıq, qırxıq və s. sözlər eyni kök-morfemdən törəmişlər.

Dibəx' // dibəy // dibəx' daşı (Naxçıvan, Şahbuz, Şərur, Ordubad) − duz, yar­ma, çəltik və s. döymək ücün içi oyulmuş daşdır. Bu məişət əşyası həvəngdəstənin il­kin formasıdır. Daha çox duz döymək üçün istifadə olunmuşdur. Naxçıvan əra­zi­sin­də Duzdağın yerləşməsi, oradan çıxarılan duzun kristal halında olması, kristal du­zun dibəkdə döyülməsi bu məişət əşyasının daha qədim olmasından xəbər verir. “Dibək” sözünün leksik mənasından törəyən və məcazi məna daşıyan “evin dibək daşı” ifadəsi də diqqəti cəlb edir. Evin, ailənin yüz yaşdan yuxarı olan üzvü haq­qın­da (bəzən mənfi anlamda) söylənilən bu ifadə dibək daşının yaşının çox ol­ma­sı­­na bir işarədir. “Ömrün duz dağına dönsün” alqışı da təsadüfən işlənməmişdir.

İfadənin həm dibək, həm də dibək daşı formasında işlənməsi diqqəti cəlb edir. Dibək daşı ifadəsində ikinci tərəfin işlənməsi birinci tərəfin ad kimi tam formalaşmadığını göstərir. Belə olduqda dibəyin sonrakı inkişaf prosesində yeni bir modeli─çölmək yada düşür.

Çolmə (Culfa) // çölməx' (Gədəbəy, Şərur, Naxçıvan, Ordubad) // çölməy (Göyçay, Masallı, Lənkəran) xörək bişirmək üçün saxsı qabdır.

Görünüş etibari ilə dibək və çölmək bir- birinə oxşayır, lakin dibək daşın içərisi oyularaq düzəldilən məişət əşyasıdır, çölmək isə gildən hazırlanmış saxsı qabdır. Birinci kök-morfem hərəkətlə ─ “döymək” feli ilə bağlıdır: di-// dö-// döy. İkinci kök-morfem isə dö-//çö- fonetik dəyişməsi ilə bağlıdır. –yıl//-l məchul növün əlaməti, -bək//-mək isə məsdər şəkilçisidir.

Sadəcə olaraq dibək sözü öz struktur quruluşu, morfoloji anlamı ilə deyil, əşyanın zahiri görünüşü ilə yeni bir əşyaya keçid almışdır.

Ətdaşı (Naxçıvan) üstündə ət döymək üçün alətdir. İlkin mətbəx əşya­la­rın­dan sayıla bilər. Sonradan “ət taxdası” ifadəsinə keçid almış, əti döymək, yaxud doğ­ramaq üçün istifadə olmuşdur. Ət daşı yeni bir məna kəsb edərək alət, həcət, bir sözlə, məişətdə işə yarayan hər hansı bir əşya (çapacaq, balta, bıçaq, mişar, kət­mən və s.) mənasında işlənən əhdaş (Mingəçevir, Şəki)//əhdəc (Oğuz)//əhdəş (Şəki)//Əhtəc (Oğuz) variantlarını da almışdır. “Daşda əti döymək” məz­munu isə ye­ni məzmunlu fel variantının – ətdəməx' (Naxçıvan) – “kimisə döy­mək” felinin ya­ran­masına səbəb olmuşdur.

Əldaşı (Dərbənd) əldəyirmanıdır. Əldəyirmanının kilkilə (Qazax, Şa­ma­xı)//kirkirə (Bərdə, Bolnisi, Cəbrayıl, Salyan, Culfa) formasında işlənməsi də dia­lekt və şivələrimizdə müşahidə olunur.

Əpbəx'daşı (Şərur, Naxçıvan) üstündə yuxa yaymaq üçün alətdir. Düzəldiyi materialdan asılı olaraq ifadənin ikinci komponenti dəyişməyə başlamışdır. Belə ki, ilkin forma daşla bağlı olduğu üçün əpbəx'daşı, sonradan daş kəclə əvəz olunsa da, daşlaşmış kəc olduğu üçün yenə də əpbəx'daşı, material taxtadan olduğu üçün əpbəx' taxdası (Naxçıvan), zahiri görünüşünə görə dördə:x (Kəlbəcər, Tərtər)// dördəyağ//dördəyax (Ağdam, Ağdərə, Bakı, Cəbrayıl, Göy­çay, Səlyan, Tərtər) şəklində işlənmiş, hətta üçayaqlı olsa belə, sonradan yenə də “dör­dayaq” adlanmışdır. Həmin sözün ə:axlı (Gədəbəy, Göranboy)// ə:xlı (Ba­sar­ke­çər, Tovuz) variantlarına da dialekt və şivələrində rast gəlirik.

Ümumiyyətlə, daşla bağlı olan, daşdan düzəldilən məişət əşyalarının daş döv­rünə aid olması heç bir mübahisə doğurmur. Hətta məişətimizdə daş axur­dan − üzümün suyunu çıxartmaq üçün daş alətdən də istifadə olunmuşdur.



Bununla da dil vahidləri insanın təşəkkül dövrünün öyrənilməsində bir vasi­tə­yə çevrilir.


Yüklə 1,08 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin