Azərbaycan miLLİ elmlər akademiyasinin nəSİMİ adına DİLÇİLİK İnstitutu



Yüklə 1,08 Mb.
səhifə8/72
tarix02.01.2022
ölçüsü1,08 Mb.
#31421
1   ...   4   5   6   7   8   9   10   11   ...   72
F.F. ƏLİZADƏ
DİL NORMASI VƏ CƏMİYYƏT
Açar sözlər: dil norması,cəmiyyət, məktəb təhsili, KİV, kino

Ключевые слова: языковая норма, общество, школьное образование, СМИ, кино

Key words: language norm, society, education, media movie
Dil toxunulmaz, milli mənsubiyyətli əvəzsiz müqəddəs bir nemətdir. Hər yer­də hər kəsə qarşı cinayət cəza ilə nəticələnir. Amma dilə münasibətdə dö­züm­lü­lük özünü göstərir. Əslində isə ən incə münasibət dilə qarşı olmalıdır. Çünki məhz dil vasitəsilə fikrimizi dolğun verir, maddi-mənəvi, ən ümdə isə milli eh­ti­yac­­larımızı çatdıra bilirik.

Dilin qorunması ana “məktəb”indən, uşağa dil verən ana(nın) dilindən baş­la­yır. Ana balasının ilk dil-ədəbiyyat müəllimi kimi onu düzgün danışmağa yö­nəl­dir. Uşaq artikulyasiya səhvləri ilə başlasa da, getdikcə püxtələşir, yavaş-yavaş doğ­ma dilinin incəliklərini duyaraq nəticədə təmiz danışır. (Təəssüf olsun ki, bə­zi­lə­ri uşaqlaşır, geriyəinkişaf dövrünə daxil olur).

Ailə daxilində, hansı dialektin daşıyıcısı olsaq da, ədəbi dili uşağa öyrət­mə­li­yik. Lakin bir sıra ailələr bu normaya qətiyyən fikir vermir. Ona görə də uşaq nə­in­ki orta, hətta ali məktəbdə də dialektdə danışmağa çalışır. Qəbul olunmuşdur ki, ədə­bi dildə danışa bilməyən savadlı hesab oluna bilməz.

Məktəb övladlarımızın ikinci dil məkanıdır. “Şagirdlər dərslik və müə­llim­lər­dən nə öyrənir?” sualına cavab axtararkən həm diliqüsurlu, təsadüfi müəllimlər, həm də nəzəriyyəsi, materialları səhv toplanmış dərsliklərdən daha çox ziyan dəy­diyi görünər.

Həm azərbaycan, həm də rusdilli məktəblərin ibtidai sinifləri üçün yazılmış dərs­liklərin şərtinə, misallarına fikir verdikdə universitetin yuxarı kurs tələ­bə­lə­ri­nin, bəzən müəllimlərinin baş aça bilmədiyi həqiqətlə üzləşmiş oluruq. Pedaqoji-me­todik tərəf nəzərə alınarsa,uşaq-gənc-cavan beyinlərinin fərqinə, tutumuna, psi­xo­loji amillərə diqqət verilməlidir. Uşaq beynini yükləməklə onun psixikasını poz­maq olar. Məktəbli istər orfoqrafiya, istər ikidilli lüğətlərdən istifadə edərkən ya istənilən, hətta çox işlənən sözü lüğətdə tapmır, tapası olsa da, onu səhv ya­zı­lış­da, ya da ikivariantlı görür.

Belədə sanki dilimizə qarşı soyqırım münasibətində olub, “milləti məhv et­mək istəyirsənsə, onun dilini əlindən al” qənaətinə gəlirsən. Məktəblinin yaşına uy­ğun gəlməyən bəzi dərslik materialları bir yana qalsın, onların özündə fikir axı­cı­lığının, ibrətamizliyin duyulmaması, söz yığınından ibarət olması,təbii ki, şa­gird­ləri dil normalarından uzaqlaşdırar.

Yuxarı sinif şagirdləri də rus dilindən qüsurlu tərcümə materiallarından nə isə başa düşməyə çalışır, anlamayanda orijinala müraciət edib, əsl həqiqəti tapmış olurlar.

Ali məktəbə daxil olmaq istəyən uşaqlar TDQK-nın nəzəriyyə və testləri ilə ha­zırlaşanda da məlum olur ki, burada da ya orta məktəb, ya da ali məktəb ma­te­ri­al­ları ilə uzlaşmayan səhv elmi fikirlər var. Bu qədər elmi, orfoqrafik səhvlərin için­dən çıxan uşaqlar, nə yaxşı ki, dilimizin “axırına” çıxmırlar. Fərdi yazılmış bir sı­ra testlər elə bil ki uşaqları savadsız etmək üçün tərtib olunub. Onları səhvlər də­ni­zinə oxşatmaq olar.

Artıq ali məktəbdə oxuyan tələbə məktəb, test və ali məktəb materiallarının bir sıra məsələlərdə tam fərqli olduğunu görür və beynində konkret fikir forma­laş­dı­ra bilmədiyindən yanlışlıqlara yol verir.

Adamlar üçün üçüncü məktəb KİV-dir. Hazırda te­le­vi­zi­ya, qəzet, jurnalı qabaqlayan internetdir. Burada düzgün olmayan söz və ifadələrin sa­yı heç də az deyil. Məsələn, bir sıra hallarda “kanserogen” sözü əvəzinə “ kar­si­ro­­gen”, mobil telefon əvəzinə “mobol” telefon işlənən hallara rast gəlmiş oluruq. Bu, bəzi gənclərin telefona “çilifon” deməsinə bənzəyir. Əlbəttə ki, internetdəki səhv­lər onun kağız variantı olan qəzet-jurnallardakına çatmaz.

Bəzən mətbuatda etik normalar pozulur. “Azadlıq” qəzeti ANS-in 2006-cı il 24 noyabrında bağ­lan­ma­­sına dair belə bir ifadə işlətmişdi:” Azad mətbuatın anasını ağlatdılar”.

Bir dəfə telekanallarımızdan birində deyildi ki, bir ay ərzində qəzetlərimizdə on mindən çox orfoqrafik səhv çıxıb. Bu o deməkdir ki, oxucular savadsızlığa sürüklənir.

Əgər lotereya cədvəlində səhv olarsa, udan tərəf uduza bilər. Lüğətlər də, xü­su­sən “Orfoqrafiya lüğəti” bu cəhətdən bir qədər dəqiq olmalıdır, lakin təəssüf ki, bə­zi məqamlarda qüsurludur. Məsələn, “kompüter” sözü bir yerdə “kompyuter”, di­gər yerdə isə “superkompüter” kimi gedir.

Televiziya estetik məkan olduğu üçün efirə boylanan diktor, aparıcı da xoş­si­malı olmalı və onun nitqindən də zövq alınmalıdır. Heç bir estetik impuls al­ma­yan tamaşaçı telekanalı dəyişmək məcburiyyətində qalır. Çünki “gözəl” aparıcını bir az da seyr etməklə onun “ahəngdar” nitqini dinləsə, ümumiyyətlə, Azərbaycan di­lində danışmağı unudar. Belə ki sözlər onun qulağına azərbaycanca, intonasiya isə türk, rus, ingilissayağı gəlib-çatır. Doğma dilimizə yaxın sözləri də eşidəndə onlar “tsi­tsək”, “gələdzəklər” tipində dialekt ünsürlərinə tuş olur. Halbuki efirdə sırf ədə­bi dil normalarına uyğun nitq səslənməlidir. Unutmayaq ki, güclü senzuralı rus-Sovet dönəmində efirdən təmiz Azərbaycan dilində danışmaq öyrənir, gözəl bə­dii nümunələr eşidirdik.

Televiziyaya nisbətən abırlı efir vasitəsi radiodur, çünki burada artıq bir şey görmür, yalnız eşidirik. Lakin radioya da güvənmək olmur. Klassik ifa tərzi olan diktor-aparıcılarla yanaşı, söz texnikasında naşı olan, hətta sözü düzgün vurğu ilə deyə bilməyən “efir adamlarına” da rast gəlirik. Xüsusən ünvan deyəndə, məsələn, “üç xətt 5” demək əvəzinə yersiz olaraq rusun ifadəsindən istifadə edərək “üç drob beş” deyirlər.

Efirə tam təsadüfi adamlar buraxıldığından, avtobusda sürücünün radiosundan allı-güllü sözlər çıxır. Əlbəttə, belədə ədəbi dil norması lap arxaya keçir, küçənin “ağırçəkili” leksikonu irəli çıxır. Bu, sürücüyə xoş, doğma, gülməli görünürsə, sərnişinlərin etik normalarına zidd gəldiyi üçün onları əsəbiləşdirir. Ardınca adi bir vətəndaş belə deyir: “Hörmətli prezidentimizə uzun ömür, cansağlığı arzulayıram, 56 milyon əhalinin qaz borcunu sildiyinə görə”. Başqa bir vətəndaşın dediyindən: “300 milyon əhalimizin hamısı xoşbəxt olsun!”

Bu isə jurnalistin dediyidir: “Dünən Cənubi Azərbaycanda iğtişaş olub: iki azərbaycanlı ölüb, bir nəfər naxçıvanlı”. Bu məlumatda idrak, nitq mədəniyyətinin aşağı səviyyədə olduğu görünür.

Mobil telefonlara gəlincə, bütün dünya xalqlarının qrafikası, hətta mürəkkəb Çin heroqlifləri, yapon, hind xətti ilə yazışma mümkün olduğu halda, biz “ç”-nı “ch”, “ş”-nı “sh” və ya “w” kimi göstərib, anormal yazıdan istifadə edirik. Bu hal­da orfoqafiyadan heç söz də ola bilməz. Hər halda latın qrafikasına bir neçə spe­si­fik işarəli hərflərimizi əlavə etməklə milli simamızı, üstəgəl heysiyyətimizi gös­tə­rə bilərik. Qonşularımız – erməni və gürcülər bunun öhdəsindən çoxdan gəliblər.

Bir sıra hallarda hər hansı yeni bir sözü çoxları düzgün tələffüz etmir. Məsələn, təhsil sisteminə təzəliklə daxil edilmiş “kollokvium” sözünü 90% adam “kollekvium” kimi deyir. Buna səbəb isə, utanc olsa da, müəllimlər özüdür. Tələbələr onlardan eşitdiklərinı “qanun” kimi qəbul edirlər.

Bəzi adamlar öz dilinin ahəngini pozaraq rus, ingilis, türk sözlərini danı­şı­ğı­na qatıb onu eybəcər hala salır. Söhbət boyu gah “okey, yes”, deyir, gah “əvət, mərhəba, əfəm”, gah da “nu, kaneşno,vaabşe”... sözlərindən istifadə edir.

Nəşriyyatın cəmiyyət üçün gördüyü iş əvəzsizdir. Burada çap olunan elmi, bədii, kütləvi, texniki ədəbiyyat, dərsliklər və s. cəmiyyətə, sözsüz ki, fayda gətirir. Lakin bu məkanda da məyusedici hallar vardır. Sırf təsadüfi, qazanc dalınca qaçanlar “öz nəşriyyatlarını”, öz qəzet-jurnallarını” açır və xalqı özlərinə məxsus “xoşbəxt” edirlər. Əvvəla, heç bir normaya sığmayan, içi orfoqrafik səhvlərə qərq olmuş üzdəniraq kitablar, əsasən şeirlər buraxırlar ki, bunların dili adicə çayxana söhbətləri, hal-əhval tutmadan o yana getmir. Bəzən süjeti aydın olmayan, dili qüsurlu romanlar yazıb nəşr edir, yaxud tərcümə əsər kimi təqdim oluna bilən roman, povest çap edirlər. Oxucu onu oxuyur, amma heç nə başa düşmür. Çünki tərçüməçi, tutaq ki, rus dilini ala-yarımçıq bilib, qazanc əldə etmək istəyən çilingərdir. Onun dilimizin söz sırası barədə təsəvvürü çox bəsitdir. Odur ki “ Ivan Mariyanı çağırdı” əvəzinə “Mariyanı İvan çağırdı”kimi tərcümə edir və düşünür ki, sözlər tamamilə düzgün tərcümə olunub, ona görə qalanı barədə fikirləşməyə dəyməz. Nəticədə, cəfəngiyyat, anlaşılmazlıq, bədii təfəkkürün evini yıxmaq!

Rəsmi-kargüzarlıqla bağlı sənədlər bir çoxları üçün çətin sınaqdır. Əgər bu tip materiallara – ərizə, əmr, protokol, akt və s. baxsaq, saysız-hesabsız səhvlərlə üz­ləşərik. Maraqlıdır ki, belə formalarda düzgün yazanlar azdır. Adicə ərizə yaz­maq çoxları üçün çətin sınaqdır. Arayış formasına gəldikə isə, o bizə rus dili for­ma­sında yadigar qalmışdır: “Arayış verilir (k i m ə s ə) ondan ötrü ki,o,.... “Bunu Azər­baycan dilinin söz sırasına uyğunlaşdıranda “Arayış (kiməsə) ondan ötrü ve­ri­­lir ki...” formasını alır.

Reklam, afişa, dükan adlarına, elanlara baxanda burada da xeyli qəribəlik­lər­­lə rastlaşırıq. Məsələn pepsodentin reklamında “çürüksüz diş”, başqa bir rek­lam­­da “mükəmməl dad” işlənir. Halbuki dilimizdə nə “çürüklü”, nə də “çürüksüz” sözü var. Bunların yerinə “saf” və “çürük” sözləri işlənir. Dad ləzzətli, ya da gözəl ola bilər. “Mükəmməl” sözü bitkin, kamil mənasında müəyyən elmi, bədii, musiqi, rəsm və b.k. əsərlərə aid olur.

Küçədə maşının üstündə Qazax dialektində yazılmış balaca bir elan görü­nür: “Sateyram”. Sanki bunu yazan onu ancaq öz yerlilərinə satmaq istədiyi üçün ədə­bi dildə yazmayıb.

İdman şərhçiləri də əcaib fikirlər deyərək dildə məntiq normasını pozurlar: Futbol şərhçimiz Azərbaycan yığması Polşaya 3:0 uduzduğu bir anda deyir: “60-cı dəqiqədir, oyunda hesab yaxşıdır(!) 3:0 geridəyik”. Yenə də futbol şərhçimiz:” İdman sahəsinə xüsusi qayğı göstərilir, məhz bunun nəticəsidir ki, futbol üzrə dünya sıralanmasında xeyli irəliləmişik, 110-cu yerdəyik. Və ya: “Top qapının dirəyini yalayaraq içəri girdi”; “Top qapıdan keçsə, qol olacaq”.

Gündə bir film, hətta serial çəkməyə qadir “rejissorlar” ssenariləri başdan-ayağa səhv ifadələrlə dolu film çəkib tamaşaçılara tərdim edirlər. Bu da ondan irəli gəlir ki, ssenarini yaxşı pul qazanmaq istəyən az savadlı adama tapşırırlar və bu işdən professional ssenarist uzaqlaşdırılır ki, pula qənaət edilsin. Və ya tərcüməni yarısavadlıya həvalə edirlər və nəticədə ekrandan əcaib ifadələr səslənir: “Mənə kas­tor yağı ver”, “Lopatkanı götürsənə”. Əlbəttə ki, “kastor yağı” deyil, “gənəgərçək ya­ğı”, “lopatka” deyil, “bel” işlətmək düzgündür. Dillə belə rəftar etmək olmaz. O, ümu­mxalq malıdır. Aydın görünür ki, hər yerdə olduğu kimi, dil normalarının po­zul­masında da maddi maraqlar üstün gəlir.

Mahnı mətnlərinə gəlincə, onların bir qismində mənasızlıq, musiqi ilə uyuş­ma­ma özünü göstərir, müğənninin nitqi isə qüsurlu, dialekt ünsürləri ilə dolu olur. El­şad Xose və Hüseyn Dərya kimi repçilərin ifasında isə söyüşlər səslənir ki, bu da ədəbi dil normalarına tam ziddir.

Ulu baba - oğul - ata adları ilə bağlı ad sistemimiz nə­dən­sə ruslaşdırılıb. Qabaqlar belə yazardıq: Şıxlı Orxan Toğrul oğlu. İndi isə rus­lar­da­kı ardıcıllığa görə Orxan Toğrul oğlu Şıxlı yazırıq. Axı bu sıralanma bizə uy­ğun gəlmir.

Milləti böyük dairələrdə təmsil edərkən daha böyük məsuliyyət daşınır. La­kin bəzən ya rustəhsilli olan, ya da öz dilini bilməyən məmurlar fikirlərini düzgün çat­dırmaqda çətinlik çəkirlər.

Jurnalistin “metroda neçə nəfər qalmışdı?” sualına metro rəisi “iki tam onda beş”, – deyə cavab verir. Nazirlərdən biri belə deyir: “Biz bütün bu olanları 90 milyon xalqımıza sübut edəcəyik”. İcra başçılarında biri: “Prezidentin verdiyi sərəncam bizə çox ləzzət verdi”.

Dil normasını pozmaq həyatı xaotik yaşamaq kimi deyilmi? Əgər hər mə­qam­da dilimizin nizam-intizamina riayət etsək, bu zaman o bütün gözəllik və də­rin­liyi ilə bizə xidmət edər, fikrimizi daha aydın və təsirli şəkildə çatdırmaq im­ka­nı yaradar. Əks-təqdirdə dünyanın ən gözəl dilləri sırasında olan, türk dillərinin tacı sayılan Azərbaycan dilinə düşmənin edə bilmədiyi ziyanı vurmuş olarıq.

Sonda bu qədər bəla görmüş dilimizə acıyır, onun etibarlı əllərdə olması ar­zu­lanır. Soyqırım, torpaq acısı çəkmiş millətimiz dil acısı çəkməsin deyə, hər va­si­tə ilə onu təbliğ etməli, əvvəl özü ondan baş çıxarmalı, sonra onu sevməli, daha son­ra isə sevdirməlidir. Azərbaycana işləməyə gələn əcnəbiləri bu dildə da­nı­ş­ma­ğa cəlb etməlidir.

Əsrlərin sınağından çıxıb bizə ərməğan şəklində çatan dilimizi müstəqil Və­tə­nimiz kimi qorumalı, ona xələl gətirməməliyik!


Yüklə 1,08 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin