2.Son Tunc-Erkən Dəmir dövrü arxeoloji abidələri və onların tədqiqi Arxeoloji abidələrin tədqiqi göstərir ki, Son Tunc və Erkən Dəmir dövrü mədəniyyəti, başlıca olaraq, Xocalı-Gədəbəy tipli abidələrlə xarakterizə edilir. E.ə. II minilliyin ortalarında Azərbaycanın şimalında meydana çıxan bu mədəniyyət e.ə. II minilliyin əvvəllərində Azərbaycanın cənub rayonlarına da yayılmışdır. Bu mədəniyyətin xronologiyası ilə bağlı məsələlər arxeoloji ədəbiyyatda geniş araşdırılmışdır.
E.ə. II minilliyin ikinci yarısı ilə tarixləndirilən bu mədəniyyətə aid erkən abidələr Gəncəçay rayonunda yerləşir. Bunların sırasına torpaq qəbirlər və torpaq qəbirləri olan kurqanlar daxildir. Üzəri daş piltə ilə örtülmüş torpaq qəbirlərdə qırmızı cilalı qablar üstünlük təşkil edir. Örtüksüz torpaq qəbirlərdə qara cilalı keramika çoxluq təşkil edir. Onların kompleksində çəhrayı rəngdə olan ağ inkrustasiyalı qablara da rast gəlinir. Xronoloji cəhətdən, sal daşla örtülmüş torpaq qəbirlər, daha əvvələ aiddir. Onların kompleksində ağ inkrustasiyalı qablara rast gəlinir və başlıca olaraq, çəhrayı keramika ilə fərqlənir. Sal daşla örtülmüş torpaq qəbirlər e.ə. XV kurqanaltı örtüksüz torpaq qəbirlər isə e.ə. XIV əsrə aid edilir. Bu qrupa aid kurqanların tarixləndirilməsində Orta Tunc dövrü üçün xarakterik olan qırmızı rəngli, boyalı və basma naxışlı qabların mühüm əhəmiyyəti vardır. Bu, Orta və Son Tunc dövrlərinin yaxınlığını göstərir. Bu tip keramika Ön Asiya abidələrində e.ə. XVI-XV əsrlərdə meydana gəlir. Onların bəzisi ağ pasta ilə örtülmüşdür. Şərqi Gürcüstanda bu tip keramikanın ortaya çıxması e.ə. II minilliyin ortalarına aiddir.
Мingəçevir və Qazaxbəylidən əldə edilən, tiyəsinin ortasında iki deşiyi olan tunc xəncərlər Xocalı-Gədəbəy mədəniyyətinin ilk mərhələsinə- e.ə. XIVXIII əsrlərə aid edilir.
Xocalı-Gədəbəy mədəniyyətinin ikinci dövrü e.ə. XII-XI əsrlərlə tarixləndirilir. Bu dövrə Araçadzor, Axmaxi, Ballıqaya, Qarabulaq kurqanları, Gədəbəy daş qutularının bir qrupu daxildir. М.A.Hüseynova bu dövrə aid dörd keramika tipi müəyyən etmiş və onların üçünün yerli zəmin əsasında inkişaf etdiyini göstərmişdir. Qarabağ və Gədəbəy zonasının abidələri ikinci qrup keramikanın üstünlük təşkil etməsi ilə fərqlənir. Bu dövrə aid Gəncəçay abidələrində ağ inkrustasiyalı keramika üstünlük təşkil etməkdə davam edir. Gillikdağ və Lüləlidə ağ inkrustasiyalı keramikanın əvvəlki dövrə nisbətən xeyli sadələşdiyi nəzərə çarpır. Bu dövrə aid abidələrdən aşkar edilmiş konusvari başlığı olan yastı tiyəli xəncərlər e.ə. XIII-XII əsrlərə aid edilmişdir.
Xocalı-Gədəbəy mədəniyyətinin üçüncü inkişaf dövrü e.ə. X-IX əsrləri əhatə edir. Gəncəçay rayonunun bu dövrə aid abidələri birinci və ikinci qrup keramikanın mövcudluğu ilə xarakterizə edilir. Lakin bu dövrdə, ikinci qrupa daxil olan keramikada ağ inkrustasiyalı bəzəmələr meydana çıxır. Bu dövrə, həmçinin Dağlıq Qarabağın bir sıra abidələri də aid edilməkdədir.
Naxçıvan ərazisində aşkar olunan Xocalı-Gədəbəy tipli arxeoloji abidələr e.ə. II minilliyin sonu, I minilliyin əvvəlləri ilə tarixləndirilmişdir. Onlar daş qutu qəbirlərlə, kollektiv dəfn adəti ilə, boz rəngli keramika və zəngin tunc əşyalarla xarakterizə edilirlər. Abidələrin tarixləndirilməsi üçün, başlıca olaraq, keramika məmulatı, bəzən isə konusvari başlıqları olan tunc xəncərlər əsas tutulmuşdur. Qeyd olunduğu kimi, Naxçıvanın ikinci qrup arxeoloji abidələri üçün boyalı qablar xarakterikdir. Şahtaxtı, Yurdçu daş qutuları, Qızılburun və Culfa nekropolları belə abidələrdəndir. Bu abidələr onlar üçün xarektirik olan gil məmulatı və tunc əşyalarla birlikdə e.ə. XIV-XI əsrlərə aid edilir. Bu komplekslərin tarixləndirilməsi üçün çaynik və qədəh tipli qablardan, həmçinin digər diaqnostik nümunələrdən istifadə edilmişdir. Bu baxımdan, yanları hər iki tərəfdən içəri batıq olan kasalar diqqətəlayiqdir. Gövdəsinin hər tərəfi bəzəməli olan bu tip qablar yalnız Son Tunc dövrü abidələri üçün xarakterikdir. Naxçıvanın Son Tunc dövrü abidələrinin tarixləndirilməsi üçün dəqiq stratiqrafiya verən I və II Kültəpə kimi yaşayış yerlərinin mühüm əhəmiyyəti vardır. Bu abidələrin stratiqrafiyası Son Tunc dövrünü e.ə. II minilliyin ikinci yarısına aid etməyə imkan verir. Hər iki yaşayış yerinin Son Tunc və Erkən Dəmir dövrünə aid üst təbəqəsində Xocalı-Gədəbəy mədəniyyəti üçün xarakterik olan keramika meydana çıxır. V.H.Əliyev bu keramikanın ortaya çıxmasını e.ə. XIV əsrə aid edir.