Azərbaycan respublikasi əlyazması hüququnda Mİkro və makro mətnləRDƏ semantiK Əlaqə TİPLƏRİ



Yüklə 158,25 Kb.
səhifə15/32
tarix10.01.2022
ölçüsü158,25 Kb.
#110515
1   ...   11   12   13   14   15   16   17   18   ...   32
Qonaqsız olmadı bircə dəfə də.

O qul da böyüdü, qız da, nəvə də,

Əkib becərdiyi həyəti qaldı” [16, s. 41]

Bu mikromətndə “də” iştirak bağlayıcısı sadalanan cümlələri sadalama semantikasında birləşdirir. Onlar üçün model yığın-yığın birləşmək informasiyanı bu əsasda təşkil etməklə bağlıdır. Ona görə də qeyd olunan sadalama semantikası mikromətnin bütün komponentlərini əhatə edir. Göründüyü kimi, bu əlamətlər qeyd olunan bağlayıcıların qrammatik funksiyası ilə sıx bağlıdır.

MSB-nin daxilində komponentlərarası bağlama funksiyası “və” bağlayıcından daha qabarıq hiss olunur. Bu da həmin bağlayıcının dildəki funksiyasından doğur. Məsələn:

“Mahmuda elə gəlirdi ki, bir də heç zaman gülməyəcək, bir də heç zaman sevinməyəcək və hər şey artıq geridə qalıb, ömür yaşanıb artıq.

Və bir dəfə bağçada tək-tənha dolaşdığı vaxt hovuzun yanında daxilindəki bu dəhşət və yanğı birdən-birə şüşənin içinə doldurulmuş cin kimi dışarı çıxdı və Mahmud hovuzun mərmər sürahisini qucaqlayıb bütün bədəni uçuna-uçuna hönkürdü, ağladı” [28, s.72].

İkikomponentli bu MSB-nin komponentləri “və” bağlayıcısı ilə bağlanmışdır. Əgər birinci cümlədə yaşanmış ömürdən danışılırsa, ikinci cümlədə bundan doğan nəticə ifadə olunur, onlar arasındakı məntiqi bağlılıq qeyd etdiyimiz bağlayıcı vasitəsilə formalaşır. Başqa bir misal:



“Biz camaatla birlikdə foyeyə çıxdıq və bu zaman Ədilə imkan tapıb başını bir balaca arxaya çevirdi və bir anlıq, cəmi bircə anlıq qocaya baxdı, amma Ədilənin o bir anlıq gizli baxışında da elə bil, qızılgülün ətri vardı və mən özümdən asılı olmayaraq fikirləşdim ki, görəsən haçansa, kim isə mənə də belə baxacaqmı? Və mənim ürəyimdə o uzaq gələcəyin narahatlığı yarandı, amma bu narahatlıqda bir əzizlik, bir doğmalıq var idi, bu narahatlığın naməlumluğu işıqlı idi, fərəhli idi” [27, s.38].

Bu xüsusda verdiyimiz misalda olduğu kimi, burada da “və” bağlayıcısı MSB-nin şərti olaraq müəyyənləşdirdiyimiz birinci hissəsinə məntiqi nəticə verir; daha doğrusu, bu MSB-nin nəticə hissəsinə başlanğıc verir. Bu əsasda da mətn hipertemasının bütövlüyü təmin olmur, komponentlər arasında bağlılıq yaranır.

MSB-nin komponentləri arasında bu əlaqə modeli təsvirdən nəticəyə doğrudur. Ola bilsin ki, bədii mətnlər üzrə elmi tədqiqatlar “və” bağlayıcısı üzrə komponentlərarası əlaqənin digər xüsusiyyətlərini üzə çıxartsın.

Bəzən kontekstual şəraitdən asılı olaraq “sonra” zərfi “və” bağlayıcısının funksiyasına uyğun komponentlərarası əlaqələnmə yarada bilir. Məsələn:



“Uzaqdan vaxtsız bir xoruz banının səsi gəldi, sonra bir-iki xoruz da o tərəfdən, bu tərəfdən həmin vaxtsız bana səs verdi, sonra yenə sakitlik çökdü və yatmış Gəncə bir müddət beləcə sakitlik içində qaldı, sonra həmin gecəyarısı cavan, məlahətli və həzin bir səs sazın, kamançanın və tütəyin müşayiəti ilə dalğa-dalğa Gəncənin üstünə yayıldı. Ziyad xan xanəndə oxuyurdu” [28, s.64].

Mətndə kontekstual funksiyalar nəyinsə adekvatıdır. Məsələn: “sonra ~ və” müvaziliyi kimi. MSB komponentlərində bu müvaziliyi ilk dəfə K.M. Abdullayev göstərmişdir: “sonra” vahidi bu misalda bağlayıcı kimi çıxış edir və mətnin komponentlərinin daha dəqiq və ciddi ardıcıllığının müəyyənləşməsinə kömək edir” [4, s.249]. “Və” modelindən fərqli olaraq “sonra” MSB-nin komponentləri arasında hadisələrin sadalanması, bir-birini əvəz etməsi istiqamətində davam etdiyini göstərir. Deməli, qeyd olunan dil vahidləri MSB daxilində oxşar funksiyaları yerinə yetirsə də, informasiyanın təşkili cəhətdən fərqlənir. Başqa bir misala müraciət edək:

Düz üç yüz altmış bir gün idi ki, Gülağa müharibəyə getmişdi və düz iki yüz əlli üç gün idi ki, o yalançı məktub gəlmişdi, o yalançı qara xəbər gəlmişdi.

Üçkünc bir məktub idi və Sona o məktubu bir dəfə oxudu, sonra o məktubu ikinci dəfə oxudu, sonra üçüncü dəfə oxudu, orada açıq-aşkar yazılmışdı ki, Gülağa müharibədə həlak olub və Sona da həmin məktubu yüzüncü dəfə, iki yüzüncü dəfə oxuya-oxuya bildirdi ki, ağ yalandır bu, bilirdi ki, Gülağa Sonanı burada tək qoyub özü müharıbədə həlak ola bilməz” [27, s.66].

Əvvəldə qeyd etdiyimiz kimi, “sonra” zərfi burada hadisələrin zaman ardıcıllığına elə istiqamətlənib ki, bu məntiq hadisələrin həmin kontekstdə sadalama ardıcıllığına çevrilir. MSB-nin komponentləri arasında əlaqələndirici funksiya da bundan doğur.

Bildiyimiz kimi, bağlayıcıların dildəki funksiyası onun müxtəlif növlərində ifadə olunur; onlar mahiyyət etibarı ilə tabesiz və tabe edən deyə iki yerə bölünür. Tabeetməyən bağlayıcılar MSB-nin komponentlərini tabesizlik əsasında əlaqələndirir və yuxarıda qeyd etdiyimiz kimi, özünəməxsus modellərlə təzahür edir.

İnformasiyanın verilmə məqsədindən asılı olaraq fikir MSB səviyyəsində strukturlaşarkən tabe edən bağlayıcılar da xüsusi mövqeyə daxildir; “ki”, “çünki”, “əgər” bağlayıcıları informasiya ilə bağlı səbəb, məqsəd, şərt anlayışlarının verilməsinə xidmət edir. Məsələn:

Günlərin həmin gözəl günündə idi ki, Gülağa ilə rastlaşmışdılar, sonra Gülağa ilə görüşməyə başlamışdılar, sonra evlənmişdilər, o vaxtlardan bu tərəfə Gülağanin gözləri həmişə dumduru olmuşdu, o gözlərin başqalarının sezə bilmədiyi (amma Sonanın gördüyü) lap dərinlikdə də heç bir ağrı olmamışdı, çünki ola bilməzdi, çünki Sona ilə Gülağa bir yerdəydilər, çünki bu otaqları var idi, bu çarpayıları var idi, çünki Qoşaqala qapısı ilə üzbəüz o balaca, o darısqal emalatxanaları var idi. Və o emalatxanada göyümtül - yaşıl rəngli bir alovla yanan o primusun da səsi adi primusun səsi deyildi; çox mülayim, çox yumşaq bir canlı hənirtisi, nəfəsi idi” [27, s.68].

Bu MSB-də informasiya məlumat – səbəb xətti üzrə qurulmuşdur; mətnin birinci hissəsi “o gözlərinin başqalarının sezə bilmədiyi (amma Sonanın gözlədiyi) lap dərinlikdə də heç bir ağrı olmamışdı” fikrinin açımı “çünki” bağlayıcısı vasitəsi ilə verilir, onun səbəbi açıqlanır. Belə bir taktika sonrakı cümlələri səbəb semantikası ətrafında birləşdirməklə əlaqələndirir, onlar arasında bağlantı yaradır. İnformasiya verimində MSB kontekstində ikiyə bölünmə “amma”, “ancaq”, “lakin” bağlayıcısında da baş verir. Əgər bu vaxt hadisələr qarşılaşdırılırsa, “çünki” bağlayıcısı hadisələrə səbəb açıqlaması verir. MSB-ni təşkil edən komponentlər də qeyd olunan ziddiyyət və ya səbəb mühitinə görə əlaqələnir. Başqa bir misala müraciət edək:

Mən bir tərəfdə dayanıb o üç nəfərə baxırdım, domino daşlarının o küt səsini eşidirdim, sonra mənə elə gəldi, bu ətrafa nəsə çox doğma bir qoxu yayıldı, o qoxu çox-çox uzaqlardan gəldi, sonra mən başa düşdüm ki, bu, o isti peraşkilərin qoxusudur, sonra mən Kubra xalanın şüşəbənddə saxladığı o saxsı dibçəklərdəki gülləri xatırladım”[27, s.70].

“Ki” bağlayıcısının qeyd olunan MSB-də əlaqələndirici funksiyası da mətn hipertemasının strukturlaşmasından irəli gəlir; “sonra mənə elə gəldi ki” cümləsinin açılışı bir neçə cümlə ilə verir, fikri dəqiqləşmələr reallaşır. Deməli, bu aspektdə mətnin semantik strukturlaşması zamanı qeyd olunan vahidlər mətn semantikasına müvafiq olaraq komponentlərarası əlaqələndirici rolu oynayır. Məsələn:

Bərabərlik deyirik. Şeyx Səfiyəddinin bir əqidəsi var həmin bərabərlik barəsində. O nədir? Baban yazır ki, dünya zərrələrdən yaranıb. Günəş də, torpaq da, ağac da, sünbül də eyni zərrədəndir. Nurdan. Günəş nuru olmasaydı, dünya da olmazdı. Həmin nur insanı da yaradıb. Əgər o günəşlə eyni zərrədirsə, o niyə də bərabər olmamalıdır” [35, s.85].

“Ki” bağlayıcısı MSB kontekstində komponentlərarası əlaqələndirmə funksiyası informasiyanın strukturlaşması zamanı müəyyənləşir; mətndəki hansısa zamana aydınlıq gətirir. Yuxarıda verilən “Baban yazır ki” konstruksiyasında “ki” təkcə həmin cümləyə aid deyil, sonrakı cümlələri də öz təsiri altına alaraq həmin cümləyə cavab yaradır. Buna görə də “ki” bağlayıcısı MSB-də formal əlaqə vasitəsi rolunu oynayarkən bir cümlə kontekstindən çıxır, sonrakı digər cümlələri də əhatə edir. Başqa bir misal:

“ – Bəs o bərabərliyi necə həyata keçirmək olardı?

Şeyx Heydər onu öz əlləriylə yaratmaq fikrindəydi.



Bunun üçün şərait, vaxt və məkan lazım idi. O, bu iş üçün Şirvan torpağını seçmişdi. Çünki bir tərəfi dəmir qapı Dərbəndə söykənən bu torpaqda Şirvanşahlar güclü qoşun toplaya bilməyiblər. Teymura xərac verməklə özlərini qoruyub saxlaya biliblər. Oranı ələ keçirməyə baban da, atan da cəhd ediblər” [35, s.88].

Qeyd olunan mikromətndə “çünki” bağlayıcısı təkcə daxil olduğu cümlə ilə məhdudlaşmır, ondan sonra gələn “çünki” yə aid olan iki cümləni də buraya daxil edir. Həmin bağlayıcının komponentlərarası bağlama funksiyası da ondan irəli gəlir.

A.Y. Məmmədov yazır: “Bağlayıcılar kimi formal vasitələrdən geniş istifadə olunması cümlələr ardıcıllığında əlaqəli mətnin ayrılmasını ilk baxışda çətinləşdirir. Bu hal adətən bağlayıcıların yalnız cümlə daxilində deyil, həmçinin mətn çərçivəsində işlənməsi faktını əks etdirir” [43, s.34]. Deməli, bağlayıcıların qrammatik funksiyası cümlə strukturundan da kənara çıxır, MSB səviyyəsində cümlələri bir-birinə bağlayır. Onların cümlələri əlaqələndirilməsi MSB və mürəkkəb cümlə səviyyəsini əhatə etsə də, onlar məzmunca fərqlidir. MSB səviyyəsində bu əlaqələnmə daha geniş radiusludur, ayrı-ayrı müstəqil cümlələri əhatə edir.

Mürəkkəb sintaktik bütövlərin komponentləri arasındakı formal əlaqə vasitələrindən biri də determinantlardan ibarətdir. Azərbaycan dilçiliyində bu barədə əsaslı məlumat K.M. Abdullayev tərəfindən verilmişdir [4, s.53-56]. Cümlə səviyyəsində öyrənilən determinantlar mahiyyət etibarilə cümlənin digər üzvlərindən ayrılaraq üzvlərlə əlaqələnməsi, hamısına aid olması kimi səciyyələndirildi [43, s.154; 136; 135]. Məsələyə belə yanaşma determinant anlayışı, onun dildə yeri məsələsinə xeyli aydınlıq gətirir. Dilçilikdə zərfliklərlə bağlı olan bu üzvlər informasiyanın verilməsində daha qabarıq nəzərə çarpır. İstər mikro, istərsə də makromətn səviyyəsində baş verən hadisə və problemlər müəyyən zaman və məkan kontekstində reallaşır, informasiya da bunlara nəzərən ifadə olunur. Ona görə də determinativlər digər üzvlərdən fərqlənir, digər əlaqələnmə məzmunu qazanır. Bunu səbəb, məqsəd zərflikləri barədə də demək olar. İstər cümlə, istərsə də MSB kontekstində səbəb və məqsəd cümlənin bir üzvü və MSB komponenti ilə məhdudlaşa bilmir. Bu akt imkan verir ki, determinativlər informasiya verimi zamanı üzə çıxsın və bütövlükdə qeyd olunan səviyyələri əhatə etsin.

Cümlənin əvvəlində gəlib bütövlükdə onu əhatə etməsi cümlənin digər üzvlərindən onu funksiyaca fərqləndirir. Məsələn:

Allahyar küçəyə çıxanda dükançılar adətləri üzrə səkiləri sulayırdılar” [57, s.58].

Bu cümlədə “Allahyar küçəyə çıxanda” determinativ üzvdür, o, cümlənin qalan üzvlərinin hamısı ilə əlaqəyə girir. Hadisənin baş vermə zamanına işarə edir. Müqayisə üçün deyək ki, təyinlər və tərzi-hərəkət zərflikləri isə konkret olaraq sintaktik əlaqəyə girdiyi üzvlərlə bağlıdır. Bu xüsusiyyət onları determinantlardan fərqləndirir.

Məsələyə MSB kontekstində yanaşanda da məsələnin mahiyyəti dəyişmir, o, MSB-nin əvvəlində gəlməklə bütün komponentləri əhatə edir. Məsələn:

Qardaşı yadına düşəndə Şamxalın həm ürəyi kövrəldi, həm də qəzəbi artdı. O, Əşrəfi çox istəyirdi. Əşrəf necə deyərlər, canlara dəyən oğlan idi. Amma atasının iki qardaşın arasında ayrı-seçkilik saldığını xatırlayanda tutuldu. Atası burada da insafsızlıq etmişdi. Əşrəfi keçən il Qori müəllimlər seminariyasına oxumağa göndərmiş, Şamxalı isə yanında saxlamışdı. “Evimizdən biri oxusa bəsdir”, - demişdi, -sən qal. Bu cah-cəlal kimindir? Qardaşın məktəbi qurtarandan sonra Allah bilir haraya çıxıb gedəcək. Mənə sən qalacaqsan” [57, s.69].

Ziddiyyət-qarşılaşdırma əlaqəsi əsasında formalaşan bu MSB-də determinant üzv “Qardaşı yadına düşəndə” dir. Mətndə verilən informasiya tam olaraq onunla bağlanır, hadisələrin baş vermə xətti üçün o istinad nöqtəsidir.

Ümumidən xüsusiyə doğru prinsipi ilə qurulmuş bu MSB-də “amma” bağlayıcısı ilə ziddiyyətli qarşılaşdırma yaradılsa da, determinantın informasiya verimi zamanı oynadığı rolu inkar etmir. Hadisələrin çözümü ondan başlayır və bu səbəbdən mikromətnin bütün komponentlərini əhatə edən başqa bir misal:

Kəndin ortasındakı təpədə iri tut ağacının kölgəsində böyük bir mərəkə vardı. Göytəpələlilər dağ köçü, ya da biçin vaxtı olduğu kimi, buraya məsləhətə yığışmışdılar. Adətən onlar çətinliyə düşəndə, elliklə bir iş lazım gələndə buraya toplaşıb ağsaqqallara qulaq asar, görüləcək işlər barədə tədbir tökərdilər. Bu təpə çox hadisələrin şahidi olmuşdur. Sözləri çəpləşən kənd cavanları burada çox yumruq savaşına çıxıb biri-birinin üstünə xəncər çəkmiş, bəzən də aralığa qan salmışdılar. Burada çox adamlar əlini Qurana basıb günahsız olduğuna and içmiş, çox qanlılar barışdırılmışdı. Bu təpədə evlər yıxılıb, evlər tikilmişdi” [57, s.74].

Bu MSB-də “Kəndin ortasındakı təpədə”, “ağacın kölgəsində” determinantı mikromətnin bütün komponentlərini əhatə etməklə mətn hipertemasının əsasında dayanır.

K.M. Abdullayev böyük rus dilçisi V.V. Vinoqradova istinad edərək yazır: “Hələ V.V. Vinoqradov qeyd edirdi ki, zaman, məkan, səbəb, məqsəd, güzəşt və şərt kimi ikinci dərəcəli cümlə üzvü olan zərfliklər bilavasitə cümlənin bütün yerdə qalan hissəsinə bütövlükdə aid ola bilərlər, deməli, konkret olaraq bilavasitə nə ayrıca mübtəda qrupu ilə, nə də ayrıca xəbər qrupu ilə əlaqəyə girməyə bilirlər. Bu hal rus dili ilə əlaqədar özünü doğrultduğu kimi Azərbaycan, türk dili cümləsinin də mahiyyətini açmağa xidmət edə bilir” [5, s.153].



Yüklə 158,25 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin