Hamı bu millətə ağsaqqal olmaq,
Hamı bu ölkəyə gətirmək deyil,
Hamı istədiyini almaq istəyir.
Ölkəyə fərmanlar vermək istəyir.
“Məndən ağıllısı tapılmaz”- deyir”. [9, s.56].
Hadisələrin baş verimi eynizamanlılığa əsaslanır, məkan da birdir: “hamı” lar çox, məqsədlər müxtəlifdir, onların hamısı hərəkətdədir. M.Araz bu hərəkətin “hamı” lara nəzərən bir kəsiyini ifadə edir və MSB-nin eynizamanlılığı da bu məqamda yaranır.
II. MSB-nin komponentləri arasında ardıcıllıq əlaqəsi.
K.M. Abdullayevin dediyi kimi, “MSB-nin komponentləri arasında ardıcıllıq əlaqəsi eynizamanlılıq və ardıcıllıq zaman anlayışı ətrafında baş verir, buna görə də onları bir qrupda birləşdirmək olar” [43, s.161].
Ardıcıllıq əlaqəsi zaman əlaqəsindən onunla fərqlənir ki, ardıcıllıqda hadisələr zaman baxımından ardıcıl olaraq baş verir:
“Hüseyn Lələ bəy Şeyx Heydəri meşəyə gətirdi. Ağacların arasından keçən günəş şüaları gümüş xəncərlər kimi göy otluqlara sancılırdı. Burada “qurban olduğum, sadağa olduğum, pirim, mürşüdüm” nidaları eşidilmirdi. Meşəni quş səsi başına götürmüşdü. Dostunu yəhərdən endirdi. Bir daşın üstündə oturtdu. Ox ucluğunu çıxarıb atdı. Sinəsindən lələklə qarışıq oxu tutub çəkib çıxartdı. Heybəsindən sarğı, məlhəm çıxartdı. Onu otlar üstündə uzandırdı” [35, s.65].
Verilmiş mikromətndə Hüseyn Lələ bəyin Şeyx Heydəri meşəyə gətirməsi, yəhərdən endirməsi, daşın üstündə oturtması, sinəsindən oxun çəkib çıxartması ardıcıllıqla təsvir olunmuşdur. Mikromətnin daşıdığı informasiya da həmin ardıcıllığa rəğmən verilir. Burada əvvəldə qeyd etdiyimiz kimi, komponentlər arasındakı ardıcıllıq hadisənin verilməsi üsuludur, amma informasiya ilə - Şeyx Heydərlə bağlı bir epizoddur. Deməli, mikromətn – MSB müəyyən struktur-semantik bütövlüyə malik olmaqla mətndə informasiya daşıyıcısıdır, informativ cəhətdən makromətnin tərkib hissəsidir.
Qeyd olunan mikromətndə hər bir komponent (cümlə) müəyyən bir hərəkəti ifadə edir; hərəkətlərin ardıcıllığı MSB-də komponentlər ardıcıllığı ilə verilir; bir iş qurtarır, digərinə keçilir. Həmin mikromətnlərdə məntiqi əsas səbəb-nəticə əlaqəsindəki kimi güclü hiss olunur.
Başqa bir misala müraciət edək:
“Aləmşahbəyim bayaq durna qatarından ayrılan tək durnanı seyr eləyirdi. Həmin tək durna dönüb ağ, qanadlı at oldu. Alışıb yananda ayaqyalın, başıaçıq kövşənə tərəf qaçmağa başladı. Kövşənə çatmamış dəmirtikanlığa düşdü. Dəmirtikanlıqlar yetişib torpaq rənginə düşmüşdü. Topuğu xal-xallı, xınalı ayaqlarını didib dağıdırdı. Səmərqənd kağızı kimi ağ topuqlarını yaralayır qanına qəltan eləyirdi. Qan narıncı, xoş rəngli xınanın da rəngini dəyişdi” [35, s.127].
Bu MSB-də hadisələr elə bir ardıcıllıqla verilib ki, biri digərini şərtləndirir. Belə bir ardıcıllıq hadisə kontekstində hadisələrin zaman ardıcıllığına əsaslanır. MSB-də verilən informasiya mikromətn kontekstində bitkindir, o, özündən sonrakı MSB-lərlə də birləşib, əlaqələnib qlobal sistemə - makromətnin tərkib hissəsinə çevrilir. MSB-nin komponentləri arasında ardıcıllıq əlaqəsi olanda hadisələrin inkişaf trayektoriyası çox aydın hiss olunur. Məsələn: “Murad işə başladı, Suvağın qalanını da qılınc ilə qoparıb tökdü. Daşları söküb çıxarmağa başladı. Əbih Sultan da ona kömək eləyirdi. Onlar mağaranın yolunu açdılar. İçəri girdilər və girdikləri yerdə donub qaldılar. Mağaranın yuxarısından düşən işıq içərini aydınlaşdırmışdı. Mağaranın hər tərəfindən onlara quru kəllələr baxırdı. İçəridə insan sümükləri üst-üstə qalaqlanmışdı. Divara söykənən skeletin əynindəki paltarın cır-cındırı da qalmışdı. Amma rəngi də bilinmirdi”[35, s.151].
Muradın işə başlaması, qılıncla suvağın qopardılması, daşın sökülüb çıxardılması, Əbih Sultanın da ona kömək etməsi, onların mağaranın içinə girməsi, kəllələri və skeletləri görməsi iş ardıcıllığı ilə baş verir. MSB-də komponentlər arasında əlaqə üsulu da bu məzmuna istiqamətlənir.
Ardıcıllıq semantikası müəyyən zamanla bağlanır. Mikromətn kontekstində hadisə ardıcıllığı müəyyən zaman kəsiyində baş verdiyindən onlar üst-üstə düşmür:
“Uzaqdan vaxtsız xoruz banının səsi gəldi, sonra bir-iki xoruz da o tərəfdən- bu tərəfdən həmin vaxtsız bana səs verdi, sonra yenə sakitlik çökdü və yatmış Gəncə bir müddət beləcə sakitlik içində qaldı, sonra həmin gecə yarısı cavan, məlahətli və həzin bir səs sazın, kamançanın və tütəyin müşayəti ilə dalğa-dalğa Gəncənin üstünə yayıldı. Ziyad xan xanəndə oxuyurdu” [28, s.235].
Mətndə verilən “sonra” lar “və” bağlayıcısına müvafiq funksiya yerinə yetirməklə hadisə ardıcıllığını göstərir. K.M. Abdllayev yazır: “Mətn komponentlərinin ardıcıllıq əlaqəsi zamanı onları birləşdirən vasitə olaraq, xüsusi leksik vahid kimi çıxış edən “sonra” sözü də işlədilə bilər. Bu da öz növbəsində mətnin daha möhkəm koheziyasına xidmət edir” [4, s.247-255].
Bu konteksdə zaman zərfinin (sonra) bağlayıcı kimi işarələnməsi kontekstualdır.
III. MSB-nin komponentləri arasında aydınlaşdırma əlaqəsi.
MSB-nin komponentləri arasında aydınlaşdırma əlaqəsi daha çox informativ açıma xidmət edir. İnformativ açım obrazlarla, hadisələrlə bağlanır; onlara bəzi məqamlarda işıq salır, aydınlaşdırır. Məsələn:
“İki atlı dağlardan enib Ərdəbilə gedirdi. Onlardan biri Şeyx Heydər idi ki, xeyli yaşlaşmışdı. Toy günündən on ildən artıq bir vaxt keçirdi. Sifətini qara saqqal və bığ örtmüşdü. Sifətindəki uşaqlıq cizgiləri itmiş, o, kişiləşmişdi. Qiyafəsində də dəyişiklik var idi. Şeyxliyi təkcə çalmasından bilinirdi. O, daha çox pəhləvana, cəngavərə oxşayırdı. Çiyinləri enləşmiş, əlləri irilib kobudlaşmışdı. Qollarının əzələsi böyümüşdü” [35, s.44].
Burada aydınlaşdırılan nədir? – Ərdəbilə iki atlı gedir, biri Şeyx Heydərdir. Şeyx Heydərlə bağlı verilən əlavə məlumat həmin obrazın durumunun psixoloji-mənəvi vəziyyətini açmaq cəhətdən mikromətn semantikasına aydınlıq gətirir.
Bu mikromətndə aydınlaşdırma təsvir fonunda verilmişdir. Mətn semantikasında ilkin cümlə xüsusi önəm daşıyır; mikromətnin sonrakı pillələrində onun məna açımı baş verir, komponentlər arasında aydınlaşdırma əlaqəsi də buna istiqamətlənir. Məsələn:
“Obada hamı ayağa qalxmışdı. Qoyunlar kəsilir, düyü seçilir, qazanlar asılırdı. Dədə bəyin oğlu ilxıdan yeddi at ayırıb gətirib qonaqların atlarının yanına bağladı. İşini qurtaranda başını qaldırıb gördü ki, obaya tərəf iki nəfər gəlir. Yedəklərində də bir yabı, yabının da üstündə palaza bükülü bir şey var. Dədə bəyin oğlu Mustafa onların qabağına çıxdı” [35, s.112].
“Obada hamı ayağa qalxmışdı” cümləsi mətndə iki funksiyanı yerinə yetirir. İnformasiyanın verilməsi zamanı mətn hiperteması nöqteyi-nəzərindən ümumiləşmiş cümlədir. İkincisi isə aydınlaşdırılmağa, açılmağa ehtiyacı olan, aydınlaşma üçün stimul verən cümlədir. Mətndə aydınlaşdırılan mətnin komponentlərini bu aspektdə bir-birinə bağlayan da aydınlaşdırmadır. Verilmiş mətndə də “Qoyunlar kəsilir, düyü seçilir, qazanlar asılır” cümləsi birinci cümlədə istifadə olunmuş fikrə aydınlıq gətirir və simvolik xarakter daşıyır; çünki hamının ayağa qalxmasının qısa şəkildə ümumiləşmiş ifadəsidir. Başqa bir misal:
“Bir payız axşamı qurtarırdı. Gecə başlayırdı və yağış da get-gedə bərkiyirdi. suyun şırıltısı küləyin səsinə qarışmışdı və külək hər dəfə yağışı Əliabbas kişinin küçə pəncərəsinin şüşəsinə çırpanda kişinin ürəyində elə bil nəsə sınırdı. Səbəbini bilmədiyi bir nigarançılıq baş qaldırırdı. Əliabbas kişi elə bil ki, o payız gecəsinin ömürlük əzabını əvvəldən hiss etmişdi” [27, s.108].
Mikromətndə “Bir payız axşamı qurtarırdı” cümləsinin məzmunu sonrakı komponentlərlə açıla-açıla gedir. Baş verən hadisələr də payız gecəsi anlamı üzərində qurulur; bu mikromətndə aydınlaşdırılan da payız gecəsidir.
Aydınlaşdırma əlaqəsi ümumən mətn semantikasının inkişaf xətti ilə bağlanır, şərh izahverici xüsusiyyətlərə malikdir. Mətn semantikasında bu əlaqə üsulu bir çox mətnlərin əsasında durmaqla, hadisə və predmetlər barəsində olan fikirləri genişləndirməklə oxucuya informativ bolluq yaradır; hadisələr anı barədə geniş təsəvvür yaradır. İstənilən bədii mətn oxucusuna istiqamətlənir; ona əlavə izahların verilməsində, bəzi məsul anların düzgün qavranılmasında bu əlaqə üsulu mühüm rol oynayır. Müəllif-oxucu arasındakı məsafə azalır, hadisələr həmin kommunikativ parçalarda bir az da aydınlaşır. MSB-nin komponentləri arasında aydınlaşdırma əlaqəsi təkcə bədii mətnlərdə deyil, elmi və publisistik üsluba aid mətnlərdə də xüsusi mövqeyə malikdir.
IV. MSB-nin komponentləri arasında sadalama əlaqəsi.
K.M. Abdullayev yazır: “Mətn komponentləri arasındakı sadalama münasibəti mətnin elə quruluşunu nəzərdə tutur ki, bu quruluşda komponentlərin düzülüşü, ardıcıllığı heç bir rol oynamır. Buradakı ardıcıllıq öz-özlüyündə qeyri- informativdir. Bu aspektdən götürüldükdə bu münasibət ardıcıllıq münasibətinə qarşı qoyula bilər” [43, s.165]. Pirinsip etibarı ilə bu üsulla qurulan MSB-lərin komponentləri nisbi müstəqilliyə malikdir. Onların yerini bir-biri ilə dəyişdirmək olar, bu isə mikromətnin semantikasına nöqsan gətirmir.
“Leyləklərin çöp yuvası boş qalıb
Dostları ilə paylaş: |