2.2.1. Determinativlər
Yuxarıda şərhə müvafiq olaraq MSB səviyyəsində determinativləri nəzərdən keçirək:
1. Zaman determinativi. Zaman determinativləri zaman zərfləri, hərəkəti zamana görə bağlayan feili bağlama tərkibləri və “sonra” qoşması əsasında formalaşan qoşmalı birləşmələrlə ifadə olunur:
a) “Günortaüstünə yaxın kəndin ortasında cığırda qaraltı göründü. Həmin qaraltılar asta-asta molla Sadıqgilə yaxınlaşdılar. Pakizə eyvandan çəkinmədi. Qonaqlar doqqazdan içəri girəndə onlara ötəri nəzər salıb içəri keçdi. Pəncərənin pərdəsini azacıq aralayıb baxdı. Qonaqların eyvanda ayaqlarının qarını təmizlədiklərinə, üstlərini çırpdıqlarına fikir verdi. Şamxal çərkəzi paltar geyinmişdi. Ayağında uzunboğaz çəkmə vardı. Əşrəf isə paltolu idi. Əşrəf qaloşunu astanada çıxartdı” [57, s. 35].
“Günortaüstünə yaxın” zaman determinatividir, mürəkkəb zaman zərfi ilə ifadə olunub.
b) “Açıqlığa çıxan kimi Əşrəf atını mahmızladı və keçidin yuxarı tərəfinə doğru irəlilədi. Keçidin aşağı tərəfində, suyun dayazlaşdığı yerdə bir dəstə cavan heyvanları şığıyıb suya tökür, qorxub geri qayıtmaq istəyən inəkləri, danaları daşa basırdılar. Onlar malları hay-küylə ürəkləndirib o üzə keçirməyə çalışmışdılar”[57, s.38].
“Açıqlığa çıxan kimi” zaman determinatividir, “kimi” qoşması əsasında formalaşan qoşmalı birləşmədir.
c) “Mələyin yoxa çıxmasını eşidəndən yarımca saat sonra Allahyar yola hazırlaşdı. Qumar yoldaşlarını və karvansara sahibini duyuq salmamaq üçün əhvalatı açmadı. Onların sualına “daha bəsdir, evdə işim-gücüm tökülüb qalıb,”-deyə təmkinlə cavab verdi” [57, s.49].
“Sonra” qoşması vasitəsi ilə formalaşan bu tərkib zaman determinativi olmaqla MSB-nin bütün komponentlərinə aid olur; yeni hadisənin başlanğıc zamanı kimi mikromətn hipertemasının əsasında dayanır.
ç) “Pristav Göytəpəyə yola düşəndə elə əmin etmişdi ki, camaatın üstünə təpinən kimi hamı qorxub geri çəkiləcək, kazakları meşədə ağaca sarıyan adamları dərhal tapıb tutacaq, kazakların qabağına qatıb həbsxanaya göndərəcəkdi. Amma indi gözləmədiyi bu vəziyyətdən çaşıb qalmışdı” [57, s.76].
“Pristav Göytəpəyə yola düşəndə” determinativi hərəkəti zamana görə bağlayan feili bağlama tərkibi ilə ifadə olunmuşdur.
d) “O, süfrəni və stəkan-nəlbəkini yığışdıranda da Şamxalın sözləri qulağından getmədi. Sizin çayınız qəndsiz də olar. Bu nə demək idi? Necə çayınız qəndsiz də şirin olar? Amma qəribə gözləri var. Adamın düz ürəyinin içinə baxır” [57, s.79].
Bu misalda da zaman determinativi feili bağlama tərkibi ilə ifadə olunmuşdur.
2. Məkan determinativləri. Məkan determinativləri yer zərfləri ilə ifadə olunur:
“Həyətdə at kişnədi və ayaqlarını yerə döydü. Hüseyn Lələ bəy pəncərəyə yaxınlaşıb şəbəkə arasından baxdı. Sultanəli də yaxınlaşıb baxdı. Çünki bu həyətdə ayağını yerə döyüb kişnəyən at bu evə faciə xəbəri gətirmişdi. Hüseyn Lələ bəy atını tanıdı. Dədə bəyin Alapaşasıydı. Lələ onun oğurlanması əhvalatını müxtəsərcə Sultanəliyə danışdı. Sultanəli də Dədə bəyi qarşılamaq üçün qapıya getmək istəyəndə Lələ ona mane oldu” [35, s.45].
Qeyd olunan MSB məkan determinativi ilə başlayır. Onun mikromətn üçün ümumiliyi ondadır ki, o, mikromətnin mətn hipertemasının əsasında dayanır, hadisələr onun ətrafında cərəyan edir, mikromətnin bütün komponentlərini əhatə edir. Məkan determinativi söz birləşmələri ilə də ifadə oluna bilər. Məsələn:
“Gölün qırağında çiçəklərin, otların arasında qara torpaq yumşalmışdı, oradan sısqa axınla su axırdı. Sultanəli qızıl kəmərinə keçirdiyi üstündə zümrüd qaşları olan qızıl işləməli qılıncını açıb yerə qoydu, əyilib torpağı təmizlədi. Su azacıq bulandı, durulanda gözünü təmizlədiyi bulaqdan dumduru su axmağa başladı. O, bulaq açmışdı. Əllərini yudu, bulağın qabağına xırda daşlar düşdü, su şişdi. Bundan sonra dizini torpağa qoyub əyildi, dodaqlarını söykəyib o sudan içdi” [35, s.54].
3.Güzəşt determinativi:
“Sultanəli cavan olsa da, dərrakəlidi, ağıllı, biliklidir. Rüstəm Mirzə isə nadan və kütbeyindi. Ətrafında da məndən başqa heç kimi yoxdur. Mən onun noxtasından tutub hansı tərəfə dartsam, o tərəfə də gedəsidir. Burada isə öz ovlarımı onların əlinə verməliyəm” [35, s.56].
Bu MSB güzəşt determinativi əsasında formalaşmışdır, yəni sonrakı komponentlər güzəşt semantikasına söykənir.
4. Səbəb determinativi:
“Tavandan asılmış çırağın fitilini qaldıran olmadığından otaq güclə işıqlanırdı. Bu zəif və solğun işıq onu daha da darıxdırdı. Əlini uzadıb fitili yuxarı çəkdi. Yalnız bu zaman dönüb Mələyə baxdı. Əli qoynunda dayanmış gəlin gözünü pəncərəyə zilləmişdi. Paltarı bir neçə yerdən cırılmışdı. Yanağında və alnında qara ləkələr vardı” [57, s.58].
Dostları ilə paylaş: |