Dissertasiyanın aprobasiyası və tətbiqi: Tədqiqatın əsasları müxtəlif elmi məcmuələrdə dərc olunmuş, 11 məqalə və elmi-nəzəri konfranslarda edilmiş bir sıra məruzələrdə öz əksini tapmışdır.
Dissertasiya işinin yerinə yetirildiyi təşkilatın adı: Dissertasiya Bakı Slavyan Universiteti Müasir Azərbaycan dili kafedrasında yerinə yetirilmişdir.
Dissertasiyanın quruluşu. Dissertasiya giriş, üç fəsil, nəticə və istifadə olunmuş ədəbiyyat siyahısından ibarətdir.
Dissertasiyanın struktur bölmələrinin ayrılıqda həcmi və işarə ilə ümumi həcmi. Giriş 4 səhifə, I fəsil 23 səhifə, II fəsil 54 səhfə, III fəsil 26 səhifə, Nəticə 5 səhifə, istifadə edilmiş ədəbiyyat, 10 səhihə. Ümumi həcmi 125 səhifə – 197, 488 işarə.
I FƏSİL
MƏTN NƏZƏRİYYƏSİNİN MEYDANA GƏLMƏSİ
1.1. Dilçilikdə mətn nəzəriyyəsinin formalaşması
"Dilçilikdə yeni elmi paradiqmanın meydana gəlməsi bəzi dil hadisələrinə yanaşma tərzini dəyişdi, onun tədqiqat sferasını genişləndirdi. Belə məsələlərdən biri də mətn və informasiya, eləcə də informasiyanın ötürülməsi və qavranılması məsələləri ilə bağlı idi" [82, s.180-189]. Müasir dünya ünsiyyəti məlumat ötürən (nitqin törəməsi), məlumat qəbul edən (nitqin qavranılması) və nitq situasiyası əsasında reallaşdırır. Göründüyü kimi, bu məsələlər filoloji elmlərdə mətn sintaksisi və ritorikada mühüm tədqiqat obyekti sayıldığından həm də dilçilikdə mətn nəzəriyyəsinin yaranmasını onlarla bağlayırlar [146]. Mətnin koheziyası və koherentliyi xüsusiyyətləri dilçiliklə bağlıdırsa, informasiyanın məqsədyönlü və təsirli qurulması isə ritorika ilə bağlıdır. Məhz buna görə də dilçilik və ritorikanı mətn nəzəriyyəsinin yaranmasının əsas mənbəyi hesab edirlər. Hələ qədim Yunanıstanda ritoriklər nitqin ifadəliliyinə, tələffüz şərtlərinə xüsusi fikir vermiş, kommunikasiyada fikirdən ifadə etməyə doğru hərəkətin ritorikasını öyrənməyə çalışmışlar.Ancaq həmin dövrdə informasiyanın müxtəlif aspektlərinin öyrənilməsinə baxmayaraq, mətn ayrıca tədqiqat obyektinə çevrilmirdi. Dilçilik elmi isə bəzən mətnlərin öyrənilməsi ilə inkişaf edirdi. Məsələn: Qədim Hindistanda dilçilik elminin yaranması Vedaların dilini öyrənmək cəhdi ilə bağlıdır; dini mətnlər üzərində iş Hindistanda dilçilik elminin formalaşmasında həlledici rol oynamışdır. Əgər mətn ritoriklər üçün nitq situasiyası və mətnin ifadəsi (tələffüzü) ilə bağlı idisə, dilçilər üçün onun mövcudluğu və quruluş xüsusiyyətləri maraqlı idi. Deməli, mətnin öyrənilməsinin aspektləri də müxtəlifdir. Əgər ritorik üçün mətnin törəməsi və dinləyicini inandırmaq sözü ön plana çıxardısa, dilçilik üçün mətnin qavranılması faktoru özü ön plana çıxırdı. Beləliklə, klassik filologiya və ritorika müasir mətn dilçiliyinin əsas konturlarını müəyyənləşdirmişdi.
"Mətnə belə yanaşma XIX əsrin ortalarına qədər davam edir (Bu, ritorikanın durğunluq dövrü sayılır) ki, bu da XX əsrin ortalarına qədər davam edir. Bu prosesin nəticəsi olaraq filoloji elmin diferensiallaşması mətn dilçiliyinin xüsusi tədqiqat sahəsi kimi formalaşmasını müəyyən qədər ləngitdi" [146]. Bu dövrdə mətnlə bağlı təcrübi materiallar və nəzəri faktlar toplanıldı, demək olar ki, mətn nəzəriyyəsinin yaranmasının real bazası formalaşmağa başladı.
Bu problemlə bağlı maraq doğuran mətndə cümlələr arası münasibət və onların əlaqələnməsi idi. Çünki mətn struktur-semantik bütöv olmaqla informasiya parçasıdır. Onun komponentlərinin əlaqələnmə prinsipləri vahid bir ierarxaik sitemə əsaslanır; mətndə komponentlər arasında sitem olmasa, mətni bütövlükdən də söhbət gedə bilməz. Mətndə komponentlərin mətnin koherentliyi və koheziyası kontekstində bütövləşməsisinin meyarı onda verilən praqmatikadır. Müəllif ideyası da bu prinsiplərin struktur-semantik bağlılığından və təşkilindən asılıdır.
Bədii ədəbiyyatın öyrənilməsi mətn nəzəriyyəsinin yaranmasında böyük rol oynamışdır. Çünki yazıçı üslubu, onun xüsusiyyətləri mətnin öyrənilməsinin mühüm tərəflərini ifadə edir. Qeyd olunan istiqamətdə mətnin öyrənilməsi dərinləşdikcə onun yeni problemlərini də ortaya çıxartdı.
Mətn nəzəriyyəsinin yaranmasının mühüm səbəblərindən biri də onun humanitar elmlərin maraq dairəsinə daxil olmasıdır. Məsələn: mətn fəlsəfi və psixoloji baxımdan da humanitar elm sahələrində öyrənilirdi. Məsələyə belə baxış mətni filoloji və ritorik çərçivədə öyrənilmə hüdudundan çıxararaq daha geniş sferaya daxil etdi.
Semiotika və hermenevtikada tərcümə mətnlərinin öyrənilməsi və bu əsasda yazıçı ideyalarının bərpa olunması mətn nəzəriyyəsinin yaranmasında mühüm rol oynamışdır; dini mətnlər və onların şərti – orta əsrlərdə mətn haqqındakı biliklərin, nəzəri fikirlərin formalaşmasında xüsusi rol oynamışdır.
XX əsrin əvvəllərində semiotikada mətnin işarələr ardıcıllığı, mürəkkəb işarələr kimi öyrənilməsi mətn nəzəriyyəsinə güclü təsir etdi. Beləliklə də, mətni təşkil edən işarələr və onların mürəkkəb sistemi bu barədəki nəzəriyyənin yaranmasının modelini verdi. Mətn nəzəriyyəsinin inkişafında informatikanın meydana gəlməsi stimulverici status qazandı.
Beləliklə, mətn filoloji sərhədləri aşaraq humanitar və texniki elmlər sferasına daxil oldu və o, müxtəlif istiqamətlərdən öyrənilməklə mətn barəsindəki elmi-nəzəri fikirləri bütövləşdirdi.
Nəticədə də yeni elmi paradiqma olmaqla dilçiliyin aşağıdakı elmi istiqamətləri meydana gəldi:
1. "Elmdə baş mövqe olmaqla antroposentrizm sistemosentrizmi sıxışdırır. Bu prosesin ilk təzahürü və linqvistlərin qeyd etdiyi kimi, dilin linqvistikasından ünsiyyətin linqvistikasına keçilir;
2. Dilçilik elminin sərhədləri genişlənir;
3. XX əsrin 70-ci illərində ritorika dirçəlməyə başlayır, onları da mətnin kommunikativ modeli maraqlandırırdı. Onlar mətni aktiv fəaliyyət və ünsiyyət kimi qəbul edirdilər;
4. Dilçiliyin humanitar elmlərlə əlaqəsi güclənir" [146].
Mətn dilçiliyinin yaranması aşağıdakı əlamətlərlə müşahidə olunur:
Mətn barədə nəzəri fikirlər formalaşdıqca, gücləndikcə, dilçiliyin bu sahəsinin yeni anlayışları meydana gəlir. Məsələn: koheziya, koherentlik, intermətn və s.
Bu prosesdə mətnin tipologiyası mühüm problem kimi ortaya çıxır və onun təsnifi üçün ümumi prinsiplərin işlənməsi qeyd olunur. Ən nəhayət, bu istiqamətli tədqiqatlar diskurs təliminə mühüm faktlar verdi.
Mətn nəzəriyyəsinin obyekti mətnlər vasitəsilə insanların kommunikativ fəaliyyətinin təşkilindən ibarətdir. Əslində mətn nəzəriyyəsinin mahiyyətində də bu amil dayanır. Çünki biz kimlə ünsiyyətdə oluruqsa, həmin ünsiyyət mətndə öz ifadəsini tapır. R. Bart yazırdı ki, mətn təkcə istehsal, iş prosesində hiss olunur. Ona görə də o, hərəkətsiz donub qala bilməz [70, s.415]. Həmin məsələnin şərtində nitqin törəməsi, qavranılması, insanın koheziya sistemi, yaddaş və s. mühüm amillər onu bütün humanitar elmlərin maraq dairəsinə salır.
Mətnin dinləyicilər üçün açıq olması onun kommunikativ mahiyyətindən doğur; çünki o, hansısa informasiya ilə yüklənmişdir, ona müraciət edənlər üçün açıqdır.
R. Yakobson yazır ki, biz danışarkən dil və ya istənilən işarələr sistemini işə salırıq ki, onlar da kommunikasiya vasitələridir; kommunikasiyanı öyrənərkən kommunikativ vasitələrə və onun iştirakçılarına məhdudiyyət qoymaq olmaz [138, s.377]. Mətn dilin qanunları, daha doğrusu, informasiya nöqteyi-nəzərindən qapansa da, ona müraciət edənlər üçün açıqdır. "Mətnin qapalılığı onun semantik və struktur xüsusiyyətlərindən irəli gəlir; linqvistik baxımdan mətni təşkil edən cümlələr müəyyən çərçivəyə əsaslanmaqla morfo-sintaktik qapalılığa malikdir" [4, s.13-14]. Bu xüsusiyyət mikromətn səviyyəsində də müşahidə olunur; mikromətnin əvvəlində verilən informasiya sonda qapanır, bitir və bununla da mikromətnin bütövlüyü təmin olunur.
Mətn haqqında nəzəriyyənin formalaşmasında mətn və diskurs nisbəti, onların öyrənilməsi müəyyən qədər təsiredici amil olmuşdur. Diskurs təlimi ilə məşğul olan məktəblər istər-istəməz qeyd olunan məsələ ilə rastlaşmış və bu xüsusda öz münasibətlərini bildirmişlər. Bir çox dilçilər mətnə həm proses, həm də bu prosesin nəticəsi kimi baxmışlar. Lakin E.Benvenist nitqin törəməsi prosesinə diskurs, onun nəticəsinə isə mətn kimi baxır. Deməli, bu dilçiyə görə, mətn diskursun nəticəsi kimi meydana gəlir.
Mətn və diskurs dilçilikdə bəzən bir-birini əvəz edən anlayışlar kimi işlənilmişdir. Xüsusilə ingilisdilli dilçilər H.Harris tərəfindən geniş işlənməyə başlanılan “diskurs”terminini mətnə sinonim kimi qəbul edib bu mövqedən çıxış etmişlər. Lakin Avropa dilçiləıri arasında “diskurs”a yeni yanaşma, onun kontekstlə əlaqəsi, ekstralinqvistik amillərlə də şərtlənməsi mətn və diskurs anlayışları arasında fərqlərin olduğunu müəyyənləşdirdi.Onların aparıdığı tədqiqatlarda belə bir konsepsiya irəli sürüldü ki, nitq, mətn xəttidir, diskurs isə xətti deyil.Yəni şüurumuzda informasiyanın hazırlanması zamanı təfəkkür , idrak qanunları fəaliyyət göstərir. Lakin onların verbal ifadəsi dil qanunları ilə idarə olunur. Bu fərq diskursla mətn arasında prinsipial fərqdir.Deməli, diskurs insan təfəkküründə informasiyanın hazırlanması, insanın dünya haqqındakı biliyi,zaman və şərait də əsas götürülməklə özünəməxsus xüsusiyyətlərə malikdir. Ona görə də mətnlə diskursu eyniləşdirmək olmaz.
Mətn nəzəriyyəsinin predmetinin qurulma prinsipləri obyektin, hadisənin, təsvir olmanın obyektləşməsinin baza prinsipləri ilə əlaqədardır. Həmin prinsipləri aşağıdakı cür sistemləşdirmək olar:
1.Sistemlilik. Sistemlilik elmi prinsipdir və predmetin bütün tərəflərini görməyə imkan verir. Məsələn: Makromətnin içində mikromətnin görülməsi və onun qurulma mexanizmi daxili sistemin, eləcə də makromətn ölçüsündə qlobal sistemin yaradıcısı kimi mikromətnlər arası əlaqənin görülməsi mətnin sistemli təbiətini formullaşdırmağa imkan verdi.
2.Mətnin kommunikativliyi. Kommunikativliyin tədqiqat prinsipi mətnin kommunikativ təbiətindən irəli gəlir. Çünki istənilən halda mətn ünsiyyətlə səciyyəvidir; onun qurulması isə dil işarələri və onun sisteminin nəticəsi kimi meydana gəlir. Mətn qurularkən həm koheziya, həm də koherentlik əlaqəli sistem kimi özünü göstərir; bir tərəfdən situasiya işarələnir, digər tərəfdən informasiya dinamikası yüksələn xətlə inkişaf edir. Həm mikro, həm də makro mətndə informasiyanın verilmə prinsipləri mətn nəzəriyyəsinin mühüm məsələlərindəndir.
3. Mətnin bütövlüyü. Mətn canlı bir bütövdür; o dinamizmə malikdir; dinamizm – hərəkətdir, hadisələrin inkişaf trayektoriyasının ifadəsidir. O, mikromühitdən makromühitə doğru inkişaf edir. Hadisələrin mətn halına gətirilməsi fərdin intellektual səviyyəsi ilə sıx bağlıdır. Çünki eyni hadisəni tarixçi, filoloq, sosioloq, psixoloq mətn şəklində ifadə edə bilər, lakin bunlar fərqli mətnlər olacaqdır. Eyni dərəcədə də iki yazıçının eyni mövzuya müraciəti də nəticə etibari ilə üst-üstə düşməyəcəkdir. Bu onların yaradıcılıq manerasından, yaradıcılıq üslubundan və istiqamətindən asılı olacaqdır.
Mətn nəzəriyyəsinin formalaşmasında mətnin əsasında dayanan kommunikasiya məqsədinin öyrənilməsinin də öz rolu var. Çünki yazıçı intensiyası adresant və adresat arasındakı ünsiyyətin mahiyyətini təşkil edir. "Mətn nəzəriyyəsinin də əsasında mətn dayanır. Deməli, bu nəzəriyyə mətn praqmatikasını da əhatə edir. Buraya kommunikantlar, fikrin verballaşması və qavranılması, dil, nitq situasiyası və məqsədi kimi mühüm faktorlar daxildir. Mətn qurularkən kommunikativ məqsəd bu yönlü yaradıcılığın əsasında dayanır və yuxarıdakı məsələlər də onun formalaşmasına kömək edir" [114]. Nitq prosesində mətnin formalaşması qeyri-verbal nitqdən verbal nitqə keçməklə – nitq reallaşmaqla, E.Benvenistin dediyi kimi, tələffüz prosesi sona çatmaqla meydana gəlir. Onun iki tərəfi vardır: mətni yaradan və onu dərk edən; onların arasındakı qeyd olunan hadisənin baş verməsi üçün də nitq situasiyası ciddi rol oynayır. Nitq ötürən yaratdığı mətnlə mətni qəbul edənə doğru istiqamətlənir, yuxarıda qeyd etdiyimiz nitq intensiyası da həmin mətnin praqmatik funksiyasına xidmət edir. Digər tərəfdən, müəllif intensiyası həmin mətnin fəlsəfi, sosial və estetik çəkisini müəyyənləşdirir.
Müəllif intensiyası istənilən mətnin social-mədəni tərəfidir. Əgər mətndə müəllif intensiyası olmazas, onda mətnin kommunikasiyadakı social funksiyası əhəmiyyətsizləşər. çünki mətn cəmiyyətdəki hansısa problemə, həyəsə münasibət kontekstində formalaşır. Onun təsviri fonunda da müəllifin rəğbəti, istəyi, nifrəti və s. emosional hissləri özünə yer alır. Mətn bunlarsız müəllif intensiyasının daşıyıcısına çevrilə bilməz.
Mətn işarələnmiş informasiyadır, sabitliyə malikdir, cəmiyyətdə ünsiyyətin əsas vahididir, o, dekodlaşaraq anlaşıla bilir və əsas bilik, eləcə də informasiya mənbəyidir.
Mətn anlamağın nəticəsidir; düşünülən, görülən hadisələrin işarələnməsinin nəticəsidir. Bu proses antroposentrizmin prinsipləri ilə izah oluna bilər və bu şərh psixologiya, fəlsəfə, sosiologiya və neyrolinqvistik tədqiqatların nəticələri kimi götürülməlidir. Düşünülənin kodlaşması dil və incəsənət səviyyəsində ola bilər. Dil və ulu dil həmin kodlaşmanın linqvistik ifadəsidir. Musiqi, arxitektura, heykəltaraşlıq da insanın daxili düşüncələrinin ifadəsidir, lakin bu linqvistik ifadədən fərqli kodlaşmadır. Ona görə də yuxarıda qeyd olunan mətnlər nəticə etibarilə hansısa bir fərdə və ya kollektivə istiqamətlənməsinə görə bir-biri ilə kəsişsələr də, ifadə tərzinə görə fərqlənir.
Mətn dil münasibətlərinə görə linqvistik təbiətə malik mürəkkəb işarədir. Bu işarənin mürəkkəbliyi ondan ibarətdir ki, o, dil səviyyələrinin çoxtərəfli təması əsasında mövcud olur və onların hər birinin də mətn quruculuğunda hər hansı bir səviyyədə öz payı var. "Mətnin əlaqəli və bütöv sistemə malik olması da mətnə kənardan baxışın deyil, ona özündən baxışın nəticəsidir" [4]. Lakin mətnin idrak səviyyəsində təsviri və ya təhlili ekstralinqvistik amillərlə bağlıdır. Bu da mətnin yaranmasının sosial tərəfini üzə çıxarır; sosium və mətn nisbətinə aydınlıq gətirməyə şərait yaradır. Əslində mətn sosiumda yaşayır, sosium onun mövcudluğunu müəyyənləşdirir, sosial fəaliyyət və ictimai münasibətlər isə ona təsiredici mövqedə dayanır. Sosial mühitdə mikro və makro mühitdən ibarət ola bilər; məhz onlar mətnin mövcudluq mühitidir. İstər makro, istərsə də mikro mühit mətnin mövcudluq məkanıdır. Bu məkanda kommunikantlar müxtəlif əqidə və düşüncənin, eləcə də əqidənin sahibləridirlər. Onlar eyni mətni müxtəlif cür qavrayıb təhlil edə bilərlər, lakin adresantın mətn üzrə reallaşmış bir məqsədi olur. Deməli, mətnin dekodlaşması prinsip etibarilə müxtəlif istiqamət və nəticələrlə müşayiət oluna bilər.
Yeri gəlmişkən, bir məsələ barəsində də fikrimizi bildirək. Mətnlə bağlı faktorlar içərisində komiks terminindən də istifadə olunur. Komiks mətn verbal, həm də şəkillə (məsələn: piktoqramlar) birgə keçilməsi ilə bağlıdır. Bu iki sistemin bir-birinə yaxınlaşması müəyyən norma ilə tənzimlənir və qarışıq mətn adlanır. Mətnin yaranmasında bu iki dil kodu forma dəyişikliyi və mətnin funksional təyinatını dəyişdirir.
Hadisə və mətn kontekstində əsas fakt subyektdir. Subyekt mətnin yaradıcısıdır, həm də mətnin dekodlaşma nəticəsində onu dərk edəndir. Bu prosesdə subyektlər arasındakı əlaqəni, qarşılıqlı anlaşmanı tənzimləyən onlar arasındakı məlum ümumi bilikdir. Məsələn: filoloq hansısa filoloji mətni daha yaxşı və dəqiq anlayar, nəinki fizika və ya riyaziyyata aid mətni. Çünki filoloji mətn filoloqlara mövcud olan ümumi biliyə söykənir.
İstənilən bədii əsər mətndir; onun yaradıcısı var, orada həm müəllif, həm də obrazların dilində işlənmiş üslub var.
Bədii mətnin müəllifi hansısa bir mətni ifadə edərkən bu təmələ söykənir; orada həm müəllif nitqi, həm də obrazların dili bu əsasa malikdir. Bəzən yazıçı üslubu ilə obrazların dili fərqləndirilə bilər. Məsələn, hansısa roman müəllif üslubuna daha çox bağlanırsa, dram əsərlərində obrazların dili formalaşdırılır. Baxmayaraq ki, onların hər ikisi müəllif təxəyyülünün məhsuludur, təbii ki, obrazların dili fərdiləşsə də, onlar hansısa ictimai-siyasi qüvvələrin təmsilçilərinə çevrilsə də, yazıçı təxəyyülünün məhsuludur. O mətn bir təfəkkürün məhsuludur və orada yazıçı fərdiyyətinin izləri aydın görünür.
Söz olmayan yerdə nitq də yoxdur, deməli, dioloji münasibətlər də yoxdur. İstənilən mətn oxucuya yönəlmişdir, deməli, mətn ünsiyyət baxımından dioloji nitqə əsaslanır.
Mətnin arxasında işarələrin mürəkkəb sistemi dayanmırsa, bu, təbii-natural
hadisədir. Buraya təbiət hadisələrinin səsi, inilti, uğultu və s. daxildir. Bunlardan fərqli olaraq bədii mətnlər ixtiyari dil işarələrinin sistemi kimi mövcud olur. Məhz bu halda onun quruluşu, inkişaf dinamikası öyrənilir.
Hər bir mətnin müəllifi var; o, öz oxucusu ilə dialoqa girir, hətta monoloji nitq söyləsə də o, dialojidir. Çünki o, oxucuya istiqamətlənib.
Dostları ilə paylaş: |