3.3. Bankların vergiyə cəlb edilməsi problemləri
Ölkəmizin iqtisad elmi və praktikasında aktual problemlərdən biri də dövlətin bazar strukturları quruculuğuna təsir edən mühüm aləti olan vergitutmanın inkişafı və təkmilləşdirilməsi problemləridir
Dövlətin vergi sistemi və vergi siyasəti istisnasız olaraq bütün bazar subyektlərinin iqtisadi maraqlarına toxunur. Bazar iqtisadiyyatının əsas seqmentlərindən biri əsasən kredit təşkilatlarında mövcud olan bank riskidir. Bank sistemi bazar iqtisadiyyatının mühüm tərkib hissəsi və makroiqtisadi vəzifələrin realizə olunması üçün çevik alətlərdən biridir. Banklar investisiya, innovasiya, struktur siyasəti, əhalinin gəlir siyasəti və xarici iqtisadi fəaliyyətin həyata keçirilməsində dövlətin təsirli aləti rolunu oynayır. Eyni zamanda bank sistemi mikroproseslərin effektli dinamikasını təmin edən bazar infrastrukturunun əsas hissəsidir.
Təhlükəsizlik və iqtisadiyyatın tənzimlənməsi baxımından bank bazarının vergi tənzimlənməsi mühüm əhəmiyyətə malikdir. Bank və ictimai-siyasi sistemlərin funksionallıq və stabillik qabiliyyətləri arasındakı qarşılıqlı əlaqə tarixən dəfələrlə təsdiqlənmişdir. Bundan başqa, iqtisadi sistemin səmərəli fəaliyyət göstərməsi onun kredit sistemindən və deməli banklardan əhəmiyyətli dərəcədə asılıdır. Dövlətin iqtisadi siyasətinin aparılmasında iqtisadiyyatın əlaqələndirici həlqəsi kimi bank sisteminə xüsusi yer ayrılması, bankların vergiyə cəlb olunması, bank və vergi orqanlarının qarşılıqlı əlaqələri, kommersiya banklarının fəaliyyətinin vergi tənzimlənməsi məsələlərinin tədqiqini aktuallaşdırır.
Bank sisteminin sonrakı islahat vəzifələrindən biri kredit təşkilatlarının vergiyə cəlb edilməsi sisteminin təkmilləşdirilməsidir. Bank və digər kredit təşkilatları üçün vergi orqanları ilə qarşılıqlı münasibətlər, hər iki tərəf üçün optimal qərarların qəbul edilməsini tələb edən problem məsələlərdən biridir. Nəzərə almaq lazımdır ki, bank və digər kredit təşkilatları, vergi qanunvericiliyinin bütün təsərrüfat subyektlərinə və təsərrüfat mexanizminin fəaliyyətinə bir çox aspektlərinə təsir edən, əksər qaydalarının öz həllini tapmamış və ziddiyyətli çətinliklərini öz üzərində daşıyırlar.
Kommersiya bankları və kredit təşkilatları vergi münasibətləri çərçivəsində vergitutma subyekti (vergi ödəyicisi) və vergi nəzarəti agenti kimi çıxış edə bilərlər.
Qüvvədə olan vergi qanunvericiliyinə əsasən sahibkarlıq fəaliyyəti subyektləri kimi kommersiya bankları və kredit təşkilatları əksər aparıcı vergilərin (mənfəət vergisi, ƏDV, əmlak vergisi, qiymətli kağızlarla əməliyyatlar üzrə vergi, nəqliyyat vergisi) ödəyicisi kimi büdcə qarşısında öhdəlik daşıyırlar. Bununla yanaşı, onlar həm də gəlir vergisi və dövlət büdcədənkənar fonlarına ayırmaların ödəyiciləridir. Kredit təşkilatları tərəfindən ödənilən vergilər arasında daha çox əhəmiyyət kəsb edən və hesablanma xüsusiyyətlərinə malik olan olanı ƏDV, mənfəət vergisi və əmlak vergisidir.
Mənfəət vergisi üzrə vergitutma bazası müəyyən edilərkən yaranan ən ciddi problemlərdən biri bank və digər kredit təşkilatlarının vergitutulan mənfəəti ssudalar üzrə mümkün ola biləcək itkilərə görə ehtiyatlara ayırmaların məbləği qədər azaltmaq hüququna malik olmasıdır.
Ölkəmizin ərazisindəki kredit təşkilatları mürəkkəb qeyri-sabit iqtisadi şəraitdə fəaliyyət göstərdikləri üçün bütün risklər məhz bu amillə bağlıdır. Belə olan halda vergitutma bazası müəyyən edildikdən sonra kredit riskləri üzrə ehtiyatların yaradılması mənasızdır. Əksinə, əgər həmin ehtiyatlara ayırmaların məbləği bankın xərclərinə aid edilsəydi bu kommersiya banklarının maliyyə dayanıqlığını artırardı ki, bu da ümumilikdə respublikamızda bank sisteminin möhkəmlənməsinə pozitiv təsir göstərmiş olardı.
Bank və digər kredit təşkilatlarının ƏDV cəlb edilməsi xüsusiyyəti vergitutulan əməliyyatlar üzrə vergitutulan dövriyyənin digər vergi ödəyicilərindən fərqli müəyyən edilməsidir. Belə ki, kredit təşkilatlarında ƏDV cəlb edilən bank əməliyyatlarını həcmi nisbətən azdır.
Vergitutma bazasının hesablanması, vergi və digər məcburi ödənişlərin ödənilməsi qaydası, vergi qanunvericiliyində vergitutma subyektləri və nəzarət orqanlarının hüquq və vəzifələrini müəyyən etməklə reqlamentləşdirilir.
Bank və digər kredit təşkilatları həm bütün vergi ödəyiciləri üçün müəyyən edilmiş ümum, həm də yalnız bu təsərrüfat subyektləri üçün xarakterik olan xüsusi hüquq və vəzifələrə malikdirlər. Bu bank və digər kredit təşkilatlarının vergi sistemində tutduğu mövqe və bank əməliyyatlarının səciyyəvi xüsusiyyətləri ilə bağlıdır.
Eyni zamanda, vergi qanunvericiliyinin pozulmasına görə bank və digər kredit təşkilatlarının məsuliyyət sistemindəki xüsusi yer Vergi Məcəlləsinin 60-cı maddəsində təsbit edilmiş maliyyə sanksiyalarına malikdir.
Büdcəyə vergi ödənişlərinin həcminə görə bank və digər kredit təşkilatları vergi ödəyici olan digər hüquqi şəxslər arasında böyük xüsusi çəkiyə malikdir. Lakin, bank və digər kredit təşkilatları vergi ödəyicisi kimi fəaliyyət göstərilməklə yanaşı, bir sıra mühüm funksiyalar yerinə yetirirlər.
Ölkəmizin kredit sisteminin xüsusiyyəti onların vergi qanunvericiliyinin kassa icrasında iştirak etməsidir, yəni onlar fiskal nəzarətçisi rolunu oynayır (məsələn, borcluların hesabların qeydiyyata alır, müştərilərin vergi və digər məcburi ödənişlərinin büdcəyə köçürülməsi üzrə hesablaşma əməliyyatları həyata keçirir, müəssisələrin hesablarındakı vəziyyət haqqında vergi orqanlarına məlumat verirlər).
Kommersiya bankları və digər kredit təşkilatlarının vergiyə cəlb edilməsinin təhlili belə nəticə çıxarmağa əsas verir ki, bank fəaliyyətinin hüquqi əsasları və xarici ölkələrin vergi hüququ müfəssəl qaydada öyrənilməlidir. Bank sektoru vergitutma baxımından heç bir güzəşt və üstünlüklərə malik olmalı deyil. Eyni zamanda kredit təşkilatlarına münasibətdə vergitutmanın şərtləri digər hüquqi şəxslərdən pis olmamalıdır. Bank xidmətlərinin maya dəyəri və vergitutma bazasına aid edilən gəlir və xərclərin müəyyən edilməsi kredit təşkilatları üçün prinsipial əhəmiyyət kəsb edir.
Kredit təşkilatlarının vergiyə cəlb edilməsi sisteminin təkmilləşdirilməsi baxımından birinci növbədə qarşıda duran məsələlər aşağıdakılardır:
-
vergitutma məqsədləri üçün nəzərə alınan gəlir və xərclərin tərkibindən kredit təşkilatlarının nizamnamə kapitalına ödəniş kimi daxil olmuş xarici valyuta vəsaitlərinin yenidən qiymətləndirilməsini çıxmaq lazımdır;
-
düzgün əməliyyat və sazişlərdən irəli gələn risklərə görə normativ aktlara müvafiq olaraq yaradılmış bütün ehtiyatlar, kredit təşkilatlarının mənfəət vergisi üzrə vergitutma bazası hesablanarkən nəzərə alınan ehtiyatların tərkibinə daxil edilməlidir;
-
istehsal təyinatlı obyektlər (bilavasitə bank fəaliyyətinə aidiyyəti olan) üzrə kapital xarakterli məsrəflər, həmçinin bankın filial və nümayəndəliklərinin təşkili ilə əlaqədar xərcləri mənfəət vergisi üzrə vergitutma bazası hesablanarkən nəzərə alınan xərclərə daxil edilməlidir;
-
qeyri-maddi aktivləri bank fəaliyyətinə aidiyyəti olan obyektlərə aid etmək lazımdır.
Bu onlar üzrə hesablanmış köhnəlmə məbləğini göstərilən bank xidmətlərinin maya dəyərinə və mənfəət vergisi üzrə vergitutma bazasına daxil etməyə imkan verər; qeyri-məhsuldar və kölgə biznesini stimullaşdıran xarici pul nişanları və ödəniş sənədlərinin alışına görə vergini ləğv etmək lazımdır.
Ölkəmizdə bank işinin inkişafı və vergi sisteminin təkmilləşdirilməsi iki paralel və qarşılıqlı əlaqədə olan yollardır. Kredit təşkilatlarının dövlət vergi tənzimlənməsinin köməkliyi və vergilərin stimullaşdırıcı funksiyası vasitəsi ilə maliyyə disbalansının azalmasında və iqtisadiyyatın sabitləşməsində əhəmiyyətli nailiyyətlər əldə etmək olar.
3.4. Bank fəaliyyətinin vergi tənzimlənməsinin təkmilləşdirilməsi yolları
Vergi islahatlarının aparılması imkanlarından danışmazdan əvvəl bank sisteminin rolu və mövcud vəziyyəti, kredit təşkilatları ilə dövlət arasında vergi münasibətləri məsələlərinə qayıtmaq istərdik.
Banklar pul münasibətlərinin mərkəzi həlqəsidir, müəssisələr arasında hesablaşmaların əhəmiyyətli hissəsi onlar vasitəsilə həyata keçirilir və maliyyə münasibətlərinin geniş spektrini əhatə edir. Məhz bu səbəbdən, onlar öz müştərilərinin həyata keçirdikləri əməliyyatlar haqqında informasiyaya malik olan struktur kimi, həmçinin öz vergi öhdəliklərinin minimallaşdırılması və müştərilərinə analoji xidmətlərin göstərilməsi üzrə əməliyyatları xüsusilə səmərəli keçirmək imkanına malik olduqları üçün vergi orqanları üçün zəruri maraq doğurur.
Banklar əmlak vergisini azaltmaq məqsədilə, bilərəkdən təqvim ili ərzində ayrı-ayrı nəqliyyat növləri gizlədir, vergitutma bazasının dəyərini artırmaqla rüblük vergi ödəmələrinin məbləğini azaldırlar.
Mənfəət vergisi hesablanarkən zəmanət əməliyyatları, valyuta risklərinin sığortası üzrə komisyon haqları, müştərilər tərəfindən ödənilən rabitə, teleqraf və digər xərclərin məbləği banklar tərəfindən vergitutulan gəlirlərə daxil edilmir. Banklar mütəmadi olaraq reklam, məsləhət-marketinq və informasiya xidmətləri üzrə xərcləri əhəmiyyətli dərəcədə artırır, müəyyən edilmiş limitlərdən artıq olan xərcləri maya dəyərinə aid edir, mənfəət vergisi üzrə cari vergi ödəmələrini ləngidirlər.
Müştərilərə vergilərin ödənişindən yayınmağa imkan verən xidmətlər göstərilməsi bank sferasında geniş vüsət almışdır. Ssuda-depozit sxemi vasitəsilə müştərilərə öz işçilərinə əmək haqqı ödənilməsi imkanının verilməsi, müxtəlif veksel sxemləri vasitəsi ilə müştərilərə vergi ödənişlərini azaltmaq, yaxud vaxtını uzatmaq məsələləri üzrə xidmətlər göstərilməsi əksər banklar üçün artıq normal praktikadır.
Kredit təşkilatlarına topdan və pərakəndə ticarətdə xidmət göstəriləsi üçün pul vəsaitləri lazım olduğu halda, banklar iri həcmdə nağd pul vəsaitlərini dövriyyəsindən gizlədərək xeyli gəlir əldə edirlər.
Əksər banklar öz müştərilərinin pul vəsaitlərinin nağdlaşdırılması sxemində iştirak edir ki, nəticədə kölgə sferasında vergiyə cəlb edilməyən mal kütləsi dövr edir. Nağd pulların dövriyyəsi üzərində nəzarət kommersiya banklarına həvalə olunub. Onların və digər maliyyə orqanlarının məlumatlarına əsasən fiskal orqanlar kassa əməliyyatlarının pozulmasına görə vergi ödəyicilərini cəzalandıra bilər.
Təcrübədə bankların öz öhdəliklərinin yerinə yetirilməsindən çox aktiv yayınırlar ki, nəticədə tətbiq edilən cərimə sanksiyalarının məbləği azalır. Lakin bu qanun pozuntuları əsasən mühasibat uçotu və vergitutmanın müəyyən edilmiş qaydalarına riayət olunmaması, eləcə də onlara həvalə olunmuş nəzarət funksiyasının yerinə yetirilməməsi ilə bağlıdır.
Vergilərin minimallaşdırılması üzrə bankların fəaliyyətinin əsas hissəsi, banklara ödəniş intizamına riayət və nağd pul, valyuta əməliyyatlarına nəzarət etməməyə imkan verən qanun, normativ akt və təlimatlardakı qüsur və uyğunsuzluqlar hesabına həyata keçirilir.
Bankda vergi planlaşdırılması ilə məşğul olan yaxşı təşkil edilmiş struktur bölməsi, vergi ödənişlərinin azaldılması üzrə əsas iş müqavilələrin bağlanması mərhələsində həyata keçirilir. On görə vergi orqanları təcrübədə bir qayda olaraq sadəcə olaraq bu əməliyyatları izləyə bilmir, izləsələr belə kredit təşkilatlarına heç bir irad tuta bilmirlər.
Bununla əlaqədar olaraq qüvvədə olan vergitutma qaydasının , yaxud banklara vergi yükünün artırılıb-artırılmamasına dəyişdirilməsinə hansı dərəcədə ehtiyac olması məsələri ortaya çıxır. Bu məsələyə birmənalı yanaşmaq düzgün deyil.
Hazırda banklarla mövcud vəziyyət onların tutduğuqları mövqeyə uyğundur. Kredit təşkilatlarına vergi yükünün artırıldığı halda çox ehtimal ki, onlar yüksək ixtisaslı kadrlar sayəsində yenə qanunvericilikdə vergidən yayınmaq imkanı verən qüsurlar və boşluqlar tapacaqlar. Vergi yükünün bank fəaliyyətinin gəlirliliyinin iqtisadiyyatın digər sahələrinən nisbətən az olmasına gətirib çıxaran səviyyədə artılması isə pul vəsaitlərinin digər sahələrə axını, barter və kölgə iqtisadiyyatının artımı və iqtisadiyyatın real sektorunun kreditləşdirilməsinin dayanması ilə nəticələnəcək.
Beləliklə, kredit təşkilatlarının vergiyə cəlb edilməsi baxımından elə münasib və düzgün variant seçmək lazımdır ki, orada bank sektorundakı mövcud vəziyyətinin yaxşılaşdırılması üzrə əsaslı dəyişikliklər etmədən, bank sektoru inkişaf etdikcə vergi qanunvericiliyində ondakı qüsurları tədricən aradan qaldıran, mövcud qanunverici aktlardakı aşkar mənasız məqamları aradan qaldıra biləcək dəyişikliklər edilsin.
Kredit təşkilatlarının qüvvədə olan vergi tənzimlənməsi mexanizminin təkmilləşdirilməsi istiqamətləri kimi aşağıdakılar qeyd etmək olar. Maya dəyəri hesabına ehtiyat fondlarının yaradılması üzrə bankların hüquqlarının genişləndirilməsi.
Fikrimizcə, bu banklara ölkəmizin hələ mənimsənilməmiş, nəticədə isə inkişaf etmiş ölkələrin bazarına daha aktiv nüfuz etmək, iqtisadiyyatın real sektorunun kreditləşməsində iştirak etmək imkanı verər. Buna konkret misal olaraq bankın xalis mənfəəti hesabına formalaşan sair aktivlər üçün formalaşan ehtiyatları misal göstərmək olar. Bu qayda beynəlxalq təcrübəyə uyğun gəlmir. Bununla əlaqədar olaraq ya onun formalaşması qaydasını formalaşdırmaq, ya da onun yaradılması üzrə xərcləri maya dəyərinə aid etmək hüququ verməklə yanaşı, onun formalaşması qaydası üzərində nəzarəti gücəndirmək lazımdır.
Depozit və kreditlər üzrə faizlərdə olduğu kimi, cəlb edilmiş borc vəsaitləri (o cümlədən bankın öz kapitalının artırılma mənbəyi olan subordinasiya vəsaitləri) üzrə faizlərin vergiyə cəlb edilməsi məqsədilə, vahid uçot sisteminin tətbiq olunması mənfəət vergisi üzrə vergi bazasını azalmış olar.
Valyuta kontraktlarının alqı-satqısı müqavilələri və bazar qiymətlərinin dəyişməsi riskinin azalması məqsədi ilə bağlanmış müqavilələr üzrə zərərlərin maya dəyərinə aid edilməsi məqsədilə vahid qayda müəyyən etmək.
Banklar tərəfindən iqtisadiyyatın real sektorunun kreditləşdirilməsini stimullaşdırmaq məqsədilə aşağıdakıları təklif edirik:
-
overdraft və kredit xətti limitlərinin saxlanmasına görə banklara ödənilən komisyonların maya dəyərinə aid edilməsi hüququnun verilməsi;
-
lizinq əməliyyatlarında iştirak edən müəssisə və banklara təqdim edilmən güzəştlərin siyahısının genişləndirilməsi;
-
mükəmməl bankların zəmanət və təminatlarına, ssudalar üzrə mümkün ola biləcək itkilərə görə ehtiyatların formalaşması məqsədləri üçün nəzərə alınan təminat növlərinin siyahısının genişləndirilməsi;
-
banklar ssudalara görə mümkün ola biləcək itkilərə görə ehtiyatların formalaşması üzrə xərclərin maya dəyərinə aid edilməsi hüququnun verilməsi; iqtisadiyyatın prioritet sahələrinə təqdim edilən kreditlərin aktivlərin məbləğ tərkibindəki payı müəyyən edilmiş həddən yuxarı olan banklar üçün mənfəət vergisi üzrə güzəştli dərəcənin tətbiq olunması;
-
prioritet sahələrə verilmiş kreditlər üzrə alınmış faizlərin vergidən azad edilməsi; müəssisələrə kreditlər üzrə faizlərin tam həcmdə maya dəyərinə aid edilməsi imkanı verilməsi.
Dövlət qiymətli kağızlarının vergiyə cəlb edilməsinin ləğv olunması. Qiymətli kağızların köməkliyi ilə dövlət büdcəsinin kəsiri maliyyələşdirilir, yəni vergilər kimi onlar da büdcəni formalaşdıran maddələrdən biridir. Bu güzəştin tətbiqi dövlət və investorlar arasında qarşılıqlı pul axımının yaranması, banklar tərəfindən verginin hesablanmasına əlavə xərclərin çəkilməsinə, onun tutulması, büdcəyə köçürülməsi və gəlir real olaraq əldə edilənədək verginin ödənilməsi imkanı verər.
Təklif edirik ki, qiymətli kağızların əldə edilməsi və satışı üzrə xərclər bankın xərclərinə daxil edilsin. Yəni xərclər onların həyata keçirildiyi an maya dəyərinə daxil edilsin və mühasibat uçotu qaydası dəyişilməklə yanaşı vergitutma məqsədilə yeni uçot qaydası tətbiq olunsun.
Qüvvədə olan vergitutma qaydasının mövcud vəziyyətə uyğunlaşdırılması üçün amortizasiya ayırmalarını və cəlb edilmiş kreditlərlə əlaqədar maya dəyərinə daxil edilən xərclərin siyahısını artırmaq, kreditlər üzrə faizlərin vergi bazasını azaldan xərclərə aid edilməsinə qoyulan məhdudiyyəti götürmək, ƏDV üzrə güzəştləri qiymətli metal və daşların alqı-satqısı üzrə əməliyyatlara şamil etmək lazımdır.
Hal-hazırda olduqca aktual məsələlərdən biri mənfəət vergisi üzrə vergi bazasının düzgün hesablanması məqsədilə gəlir və xərclərin uçotu qaydasının dəyişdirilməsidir. Hesablama metoduna keçilməsi kredit təşkilatlarının üzərinə ağır yük düşür, çünki əvvəla mühasibat uçotu məqsədləri üçün gəlir və xərclərin uçotu əvvəlki kimi qalır (kassa), ikincisi isə ölkədəki iqtisadi vəziyyət elədir ki, kütləvi ödənişlərin aparılmadığı şəraitdə şübhəsiz ki, bankların real gəlirlərinin həcmi vergitutma məqsədləri üçün nəzərə alınan gəlirlərə uyğun gəlməyəcək.
Fikrimizcə, ölkədə iqtisadi sabitliyin yarandığı, iqtisadiyyatda ödəməmələrin (vergi borclarının) həcminin aşağı düşdüyü və vergilərin ödənişi üzrə xərclərin bankların aldığı gəlirlərlə baha sıx bağlı olduğu vəziyyətdə, vergi və mühasibat uçotlarının eyni zamanda dəyişdirilməsi variantı daha məqsədəuyğundur.
Onsuzda çatışmamazlıq və nöqsanların aradan qaldırılması səbəbindən hər il Vergi Məcəlləsinə edilən əlavə və dəyişikliklər bunu əminliklə deməyə əsas verir ki, vergi orqanlarının onların şərhi üzrə işləri, qanunverici aktlarda daimi korrektlər edilməsi praktikası mütəmadi olaraq davam edəcək.
Nəticə
Kommersiya bankları fəaliyyətinin çoxşaxəli olması səbəbindən, həqiqətən onların ölkə iqtisadiyyatındakı yeri və roluna münasibətdə olduqca əhəmiyyətlidir..
İqtisadi subyekt kimi bank həmişə təsərrüfat münasibətlərinin obyekti olub. Onun təsisçiləri, səhmdarları öz maliyyə resurslarını banklarda iqtisadi gəlir xatirinə yerləşdirir.
Banklar vergi sistemində ikili rol oynayır. Bir tərəfdən onlar əksər vergilərin ödəyicisidir və ümumi qaydada büdcəyə vergi ödənişləri həyata keçirir. Digər tərəfdən banklar dövlətlə vergi ödəyiciləri arasında vasitəçidir. Belə ki, onlar büdcənin kassa icraçısı rolunda çıxış edərək, müştərilərin vergi ödənişlərini bilavasitə dövlət büdcəsinə köçürürlər.
Müasir şəraitdə kommersiya banklarının fəaliyyətinə vergi təsirinin əsas vəzifəsi bankların maliyyə qoyuluşlarının bank fəaliyyətinin spekulyativ alətlərinə (banklararası kreditləşməyə, valyuta qiymətlilərinə) deyil, iqtisadiyyatın prioritet sahələrinə yönəldilməsindən ibarətdir.
Bankların fəaliyyətinə daha çox mənfəət vergisi ilə yanaşı, sosial sığortaya ayırmalar əhəmiyyətli dərəcədə təsir gösrərir. Bankların fəaliyyətinin vergi tənzimlənməsi baxımından isə dolayı vergilərdən əlavə dəyər vergisi, birbaşa vergilərdən isə mənfəət vergisi xüsusi əhəmiyyətə malikdir.
Kommersiya banklarının fəaliyyət göstərməsi və inkişafı onların əldə etdikləri mənfəətdən, deməli həm də büdcə gəlirlərinin artımından asılıdır.
Mövcud vergi sisteminin formalaşması nəticəsində digər iqtisadi subyektlər kimi bank təşkilatları da dövlət büdcəsinə mənfəət vergisi, ƏDV, əmlak vergisi ödəyirlər. Banklar tərəfindən ƏDV, mənfəət vergisinin hesablanması, ödənilməsi bəzi fərqli xüsusiyyətlərə malikdir.
Kredit təşkilatlarının vergitutma sisteminin təhlili göstərir ki, xarici ölkələrdə bank fəaliyyətinin hüququ əsasları və vergi hüququ daha dərindən öyrənilməlidir. Bank sektoru vergitutma baxımından heç bir güzəştə malik olmamalıdır. Eyni zamanda, kredit təşkilatlarına münasibətdə vergitutma şəraiti digər hüquqi şəxslərdən pis olmamalıdır. Bank xidmətlərinin dəyəri və vergitutma bazasına daxil edilən gəlirlərin (xərclərin) eyni qaydada müəyyən olunması isə kredit təşkilatları üçün prinsipial əhəmiyyətə malikdir.
Kredit təşkilatlarının vergitutma mexanizminin təkmilləşdirilməsi baxımından ilk növbədə aşağıdakı məsələlər nəzərdən keçirilməlidir:
-
kredit təşkilatları tərəfindən ödənilən mənfəət vergisinin dərəcəsi digər təşkilatlarınkı ilə eynilik təşkil etməlidir;
-
kredit təşkilatlarının nizamnamə kapitalına daxil olmuş xarici valyuta vəsaitlərinin yenidən qiymətləndirilməsindən olan fərqləri, vergi bazası hesablanarkən nəzərə alınan gəlirlərin (xərclərin) tərkibindən çıxmaq lazımdır;
-
normativ aktlarına müvafiq formalaşmış bütün ehtiyatlar, vergi bazası hesablanarkən nəzərə alınan ehtiyatların tərkibinə daxil edilsin;
-
vergi bazası hesablanarkən, istehsal təyinatlı obyektlər üzrə kapital xarakterli məsrəfləri nəzərə alınsın;
-
qeyri məhsuldar və kölgə biznesini stimullaşdıran xarici pul nişanları olan pul sənədlərinin alığı üzrə vergini ləğv etmək.
Azərbaycanda bank sisteminin inkişafı və vergitutma mexanizminin təkmilləşdirilməsi qarşılıqlı surətdə aslı olan iki paralel yollardır. Kredit təşkilatlarının dövlət vergi tənzimlənməsi və vergilərin stimullaşdırıcı funksiyasının köməkliyi ilə maliyyə və iqtisadiyyatın stabilliyinə nail olmaq mümkündür.
Vergi tənzimlənməsinin mövcud mexanizminin konkret təkmilləşdirilməsi istiqamətləri kimi aşağıdakıları göstərmək olar.
Maya dəyəri hesabına ehtiyat fondlarının yaradılması üzrə bankların hüququnun genişləndirilməsi. Bu banklara respublikamızın (o cümlədən, inkişaf etmiş ölkələrin) mənimsənilməmiş bazarına daxil olmaq, iqtisadiyyatın real sektorunun kreditləşməsində iştirak etmək imkanını təmin edər. Depozitlər üzrə faizlərdə olduğu kimi cəlb edilmiş vəsaitlər (borc vəsaitləri) üzrə faizlərin vergi məqsədilə vahid uçot qaydasını tətbiq edilməsi mənfəət vergi bazasını azaltmış olar.
Spekulyativ məqsədlər üçün valyuta kontraktlarının alqı-satqısından və bazar qiymətinin dəyişmə riskinin azaldılması məqsədilə bağlanmış sazişlərdən olan zərərin maya dəyərində aid edilməsinin vahid qaydasının müəyyənləşdirilməsi.
Dissertasiya yerinə yetirilərkən müəyyən edildi ki, əksər bankların işi likviddir. Belə ki, onların nağd vəsaitlərinin məbləği və digər likvid aktivləri, həmçinin digər mənbələrdən vəsaitləri tez cəlb etmək imkanlarının olması borc və maliyyə öhdəliklərinin vaxtında ödənilməsi üçün yetərlidir. Bundan başqa, likvid ehtiyatlar praktiki olaraq bankların nəzərdə tutulmamış istənilən maliyyə ehtiyaclarının (kredit və investisiya üzrə sərfəli sazişlərin bağlanması, kreditə görə tələbatın mövsümi və gözlənilməz tərəddüdünün təmin edilməsi, əmanətlər gözlənilmədən geri alındıqda vəsaitlərin bərpası üçün) təmin edilməsi üçün labüddür.
Yerli və xarici iştirakçıları olan bankların vergituma sisteminin problemi, ən azı iki səbəbdən bank biznesində inteqrasiya proseslərinin inkişafı problemləri baxımından vacibdir.
Birincisi, xarici bankların istənilən formada iştirakı, işgüzar dövriyyəyə köməklik etmək, mütləq ifadədə onun həcminin artırılması və deməli müxtəlif təsərrüfat subyektlərinin fəaliyyətindən olan vergi ayırmalarının artırılması vasitəsilə ölkəmizin iqtisadiyyatının inkişafına səbəb olur.
Ikincisi, xarici bankların iştirakı ölkəmizin bank xidməti bazarında rəqabətin inkişafını stimullaşdırır, çünki rəqabət mübarizəsində bir sıra üstünlüklər məhz xarici iştirakçısı olan banklara məxsusdur. Ölkə banklarının bəzi mühüm göstəricilərinə görə xarici banklardan çox geri qaldığı indiki şəraitdə, vergitutmaya diferensial yanaşma vasitəsilə onlara eyni dövlət dəstəyi göstərmək lazımdır. Bu bütün səviyyələrdən olan büdcələrin (yerli büdcələrin lazımınca formalaşmaması bütünlükdə regionların iqtisadi inkişafına neqaviv təsir bağışlayır) gəlirlərinin artırılması üçün vacibdir. Bu fikri valyuta bazarının inkişafı və bankın əsas iştirakçılarının apardığı əməliyyatların gəlilirlilik dinamikasının təhlili təsdiq edir. Məsələn, aktiv və passivlərinin formalaşmasında xarici investorların iştirak etdiyi ölkə banklarının əksəriyyəti əməliyyatlarını milli valyutada aparmırlar.
Aparılmış təhlil onu göstərir ki, likvidliyin tələb olunan səviyyədə saxlanması pul bazarındakı konkret şərait, müştərilərin xüsusiyyətləri, yerinə yetirilmiş əməliyyatların xüsusiyyətləri, yeni bazarlara çıxmaq imkanları və bank xidmətlərinin inkişafı perspektivləri nəzərə alınmaqla, banklar tərəfindən aktiv və passiv əməliyyatları sahəsində müvafiq siyasət vasitəsilə realizə olunur.
Banklar, mənfəət (gəlir) əldə edən digər təsərrüfat subyektləri kimi vergi sisteminin prinsiplərinə müvafiq cəlb olunur, dövlət mərkəzləşdirilmiş fondların formalaşmasında iştirak edir.
Bankların vergituma sistemi məsələsi vergi qanunvericiliyi, ilk növbədə isə Vergi Məcəlləsinin müdəaları tənzimlənir. Müxtəlif növ vergi öhdəliklərinin hesablanması mexanizmi sahəsindəki problemlərin həllində Vergilər Nazirliyinin təlimat materialları , Nazirlər Kabinetinin qərarı, Maliyyə Nazirliyinin göstərişləri metodiki əhəmiyyətə malikdir.
Müasir şəraitdə fəaliyyət göstərməsi istiqamətinin əsaslandırılması müxtəlif vergi ödəniş növlərinin aparılması qaydasını müəyyən etmək, vergi və mühasibat uçotlarını savadlı təşkil etmək, vergitutma subyekti kimi bankların mövqeyini müəyyən etmək imkanı verir.
Banklara münasibətdə mühüm vergitutma elementlərinin müəyyən edilməsi mexanizmi bir sıra hallarda ümumi müəyyən edilmiş qaydadan fərqlənə bilər ki, biz də tədqiqat işində həmin məqamlara toxunmuşuq.
Magistr dissertasiyasının praktiki əhəmiyyəti onda aparılmış təhlil işi müasir şəraitdə kommersiya banklarının vergitutma sistemi üzrə mürəkkəb məsələləri həll etməyə, bəzi hallarda isə müəyyən vergilərin büdcəyə ödənilməsi üzrə fəaliyyətlərini optimallaşdırmaq imkanın verilməsindədir. Ölkəmizdə iqtisadi sabitliyin yaradılması bank və kredit təşkilatlarının fəaliyyətindən əhəmiyyətli dərəcədə asılıdır. Kommersiya banklarının maliyyə resursları müvafiq şəraitdə iqtisadiyyatın inkişafının əksər problemlərini həll edir.
Dövlətin vergi siyasəti istisnasız olaraq bütün bazar subyektlərinin iqtisadi maraqlarına toxunur. Bazarın mərkəzi seqmentlərindən biri bank bazarıdır və onlarsız bazar iqtisadiyyatının fəaliyyəti ümumiyyətlə mümkün deyil. Fikrimizcə, kommersiya banklarının vergiyə cəlb edilməsinin təkmilləşdirilməsi üzrə tərəfimizdən təklif olunan təkliflər vergitutma sistemində mövcud olan bəzi problemləri həllini asanlaaşdırar və nəticədə bank sferasında stabilliyin artmasına səbəb olar. Sözsüz ki, təqdim etdiyimiz tədqiqat işi dissertasiyada toxunulan bütün problemlərin həlli üçün nəzərdə tutulmayıb. Lakin, dissertasiyadakı nəticə, ümumiləşdirmə və təkliflərdən istifadə olunması bank tipli kredit müəssisələrinin vergitutma sisteminin təkmilləşdirilməsinə köməklik edər.
.
Dostları ilə paylaş: |