Misal 2.1.3. 1 iyun 2014-cü ildə A şirkəti xarici şirkətdən investisiyalı mülkiyyət (bina) əldə etdi – 200 000 dollar. Bu zaman 1 dol. / 3 TL olmuşdur. 1 iyun 2014-cü il əməliyyatın baş verdiyi tarix hesab olunur. A şirkətinin hesabat valyutası TL (türk lirəsi) hesab olunur. A şirkətinin maliyyə ili 31 oktyabrda başa çatır. Həmin tarixə mübadilə məzənnəsi 1 dol. / 5 TL olmuşdur. İnvestisiyalı mülkiyyətin hesabatın tərtib olunması tarixinə əvəzetsə (ödənilmə) dəyəri belə olmuşdur:
- xalis satış dəyəri – 208 000 dol.;
- istifadəsindən daxil ola biləcək fayda – 204 000 dol.
Göründüyü kimi, investisiyalı mülkiyyətin dəyərinin aşağı düşməsi əlaməti yoxdur, çünki həm 208 000 dol., həm də 204 000 dol. investisiyalı mülkiyyətin ilkin dəyərindən (200 000 dollardan) artıqdır. Ancaq bir şey aydındır ki, hesabat valyutası ciddi devalivasiyaya uğramışdır və mümkün hedlinqləşdirmə üsulları yoxdur. Deməli, baş vermiş məzənnə fərqi əldə olunmuş investisiyalı mülkiyyətin ilkin (tarixi) dəyərinə daxil edilməlidir.
1 iyun 2014-cü il tarixində aşağıdakı mühasibat yazılış tərtib olunacaqdır:
Debet 121-2 Binalar – Dəyər – 200 000 dol. / 600 000 TL.
Kredit 531 Malsatan və podratçıya qısamüddətli kreditor borcları – 200000 dol. / 600 000 TL.
31 oktyabr 2014-cü il tarixində mübadilə məzənnəsində əhəmiyyətli dəyişiklik yarandığı üçün əldə olunan investisiyalı mülkiyyətin əldə olunma dəyərinə məzənnə dəyişikliyi nəticəsində yaranan fərq də əldə olunacaqdır. Bu fərq 400 000 TL (5 – 3 = 2200 000 dol.) təşkil edəcəkdir.
Debet 121-2 Binalar – Dəyər – 400 000 TL
Kredit 531 Malsatan və podratçılara qısamüddətli kreditor borcları – 400000 TL.
Beləliklə, A şirkətinin xaricdə əldə etdiyi invesitisiyalı mülkiyyətin maliyyə hesabatında tanınacaq ilkin (tarixi) dəyəri 600 000 TL deyil, 1 000 000 TL (600000 + 400000) təşkil edəcəkdir. Malsatana olan öhdəlik də həmin məbləğdə ödəniləcəkdir:
Debet 531 Malsatan və podratçılara qısamüddətli kreditor borcları – 200000 dol. / 1 000 000 TL
Kredit 223 Bank hesablaşma hesabatları – 200 000 dol. / 1 000 000 TL.
Nəzərdən keçirilən yanaşma MHBS 21 və MMUS 22-də alternativ yanaşma kimi qəbul edilmişdir.
Obyekt balans dəyəri ilə, yəni tarixi dəyərlə qiymətləndirildiyi bütün dövrdə onun yenidən hesablanması üçün 1 dol. / 5 TL məzənnəsi əsas götürüləcəkdir. Halbuki, yuxarıdakı misaldan göründüyü kimi, əməliyyatın baş vermə tarixində (1 iyun 2014-cü ildə) məzənnə 1 dol. / 3 TL təşkil edirdi. Ancaq maliyyə hesabatında obyektin funksional (hesabat) valyuta ilə yenidən hesablanması zamanı onun tanınması anında olan məzənnənin deyil, sonrakı məzənnənin istifadəsi onunla bağlıdır ki, əvvəlki məzənnə ilə sonrakı məzənnə arasındakı fərq mənfəət və zərərlərə yox, bilavasitə əldə olunan uzunmüddətli qeyri-pul maddəsinin ilkin (tarixi) dəyərinə əlavə olunur.
Xarici valyuta ilə ifadə olunan qeyri-pul maddələri, hansılar ki, ədalətli dəyər ilə qiymətləndirilmişlər, ilin sonunda ədalətli dəyərin müəyyən edildiyi tarixə olan mübadilə məzənnələri ilə yenidən hesablanmalı və əks etdirilməlidirlər.
Dostları ilə paylaş: |