2.3. Morfoloji yolla yaranan pedaqogika terminləri
Söz və ya termin yaradıcılığında geniş istifadə olunan morfoloji üsulu tədqiqatçıların əksəriyyəti sözə şəkilçinin artırılması kimi qəbul edirlər. Məsələn, S.Sadıqova yazır: “Morfoloji üsulla terminlərin yaradılması kökə, əsasa müxtəlif şəkilçilər artırılması prosesidir” [67, s.77]. I.Qasımovun tədqiqat işində də bu fikrin başqa şəkildə təkrarına rast gəlinir. “Semantik üsuldan fərqli olaraq morfoloji üsulla termin yaradıcılığı zamanı forma və məzmunca yeni leksik vahidlər meydana çıxır ki, bu da dilimizə məxsus sözdüzəldici şəkilçilər və bəzi alınma şəkilçilərin köməyi ilə baş verir” [43, s.22]. Ümumiyyətlə, üsulun adından göründüyü kimi, yeni söz və ya terminin yaradılmasında morfoloji vasitədən istifadə olunması əsas götürülür. Morfoloji vasitələr isə yalnız şəkilçilər deyildir. Sözün nitq hissəsinə aidliyinə istinad etdikdə hər bir söz də morfoloji vasitə funksiyasını yerinə yetirir. Bəzi tədqiqatçılar morfoloji üsula bu yöndən yanaşırlar. Məsələn, rus dilçisi Morozova sözdüzəltmənin morfoloji üsulunun üç növünü ayırır: 1) affiksal sözdüzəltmə; 2) sözlərin qovuşması (cəmlənməsi); 3) şəkilçisiz sözdüzəltmə. Müəllif affiksal sözdüzəltməni prefiksal, suffiksal və prefiksal-suffiksal olmaqla üç yerə bölmüşdür [127, s.44].
Qeyd edək ki, A.Cerbilonun tərtib etdiyi linqvistik terminlər lüğətində də, şəkilçisiz sözdüzəltmə, sözlərin qovuşması morfoloji üsula aid edilmişdir. Bu lüğətdə abbrevsiya üsulu da morfoloji üsul daxilində verilir [108].
Müxtəlif lüğətlərdə bu fikir təkrarlanır [85, s.424]. Azərbaycan dilində olan lüğətdə morfoloji sözdüzəltmə belə izah olunur: “Morfoloji sözdüzəltmə - Müxtəlif morfemlərin birləşməsi şəklində özünü göstərən sözdüzəltmə; şəkilçilər qoşulmaqla, mürəkkəb sözlər şəklində, abreviaturalar şəklində sözdüzəltmə” [8, s.253].
Beləliklə, aydın olur ki, morfoloji üsulla sözdüzəltmə müxtəlif formal vasitələrdən istifadə etməklə mövcud sözün formasının dəyişdirilməsi ilə yeni sözün yaradılmasıdır. Mürəkkəb söz şəklində gedən sözdüzəltmədə iki və daha artıq sözün bir-biri ilə qovuşması baş verdiyindən burada formanın dəyişməsi bir qədər fərqli şəkildə baş verir. Abrevasiyada isə mövcud sözün formasının dəyişməsi çox zaman qeyri-aşkar forma alır. Məsələn, bir neçə sözün birinci hərfini birləşdirmək mövcud sözlərin formasının dəyişdirilməsi sayıla bilməz.
Daha bir məsələyə burada münasibət bildirmək lazım gəlir. Terminologiyada termin-element deyilən vahidin mövcudluğu ədəbiyyatda qeyd olunur. Termin-elementlərin morfem kimi qəbul edilməsi hələ ki, mübahisə obyektidir. Termin yaradıcılığında termin-elementlərin köməyi ilə yeni terminlərin düzəlməsi geniş yayılmışdır. Termin-elementlərlə yeni termin yaradılması sözlərin qovuşması kimi gedir və formanın dəyişməsi ilə nəticələnir. Eyni zamanda, termin-elementlərin morfemə yaxınlığı və ya onların termindüzəldici vasitə hesab olunması bu yolla termindüzəltmənin morfoloji üsula aidliyi fikrini irəli sürməyə imkan verir. Morfoloji üsulun ümumi nəzəri məsələlərinə dair bu qısa təhlil son nəticədə morfoloji üsuldan bəhs edərkən hansı formaları əhatə etməyi aydınlaşdırmağı tələb edir.
Söz yaradıcılığında olduğu kimi, terminologiyada da morfoloji üsul məhsuldarlığı ilə seçilir. Bu özünü pedaqoji terminlərin yaranmasında da göstərir. Azərbaycan dilində sözdüzəldici şəkilçilərin çoxluğu da bu üsulun məhsuldarlığına təsir edir. Təbii ki, bəzi şəkilçilər sözyaratmada çox işləndiyi kimi, termin yaradıcılığında da işləkliyi ilə seçilir. Bununla belə, söz yaradıcılığında məhsuldar olan şəkilçinin bu və ya digər sahə terminologiyasında da məhsuldar olacağını təsdiq etmir. Qeyd edilən cəhət onunla bağlıdır ki, sözdüzəldici şəkilçilər sözə artırılarkən ona müəyyən məna əlavə edir. Əgər sahədə bu məna cərgəsinə daxil olan terminlər çoxluq təşkil edirsə, onda həmin şəkilçi məhsuldarlığı ilə seçilir.
Terminologiya üzrə tədqiqat aparan dilçilərin əsərlərində bir sıra şəkilçilərin məhsuldarlığı qeyd olunur Məsələn, S.Sadıqova fizika terminologiyasını tədqiq edən zaman göstərir ki, -çı, -çi, -çu, -çü şəkilçisi “ayrı-ayrı terminoloji sahələrdə isimlərə artırılaraq sənət, ixtisas, vəzifə bildirən terminlər yaradır. Ümumiyyətlə, bu şəkilçi -lı, -li, -lu, -lü, -sız, -siz, -suz, süz, -lıq, -lik, -luq, -lük şəkilçilərinə nisbətən qeyri-məhsuldardır” [67, s.77]. X.Qasımova müstəqillik illərində termin yaradıcılığında istifadə olunan məhsuldar şəkilçilər ardıcıllığına dörd şəkilçini daxil edir və bu sırada -lıq4 şəkilçisindən sonra -çı4 şəkilçisini qoyur [45, s.58].
T.Z.Quliyev düzəltmə sözlər hesabına leksik-terminoloji yeniləşmə prosesindən bəhs edərkən ilk olaraq -çı4 şəkilçisi vasitəsi ilə söz-termin yaradıcılığını şərh etmişdir [46, s.16-25]. Təbii ki, hər hansı şəkilçinin söz və ya termin yaradıcılığında ən məhsuldar olmasını təsdiqləmək statistik tədqiqat tələb edir. Digər tərəfdən, məhsuldarlıq üzrə müəyyən dəqiq cərgənin və ya sıranın qurulması, zənnimizcə, vacib deyildir. Müasir Azərbaycan dilində söz, eləcə də terminologiyasında morfoloji yolla terminyaratma prosesində istifadə olunan və məhsuldarlığı ilə seçilən bütün şəkilçilər pedaqoji terminlərin yaradılmasında da iştirak edir. Söz yaradıcılığında olduğu kimi, termin yaradıcılığında da termin yaradılması yalnız məhsuldar şəkilçilər hesabına başvermir. Dildə sayca az termin yarada bilən şəkilçilər də ola bilər. Termin yaradıcılığında morfoloji vasitənin artırılması yaradılan yeni mənanın konkret və dəqiqliyini təmin etməlidir. Eyni zamanda, termin yaradıcılığında şəkilçinin istifadə olunması sahə terminologiyasında şəkilçinin artırdığı mənaya olan tələbatdan da asılıdır. Söz yaradıcılığında şəkilçinin artırılması ilə əmələ gələn mənalar qruplarının heç də hamısı termin yaradıcılığında tələb olunmur. Məsələn, -lı, -li, -lu, -lü şəkilçisi sözlərə artırılaraq soy adı, kənd adı bildirən leksik vahidlər əmələ gətirir. Terminologiyada qeyd olunan şəkilçinin belə mənalı vahidlər yaratmasına ehtiyac yoxdur. Çünki kənd və soy adı pedaqoji termin deyildir. Ona görə də terminologiyada onların şəkilçilərin arıtırlmasından sonra yaranan məna əsas götürülür.
Ümumiyyətlə, morfoloji üsulla termin yaradıcılığında istifadə olunan vasitələr çoxdur. M.Ş.Qasımovun hesablamalarına görə, müasir Azərbaycan dilində elm və texnikanın müxtəlif sahələri üzrə terminlərin yaradılmasında iştirak edən əsas şəkilçilərin sayı 20, istifadə olunan müxtəlif şəkilçilərin ümumi sayının isə 50-dən artıqdır [44, s.53]. E.M.Atakişiyev termin yaradıcılığında morfoloji üsulun məhsuldar olmasını, bu üsulla linqvistik terminlərin 5 model üzrə düzəldiyini qeyd edir [84, s.349].
Alınma söz-terminlərə münasibətdə də morfoloji üsul öz təbiətini dəyişmir. Əgər alınma terminlərdə semantik üsul semantikanın dəyişməsi və mənanın dəqiqləşdirilməsi prinsipinə istinad edirsə, morfoloji üsul dilimizin söz yaradıcılığındakı ümumi qanunauyğunluğa tabe olmağı tələb edir. Ona görə ki, Azərbaycan dilinin söz yaradıcılığındakı morfoloji üsulun elmi-nəzəri tələbləri və ümumi qanunauyğunluqları bütünlüklə dilimiz üçün vahid meyar səviyyəsində qiymətləndirilir.
Azərbaycan dilində pedaqoji terminlərin yaranmasında -çı4 işlək şəkilçilərdən biridir. Təbii ki, -çı, -çi, -çu, -çü şəkilçisi ilə düzələn pedaqoji terminlər bu sahə terminologiyasında, adətən, peşə və sənəti bildirir, yaxud da pedaqogikaya aid müəyyən işin görülməsinə məsul şəxsi adlandırır. Məşqçi, tərbiyəçi, beynəlmiləlçi, təlimatçı, əlaçı, əzbərçi, başçı, zərbəçi, eksperimentçi və s kimi terminlər -çı4 şəkilçisinin artırılması ilə morfoloji üsulla düzəlmiş terminlərdir.
Verilmiş nümunələrdən bəzilərində -çı şəkilçisinin artırılması ilə əmələ gəlmiş yeni termin vəzifə və ya peşə adını ifadə edir: tərbiyəçi, təlimatçı, məşqçi və s.
Pedaqogika terminologiyasında -çı şəkilçisi ilə düzələn bir sıra terminlər təlim və tədris prosesində iştirak edənlərin, daha doğrusu, təlim alanların təlimi mənimsəmə dərəcəsi və xüsusiyyətini bildirir. Məsələn, əlaçı, zərbəçi, əzbərçi və s. Əlaçı bütün tədris prosesində və ya tədris prosesinin müəyyən dövründə (rübdə, smestrdə, kursda və s.) ən yüksək qiymətlə oxuyan şagird və tələbəyə deyilir. Zərbəçi termini ali məktəb praktikasında meydana çıxmışdır. Tələbə smestr imtahanlarının dörd və ya beş qiymətlə verdikdə zərbəçi olur. Zərbəçi olmaq tələbənin aldığı təqaüdün məbləğinə təsir göstərir. Əzbərçi isə digər iki termindən fərqlənir. Əzbərçi şagird və ya tələbənin müəyyən dərsi mənimsəmədən, qavramadan əzbərləməklə yadında saxlamasıdır.
Pedaqoji terminlərin yaradılmasında -lı,-li,-lu,-lü şəkilçisi geniş istifadə olunur. Bu şəkilçi müəyyən keyfiyyətin mövcudluğunu göstərən mənanın artırılması yolu ilə yeni terminoloji mənanı formalaşdırır. Məsələn, abırlı, ağıllı, savadlı, bacarıqlı, bilikli, təhsilli, diplomlu, elmli, məktəbli və s.
-lı, -li, -lu, -lü şəkilçisi terminoloji birləşmələrin yaranmasında də fəal iştirak edir. Məsələn, məktəbli oğlan, məktəbli qız, ifadəli oxu, izahlı oxu, qarşılıqlı əlaqə və s.
S.Cəfərov -lı, -li, -lu, -lü şəkilçisi vasitəsilə Azərbaycan dilində altı məna qrupuna aid söz yarandığını qeyd etmişdir. Həmin məna qrupları aşağıdakılardır: 1) əşyanın mövcudiyyatını bildirən; 2) şəxsə mənsubiyyət bildirən; 3) məcazi məna bildirən atributiv isimlər; 4) məkana mənsubiyyət bildirən; 5) familiya, yaxud kənd şəhər adları bildirən; 6) insan və heyvan adları bildirən [16].
Pedaqoji terminlərin bu şəkilçi vasitəsi ilə əmələ gəlməsi zamanı birinci dörd məna qrupuna aidlik müşahidə olunur.
S.Sadıqova fizika-riyaziyyat terminologiyasında -lı, -li, -lu, -lü şəkilçisinin terminlərə və sözlərə qoşularaq əlamət bildirən terminlər əmələ gətirdiyini qeyd etmişdir [68, s.97].
Dostları ilə paylaş: |