Azərbaycan respulikasi


Semantik üsulla yaranan pedaqogika terminləri



Yüklə 0,86 Mb.
səhifə16/30
tarix11.01.2022
ölçüsü0,86 Mb.
#110718
1   ...   12   13   14   15   16   17   18   19   ...   30
2.2. Semantik üsulla yaranan pedaqogika terminləri
Elm inkişaf etdikcə onun anlayışlar sistemini zənginləşdirir və bu anlayışların adlandırılmasına ehtiyac yaranır. Belə ki, elmlərin diferensiasiyası və müəyyən istiqamət üzrə inteqrasiyası prosesi son dövrlərdə güclənmişdir. Nəticədə yeni elmi istiqamətlərin yaranmasında sürətli artım müşahidə olunur. Belə bir şəraitdə yeni anlayışların adlandırılmasına tələbat artır. Şübhəsiz ki, bütün elm sahələrində olan anlayışları fərqli vahidlərlə adlandırmaq mümkün deyildir. Ona görə anlayışların nominasiyası zamanı sözün semantik cəhətdən genişlənməsindən də istifadə olunur. Pedaqoji terminlərin yaranmasında da bu proses özünü göstərir. Dilin daxili imkanlarından və alınmalardan istifadə olunur. Lakin semantik üsulla termin yaradıcılığında fərqli münasibət müşahidə edilir.

M.Qasımov sözün semantikasının inkişafında üç əsas prosesin müşahidə olunmasına istinad edərək semantik üsulla termin yaradıcılığının da üç formada getməsi qənaətinə gəlmişdir: “1) adi məişət sözlərinin terminləşməsi; 2) sözlərin mənasının xüsusiləşməsi; 3) yeni məcazi mənalar hesabına sözlərin mənasının genişlənməsi” [44, s.123]. Aydındır ki, dil yalnız leksik cəhətdən yeni söz kimi meydana çıxan vahidlər hesabına deyil, həm də mövcud olan sözlərin mənaca dəyişməsi ilə də zənginləşir. Bu zaman mənanın qismən və tam dəyişməsi hadisəsi baş verə bilir. Belə proses yalnız terminlərin yaranması ilə bağlı deyil, söz yaradıcılığı üsullarından da biridir. Ədəbiyyatda “leksik”, “leksik-semantik” və “semantik” üsul adlandırılır. Məsələn, S.Cəfərovun tədqiqatlarından da sözlərin leksik üsulla yaranması geniş təhlil olunmuşdur. O, leksik üsul haqqında belə yazır: “Leksik yolla sözlərin əmələ gəlmə prosesinin mahiyyəti ondan ibarətdir ki, burada yeni əmələ gələn leksik vahidlər (sözlər), əsasən, hazır şəkildə dilə daxil olur və ya əmələ gələn hər hansı yeni leksik vahid törədiyi ilk mənşə formasından öz məzmunu və hətta forması etibarilə uzaqlaşır, yeni məzmunlu, yeni formalı müstəqil bir söz kimi təşəkkül tapır.” [15, s. 81]. Verilmiş izah geniş əhatə dairəsinə malikdir. Burada sözün həm mənaca, həm də formaca dəyişməsi də nəzərdə tutulur. Lakin söz yaradıcılığında leksik üsul dildə mövcud olan sözün mənasındakı dəyişmə ilə əsaslandırılırsa, onda forma və ya struktur dəyişməsi nəzərə alınmamalıdır. Yalnız sözün semantikasındakı dəyişmə nəzərə alınmalıdır. Deməli, məsələyə bu istiqamətdən yanaşdıqda, semantik üsulla söz yaradıcılığından danışmaq mümkündür. Yeni söz lüğətdə əvvəl olmayan sözdür. Sözün yeni məna qazanması və ya onun mənasının dəyişməsi isə başqa hadisədir. Yəni dildə mövcud olan leksik vahidin yeni məna qazanması hadisəsi baş verir. Forma planı qalır, məzmun planında dəyişmə baş verir. Istər yeni sözün yaradılması, istərsə də sözün semantikasında dəyişmənin baş verməsi adlandıran vasitələrin (leksik səviyyədə sözlərin) həcmində genişlənməni səciyyələndirir. Yeni söz lüğətə yeni vahid kimi daxil olur. Əvvəl mövcud olmuş sözün mənasında dəyişmə yarandıqda isə lüğət fonduna yeni söz daxil edilmir, əvvəlki sözün mənaları sırasında yeni mənanın qeyd olunması hadisəsi baş verir. “Nominasiya (adlandırma) problemi ilə bağlı hər cür məsələnin şərhində aydınlıq o zaman mümkündür ki, dildə bu və ya digər sözün yaranmasını gerçəkləşdirən bütün amillər nəzərə alınsın. Bu amillər aşağıdakılardır: təcrübə, linqvistik texnika, insan psixologiyası və ayrıca fərdin rolu, cəmiyyətin rolu, xarici şəraitin təsiri, adlandırma və dil sistemi, dilin, təfəkkürün real gerçəkliklə qarşılıqlı münasibəti” [149, s.147]. Doğrudan da, göstərilən bütün amillər nəzərə alındıqda, bir halda sözün mənasında qismən dəyişmənin baş verməsi nəticəsində adlandırmanın gerçəkləşməsi, başqa halda yeni anlayışa ad vermək tələbinin yerinə yetirilməsi, üçüncü halda obrazlılıq, daha geniş təyinetmə məqsədilə məfhuma yeni əlavə adın verilməsi və s. ilə üzləşməni aydın görmək mümkündür. Deməli, formanı saxlayıb yeni məna yaratmaq da, yeni mənanı adlandırmaq üçün yeni söz yaratmaq söz yaradıcılığıdır. Qeyd edilən cəhətlər bütünlüklə terminlərə də şamil olunur. Sadəcə olaraq, bir halda söz, ikinci halda isə termin yaradıcılığı hadisəsi baş verir.

S.Cəfərov leksik yolla söz yaradıcılığı prosesinin bir-birindən fərqli bir neçə üsulla əmələ gəldiyini söyləmişdir. O, konkret olaraq 5 üsuldan bəhs edir: 1) sözün dialektlərdən götürülməsi; 2) sözün alınması; 3) sözlərin çoxmənalılıqdan (polisemantiklikdən) omonimliyə doğru inkişafı; 4) sözün səs cildində dəyişmə nəticəsində yeni sözün yaranması (dağ, tağ); 5) söz kökünün müstəqilliyini itirərək sözdüzəldici şəkilçi ilə qarışıb, tərkib hissələrinə ayrılmayan yeni bir söz əmələ gətirməsi [15, s.81-93]. Fikrimizcə, birinci və üçüncü üsulda dildə mövcud olan sözdən istifadə edilir. Dialektdən sözün götürülməsi mənbə dil ilə əlaqədardır. Terminin dialektdən götürülmüş sözlə verilməsi həmin dialektizmin mənasının dəyişdirilmədən terminləşməsi olur. Deməli, sözdə semantik dəyişmə baş vermir. “dialektlərdən gələn sözlər təkcə ədəbi dilimizin bədii üslubunda deyil, bütün sahələrində öz təsirini göstərir. Müxtəlif elmi terminlərin yaradılmasında dialektlər çox böyük rol oynayır. Bu cəhətdən dialektləri öyrənmək və onların müxtəlif təsərrüfat sahələrinə aid olan zəngin lüğət materialını toplamaq olduqca faydalıdır. Bu material dilimizin bütün sahələrində getdikcə artan terminlərin xalq dili əsasında yaradılması üçün imkan verir” [15, s. 83]. Hesab etmək olar ki, dialektlərimizdə də pedaqogika terminləri üçün material axtarıb tapmaq mümkündür.

Semantik üsulla termin yaradıcılığı məsələsinə M.Qasımovun münasibətinə qayıtsaq, onun adi sözlərin yeni məna alaraq terminləşməsi, sözlərin ilkin mənasının arxa plana keçməsi və intensiv olaraq terminoloji mənada işlənməsi (sözlərin xüsusiləşməsi) və nəhayət, məcazi məna hesabına mənanın genişlənməsi ilə bağlı irəli sürdüyü üç istiqamət sözün semantikasındakı dəyişməni göstərir. Biz belə hesab edirik ki, mənanın daralması və ya genişlənməsi, eləcə də ilkin mənanın arxa plana keçməsi terminin yaranmasının fərqli üsulunu yaratmır. Sözün terminləşməsi onun ilkin mənasının arxa plana keçməsini bütün hallarda tələb edir. Söz terminləşərkən yeni məna alır. Bu məna terminoloji mənadır. Terminoloji məna isə definisiya və ya təriflə müəyyənləşir, konkret olur. Sözün mənasında daralma və genişlənmə çoxmənalı sözlərə xas semantik prosesdir.

T.Əfəndiyeva göstərir ki, müasir Azərbaycan dilində semantik inkişaf nəticəsində sözlərin bir qisminin mənaca dəyişir, bir qismi mənaca genişlənərək yeni məna qazanır, bir qismi isə əvvəlki məna ilə əlaqəni itirərək omonimləşir. O, sözləri mənaca inkişafa görə üç yerə ayırır: “1) mənaca dəyişən sözlər; 2) mənaca genişlənən və əlavə məna ilə zənginləşən sözlər; 3) omonim sözlər” [35, s.240]. Mənanın dəyişməsi, fikrimizcə, bütün üç qrupa xas olduğundan belə ayırma bir qədər mübahisəlidir. Terminologiyada söz terminləşir və terminoloji məna qazanır. Bu halda semantik inkişafın mərkəzində yeni mənanın yaranması durur. Çünki söz terminə çevrilir və definisiyası olan anlayışın adını bildirir.

S.Sadıqova semantik üsulla termin yaradıcılığı prosesinin iki istiqamətdə getməsini qeyd etmişdir: “1) ümumişlək sözlərin terminləşməsi; 2) mövcud terminin strukturca dəyişməsi ilə yeni terminin yaradılması” [67, s. 72-73]. Göründüyü kimi, burada sözün terminləşməsi və terminin terminləşməsi məsələsi qoyulur. Sözün hansı mənbədən götürülməsi və ya onun mənasındakı dəyişmənin hansı şəkildə (qismən, tam və ya mənanın daralması, mənanın genişlənməsi) getməsi meyar səviyyəsinə qaldırılmır. D.Lotte də məsələyə bu istiqamətdən yanaşaraq yazmışdır: “Adi söz elmi-texniki terminə çevrilərkən terminoloji sistemdə müəyyən məna kəsb edir, daha doğrusu, belə sözün əvvəl qeydə alınmış mənasına yeni bir məna əlavə olunur” [124, s.123].

Qeyd edək ki, bir sahə terminin terminoloji mənasında müəyyən dəyişiklik baş verməsi ilə başqa sahə termininə çevrilməsi halı da baş verir. Bu hal transterminləşmə adlanır.

Termin yaradıcılığında semantik üsul müəyyən vahidin terminoloji məna qazanması prosesidir. Yeni terminoloji mənanı ya söz, ya da termin qazanır.

Pedaqogika terminologiyasında semantik üsulla termin yaradıcılığı sahənin yaranma dövrü üçün daha səciyyəvidir. Bu sahə terminologiyasında ümumişlək sözlərin terminləşməsi geniş yayılmışdır. Həmin terminlərdən bəzilərini nəzərdən keçirək.



Axşam. Sutkanın müəyyən hissəsini bildirir. Günün axırından gecənin başlanmasına qədər olan vaxtı ifadə edən ümumişlək sözdür. Söz pedaqogika terminologiyasında “tədbir, yığıncaq, mərasim” mənasında işlənir. Tədbirin keçirilmə zamanı üzrə motivləşərək terminoloji məna kəsb etmişdir. Pedaqoji terminologiyada “axşam məktəbi”, “axşam şöbəsi”, “axşam təhsili” terminlərindən də istifadə olunur ki, bu termin söz birləşmələrində motivləşmə zamanla bağlıdır.

Axşam təhsili - bu və ya digər səbəbdən gündüz təhsil almaq imkanları məhdud olan gənclərin və yaşlıların əmək fəaliyyətindən ayrılmamaq şərtilə orta və ya ali məktəbdə davam etdirdikləri təhsildir” [12, s.12].

Iki -təlimdə müvəffəqiyyətin qiymət normalarının səviyyəsini yazılı formada müəyyənləşdirən rəqəm” [12, s.120]. Pedaqogikada “iki” qiymət məfhumunu bildirir. “Iki” aşağı qiymətdir və bu qiyməti alan şagirdin fənni məniməsəmədiyi aydın olur. Iki qiyməti imtahana aid olduqda keçici sayılmır. Müəyyən dərsdən iki almaq həmin dərsin məniməsnilmədiyini göstərir. Ümumişlək söz kimi “iki” rəqəmi bildirir, saydır. “Iki” pedaqoji terminlərin izahlı lüğətinə daxil edilmişdir. Qəbul edilmiş beş ballı qiymətləndirmə sistemində “iki” qiymətindən başqa “üç” (kafi), “dörd” (yaxşı), “beş” (əla) də istifadə edilir. Buradan belə nəticə çıxarmaq olar ki, bu rəqəmlər də pedaqoji terminlər sırasına daxil edilməlidir. Fikrimizcə, bilik səviyyəsinin qiysmətləndirilməsi şkalasında “kafi”, “yaxşı”, “əla” terminoloji vahid ola bilər. “Iki” qiymətini ayırmanın səbəbi bilik səviyyəsinin qənaətbəxş olmadığını göstərməklə bağlıdır.

Ali məktəblərdə əvvəlki sistemdə smestr yoxlama sınaqlarında “məqbul” və “qeyri-məqbul” qiymətləndirmə meyarları da olmuşdur.

Semantik üsul yalnız dilin mənşəcə öz sözləri əsasında termin yaradıcılığını əhatə etmir. Bu, həm də alınma sözlərin terminləşməsini də nəzərdə tutur. Müasir Azərbaycan dilində bir çox sözlər vardır ki, onlar tarixən daha qədim dövrlərdə alınmışdır. Hazırda dilin lüğət fondunda belə sözlər özünəməxsus yer tutu rvə dilin ümumişlək leksik qatına aid olması ilə seçilir. Belə sözlərdən bəzilərinin terminləşərək pedaqogika və digər sahələrə daxil olması faktlarını nəzərdən keçirək.

Adət. is. (ər.)1. Hər bir xalqın həyatında qədimdən bəri qəbul edilmiş və kök salmış ənənə. 2. Bir adam üçün adi hal almış qayda, üsul, hərəkət tərzi, təmayül; vərdiş” [10, c.1, s.57]. Bu söz həm psixologiya, həm də pedaqogika terminologiyasına daxil olan termindir.

Psixologiya terminologiyasında anlayışın definisiyası aşağıdakı kimidir: “Adət - müəyyən şəraitdə icra edilməsi insan üçün tələbat olan möhkəm mənimsənilmiş iş və hərəkətlər sisteminə deyilir” [50, s.9].

Pedaqogika terminologiyasında verilən izah bir qədər fərqli şəkildədir.

Adət - həyat və fəaliyyət zamanı müəyyən şəraitdə özü hiss etmədən avtomatlaşmış hərəkətlərə adamın meyilli olması” [12, s.].

Termin psixologiyaya aid olmuşdur. Psixologiya və pedaqogika sahələrinin yaxınlığı nəticəsində cüzi dəyişməyə uğrayaraq pedaqogikaya keçmişdir. Bu baxımdan ümumişlək alınma sözün terminləşməsi psixologiya ilə bağlıdır. Pedaqogikada isə transterminləşmə hadisəsi əsasında yer almışdır. Sahələrarası omonim termin sayılsa da, demək olar ki, eyni terminoloji mənaya malikdir və psixologiya termini kimi qəbul olunandır.



Təkrar - Hər hansı bir cismi, hadisəni, materialı qavradıqda baş beyin böyük yarımkürələri qabığında müvafiq rabitələr əmələ gəlir. Bu rabitələri möhkəmləndirmək üçün bir neçə dəfə təkrar etmək lazımdır.

Vərdiş - insan fəaliyyətinin tərkibinə daxil olan və bu fəaliyyətin bir çox dəfə icrası sayəsində avtomatlaşıb daha mükəmməl icra olunan ünsürlərinə deyilir.

Hafizə - keçmiş təcrübənin beyində nəqşləndirilməsi, hifz edilməsi sayəsində sonralar tanıma və yada salınmasından ibarət psixi prosesdir.

Semantik üsulla yeni terminlərin yaranması iki formada gedə bilər. Birinci halda dilin ümumişlək leksik qatındakı sözün semantikasında dəyişmə baş verməklə terminləşmə gedir. İkinci halda bir sahə termini semantikasını dəyişərək başqa sahə termininə çevrilir. Bu iki istiqamətdə terminləşmə həm dilin mənşəcə öz vahidləri, həm də alınmalarda özünü göstərir.



Çalışma. Mənşəcə Azərbaycan dilinə aiddir. Çalışmaq felinə -ma isim düzəldici şəkilçi artırılmaqla əmələ gəlmiş düzəltmə sözdür. Azərbaycan dilinin ümumişlək leksik qatında istifadə olunmuş sözdür. Yəni düzəltmə söz termin olmazdan əvvəl dilin lüğət tərkibində yer almışdır. Azərbaycan dilinin izahlı lüğətində də iki mənada verilir:

Çalışma 1. “Çalışmaq”dan f.is.2. is. Şagirdə evdə yerinə yetirmək üçün verilən tapşırıq. Fonetikadan çalışmalar. Çalışmanı yerinə yetirmək” [10, c.1, s.346].

Birinci mənada nəyisə yerinə yetirmək üçün göstərilən səyi bildirir. Ikinci mənada isə termin kimi çıxış edir.

Semantik üsulla termin yaradıcılığında terminin semantikasında dəyişmə nəticəsində sahələrarası yeni omonim terminin əmələ gəlməsinə aid bir neçə nümunəni nəzərdən keçirək.

Kredit. Ingilis dilindəki credit sözündən düzəlmişdir. Çoxmənalı sözdür. 15-dən artıq mənası vardır. 1. Inam, etibar. 2. Yaxşı imic, yaxşı ad, nüfuz. 3. Şan, şöhrət, şərəf. 4. Hörmət. 5. Ali məktəbdə zaçot balı. 6. Zaçot. 7. Kredit, borc. 8. Gəlirə yazıl­mış məbləğ 9. Bankda hesab. 10. Mühasibat kitabının sağ tərəfi. 11. Inanmaq, etibar etmək. 12. Nüfuzu qaldırmaq. 13. Kreditləşdirmək, kredit vermək, pul buraxmaq, borc vermək. 14. Mənfət bölməsinə yazmaq. 15. zaçot qəbul etmək, kurs keçmək haqqında vəsiqə vermək” [32, s.360].

Sözün birinci mənası “inam, etibar”dır. Yeni mənaların əksəriyyəti əsas məna üzrə formalaşmışdır. Ingilis dilində ilk olaraq iqtisad termini kimi işlənmiş, XVII əsrədək terminoloji debit, debt terminlərinin sinonimi funksiyasında istifadə edilmişdir. Kredit termini həm ingilis, həm də Azərbaycan dili iqtisadiyyat terminologiyasında iki anlayışı ifadə edir. Hər iki anlayış iqtisadiyyata aiddir. Onlardan biri mühasibat terminologiyasında “mühasibat uçotu hesabının sağ tərəfi”ni bildirir. Digər terminoloji məna isə “pul və ya natural formada verilən borc”u ifadə edir. Termin “borc” mənası üzrə motivləşərək pedaqoji terminologiyaya keçmişdir. Kredit təhsil alanın tədris planı üzrə nəzərdə tutulmuş imtahan, məqbul yoxlamalarını. Bunlarla bağlı borclarını ifadə edir. Göründüyü kimi, termin semantik daralma keçmiş, imtahan və məqbul borcunu ifadə etməyə başlamışdır. Beləliklə iqtisadiyyat, maliyyə və pedaqoji sahədə işlənən sahələrarası omonim termin əmələ gəlmişdir.

Kurs. Orta latın dilindən ingilis dilinə keçmiş sözdür. İlkin mənası “axın, yol” olmuşdur. Gəmiçilikdə 1720-ci ildən termin kimi işlənir. Gəminin getmə istiqamətini bildirir. Sonralar aviasiya terminologiyasında da istifadə edilmişdir. Iqtisadiyyat termini kimi ingilis və başqa Avropa dillərində istifadə olunur. Azərbaycan iqtisadiyyat terminologiyasında qeyri-standart termin sayılır. Azərbaycan dilində ərəb sözü “məzənnə” ilə kalka edilmişdir. Pedaqoji terminologiyada üç terminoloji mənada qeyd olunur: 1) qısa müddətdə müxtəlif ixtisaslar üzrə kadrlar hazırlamaq və ya ixtisası təkmilləşdirmək formalarından biri; 2) ali və orta ixtisas məktəblərində tədris dövrü; 3) hər hansı tədris fənninin, bilik səviyyəsinin müəyyən hüdud daxilində bitkin şərhi [12, s.138].


Yüklə 0,86 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin