Azərbaycan respulikasi



Yüklə 0,86 Mb.
səhifə18/30
tarix11.01.2022
ölçüsü0,86 Mb.
#110718
1   ...   14   15   16   17   18   19   20   21   ...   30
-lıq, -lik, -luq, -lük şəkilçisi. Bu şəkilçi vasitəsi ilə başlıca olaraq on bir məna qrupuna aid sözlər düzəlir: 1) bir cismin çox olduğu məkanı bildirən; 2) geyim, yemək və zaman mənsubiyyəti bildirən; 3) müəyyən sənət, peşə və ixtisas sahibini bildirən; 4) mənəvi keyfiyyətləri özündə əks etdirən substantiv isimlər; 5) cisimlərə məxsus əlamət əks etdirən substantiv isimlər; 6)mənsubiyyət və adətkarlıq bildirən; 7) bədən üzvlərinə məxsus bir əşya bildirən substantiv isimlər; 8) təbiət hadisələrinin uzun müddət davamını bildirən substantiv isimlər; 9) müəyyən kəmiyyət əks etdirən atributiv isimlər; 10) vəziyyət bildirən substantiv isimlər; 11) qeyri-müəyyən kəmiyyət bildirən substantiv isimlər [16, s.183].

S.Sadıqova bu şəkilçinin fizika-riyaziyyat terminologiyasında əsasən üç məna qrupuna aid termin yaratdığını göstərir. Onun fikrinə görə, -lıq, -lik, -luq, -lük söz və ya terminə artırılaraq: a) müxtəlif cisimlərə məxsus xüsusiyyət və əlaməti bildirən sifətlərə əlavə olunduqda, bu xüsusiyyət və əlaməti özündə əks etdirən terminlər; 2) saylara və əvəzliklərə qoşularaq yeni terminlər əmələ gətirir; 3) bəzən sifətə və isimlərə qoşularaq mücərrəd anlayışları bildirən terminlər yaradır [68, s.97].

Pedaqogika terminlərinin yaranmasında da -lıq4 şəkilçisi çox istifadə olunur və -lıq, -lik, -luq, -lük müxtəlif mənalı terminlər yaradır. Məsələn, “varis” sözünə artırılma nəticəsində varislik termini yaranır. Pedaqogikada varislik mövzu və dərslərin arasındakı əlaqəni nəzərdə tutur. Əvvəl keçilmiş dərslə sonrakı arasındakı əlaqədə varislik mövcuddur. Pedaqogikada varislik prinsipi terminoloji birləşməsi də istifadə olunur.

Dərslik termini dərs+lik modeli üzrə düzəlmişdir. Termin S.Cəfərovun qeyd etdiyi məna qruplarından heç birinə daxil olmur. Yeni termin müəyyən fəaliyyət sahəsinə aidlik, mənsubluq ifadə edir. Dərslik dərsə aid olan vəsaitin, kitabın adını bildirir.

Pedaqoji-psixoloji terminologiyada istifadə olunan bədbinlik, ciddilik, diqqətsizlik kimi terminlər insana xas psixoloji xüsusiyyəti ifadə edir. Çətinlik, asanlıq müəyyən predmetə, dərsə, imtahana aid xüsusiyyəti bildirir.

Çoxfənlik, çoxillik, onillik, beşillik, yeddiillik, onbirillik terminləri eyni məna qrupuna daxildir. Bu terminlərin əksəriyyətinin mənasında zaman və kəmiyyət semləri vardır. Yalnız çoxfənlik termini keçilən fənlərin sayını göstərir və bu terminin ümumi mənasında zaman semi yoxdur. Qeyd edək ki, bəzi mənbələrdə bu termin çoxfənlik şəklində verilir [1].

Eyni semantik qrupa daxil olan dekanlıq, direktorluq, rektorluq, rəhbərlik kimi terminlərdə -lıq şəkilçisinin söz və ya terminə əlavə etdiyi sem məkan mənsubiyyətidir. Bu terminlər sırasında verilmiş rəhbərlik termini həm məkan mənsubiyyəti (rəhbər şəxslərin olduğu yer) mənasını, həm də müəyyən fəaliyyətin həyata keçirilməsini bildirir (diplom işinə rəhbərlik, bakalavr işinə rəhbərlik, pedaqoji fəaliyyətə rəhbərlik).

Qeyd etmək lazımdır ki, -lıq şəkilçisi bir-biri ilə mənaca əks olan sözlərə artırılaraq əks və ya antonim terminlər əmələ gətirir. Məsələn, savadlılıq-savadsızlıq, diqqətlilik-diqqətsizlik. Bu cəhət -lıq şəkilçisi ilə əmələ gələn bütün terminlərə xas deyildir. Məsələn, birincilik, dəqiqlik, çalışqanlıq və s.

B.A.Serebrennikov və N.Z.Hacıyeva müəyyən əlamət və xüsusiyyət mənası ilə yüklənmiş affiksli sifətlər mövzusunda -lığ//-liğ-liq//-lik, -lik, eləcə də -lı//li şəkilçilərindən də bəhs etmiş, bu şəkilçilərin əski türk dillərində geniş yayılmasını göstərmişlər [71, s.150-151].

N.A.Baskakov -lıq/-lik şəkilçisinin türk dillərində rəngarəng semantikaya malik olduğunu yazmışdır. O, bu şəkilçinin isimlərə qoşulduqda müəyyən predmetə mənsubluq, bu predmetin çox olduğu məkan mənasını daha çox əmələ gətirdiyini və əksər türk dilləri üçün bunun səciyyəvi xarakter daşıdığını yazmışdır [87, s.61].

Pedaqogika terminologiyasında məhsuldar olan şəkilçilərdən biri də -ma, -mə şəkilçisidir. Yeli isimlər əmələ gətirən bu şəkilçili sözlərdə proses, hal, hərəkət, fəaliyyətlə bağlı sem yaranır. Məsələn, qavrama, anlama, oxuma, dinləmə və s.

Dilimizdə -ma, -mə şəkilçisi ilə məzmununda hal-hərəkət, proses anlayışını bildirən isimlər düzəlir. Bu şəkilçi pedaqogika terminlərinin yaradılmasında da fəal iştirak edir. Ümumiyyətlə, -ma, -mə feli isimlərin mələ gəlməsində iştirak edir. Qavrama öyrənmə, öyrətmə, anlama, qiymətləndirmə, böyümə, dinləmə kimi terminlər feildən düzəlmişdir. Onlar hərəkət, fəaliyyət, proses, hal, psixoloji vəziyyət, psixoloji halın adını ifadə edərək pedaqoji və psixoloji terminologiyada istifadə olunur. Belə terminlərin bəzilərinin izahlarını nəzərdən keçirək.



Öyrənmə - qavranılan hər hansı materialı lazımi qədər möhkəm, dəqiq və uzun müddət yadda saxlamaq üçün onu təkrar edərək beyində nəqşləndirməkdən ibarətdir. Yaddasaxlamanın möhkəmliyi və dəqiqliyi öyrənmənin təşkilindən çox asılıdır. Müəllim təlim materialını səmərəli yollarını şagirdlərə tədriclə öyrətməlidir. Öyrətmə (dressirovka: fr. Dresser -öyrətmə, təlim etmə) - müvafiq məşqlər vasitəsi ilə heyvanın vərdişlərinin yaradılması prosesidir. Öyrətmə həm də pedaqogikada istifadə olunan termindir. Öyrətmə müəllim və ya pedaqoq tərəfindən həyata keçirilir. Öyrətmənin də müxtəlif üsul və metodları vardır.

Ümumiləşdirmə - müqayisə vasitəsi ilə gerçəkliyin cisim və hadisələrində mövcud ümumi cəhət, xassə və keyfiyyətlərin fikrən ayrılıb müəyyən qrupda birləşdirilməsi və həmin cisimlərdən hər birinə aid edilə biləcək nəticələrin çıxarılmasıdır.

Ümumiyyətlə, pedaqogika termin­lərinin yaradılmasında Azərbaycan dilinin özünə məxsus olan aşağıdakı şəkilçilər iştirak edir:

1) -çı, -çi, -çu, -çü: tərbiyəçi, təlimatçı, beynəlmiləlçi, əzbərçi, əlaçı, zərbəçi

2) -lı, -li, -lu, -lü: abırlı, ağıllı, aztəcrübəli, azsavadlı azyaşlı aztəhsilli azuşaqlı, bacarıqlı, bilikli, ixtisaslı, davamlı,

3) -lıq, - lik, -luq, -lük: varislik, alimlik, analıq, atalıq, avamlıq, dərslik, gündəlik, başlıq, bədbinlik, ciddilik, çətinlik,

4) -ma, -mə: anlama, qiymətləndirmə, böyümə, dinləmə

5) -ış, -iş, -uş, üş (-yış, -yiş, -yüş, -yuş): anlayış, baxış, davranış

6) -ıcı, -ici, -ucu, -ücü (-yıcı, -yici, yucu, -yücü): qabaqlayıcı, izahedici, təhsilverici, aparıcı, dinləyici

7) -ıq, -ik, -uq, -ük: bacarıq, bilik

Göründüyü kimi bu şəkilçilər pedaqogika terminlərinin yaranmasında məhsuldardır.

Morfoloji üsulla yaranan pedaqogika terminlərinin müxtəlif modelləri qeydə alınır. Bu modellərin müəyyənləşdirilməsi üçün meyarlar təyin edilməlidir. Kökə birləşən şəkilçilərin sayına görə E.Atakişiyev 5 modeli fərqləndirmişdir: 1) kök + affiks; 2) kök + affiks + affiks; 3) kök + affiks +affiks+affiks; 4) kök +affiks +affiks + affiks + affiks; 4) kök +affiks +affiks + affiks + affiks+ affiks [84, s.349]. Qeyd olunan modellərin pedaqoji terminologiyanın yaranmasında da özünü əks etdirir.

I model. kök + şəkilçi. Bu model üzrə yaranan pedaqogika terminləri çoxdur. Məsələn, tərbiyə +çi; əla+çı; düz+lük; davran+ ış; bax+ış; məktəb+li; qavra+yış; çalış+qan, bacar+ıq və s.

II model. kök + şəkilçi+ şəkilçi. Bu model də məhsuldardır. Sözün kgkünə iki şəkilçi artırılaraq düzələn pedaqogika terminləri az deyildir. Məsələn, Bacar+ ıq+lı; bacar+ıq+sız; bir+ inci+ lik; böyük+süz+ lük; burax+ıl+ ış; çalış+qan+lıq; dəyiş+kən+lik;

III model. kök + şəkilçi + şəkilçi + şəkilçi. Bu model az məhsuldar olsa da, bir sıra terminlərdə özünü göstərir. Məsələn, fəal+iyyət+siz+lik; ixtisas+laş+dır+ma; həvəs+lən+dir+mə; mükafat+lan+dır+ma; qiymət+lən+dir+mə

IV model. Kök+ şəkilçi + şəkilçi + şəkilçi + şəkilçi. Bu model pedaqogika terminologiyasında çox az rast gəlinir. Məsələn, fərd+i+ ləş+dir+mə;

Morfoloji üsulla yaranan terminləri modelləşdirmə prinsiplərindən biri kökün hansı nitq hissəsinə aidliyi ola bilər. Pedaqogika terminologiyasında bu prisnsip əsasında modelləşdirmədə fərqli modellər aşkara çıxır.

İsim+şəkilçi = isim modeli: əla+çı, zərbə+çı

Feil+şəkilçi= isim modeli: bacar+ıq

İsim+ şəkilçi= sifət modeli: savad+lı = savadlı; savad+sız=savadsız

Feil+şəkilçi+şəkilçi =sifət modeli: bacar+ıq+sız =bacarıqsız

Kökə artırılan şəkilçilərin sayı artırıldıqda modelin də dəyişməsi baş verir.

Mənşəcə ərəb və fars dillərindən olan -dar, -iyyat, -iyyət, -kar, -şünas, -daş, -keş şəkilçiləri pedaqogika terminlərinin yaranmasında bu və ya başqa dərəcədə iştirak edir. Onlar ümumiyyətlə məhdud dairədə istifadə olunur. Onu da qeyd edək ki, bu alınma şəkilçilərin çoxu hazırda dilimizin istər leksik, istərsə də terminoloji layında alınmaların tərkibində funksionallıq daşıyır. Bu şəkilçilərin söz və termindüzəltmə prosesinə cəlb olunması halları çox cüzidir.

Morfoloji üsulla termin yaradıcılığının məhsuldarlığını M.D.Redcepova terminlərin struktur sistemliliyi ilə bağlayır. O, belə hesab edir ki, terminoloji anlayışları adlandırmaq üçün eynitipli termin yaradıcılığı üsulundan istifadə olunur [132, s.47].

Pedaqoji terminoloji sistemdə müasir Azərbaycan dilinin sözdüzəldici şəkilçiləri istifadə olunur. Doğrudur, pedaqoji terminlərin yaranmasında bəzi alınma morfoloji vasitələr, eləcə də termin-elementlər də iştirak edir. Lakin bu vasitələr daha çox terminin mənbə və ya aralıq dildən alınma prosesində baş vermişdir” [24, s.180]. Alınma şəkilçilərin çoxu terminlə birlikdə dilin terminoloji, o cümlədən də pedaqoji terminoloji sisteminə keçmişdir.

Pedaqoji terminlərin eyni kökə müxtəlif sözdüzəldici vasitələrin artırılması ilə əmələ gəlməsi mərkəzdə duran kökün tezaurus yaratmasına səbəb olur. Belə budaqlanmalar, bir qayda olaraq, pedaqogikanın əsas anlayışları üzrə baş verir. Məsələn,

Tərbiyə-

-li - tərbiyəli

-siz - tərbiyəsiz

-çi - tərbiyəçi

-çi+lik - tərbiyəçilik

-lən+dir+mə - tərbiyələndirmə

-mə - tərbiyələnmə

-etmə - tərbiyəetmə

-siz+lik - tərbiyəsizlik

Beləliklə, tədqiqatdan aydın olur ki, pedaqogika terminlərinin yaradılmasında dilin daxili imkanları əsasdır.



Yüklə 0,86 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin