Azərbaycan respulikasi


Sintaktik üsulla pedaqogika terminlərinin yaranması



Yüklə 0,86 Mb.
səhifə19/30
tarix11.01.2022
ölçüsü0,86 Mb.
#110718
1   ...   15   16   17   18   19   20   21   22   ...   30
2.4. Sintaktik üsulla pedaqogika terminlərinin yaranması
Termin yaradıcılığında sintaktik üsul xüsusi rol oynayır. Bir sıra sahə terminologiyalarında, əvvəllər, morfoloji üsulla daha çox termin yaranmışdırsa, digərlərində terminologiyanın sonrakı inkişaf mərhələsində sintaktik üsul daha çox tətbiqini tapmışdır. Pedaqogika terminologiyasında da bu cəhət aşkar hiss olunur. Terminologiyada sintaktik üsulla termin yaradıcılığına mürəkkəb söz şəklində olan terminlərin əmələ gəlməsi də aid edilir. S.Sadıqova bu barədə yazır: “Sintaktik üsulla yaranan terminlər terminologiyada iki şəkildə əksini tapır: a) mürəkkəb terminlər şəklində; b) termin-söz birləşmələri şəklində” [68, s.100]. Müəllif mürəkkəb fizika-riyaziyyat terminlərinin yaranmasının da iki üsulunu qeyd edir: “1) leksik-sintaktik üsul; 2) morfoloji-sintaktik üsul” [68, s.100].

Sintaktik yolla yaranan terminlərin əmələ gəlməsində iki üsuldan istifadə xüsusilə əhəmiyyət daşmasına I.Qasımov da toxunmuşdur. O, hərbi terminlərin yaranması və formalaşmasında bu üsulların rolunu xüsusi olaraq qeyd edir: “Bu üsullar, ümumiyyətlə, dilin lüğət tərkibinin zənginləşməsində aktiv rol oynayan söz yaradıcılığı prosesinin əsas göstəriciləridir. Bu üsullar, eyni zamanda, dilin leksik tərkibinin xüsusi bir qatını təşkil edən hərbi terminlərin də formalaşmasında əsas qrammatik-semantik göstərici kimi çıxış edir” [43, s.40].

Aydındır ki, hər bir elmi anlayışı adlandırmaq üçün həmişə başqa dillərdən termin almaq dili ağırlaşdırır. Buna görə də dilin termin yaradıcılığı vasitələrindən yerində və optimal şəkildə istifadə etmək düzgündür.

Morfoloji üsulla termin yaradıcılığına münasibət bildirən bəzi tədqiqatçılar mürəkkəb söz şəklində olan terminlərin də bu üsulla yarandığını söyləmişlər. Qeyd olunduğu kimi, belə bir mövqenin meydana çıxmasına terminin formaca dəyişməsi səbəb olmuşdur. Mürəkkəb sözlər dilçilikdə leksikologiya və morfologiyanın obyektidir. Tərkibində iki və daha artıq kökün olduğu sözlər mürəkkəb adlandırılır. Lakin terminologiyada mürəkkəb, sadə və düzəltmə termin məsələsinə bir qədər fərqli aspektdən yanaşmaq lazım gəlir.

M.V.Redcepova pedaqogika terminologiyasında qoşa sözləri, mürəkkəb söz şəklində olan digər sözləri sintaktik yolla yarandığını qeyd edir [132, s.59].

Söz birləşməsi və mürəkkəb söz, söz birləşməsi və qoşa söz, nəhayət söz birləşməsi və mürəkkəb idarə adları məsələlərini Y.Seyidov “Azərbaycan ədəbi dilində söz birləşməsi” əsərində ətraflı nəzərdən keçirmiş bu vahidlərin oxşar və fərqli cəhətlərini sadalamışdır. Müəllif göstərir ki, “həm söz birləşmələri, həm də mürəkkəb sözlər hər bir dilin öz qaydaları əsasında qurulduğundan eyni mənanı ifadə etmək üçün bir dildə söz birləşmələrindən istifadə edildiyi halda başqa dildə mürəkkəb sözlərdən istifadə edilə bilər” [72, s.49].

S.Cəfərov sadə sözlərin bir-biri ilə birləşməsi nəticəsində yaranan mürəkkəb sözdə komponentlərin monolitləşərək mənsub olduqları nitq hissələrinə xas xüsusiyyətlərini itirdiyini qeyd edir. Mürəkkəb söz başqa sözlərlə əlaqədə sadə sözlərin əlaqəsinə xas olan xüsusiyyətlər kəsb edir [18, s.200].

Təbii ki, mürəkkəb sözlərin yaranması prosesində söz birləşmələrinə xas xüsusiy­yətlər də təzahürünü tapır. Bəzi mürəkkəb sözlərin formalaşıb yaranması, mürəkkəb söz kimi təsbit olunması söz birləşməsi strukturunu keçməklə müşayiət olunur. Söz birləşmələri ilə mürəkkəb sözlər arasındakı ümumi cəhətlər: 1) müstəqil sözlərdən təşkil olunmaq; 2) komponentlərin eyni nitq hissəsinə aidliyi; 3) komponentlərin bir-birinə uyğun şəkildə sıralanması; 4) eyni qrammatik əlaqə ilə birləşmək) onların yaranmasının sintaksislə bağlılığını qəbul etməyə əsas verir. Ona görə də, mürəkkəb söz, qoşa şəklində olan pedaqoji terminlər sintaktik üsulla yaranmışdır.

Sintaktik üsulla termin yaradıcılığından bəhs edən S.Sadıqova quruluşca mürəkkəb olan terminlərlə söz birləşməsi şəklində olan terminlər bəzi ortaq cəhətləri üzərində dayanmışdır. Onun fikrinə görə, belə ortaq cəhətlərin sayı üçdür: 1) iki və daha artıq komponentlilik və komponentlərin müstəqilliyi; 2) eyni qrammatik əlaqə; 3) eyni qaydada sıralanma [67, s.83-84].

X.Qasımova mürəkkəb söz şəkilli terminlərlə, söz birləşməsi şəklində olan terminlərin altı ortaq cəhətini göstərmişdir [45, s.63]. Bizim fikrimizcə, müəllifin irəli sürdüyü altı oxşar cəhətdən üçü, ümumiyyətlə terminlərə aid xüsusiyyətlər olub termini ümumişlək sözdən fərqləndirən cəhətlərlə bağlıdır. Yəni bu fikirlər mürəkkəb söz şəkilli terminlə termin-söz birləşməsinin müqayisəsi kimi üzə çıxmır. Təbii ki, termin bir anlayışı ifadə etməli, dəqiq olmalıdır. Terminin dilin daxili imkanları hesabına düzəlməsi pozitiv hadisədir. Mürəkkəb söz şəklində olan terminlə termin-söz birləşməsinin funksionallığı eyni səciyyəlidir. Yəni mürəkkəb söz şəkilli termin də termin-söz birləşməsi də termin funksiyasını yerinə yetirir. Ona görə də terminə aid bütün xüsusiyyətlər belə terminlərin hər bir struktur formasına eyni dərəcədə aid edilməlidir.

Leksik-sintaktik üsulla əmələ gələn pedaqogika terminlərində söz və terminlər birləşərək yeni termini əmələ gətirir. Məsələn, onillik, onbirillik, yarımqrup, yarımsinif, yarımillik və s. Leksik-sintaktik yolla əmələ gələn terminlərdə heç bir morfoloji vasitə iştirak etmir. Lakin yuxarıdakı nümunələrdə leksik komponentlərdən birinin tərkibində sözdüzəldici şəkilçi daxildir. Yeni termin söz və ya terminin morfoloji üsulla əmələ gəlmiş düzəltmə söz və ya terminlə birləşmişdir. Yəni mürəkkəb sözün strukturu “kök+ əsas” modelinə uyğundur. Belə olan halda əsasın tərkibində morfoloji vasitə - sözdüzəldici şəkilçi vardır. Leksik-sintaktik üsulla əmələ gəlmiş mürəkkəb söz şəkilli terminin komponentlərindən birinin sözdüzəldici şəkilçi qəbul etməsi, fikrimizcə, məqbul sayılmalıdır. Mürəkkəb söz şəkilli pedaqoji terminlərin yaranması prosesində iki hazır söz birləşir.

Deməli, morfoloji-sintaktik üsulla əmələ gələn mürəkkəb söz quruluşu pedaqoji terminlərdə təşkiledici komponentlərdən birinin tərkibinə sözdəyişdirici morfoloji vasitə daxildir. Məsələn, sinifdənkənar, özünütəhlil, özünütənqid, özünüqınama, məktəbdənkənar və s.

Termin yaradıcılığında iki və daha artıq söz ya birləşərək mürəkkəb söz şəkilli yeni termin yaradaraq, ya da söz birləşməsi şəklində elmi anlayışı ifadə edərək yeni anlayışı bildirən terminlə terminoloji sistemi zənginləşdirir. Dil sistemində mürəkkəb sözlərin yaranması mürəkkəb söz şəkilli terminlərin əmələ gəlməsi ilə eyni prosesi əhatə edir. Lakin terminoloji sistemdə anlayışı adlandırmağa olan ehtiyac belə terminlərin daha çox yaranmasını şərtləndirir. M.Qasımov göstərir ki, “Indiyədək bu üsulla Azərbaycan dilində çoxlu miqdarda termin yaranmışdır. Lakin nisbət etibarıilə götürüldükdə sintaktik üsul termin yaradıcılığında məhdud sahəni əhatə edir. Belə ki, dilimizdə sintaktik üsulla yaradılan terminlərin miqdarı morfoloji üsulla yaradılan terminlərin miqdarından azdır” [44, s.131]. Pedaqoji terminologiya ümumişlək sözlərin birləşərək müəyyən sahədə termininə çevrilməsi həmin ümumişlək sözlərin eyni qayda ilə mürəkkəb söz əmələ gətirməsi demək deyildir. Bu prosesdə dilimizin lüğət tərkibində söz yaradıcılığı üsullarından biri kimi iki və daha artıq sözün birləşərək bir leksik məna ifadə edən yeni söz yaratması müşahidə olunur. Pedaqoji terminlərdə də bu üsul tətbiqini tapır. Onbirillik, onillik, dördillik kimi sözlər mürəkkəb söz şəkilli terminlərdir. Oxşar model əsasında bütün saylar üzrə belə mürəkkəb sözlər əmələ gətirmək mümkündür (üçillik, dördillik, onbeşillik və s.). Bu sahə terminologiyasında belə terminlərə daha çox ehtiyac duyulur. Belə ki, təhsilin pillələri belə anlayışlarda adını formalaşdırır. Nominasiya vahidi isə itermin olur. Çünki pedaqogika sahəsində təhsil müddəti ilə bağlı müxtəlif formalar var və olmuşdur. Onillik, onbirillik, səkkizillik, yeddillik kimi sözlər bu sahə terminologiyasında terminoloji funksiyada çıxış edirlər. Qeyd edək ki, ictimai-siyasi terminologiyada da bir vaxtlar beşillik, onillik sözləri termin kimi işlədilmişdir.

Pedaqoji terminlərin müəyyən qismi termin-söz birləşmələri şəklindədir. Belə terminlərin komponentləri həm qrammatik, həm də semantik cəhətdən bir-biri ilə bağlanır. Məsələn:

Diqqətin bölünməsi (raspredelenie vnimaniə) -eyni zamanda diqqətin bir neçə işə, hərəkətə yönəlməsinə deyilir.

Diqqətin davamlılığı (ustoyçivostğ vnimaniə) - diqqətin ümumi bir məqsədə tabe olan obyektlər üzərində tələb olunan vaxt ərzində lazımi qüvvətlə cəmlənməsinə deyilir.

Hər iki termində psixologiyaya aid termin olan “diqqət” sözü başqa leksik vahidlə idarə əlaqəsinə girərək terminoloji birləşmə əmələ gətirmişdir. Birinci tərəfin yiyəlik hal şəkilçisi, ikinci tərəfin mənsubiyyət şəkilçisi qəbul etməsi komponentləri bir-biri ilə qrammatik bağlamışdır. Semantik əlaqə sözlərin ayrılıqdakı mənalarının birləşmə daxilində əlaqələnməsi kimi təzahür edir. Semantik cəhətdən bir-biri ilə bağlanma olmazsa, sahəyə dair istənilən sayda termin-söz birləşməsi yaratmaq mümkündür. Məsələn, diqqətin parçalanması, diqqətin dağılması, diqqətin uzaqlaşması və s. Bu nümunələrdə ikinci tərəf semantik cəhətdə birinci tərəflə bağlanmır. Ümumiyyətlə, sahə terminologiyasında da bu cür semantik əlaqələrlə təyin olunan birləşmələr çoxdur. Məsələn:

Müsahibə üsulu - psixoloji tədqiqatda qabaqcadan hazırlanmış plan əsasında keçirilən söhbətdən ibarətdir. Bu termində qrammatik bağlılıq ikinci tərəfin mənsubiyyət şəkilçisi qəbul etməsi formalaşmışdır. Sahə terminologiyasında müsahibə və üsul sözləri semantik bağlılıq yaradır və təhsil prosesin iştirakçı tərəflərinin öz aralarında müəyyən formada fəaliyyəti həyata keçirməsini ifadə edir. “Söz birləşməsi də söz kimi nominativ vasitələr sahəsinə aid olub əşyaları, hadisələri, prosesləri və s. bildirir” [7, s.37]. Bu xüsusiyyət terminoloji birləşmələrdə özünü daha qabarıq göstərir terminoloji birləşmələrin əsas funksiyası adlandırmaqdır.

Belə termin-söz birləşmələrinin komponentləri arasında yanaşma və ya idarə əlaqələri olur. Pedaqogika terminologiyasında da söz birləşmələri şəklində yaranan bu tip terminlər böyük miqdardadır. Bütün sahə terminologiyalarında belə termin-söz birləşmələri vardır. Termin söz birləşmələrinin tərəfləri müəyyən semantik inkişaf keçir. Onların bir qisminin semantikasında mənaca dəyişmə özünü göstərir, başqa bir qisimdə isə mənaca genişlənmiş, daralmış və yeni mənalar aşkara çıxır. Bu cəhətdən pedaqoji termin-birləşmələrini aşağıdakı kimi qruplaşdırmaq olar: a) birinci tərəfi dəyişən və ya genişlənən sözlərdən ibarət olan termin-birləşmələr. Bu cür birləşmələrin birinci tərəfi əvvəlki mənasını dəyişərək müasir dildə tamamilə yeni anlayış bildirən sözdən ibarət olur: məs.: mədəni irs, məqsədlərin vəhdəti, pis şagird, dayaq dərsi, hami təşkilat, dayaq nöqtəsi, müşahidə dəftəri, yoxlama məşğələsi, test imtahanı və s.); b) ikinci tərəfi mənaca dəyişən və ya genişlənən sözlərdən ibarət olan termin-birləşmələr: məs: pis uyğunlaşma, sözəbaxan şagird, son variant, şüurlu yaddasaxlama, nüfuz dairəsi, dərsə maraq və s.; c) hər iki tərəfi mənaca genişlənən və ya əlavə məna alan termin-birləşmələr. Bu cür birləşmələrin tərəfləri, əsasən isim və sifət kimi nitq hissələri ilə ifadə olunur. Məsələn, aparıcı dərs, ümumi maraq, yaş dövrü, müəllim mövqeyi və s. Terminoloji birləşmələrin tərəflərinin və ya komponentlərinin mənasında dəyişmə semantik üsulla termin yaradıcılığı ilə bağlılığa malikdir. Lakin termin söz birləşməsinin bir tərəfi kimi çıxış edərkən mənadakı dəyişmə birləşmənin ümumi məzmunu ilə formalaşır. Yəni birləşmənin tərəfi olan komponent əvvəlki mənasında çıxış etmir, digər tərəfin təsiri ilə terminoloji məna qazanır. Bir sıra birləşmələrdə isə hər iki tərəfin mənasında dəyişmə baş verir ki, bu da birləşmənin ümumi məzmunu ilə bağlı yaranır.

S.Sadıqova Azərbaycan dilində termin-söz birləşmələrini ilk dəfə olduqca geniş və hərtərəfli şəkildə tədqiq etmişdir. Onun tədqiqatında həm ikikomponentli, həm də çoxkomponentli terminlərin müxtəlif modelləri müəyyənləşdirilmiş, komponentlər arasındakı semantik, qrammatik əlaqələr araşdırılmışdır. Müəllif söz birləşmələri və mürəkkəb söz şəklində olan terminlərin yaran­ma xüsusiyyətlərini, onların oxşar və fərqli cəhətlərini də aydınlaşdırmışdır [67, s.83].

Pedaqogika terminologiyasında termin - söz birləşmələrini müxtəlif prinsiplər üzrə qrupluşdırmaq mümkündür. İlk növbədə bu terminlərin birləşmə tərkibindəki sözlərin sayına görə ayırmaq, zənnimizcə, daha məqsədəuyğundur. Belə olan halda, əvvəlcə, pedaqogika terminologiyasında qeydə alınan 2 komponentli birləşmələri nəzərdən keçirək. Azərbaycan dilində həm ismi, həm də feli söz birləşmələri vardır. Ismi birləşmələr üç növ təyini söz birləşməsi şəklində qruplaşdırılır. Pedaqogika terminologiyasında hər üç növ təyini söz birləşməsi şəklində olan termin-söz birləşmələri işlənir.

Birinci növ təyini söz birləşməsi kimi olan pedaqogika terminləri. Belə termin-söz birləşmələri pedaqogika terminologiyasında daha geniş yayılmışdır. Məsələn, didaktik strategiya, didaktik testlər, diferensial psixologiya, deduktiv dərs, deduktiv metod, açıq mühazirə, akademik saat, ali məktəb, diferensial psixologiya, ali təhsil, analitik metod, analitik oxu, anlamanın səviyyəsi, antik pedaqogika, ardıcıl təhlil, asan dərs, asudə saatlar, bacarıqlı əllər, aydın tələffüz, beşballı sistem, beynəlmiləl tərbiyə, bədii özfəaliyyət, bədii tərbiyə, bərpaedici təxəyyül, birtərəfli inkişaf, birtərəfli tərbiyə, ciddi intizam, ciddi müəllim, coğrafi xəritə, çətin dərs, “çətin” məktəblilər, çətin tapşırıq, çətin uşaq, daxili orqanlar, daimi məşq, daimi nəzarət və s. Bu pedaqogika terminləri birinci növ təyini söz birləşməsi modeli əsasında əmələ gəlmişdir. Termin-söz birləşməsinin komponentləri bir-birinə yanaşma əsasında birləşmiş və birləşmə sahəyə aid yeni anlayışı ifadə edən termini bildirir. Aralarında yanaşma əlaqəsi olan bu sözlərin bir-birinə məna ilə müəyyən bağlılığa malikdir. Termin-söz birləşməsinin komponentləri arasındakı məna əlaqəsi onların bir-birinə yanaşaraq yeni termin yaratmasına imkan verir. Qeyd edək ki, pedaqogika terminologiyasında terminoloji birləşmənin tərəflərindən biri dəyişməz qalır və ikinci tərəfin dəyişməsi ilə yeni terminlər əmələ gəlir. Məsələn, asan dərs, asan tapşırıq, asan çalışma, asan mövzu; çətin dərs, çətin tapşırıq, çətin çalışma, çətin uşaq, çətin məktəbli, didaktik test, didaktik tapşırıq, didaktik yoxlama və s. I növ təyini söz birləşməsi şəklində olan pedaqogika terminlərini tərəflərin nitq hissələrinə aid olmasına görə də qruplaşdırmaq mümkündür. Təhlil göstərir ki, pedaqogika terminologiyasında əsas aşağıdakı modellərdə I növ təyini söz birləşmələrinə rast gəlinir:

1. Isim+isim

2. Sifət+isim

3. Zərf +isim

4. Say +isim

I növ təyini söz birləşməsi modeli ilə yaranan pedaqogika terminlərinin tərəflərinin mənşəyinə görə qruplaşdırılması da mümkündür. Belə qruplaşdırma zamanı aşağıdakı modellər qeydə alınır: 1) milli söz + milli söz; 2) milli söz + alınma; 3) alınma + milli söz; 4) alınma+alınma.

Tərkibində alınma olan modelləri alınmanın hansı dildən olmasına görə ayırmaq mümkündür. Fikrimizcə alınmalara ərəb-fars, rus və Avropa mənşəli alınmalar kimi baxmaq olar. Azərbaycan pedaqoji terminologiyasının əsas anlayışlar sistemində ərəb-fars alınmaları çoxluq təşkil etdiyindən onların iştirakı ilə yaranan I növ təyini söz birləşməli termin-söz birləşmələri də az deyildir. Lakin son dövrlər Avropa mənşəli alınmaların sayının artması bu cür alınma terminlərlə düzələn termin söz birləşmələrinin də çoxaldığını təsdiq edir.

II növ təyini söz birləşməsi şəklində olan pedaqoji termin-söz birləşmələri. Belə terminoloji birləşmələrdə birinci tərəf heç bir qrammatik şəkilçi qəbul etmir. Ikinci tərəf isə mənsubiyyət şəkilçisi qəbul edir. Belə terminoloji birləşmələr sahə terminologiyasına aid bir anlayışı adlandırır və leksik birləşmələr kimi formalaşır. Məsələn, vətənpərvərlik tərbiyəsi, beynəlmiləlçilik tərbiyəsi, bədən cəzası, burjua pedaqogikası, məktəb pedaqo­gikası, cib lüğəti, davamiyyət jurnalı, davranış qaydaları, bakalavr dərəcəsi, magistr imtahanı, məktəb direktoru, fakültə dekanı, institutut rektoru, asudəlik saatları, apelyasiya komissiyası, axşam məktəbi, təlim üsulu, məktəb kitabxanası, məktəb büdcəsi, məktəb binası, məktəb müəllimi, məktəb proqramı, məlumat kitabı və s.

Pedaqoji terminologiyada III növ təyini söz birləşməsi şəklində olan pedaqogika terminləri birinci və ikinci növ təyini söz birləşməsi şəklində olan terminlərlə müqayisədə azdır. Söz birləşməsinin birinci komponenti yiyəlik hal şəkilçisi, ikinci tərəfi mənsubiyyət şəkilçisi qəbul edir. Məsələn, davamiyyətin uçotu, anlamanın səviyyəsi, dərketmənin səviyyəsi, biliyin möhkəmləndirilməsi, mənafelərin ümumiliyi, müəllimin planı, müəllimin nəqli, müəllimin nüfuzu, müəllimin peşəkarlığı, müəllimin rolu, mühazirələrin siyahısı, tapşırığın həlli, tapşırığın nəticəsi, məsələnin həlli, eksperimentin nəticəsi, müvəffəqiyyətin rəhni, pedaqogikanın fəlsəfəsi, pedaqogikanın mənbələri, pedaqogikanın predmeti, şagirdin rəyi, şagirdin əxlaqı, şagirdin qiyməti, şəxsiyyətin təcrübəsi və s.

Ismi birləşmələrin bəziləri təyini söz birləşməsi modelləri üzrə qurulmur. Məsələn, evdə təhsil, evdə məktəb, məşğələlərdən sonra, məşğələlərdən əvvəl, dərsdən əvvəl, dərsdən sonra, məktəbdə demokratiya, məktəbdə tərbiyə, klinikada təlim və s.

Iki komponentdən ibarət olan pedaqoji terminoloji söz birləşmələri yalnız ismi və ya qeyd edilən üç növ təyini söz birləşmələrindən ibarət deyildir. Pedaqogika terminologiyasında iki komponentdən ibarət olan feli birləşmələrin də termin kimi funksionallığı qeydə alınır. Məsələn, nəzarətə götürülməyən, nəzakətlə davranmaq, narahatçılıq gətirmək, müzakirə açmaq, mühazirə oxumaq, müşahidə aparmaq, mübahisəyə girmək, təkrar dinləmək, təkrar soruşmaq, məşğələ aparmaq, seminar aparmaq, məktəbdə oxumaq, materialı aydınlaşdırmaq, materialı paylaşdırmaq, maneçilik törətmək, metoddan istifadə, qrupda məşhurlaşmaq, biliyi möhkəmlətmək, dərsi təkrarlamaq, materialı əzbərlətdirmək, qabiliyyətlərə yiyələnmək, qabaqcadan görmək, təcrübədə yoxlamaq, təcrübə aparmaq, təcrübə keçmək, intizama alışdırmaq, intizamı gözləməmək, intizamı pozmaq, dərsi pozmaq, imla demək, inşa yazdırmaq, dərsi soruşmaq, dərsi danışmaq və s.

Üç komponentli termin-söz birləşməsi şəklində olan pedaqogika terminləri müxtəlif modellər əsasında formalaşır. Tərkibində üç komponent olan pedaqogika terminlərindəki komponentlərin müxtəlif nitq hissələrinə aidliyi, onların qəbul etdiyi morfoloji vasitələr fərqlənir. Bütün bunlar isə müxtəlif modellərin formalaşmasına səbəb olur. Modelləşdirmə konkret terminlər əsasında aparılır. Bu məqsədlə ilk növbədə üçkomponentli terminlər toplanır. Bundan sonra həmin terminlər müəyyən əlamətlər üzrə qruplaşdırılır. Deyək ki, üç komponentdən ibarət olan aşağıdakı terminlər toplanmışdır: bacarığı inkişaf etdirmək, ali məktəb pedaqogikası, ali təhsil almaq, auditoriyanı ələ almaq, adətlərin tərbiyə olunması, dərsdən sonra saxlamaq, demokratik təlim metodları, cəzanı ləğv etmək, dərs ilinin başlanğıcı, dərs ilinin sonu, düzgün olmayan qavrayış, düzgün yanaşma metodu, birinci kurs tələbəsi, mənimsəmə prosesinin aktivliyi, mənimsəmə prosesinin passivliyi, mənimsəmə prosesinin strukturu, model üzrə iş metodu, müasir pedaqoji futurologiya, müsbət emosional vəziyyət, müsbət zehni hisslər, müstəqil tədqiqat prosesi, şifahi nəzarət metodu, şifahi nitqin qavranılması, rabitəli nitqin inkişafı, şagirdlərin gündəliklərini yoxlamaq, şagirdlərin idrak fəaliyyəti, şagirdlərin estetik tərbiyəsi, sözə baxmayan uşaq, özünü tərbiyə motivləri, növbəti dərsin materialı, əvvəlki dərsin təkrarı, nəzarəti təşkil etmək, nəticəyə nail olmaq və s.

Bu nümunələri feili və ismi birləşmələr kimi qruplaşdırmaq olar. Üçkomponentli feili birləşmə olan pedaqogika terminlərinin bəzilərində sonuncu iki komponent mürəkkəb feil olur. Məsələn, bacarığı inkişaf etdirmək, ali təhsil almaq, auditoriyanı ələ almaq, cəzanı ləğv etmək, nəticəyə nail olmaq, qüsuru aradan qaldırmaq, şagirdi sinifdə saxlamaq, əlavə sual vermək, dərsə marağı artırmaq, fəndaxili əlaqə yaratmaq, fənlərarası əlaqə yaratmaq, suallara cavab vermək, dialoqda iştirak etmək, intizama dəvət etmək və s.

Feili birləşmələrin bir qismində isə il iki komponent terminoloji mənanın daxil edilməsi üçün əsas hissə rolunu oynayır. Məsələn, dərsdən sonra saxlamaq, şagirdlərin gündəliklərini yoxlamaq, yeni dərsi danışmaq, şagirdin cavabını qiymətləndirmək, möhkəm bilik qazanmaq, müşahidə altına almaq, müşahidə altında olmaq, təcrübi vərdişləri artırmaq, yeni mövzunu danışmaq və s.

Göründüyü kimi, feili birləşmələrin bir qisminin tərkibində analitik feilin iştirak etməsi komponentlərin sayının üçə çatmasına səbəb olmuşdur. Məsələn, bacarığı inkişaf etdirmək, auditoriyanı ələ almaq, cəzanı ləğv etmək, nəticəyə nail olmaq, qüsuru aradan qaldırmaq, əlavə sual vermək, suallara cavab vermək, dialoqda iştirak etmək, intizama dəvət etmək və s.

Pedaqogika terminlərinin lüğətinə daxil edilmiş bu terminlərin bir qisminin termin olub-olmaması şübhə doğurur. Həmin şübhələrin aradan qaldırılması üçün, şübhəsiz ki, mübahisə doğuran terminin terminə qoyulan tələblərə cavab verməsini yoxlamaq lazım gəlir. Termin sahəyə aid anlayışı adlandırır. Hər bir sahə anlayışı müəyyən definisiya və ya tərif ilə təyin olunmalıdır. Yuxarıda verilmiş bəzi terminlərin, məsələn, möhkəm bilik qazanmaq, suallara cavab vermək, dialoqda iştirak etmək kimi terminlərin definisiyasını tapmaq çətindir. Pedaqogikaya dair dərsliklərdə bu terminlər müxtəlif məqamlarda istifadə olunur. Lakin onlar termin kimi izah edilmir. Bəzi terminlərin isə definitiv izahını qurmaq mümkündür. Məsələn, dialoqda iştirak etmək - tədris prosesində müəyyən mövzunun qavranması məqsədilə mövzu ətrafında şagirdlərin və ya müəllimlə şagirdlərin dialoqu təşkil olunur. Şagirdlərin bəzən bir qismi, bəzən hamısı müəllim tərəfindən dialoqa cəlb olunur. Dialoqda iştirak etmək şagirdin belə dialoqlara qoşulmasıdır. Göründüyü kimi, definitiv şərh üçkomponentli birləşmənin xüsusi mənasını aydınlaşdırır, onu danışıq prosesində istifadə olun biləcək “dialoqda iştirak etmək” söz birləşməsindən fərqləndirir. Yeri gəlmişkən onu da qeyd edək ki, ictimai-siyasi və diplomatiya terminologiyalarında dialoqa girmək, dialoqda iştirak etmək terminoloji birləşmələri istifadə olunur. Siyasi terminologiyada istifadə olunan “dialoqda iştirak etmək” termini peda­qogikadakı termindən mənaca fərqlənir.

Pedaqogika terminologiyasına aid olan fəndaxili əlaqə yaratmaq, fənlərarası əlaqə yaratmaq terminləri də üç komponentdən təşkil olunmuşdur. Bu üç komponentdən birinci ikisi pedaqogikada terminoloji birləşmə kimi istifadə olunur. Fəndaxili əlaqə -dərs prosesində fənnin bir bölməsinin və ya bir mövzunun digəri ilə əlaqələndirilməsidir. Fənlərarası əlaqə - dərs prosesində başqa fənlə əlaqənin yaradılmasıdır. I növ təyini söz birləşməsi şəklində olan bu iki pedaqogika termininin mövcudluğu fəndaxili əlaqə yaratmaq, fənlərarası əlaqə yaratmaq terminlərinə nə dərəcədə ehtiyac olması məsələsini qoymağa imkan verir. Pedaqogika dərsliklərinə müraciət etdikdə üçkomponentli terminoloji birləşmələrin də ayrıca termin kimi funksionallığı faktı təsdiqini tapır. Üçkomponentli terminoloji birləşmə dərs prosesində fəndaxili və ya fənlərarası əlaqənin yaradılmasını nəzərdə tutur. Feli birləşmə şəklində olan terminlərin təhlili bir məsələyə də baxmaq tələbini ortaya atır. Terminologiyada fellərin, daha doğrusu felin təsriflənməyən forması olan məsdərin termin kimi istifadə olunması geniş yayılmamışdır. Doğrudur bəzi elm sahələrində az miqdarda olsa da məsdər formasında termin qeydə alınır. Pedaqogika terminologiyasında isə belə terminlər daha çoxdur. Məsdər formasının feili isimlə əvəz olunması faktları da vardır. Ona görə tərkibində məsdər olan və ya məsdər şəklində olan terminlərin feli isim formasında termin kimi lüğətə daxil edilməsi üzərində düşünmək olar. Məsələn, fənlərarası rabitə yaratma, fəndaxili rabitə yaratma, əvvəlki dərsi soruşma, auditoriyanı (sinfi) ələ alma, dialoqda iştirak etmə, dərsə marağı artırma, nəzarət altında olma və s.

Üçkomponentli ismi birləşmələrin tərkibindəki komponentlərdən çox zaman ikisi əsasında formalaşmış birləşmələr də pedaqoji terminoloji məna kəsb edir. Bəzi hallarda isə bütün birləşmə pedaqoji termin kimi funksionallığa malik olur. Məsələn, ali məktəb pedaqogikası, adətlərin tərbiyə olunması, demokratik təlim metodları, dərs ilinin başlanğıcı, dərs ilinin sonu, düzgün olmayan qavrayış, düzgün yanaşma metodu, birinci kurs tələbəsi, mənimsəmə prosesinin aktivliyi, mənimsəmə prosesinin passivliyi, mənimsəmə prosesinin strukturu, müasir pedaqoji futurologiya, müsbət emosional vəziyyət, müsbət zehni hisslər, müstəqil tədqiqat prosesi, şifahi nəzarət metodu, şifahi nitqin qavranılması, rabitəli nitqin inkişafı, şagirdlərin idrak fəaliyyəti, şagirdlərin estetik tərbiyəsi, sözə baxmayan uşaq, özünü tərbiyə motivləri, növbəti dərsin materialı, əvvəlki dərsin təkrarı və s.

Üçkomponentli bu nümunələrdəki komponentlərin bir-biri ilə birləşməsi nəticəsində ikikomponentli terminoloji birləşmələr yaratması, qeyd olunduğu kimi, müşahidə olunur. Məsələn, ­məktəb pedaqogikası →ali məktəb pedaqogikası; təlim metodları →demokratik təlim metodları, dərs ili →dərs ilinin başlanğıcı, dərs ili →dərs ilinin sonu, yanaşma metodu→ düzgün yanaşma metodu, birinci kurs →birinci kurs tələbəsi, mənimsəmə prosesi→ mənimsəmə prosesinin aktivliyi, mənimsəmə prosesi →mənimsəmə prosesinin passivliyi, mənimsəmə prosesi→ mənimsəmə prosesinin strukturu, pedaqoji futurologiya→ müasir pedaqoji futurologiya, emosional vəziyyət →müsbət emosional vəziyyət, zehni hisslər →müsbət zehni hisslər, tədqiqat prosesi →müstəqil tədqiqat prosesi, nəzarət metodu →şifahi nəzarət metodu, nitqin qavranılması→ şifahi nitqin qavranılması, şifahi nitq →şifahi nitqin qavranılması, nitqin inkişafı→ rabitəli nitqin inkişafı, rabitəli nitq →rabitəli nitqin inkişafı, dərs materialı →növbəti dərsin materialı, dərsin təkrarı →əvvəlki dərsin təkrarı və s.

6 (altı) və daha artıq komponentdən düzəlmiş terminoloji birləşmələr: dərsdə hər bir şagirdin fəal işini təmin etmək; ali məktəblərə daxil olanlar üçün məlumat kitabı; 5 və 8, yaxud 9 yaşlar arasında olan uşaqlar üçün məktəb; bir mövzudan cəld digər mövzuya keçmək; Britaniyada 8, yaxud 9 və 12, yaxud 13 yaşlı uşaqlar arasında uşaqların getdikləri dövlət məktəbi; Britaniyada uşaqların 11, yaxud 13 yaşlarınadək getdikləri özəl məktəb; Britaniyada uşaqların orta təhsilinə görə valideynlərin pul ödədikləri özəl məktəb; ana və uşağın sağlamlığının mühafizəsi üzrə müəssisələr və s.

Belə termin söz birləşmələri bir anlayışı ifadə etdiyinə görə müxtəlif dərəcəli məna parçalanmalarına malik olur. Termin-söz birləşmələri dildəki sabit söz birləşmələri kimi dayanıqlıdır. Termin-söz birləşmələrində komponentlərdən hər hansı birini başqa komponentlə əvəzləmək mümkün deyildir. Istənilən əvəzləmə terminoloji birləşmənin müvafiq anlayışı ifadə etməsi şərtini dəyişir.

Çoxkomponentli terminlər müxtəlif sahə terminologiyalarında vardır. I.V.Izvolskaya kimya texnologiyaları terminologiyasında 2, 3, 4, 5 və 6 komponentli terminlərin olduğunu qeyd edir [110, s.131].

Ümumiyyətlə, termin-söz birləşmələrinin ikikomponentli və çoxkomponentli olmaqla iki əsas qrupa bölürlər [109, s.127]. Elmi mətnlərdə birkomponentli, ikikomponentli və üçkomponentli terminlər daha çox işlənir. Komponentlərin sayı üçdən çox olan terminoloji birləşmələr az istifadə edilir.

Termin söz birləşmələrində komponentlərin sayının çoxluğu anlayışın daha dəqiq ifadə olunması məqsədini daşıyır” [89, s.76].

Çoxkomponentli terminoloji birləşmənin tərkibinə daxil olan vahidlərin bu terminin semantikasını formalaşdırmaqdakı rolları fərqli olur. Əsas komponentlərin semantik dəyərliliyi yüksəkdir. Asılı komponentlərin semantik dəyərliliyi aşağıdır. Buradan belə nəticə çıxır ki, çoxkomponentli terminlər yüksək semantik həcmə malik olur. Bu, onların uzunluğunun artması ilə bağlıdır. Belə olan halda komponentlərarası semantik valentlik zəifləyir [118, s.41].

Terminoloji birləşmədə komponentlərin sayı artdıqca struktur modellərin sayı da artır.

Şübhəsiz ki, sintaktik yolla əmələ gələn ikikomponentli və çoxkomponentli pedaqogika terminlərinin müxtəlif struktur modellərinin təhlili və pedaqoji terminlərin yaranma yollarını müəyyənləşdirməyə imkan verir.



Yüklə 0,86 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin