2.6. Abrevasiya yolu ilə yaranan pedaqoji terminlər
Terminologiyada abrevasiya termin yaradıcılığının ayrıca üsulu hesab olunur. Ixtisarların digər terminlərdən fərqi ondadır ki, söz terminlərdə şifahi forma ilkin, yazılı forma isə ikinci olduğu halda, abbreviaturlarda yazılı forma birinci, şifahi forma ikincidir. Səsləndirmə forması abreviatura şifahi nitqdə ötürmə məqsədi daşıyır. Məlumdur ki, hər bir dil fikrin ifadə olunmasında qənaətə meyil edir. Terminologiyada bu cəhət ixtisarlarda özünü göstərir. İxtisarların dildə qənaətlə bağlı yaranması bütün dillərə xas xüsusiyyətdir. A.Martine dildə qənaətin mahiyyətini vahid zaman fasiləsində maksimal informasiya ötürməkdə görür, qənaət zamanı dilin kommunikativ funksiyası güclənir.
Terminologiyada ixtisar yolu ilə termin yaradıcılığı XX əsrin ikinci yarısından daha geniş dairədə tətbiq edilir. Bu da çoxkomponentli terminoloji birləşmələrin artması ilə bağlıdır. Hər bir ixtisar formaca yeni söz və ya termindir. Abrevasiya terminin ilkin forması ilə eyni definisiyaya malik olur.
Pedaqogika terminologiyasında abreviaturalar da xüsusi rol oynayır. Son dövrlərdə ixtisar yolu ilə pedaqogika sahəsində bir sıra terminlər düzəldilmişdir. Qeyd edək ki, bu terminlər çoxkomponentli terminoloji birləşmələrin ixtisarı ilə düzəldilir. Terminin çox uzun olması onun işlədilməsi zamanı müəyyən çətinliklər yaradır. Onları aradan qaldırmaq üçün bəzi çoxişlək çoxkomponentli terminoloji birləşmələr ixtisar edilərək eyni anlayışı adlandıran yeni termin yaradılır. Belə pedaqogika terminlərindən bəzilərini nəzərdən keçirək.
Azərbaycan Respublikasının məktəbliləri 3 beynəlxalq qiymətləndirmə proqramında iştirak edib. Azərbaycanın 2006-cı ildən iştirak etdiyi PISA (Program for International Student Assessment - Şagird nailiyyətlərinin beynəlxalq qiymətləndirilməsi proqramı) müxtəlif ölkələrin şagirdlərinin oxu, riyaziyyat və təbiət elmləri üzrə bacarıqlarının, eyni zamanda müxtəlif tipli problemləri həlletmə qabiliyyətlərinin qiymətləndirilməsi məqsədi ilə aparılır. Abverasiya birləşmə tərkibindəki sözlərin birinci hərfləri əsasında getmişdir.
TIMSS (Trends in Mathematics and Science Study-riyaziyyat və təbiət elmləri üzrə orta təhsilin keyfiyyətini qiymətləndirmə tədqiqatı) hər 4 ildən bir IV və VIII sinif şagirdləri arasında aparılır. Azərbaycanın qoşulduğu TIMSS beynəlxalq qiymətləndirmə proqramları şagirdləri yaşına görə deyil, kurikuluma görə qiymətləndirir. Bu tədqiqat Şagirdlərin Təhsil Nailiyyətlərinin Qiymətləndirilməsi üzrə Beynəlxalq Assosiasiya (IEA) tərəfindən həyata keçirilir.
TIMMS termini 6 komponentli terminoloji birləşmənin komponentlərinin inisial üzrə ixtisarı əsasında düzəldilmişdir. İxtisarla açılışın müqayisəsi göstərir ki, “and” sözü ixtisar variantında təmsil olunmamışdır: TIMSS - Trends in Mathematics and Science Study). İxtisar termini bəzi terminoloji birləşmələrin tərkibində işlənir. Məsələn, TIMSS proqramları, TIMSS
PIRLS (Progress in International Reading Literacy Study-oxunun və qavramanın keyfiyyətini tədqiq edən beynəlxalq qiymətləndirmə tədqiqatı) hər 5 ildən bir IV sinif şagirdləri arasında aparılır. Bu tədqiqat Şagirdlərin Təhsil Nailiyyətlərinin Qiymətləndirilməsi üzrə Beynəlxalq Assosiasiya (IEA) tərəfindən həyata keçirilir. Azərbaycan 2010-cu ildə PIRLS-in IV siniflər üzrə sınaq tədqiqatında iştirak edib.
Pedaqoji terminologiyada sözlərin ilk hecalarının ixtisarı ilə də terminlər formalaşır. Bu cür terminlər həm pedaqogikanın elmi dilində, həm də danışıq dilində istifadə olunur. Məsələn, pedfak termini “pedaqoji fakültə” termin birləşməsinin komponentlərinin birinci hecaları əsasında formalaşmışdır. Bu cür bir sıra başqa terminlər də formalaşır. Metodbirləşmə, metodkabinet kimi terminlər də eyni üsulla formalaşmışdır. Ümumiyyətlə, pedaqoji terminologiyada istifadə olunan abreviaturaların əksər hissəsi müəssisə və təşkilatların, pedaqoji layihələrin adları ilə əlaqədar özünü göstərir. Son zamanlar birbaşa ingilis dilindən abrevasiyaların alınması müşahidə olunur. Daha doğrusu, xarici dildə qəbul edilmiş ixtisar Azərbaycan dilinə də gətirilir.
6 (altı) və daha artıq komponentdən düzəlmiş terminoloji birləşmələr: dərsdə hər bir şagirdin fəal işini təmin etmək; ali məktəblərə daxil olanlar üçün məlumat kitabı; 5 və 8, yaxud 9 yaşlar arasında olan uşaqlar üçün məktəb; bir mövzudan cəld digər mövzuya keçmək; Britaniyada 8, yaxud 9 və 12, yaxud 13 yaşlı uşaqlar arasında uşaqların getdikləri dövlət məktəbi; Britaniyada uşaqların 11, yaxud 13 yaşlarınadək getdikləri özəl məktəb; Britaniyada uşaqların orta təhsilinə görə valideynlərin pul ödədikləri özəl məktəb; ana və uşağın sağlamlığının mühafizəsi üzrə müəssisələr və s.
Belə termin söz birləşmələri bir anlayışı ifadə etdiyinə görə müxtəlif dərəcəli məna parçalanmalarına malik olur. Termin-söz birləşmələri dildəki sərbəst söz birləşmələri kimi dayanıqlıdır. Termin-söz birləşmələrində komponentlərdən hər hansı birini başqa komponentlə əvəzləmək mümkün deyildir. İstənilən əvəzləmə terminoloji birləşmənin müvafiq anlayışı ifadə etməsi şərtini dəyişir.
Çoxkomponentli terminlər müxtəlif sahə terminologiyalarında vardır. I.V.Izvolskaya pedaqogika terminologiyasında 2, 3, 4, 5 və 6 komponentli terminlərin olduğunu qeyd edir [110, s.131].
Ümumiyyətlə, termin-söz birləşmələrinin ikikomponentli və çoxkomponentli olmaqla iki əsas qrupa bölürlər [109, s.127]. Elmi mətnlərdə birkomponentli, ikikomponentli və üçkomponentli terminlər daha çox işlənir. Komponentlərin sayı üçdən çox olan terminoloji birləşmələr az istifadə edilir.
Termin söz birləşmələrində komponentlərin sayının çoxluğu anlayışın daha dəqiq ifadə olunması məqsədini daşıyır [89, s.76].
Çoxkomponentli terminoloji birləşmənin tərkibinə daxil olan vahidlərin bu terminin semantikasını formalaşdırmaqdakı rolları fərqli olur. Əsas komponentlərin semantik dəyərliliyi yüksəkdir. Asılı komponentlərin semantik dəyərliliyi aşağıdır. Buradan belə nəticə çıxır ki, çoxkomponentli terminlər yüksək semantik həcmə malik olur. Bu, onların uzunluğunun artması ilə bağlıdır. Belə olan halda komponentlərarası semantik valentlik zəifləyir [118, s.41].
Terminoloji birləşmədə komponentlərin sayı artdıqca struktur modellərin sayı da artır və onların deyilişini çətinləşdirir. Ona görə də terminlər qısa şəkildə ifadə edilir. Bu isə şübhəsiz ki, sintaktik yolla əmələ gələn ikikomponentli və çoxkomponentli pedaqogika terminlərinin müxtəlif struktur modellərinin təhlili və qısaltma terminlərin yaranma yollarını müəyyənləşdirməyə imkan verir.
Dostları ilə paylaş: |